Türk ordusu Barış pınarı əməliyyatında uğurlar qazandıqca İranın təpkiləri artır.
Bir neçə gün əvvəl dərc etdiyimiz bir xəbərdə ölkənin kürdlər yaşayan bölgələrində İran xüsusi xidmət orqanlarının nəzarəti altında nümayişlər təşkil edildiyindən bəhs etmişdik. Nümayişlər əsasən İranın qərb şəhərləri olan Sənəndəc, Bana, Mərivan, Saqqız və Mahabad şəhərlərində keçirilir. Həmin aksiyalarda Türkiyənin əleyhinə sərt şüarlar səsləndirilməklə yanaşı, qardaş ölkənin bayrağı da yandırılır. İranın rəsmi xəbər portallarının bildirdiyinə görə, Türkiyənin dövlət simvollarına qarşı törədilmiş bu tərbiyyəsizliyi edənlər İran kürdləridir.
Maraqlıdır ki, kürdlər indiyədək İranda ən çox basqıya məruz qalan etnik azlıqlardı. İran kürdlərinin böyük qismi sünni olduğundan ən elementar insan hüquqlarından belə məhrum olunublar. Bu zamana qədər rəsmi Tehran kürdlərin nəinki nümayiş keçirməsinə, hətta sərbəst dolaşmalarına belə imkan verməyib. Hətta basqılar səbəbilə Avropaya qaçan kürd siyasilər də canlarını İran xüsusi xidmət orqanlarının əlindən xilas edə bilməyiblər. İKDP lideri Əbdürrəhman Kasımlo 1989-cu ildə Vyanada, onun yerinə keçən Sadiq Şərəfkəndi isə 1993-cü ildə Berlində sui-qəsdlə ortadan qaldırılıb. İndisə həmin İKDP üzvlərinin Türkiyə əleyhinə keçirdikləri mitinqdə bayraq yandırılmasına belə göz yumulur. Bu fakt həmin aksiyaların İranın özü tərəfindən təşkil edildiyi, bayraq yandıranların da öyrədilmiş insanlar olduğu qənaətini formalaşdırır.
Ovqat.com-un bildirdiyinə görə, Tehrandakı Türk səfirliyi də təşkil olunmuş “etiraz” təzyiqlərinə məruz qalıb.
İranın mehrnews.com xəbər portalının yazdığına görə, artıq neçə gündür ki, Tehranda Türkiyə səfirliyi qarşısında aksiyalar keçirilir, Türkiyə və Prezident Ərdoğan əleyhinə şüarlar səsləndirilir.
Məlumata görə, nümayişçilər öz etirazlarını Türkiyə səfirliyinə çatdırmaqla qalmayıb, həm də öz “ürək sözləri"ni onun divarlarına yazmağa da macal tapa biliblər. Təbii ki, bütün bunların hamısı İran xüsusi xidmət orqanlarının gözü qarşısında baş verib.
Halbuki, Diplomatik Münasibətlər barədə Vyana müqaviləsinə görə, hər hansı səfirlik binası onun təmsil etdiyi ölkənin ərazisidir və İrandakı Türk səfirliyinin divarlarına yazılan hər söz, çəkilən hər hansı şəkil də beynəlxalq hüquq normalarının pozulması deməkdir. Bu o anlama gəlir ki, İrandakı bəzi qüvvələr Türkiyənin dövlət sərhədlərinə müdaxilə edir, onun əsəbləri ilə oynayırlar. İran isə bu ədəbsizliyə göz yumur. Bu da rəsmi Tehranın 1961-ci il Vyana müqaviləsindən doğan beynəlxalq öhdəliklərini yerinə yetirməməsi deməkdir. Zira bu müqavilənin 5-ci maddəsinə görə, səfirlik binasına edilmiş hər hansı müdaxilə yalnız səfirin icazəsi ilə həyata keçirilə bilər. Sözsüz ki, İrandakı Türkiyə səfirinin etirazçılara öz ölkəsini təhqir edən şüarların yazılmasına icazə verdiyini düşünmək sadəlövhlük olardı.
Nəzərə alsaq ki, müasir İran tarixində bəyənmədiyi ölkənin səfirliyinə müdaxilə edib onun əməkdaşlarını girov götürmək və binasına od vurub yandırmaq təcrübəsi var, Türk səfirliyi önündə keçirilən PKK-ya dəstək nümayişləri və divarına edilən müdaxilələr narahatlıq doğurmaya bilməz. Zira 1979-cu ildə İran inqlabı ərəfəsində ABŞ səfirliyinə basqınlar da bu cür aksiyalarla başlamış, daha sonra səfirlik binasındakı 90 nəfərin qanunsuz həbsilə nəticələnmişdir. Onlardan 44-ü bir müddətdən, içərilərində diplomatik toxunulmazlığı olan 56 nəfər isə düz 444 gündən sonra sərbəst buraxılmışdı.
İranın beynəlxalq normalarına zidd hərəkət edərək səfirlik binalarını hədəfə alması onun dövlət imicinə də ciddi xələl gətirir. Görünür, bu amili nəzərə alan ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi də Türk səfirliyinə qarşı atılmış bu cür addımların qəbuledilməz olduğunu deyib.
Ovqat.com
Paylaş: