Xəbər lenti
27-11-2024, 19:25

  

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trampın bu gün Bakı vaxtı ilə saat 17.00-də İŞİD lideri Bağdadinin öldürüldüyü barədə dünyaya muştuluq verəcəyi gözlənilirdi.

Ovqat.com xəbər verir ki, ABŞ mediası prezidenti gözləmədən İŞİD liderini hədəf alan həmin hücumun videosini paylaşıb.

Videonu təqdim edirik:

Qeyd edək ki, bundan əvvəl də dəfələrlə eyni iddialar irəli sürülmüş, amma İŞİD xəlifəsi yenidən “xortlamışdı”. Budəfəki xəbərin də doğrulmayacağı ehtimalı az deyil. Nədən ki, ABŞ bir müddət əvvəl Suriyadan öz ordusunu çəkmiş, dünən isə yenidən öz qüvvələrini yenidən ölkənin neftlə zəngin bölgələrinə göndərmişdi. Dünən yayılan xəbərdə deyilirdi:

Bölgədəki etibarlı mənbələrdən verilən məlumatlara görə, qısa bir müddət əvvəl Suriyanın şimalından çəkilərək İraqa gedən ABŞ əsgərlərindən bir qismi bu gün yenidən Suriyaya qayıdaraq neft bölgəsinə yerləşib.

Suriya-İraq sərhədindəki Semelka sərhəd qapısından keçən ABŞ-a məxsus 23 hərbi zirehli maşın, qurudan və havadan sıx təhlükəsizlik tədbirləri altında Haseke şəhərinə bağlı Rımelan qəsəbəsi ilə Deyrəzor şəhərindəki neftlə zəngin Hekul Ömər bölgəsinə yerləşiblər: “332 neft quyusunun yerləşdiyi Rımelan qəsəbəsində yerləşən ABŞ hərbçilərinin bır qismi isə Deyrəzor bölgəsində neft bölgəsi olan İshaq İbn Telef, Konoko və Hekul Omer bölgəsinə girib”.

ABŞ Prezidenti Donald Tramp da dünənki xəbərdən bir müddətdən əvvəl Suriyanın şərqindəki neft sahələrini təminat almaq üçün regiona hərbi qüvvələrini göndərəcəyini açıqlamışdı: "Nefti təhlükəsizlik altına aldıq. O səbəbdən də az sayda ABŞ hərbçisi neftin olduğu ərazilərdə qalacaq və yataqların təhlükəsizliyini qoruyacağıq. Neftlə nə edəcəyimizə sonra qərar verəcəyik".

 Suriya Hökuməti və bölgədəki xalq Suriyadan çəkilən ABŞ əsgərlərinin neft bölgəsində də qalmasına qarşı çıxır.

Qəribədir ki, ABŞ qoşunları Deyrəzor və Rımelan qəsəbəsində yerləşsələr də, onların budəfəki ilk əməliyyatı İdlibdə keçirilib (Bağdadinin İdlibdə öldürüldüyü bildirilir).  Açığı, bu xəbərdə Türkiyəyə qarşı növbəti ittihamların səsləndirilməsi üçün yeni motivli bəhanələrin uydurulması ehtimalı da gözdən qaçmır. Nədən ki, Almatı sammitində Rusiya, İran və Türkiyənin əldə etdiyi razılaşmaya əsasən, İdlib rəsmi Ankaranın nəzarətinə verilmişdi. İŞİD liderinin həqiqətən də İdlibdə öldürüldüyü təsdiqlənsə, istər-istəməz onun Türkiyənin himayəsinə sığındığı barədə mülahizələr ortaya çıxacaq.

O da maraqlıdır ki, Türkiyə Barış pınarı əməliyyatını keçirməmişdən qısa müddət əvvəl ABŞ-ın kürd separatçılarının əlindəki İŞİD-çilərin önəmli liderlərini alaraq İraqa aparmış, digər əsirlər isə Türk ordusunun əməliyyat əsnasında separatçılar tərəfindən sərbəst buraxılmışdı.

İŞİD liderinin öldürülməsi xəbərinə bu iki hadisənin işığında nəzər salanda şübhəli ehtimallar ortaya çıxır. Görünən budur ki, ABŞ Suriyanın əsas gəlir qaynağı sayılan neft quyularını öz əlinə keçirərək, bu bölgəyə nəzarəti kürd separatçılarından və Türkiyədən xilas etdiyi İŞİD silahlılarının nəzarətinə buraxmaq istəyir. Xilafətçiləri özünə daha etibarlı şəkildə bağlamaq üçün isə onların liderini dəyişdirmək və bu məqsədlə də köhnə “xəlifə”ni sıradan, ya da “öldü” adıyla  aradan çıxarmaq lazımdır.




Ana səhifəyə qayıt        Baxış: 2 950          Tarix: 27-10-2019, 12:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma