Bəhreyn, Nigeriya və Yəməndəki şiə müxalif qruplar İranın Simnan əyalətinə bağlı Damğan şəhərində bir araya gəlib.
Ovqat.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, Damğan Universitetinin konfrans salonunda keçirilən iclasa Husilərin Tehrana "səfir" təyin etdikləri İbrahim əl-Deyləmi də qatılıb.
Bundan başqa Nigeriyanın işə təşkilatı İslam Hərəkatının (IMN) lideri İbrahim Zakzakinin qızı Sakit Zakzaki və digər ölkələrdən nümayəndələr də konfrans iştirakçıları arasındadır. İclasda Qum şəhərində yaşayan bəhreynli şiə lider və İranın dəstəklədiyi müxalif din adamı Şeyx İsa Əhməd Kasiminin video-müraciəti göstərilib.
Konfransda ən diqqəti çəkən çıxışı İran Parlamentinin sədri Əli Laricani edib. O, çıxışında "ABŞ hoqqabazlığı ilə üz-üzə qaldıqlarını”, super gücün İrana mane olmağa çalışdığını söyləyib. Laricaninin fikrincə, bu hoqqabazlıq hökumətə qarşı yox, xalqa qarşı bir addımdır: “Amma bu hoqqabazlıqlar çox davam edə bilməz və bunu həll etmək məcburiyyətində olduqlarını bilirlər. Bir vaxtlar İranın bir sentrifuqa qurmasına belə icazə verməyəcəyik, deyirdilər”.
Dövrün ABŞ Dövlət Katibi Henri Kissincerin ərəb neftinin ərəblərdən daha çox ABŞ üçün əhəmiyyətli olduğu barədə fikir bəyan etdiyini xatırladan Laricani Donald Trampın da bu gün eyni düşüncədə olduğu qənaətindədir. Laricani Trampın terror təşkilatı İŞİD lideri Əbubəkir əl-Bağdadinin öldürülməsi ilə əlaqədar verdiyi açıqlamada neftin onlar üçün əhəmiyyətli olduğunu bildirməsini buna misal göstərib və ABŞ prezidentinin həmin sözlərinin ərəb dünyası üçün təhqir sayıldığını söyləyib.
Müşahidəşilər Laricaninin birdən-birə ərəb təəssübkeşi kəsilməsini səbəbsiz saymırlar. Onların fikrincə, dünən Damğan Universitetinə toplaşanların hamısı ərəb ölkələrindəndir və İranın “Şiə hilalı” strategiyasının hədəflədiyi əraziləri əhatə edir. Hansı ki, bu ərazilərdə İranın gücünü qırmaq üçün Səudiyyə Ərəbistanı və Misir ərəb millətçiliyi yaymağa çalışırlar. İran isə bu coğrafiyaya həm də özünün ABŞ müdaxilələrinə qarşı ikinci cəbhəsi kimi baxır.
Bildirildiyinə görə, son zamanlar ABŞ-ın Səudiyyə Ərəbistanı vasitəsilə İrana müdaxiləsi ehtimalı xeyli artıb. Bir müddət əvvəl rəsmi Riyadın Səudiyyə Ərəbistanına məxsus iki neft zavodunun İran tərəfindən partladılması barədə yaydığı rəsmi məlumat və ondan əvvəl Trampın bu ölkəyə hərbi müdaxilə planı ilə bağlı verdiyi bəyanat da bu ehtimalı qüvvətləndirir. Nədən ki, Vaşinqton ötən ayın ortalarında Riyad yaxınlığında vurulan neft zavodlarına hücumun kim tərəfindən törədilməsini təsbit etməyi və buna necə cavab verilməyi müəyyənləşdirməyi Səudiyyə Krallığının boynuna qoymuş, gözlənilən müharibədə onu dəstəkləyəcəyini açıq şəkildə bildirmişdi. Rəsmi Riyadın bir ay sonra hücumda İranı ittiham etməsi artıq beynəlxalq arenada gözlənilən qərarın verildiyinə işarədir.
Müşahidəçilərin fikrincə, İran məhz buna görə Damğan sammitini keçirə bilər. Məqsəd öz uzantılarını savaşa hazırlamaq və ikinci cəbhəni indidən gücləndirməkdir.
İraqda son zamanlar İran əleyhinə nümayişlərin getdikcə vüsət alması da bu mənada təsadüfi görünmür. Zira İranın “Şiə hilalı” strategiyasının quru logistik xətti İraqdan keçir. Mümkündür ki, ABŞ, Səudiyyə Ərəbistanı və İsrail savaş öncəsi bu xətti sıradan çıxarmaq niyyətilə İraqdakı atəşi qızışdırsınlar.
Ovqat.com
Paylaş: