Prezident İlham Əliyev bir müddət əvvəl Baş nazirin müavini Hacıbala Abutalıbovun istefa ərizəsini qəbul edərkən söylədiyi məşhur sözlər hakimiyyətdəki yaşlı məmurlar açıq mesaj idi: “Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər”.
Çox maraqlıdır ki, ölkə başçısının komandasına bəslədiyi bu ümid özünü kifayət qədər doğrultmadı. Prezidentin bu sədasına səs verən yalnız AMEA-nın prezidenti Akif Əlizadə, bir də hakimiyyətin “boz kardinal”ı sayılan Ramiz Mehdiyev oldu. Onlar isə kreslolarını dəyişdilər. Daha doğrusu, Ramiz Mehdiyev Akif Əlizadənin kreslosunda əyləşdi, sabiq AMEA prezidenti də kürsüsüz qalmadı. O da Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsinə qayıtdı.
Mesajının ünvanına çatmadığını görən Prezident ailəsi ikinci mesajını vermək məcburiyyətində qaldı. Özü də bu dəfə sözlə deyil, konkret addımlarla nümunə göstərərək. Ailənin ən tanınmış və deyərdim ki, intellekt baxımından ən samballı üzvlərindən biri, uzun illərin təcrübəli diplomatı Hafiz Paşayev Xarici İşlər Nazirliyindəki müavin vəzifəsindən istefa etdi. Gözlənilirdi ki, bu nümunədən sonra hakimiyyətdəki 70-i ötmüşlər də ibarət dərsi götürəcək, əllərində istefa ərizəsiylə Prezident Administrasiyasının qarşısında sıraya düzələcəklər. Amma olmadı. Hafiz Paşayevin bu fədakarlığı nəinki digər strukturlarda, heç XİN-də də adekvat əks-səda doğurmadı. Niyə əcəba? Sizcə, o boyda nazirlikdə 70-i ötmüş bircə elə Hafiz Paşayev idi?
Açığı, XİN-dəki 70 yaş senzinə düşənlərin dəqiq siyahısını çıxarmaq imkanımız xarıcındədir. Bununla belə, adı ictimaiyyətə bəlli olan bəzi səfirlərimiz var ki, bu günədək onlardan heç birinin Hafiz Paşayevin nümunəvi addımları qarşısında tükləri belə tərpənməyib. Halbuki, Hafiz Paşayevin diplomatik təcrübəsi və, savadı da onlardan qat-qat artıqdır. Onlar dünənə qədər mədəniyyət, incəsənət və s. humanitar elmlər sahəsində o tərəf-bu tərəfə vurnuxanda Hafiz müəllim diplomatiya meydanlarında külüng vururdu. Həm də dünyanın nəbzinin atdığı ABŞ kimi super dövlətdə. Tərifləmək kimi çıxmasın, 1992-ci ildən 2006-cı ilə qədər 14 il sərasər Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışmış Hafiz Paşayev istər AXC-Müsavat, istərsə indiki hakimiyyət dövründə öz işinin öhdəsindən gələn diplomat kimi tanınıb. Onun 2006-ci ildə geri çağırılması da bu təcrübəsinin gənc diplomatlarla bölüşmək zərurəti ilə izah edilir. Təsadüfi deyil ki, Hafiz Paşayev 2006-cı ildə Azərbaycana qayıtdıqdan sonra Xarici İşlər nazirinin müavini təyin olunmaqla qalmadı, həm də nazirliyin nəzdində yaradılan ADA-ya rektor təyin edildi. ADA-nın qısa müddət ərzində ölkənin ən sayılıb-seçilən ali məktəblərindən olmasında, əlbəttə, Hafiz Paşayevin xidmətləri də az rol oynamayıb. Bəs necə olur ki, təcrübəsindən yararlanılan bu adam 70 yaşını doldurduğuna görə istefaya gedir, mahnı oxumaqdan başqa heç nəyi ilə yadda qalmayan, deməli, intellektual səviyyəsi müğənnilikdən o yana keçməyən Polad Bülbüloğlu səfrilik edir? Özü də harda? – Moskvada. Elə bir məkanda ki, Azərbaycanın taleyində müstəsna rol oynayan paytaxtların arasında ən yuxarı sıralarda yer alır.
Bu il 74 yaşını geridə buraxan Polad Bülbüloğlu 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Akademik karyerasını Azərbaycan Dövlət Konservatoriyasını bitirməklə tamamlayan, bundan sonrakı ömrünün böyük hissəsini səhnələrdə, kino çəkilişlərində keçirən Polad Bülbüloğlu daha sonra Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin olunur. 1988-ci ildən 2006-cı ilə qədər hardasa 20 il mədəniyyət naziri işləmiş müğənni birdən-birə ən çətin və diplomatik çeviklik tələb edən xarici təmsilçiliyimizə - Azərbaycanın Rusiyadakı səfiri vəzifəsinə şıçrayış edir. Səfir təyin olunduğu 12 il ərzində isə Azərbaycan xalqı onu öz marağından çox, Rusiyanın, hətta ermənilərin mənafeyini müdafiə edən şəxs kimi tanıyıb. Onun ötən il öz facebook səhifəsində paylaşdığı “Azərbaycanda erməniləri düşmən kimi qəbul edən yeni nəsil yetişir. Buna imkan verməməliyik” statusu ən yaxşı halda bu cür qiymətləndirilə bilər. Təsadüfi deyil ki, bu paylaşımdan sonra ölkəmizin bir çox partiya liderləri və ictimaiyyət nümayəndələri Polad Bülbüloğlunu tənqid atəşinə tutdular. Düzdür, ona hayan duran rusqafalılar da tapıldı və siyasi liderlərin haqlı iradlarına iyrənc cavab verdilər. Bununla belə, Polad Bülbüloğlunun diplomatlığının onun mədəniyyət xadimliyinə də kölgə saldığı bir gerçəkdir. Bunu səfir-müğənninin özü də anlamalı və Hafiz Paşayevdən nümunə götürməlidir. Polad Bülbüloğlunun iki il əvvəl youtube kanalına düşən fikirləri də onun milli dəyərlərə bağlılığı və diplomatik qabiliyyəti barədə kifayət qədər ipucu verir. Gəlin, heç bir şərhə yol vermədən bərabər dinləyək:
70-i ötmüş diplomatlarımızdan biri də Həsən Həsənovdur. Müstəqil Azərbaycanın ilk Baş naziri olan, daha sonra siyasi karyerasında yavaş-yavaş geriləyən - əvvəl Xarici İşlər naziri, ardından səfir vəzifələrinə təyinat alan Həsən müəllim hazırda Polşadakı ən yüksək diplomatik nümayəndəmizdir. Onun diplomatik təcrübəsi böyük olsa da, yaşı da az deyil. Bu ayın 20-də 79 yaşını tamamlayan və ömrünün hardasa 27 ilini diplamatiya sahəsində xərcləyən (1992-1993-ci illərdə BMT-dəki nümayəndəmiz idi) qocaman diplomatımızın da, təbii ki, ciddi istirahətə ehtiyacı var. Özü bu çətin işi gənclərə qıymasa da.
2012-ci ildən ölkəmizin Qırqızıstanda səfiri vəzifəsini icra edən Hidayət Orucov da bu il 75 yaşını tamamlayıb. O da Polad Bülbüloğlu kimi diplomatiyaya incəsənətdən gəlib. 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunan Hidayət müəllim fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq edib.
Amma insafən, Polad Bülbüloğludan daha savadlı birinə oxşayır. Onun iş karyerasında heç olmasa, Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə muşaviri (1 avqust 1992 ildə), Dövlət müşaviri (1993 ildə) və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi vəzifələr var və az-çox yazı yazmağı bacarır. Məhz yazı qabiliyyətinin nəticəsidir ki, Hidayət müəllimin indiyədək işıq üzü görən 40-dan artıq kitabı var. Həm də bu kitablar müxtəlif dillərdə dərc olunub. Üstəlik, vaxtilə (1978-cı il) Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı almasına baxmayaraq, Hidayət Orucov Polad Bülbüloğlu kimi nankor qonşularımızı da müdafiə etmir. Əksinə, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edib.
Bununla belə, yaş yaşdır. Özü də diplomatiya sahəsində. Keçmişdəki xidmətlərinə görə yaşı 70-i ötmüşləri vəzifədə saxlamaq istinası olsaydı, bu haqdan ilk növbədə Hafiz Paşayev yararlanardı.
Araşdırmalarımız nəticəsində yaşını müəyyənləşdirdiyimiz digər diplomat isə Özbəkistandakı səfirimizdir. 2013-cü ildə bu vəzifəyə təyin olunan Hüseyn Rzaqulu oğlu Quliyev də bu ilin iyun ayının 23-də 73 yaşını tamamlayıb. Mətbu orqanlarımızın yazdığına inansaq, Özbəkistandakı səfirliyi onsuz da o yox, ali təhsili belə olmayan müşaviri Nəsimi Ağababayev idarə edir. https://musavat.com/news/ozbekistandaki-sefirliyimizin-ikinci-sexsi-barede-sok-ittihamlar_171738.html
Odur ki, Hüseyn Quliyev rahatlıqla öz vəzifəsini bu adama təhvil verib Hafiz Paşayevin açdığı cığırla irəliləyə bilər.
Paylaş: