Məmməd Tahir
AYB üzvü
“Alim qələminin mürəkkəbi şəhid qanından üstündür”.
Məhəmməd peyğəmbərə aid edilən bu gözəl kəlamın altında böyük hikmətlər yatır. Həqiqətən də alimlərin mürəkkəblə cəmiyyətə qazandırdıqları bəzən nəinki hansısa fədakar şəhidin, hətta böyük orduların belə xidmətindən daha əhəmiyyətli olur. Çünki toplumlar məhz bu qələmdən tökülən mürəkkəblər hesabına inkişaf yolu keçir, elmi-tərəqqiyə qədəm qoyaraq böyüyür, güclənir, yenilməz olurlar.
Dünyanın bir-birinin qurduna çevrildiyi, qanına susadığı indiki çağımızda alimlərin, ziyalıların topluma qazandırdıqları keyfiyyətləri daha aydın dərk etmək mümkündür. Nədən ki, elmi tərəqqi keçirməyən millətlər çağdaş elmi nailiyyətlərlə öz iqtisadiyyatını, hərbi qüdrətini gücləndirənlərin yeminə çevrilir, müstəmləkəsi altına düşürlər. ABŞ, Rusiya, Çin ona görə yenilməz deyil ki, sayı milyonlarla ölçülən əsgər kontintentinə sahibdirlər. Ona görə güclüdürlər ki, hansısa alimlərinin kəşf etdiyi müasir hərbi texnikaya, atom gücünə malikdirlər. Bir və ya bir neçə alimin həmin dövlətlərə qazandırdığı bu əsrarəngiz güc o qədər önəmlidir ki, onlar müstəmləkə kimi görmək istədikləri ölkələrin həmin qüdrətə qovuşmasını arzulamırlar. Dərindən baxanda ABŞ-İran, ABŞ-Şimali Koreya ixtilafının kökündə də bu həqiqət dayanır.
Sözsüz ki, dövlətlərin gücü sadəcə hərbi qüdrətləri ilə ölçülmür. Onlara bu qüdrəti qazandıran daha əhəmiyyətli bir zənginlikləri var. Bu da həmin dühaları uşaqlıqdan alimliyə qədər yetişdirən təhsil sistemidir. ABŞ-ın, Rusiyanın, Çinin, İngiltərənin və s. güclü dövlətlərin mükəmməl təhsil sistemləri olmasaydı, böyük ordulara bərabər olan dahi alimlərini də yetişdirə bilməzdilər. Deməli, təhsil strategiyası dövlətlər üçün hər şeydən – hərbi potensialından da, iqtisadi imkanından da, səhiyyə sistemindən də daha öndə gəlir. Bu yerdə təhsilin önəmini ifadə edən bir aforizm yada düşür: “Bir həkimin səhvini qara torpaq gizləyir, bir müəllimin səhvi isə qiyamətə qədər milləti məhv edər”. Bu aforizmdən də göründüyü kimi, müəllimlərimiz bütün peşə sahiblərindən daha yüksək mərtəbədə dayanırlar.
Məsələyə bu aspektdən baxanda ulu öndər Heydər Əliyevin müəllimlər barədə söylədiyi bir məşhur fikri Məhəmməd peyğəmbərin yuxarıda zikr edilən kəlamı ilə həmahəng səslənir: “Təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq".
Müəllimlər dünyanın ən şərəfli peşə mənsubları olduğu üçün məntiqlə, onları yetişdirənlər daha ön cərgədə yer tutmalıdırlar. Zira onlar olmasaydı, Heydər Əliyevin təbirilə desək, gələcək inkişafımızın qarantı, elm bağçamızın bağbanı hesab edilən müəllimlərimiz də yetişməzdi. Yaxud onların zəiflikləri gələcəyimizin bitab düşməsinə yol açardı. Ali məktəb müəllimləri, professorları bu mənada əsl millət fədailəridir.
Azərbaycanın, o cümlədən Naxçıvan MR-nın ən dəyərli pedaqoqlarından biri, daha obrazlı desək, müəllimlərinin mənəvi atası (Necə ki, Makendoniyalı İsgəndər müəllimi Aristoteli özünün mənəvi atası adlandırırdı) Nəriman Orucəliyev Bilal oğlu da belə böyük şəxsiyyətlərdən idi. Vaxtilə Naxçıvan Dövlət Universitetinin müxtəlif fakultə və kafedralarında rəhbər vəzifələrdə çalışmış, cəmiyyətimizin inkişafı üçün əlindən gələni əsirgəməmiş Nəriman Orucəliyev barəsində onun keçmiş tələbələrindən ancaq xoş sözlər eşitmək mümkündür. Onun sağlığında NDU-da oxuyan hər kəs Nəriman müəllimi yaxşı tanıyır, öz dəyərli müəllimləri barədə danışanda həyəcanlarını, bəzən hətta gözlərinin yaşarmasını gizlədə bilmirlər.
Mərhum Nəriman Bilal oğlu Orucəliyev yaşasaydı bu il noyabrın 7-də anadan olmasının 89-cı ildönümü tamamlanacaqdı. Tale bir çoxları kimi Nəriman müəllimə də bu şansı çox gördü. 2007-ci ilin 17 noyabrında ölkəmizin bu nurlu aydını ədəbiyyətə qovuşsa da, onun bizlərə miras qoyduğu ziya dünya durduqca yaşayacaq və nəsillərdən nəsillərə ötürüləcək. Bu da səbəbsiz deyil. Nəriman müəllim ömrünün hardasa 40 ilini (Burda söhbət NDU-da işlədiyi illərdən gedir) gələcək nəsillərin həyat yoluna işıq tutan müəllim yetişdirməyə həsr etmişdir. Onun yetişdirdiyi həmin kadrlar bu gün dövlətimizin və hakimiyyətin ən müxtəlif yerlərində çalışır, öz mənəvi atalarından aldıqları nurla cəmiyyətimizi işıqlandırırlar. Azərbaycan var olduqca o işıq da sönməyəcək, həndəsi silsilə kimi artacaq.
İnsan əqlinin ən böyük özəlliyi də budur. Digər ziyalar, işıqlar uzun məsafələr qət etdikcə zəiflədiyi, öləzədiyi halda, ziyalı nuru zaman keçdikcə artır. Biz də əslində bu nurumuzu insanlığın ilk müəllimindən almamışıqmı? Bəşəriyyət yaranandan bu yana böyüyə-böyüyə gələn o nurun sayəsində indi insan oğlu öz planetinə sığmır, kosmosu da işıqlandırmağa can atır.
Əminik ki, Nəriman müəllimin də bu nuru əsrlər boyu yaşayacaq, Azərbaycan böyüdükcə, bütün dünyaya yayılacaq.
Bəs bəhs etdiyimiz bu mümtaz şəxsiyyət kimdir? Gəlin, Naxçıvanda işıldayıb yandırdığı çıraqlarla bu gün bütün Azərbaycana işıq saçan Nəriman Orucəliyev ziyasının keçdiyi həyat yoluna qısaca nəzər salaq.
Nəriman Bilal oğlu Orucəliyev: 1930-cu ildə Babək rayonunun Cəhri kəndində ziyalı ailəsində anadan olmuşdu. 1945-ci ildə Cəhri kənd orta məktəbini, 1947-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1962-ci ildə isə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdi. 1969-cu ildən fasiləsiz olaraq ömrünü Naxçıvan Dövlət Universiteti ilə bağlayan Nəriman Orucəliyev 1975-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdı. 1978-ci ildə isə SSRİ Ali Attestasiya Komissiyası ona pedaqogika kafedrasının dosenti diplomunu vermişdi. 80-ə yaxın elmi məqalənin, o cümlədən pedaqogika elminin aktual problemlərinə həsr edilmiş 10-dan artıq kitabın müəllifi olan Nəriman müəllim "Azərbaycan SSR-in əməkdar təbliğatçısı" və "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adlarına layiq görülmüşdü. O, Azərbaycan müəllimlərinin XI və XII qurultaylarının iştirakçısı olmuş, ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmişdi.
İndisə, gəlin, Nəriman Orucəliyevi yaxından tanıyan əməkdar müəllim Məmməd Rzayevin bu şəxsiyyət barəsində yazdıqlarına nəzər salaq:
“Ömrünün 60 ilə yaxınını müəllimlik kimi müqəddəs peşəyə bağlamış Nəriman Orucəliyevin həm həyatı, həm də elmi-pedaqoji fəaliyyəti bir ziyalılıq örnəyi olmuşdur. Həyatın mənasını insanlara xidmətdə görən Nəriman müəllim təvazökar, xeyirxah və alicənab insan idi. Onun dost kimi sədaqətinə, insan kimi kamilliyinə, ziyalı kimi alicənablığına, ağsaqqal kimi nüfuzuna, vətəndaş kimi xalqına, torpağına bağlılığına hamımız şahid idik. Onun insanlara rəftarında, cəmiyyət hadisələrinə münasibətində son dərəcə səmimi bir ziyalı mövqeyi formalaşmışdı.
Nəriman müəllim doğma yurda, el-obaya, boya-başa çatdığı Naxçıvan torpağına bağlı şəxsiyyət idi. O, evi, ocağı qədər sevib əzizlədiyi, həvəslə çalışdığı Naxçıvan Dövlət Universitetini özünün əbədi iş yeri sayır, bununla da demək istəyirdi ki, Vətəni, doğma torpağı sevmək hər kəsin borcudur.”
Paylaş: