Xəbər lenti
27-11-2024, 19:25

  

İranın dini lideri bəzi səlahiyyətlərini ölkə prezidentinə ötürməyə hazırlaşır.

Ovqat.com xəbər verir ki, bir müddət əvvəl gündəmə gətirilən bu xəbər İran parlamentinin üzvü Əhməd Əmirabadi Farahani tərəfindən təsdiqlənib.

Farahaninin yerli mətbuata verdiyi məlumata görə, bu ehtimal dini lider Əli Xameneiyə yaxın çevrələr tərəfindən də müzakirə edilir.

Maraqlıdır ki, Farahani Qumdan seçilib və SEPAH-ın keçmiş zabitlərindəndir. Dolayısıyla o, İrandalı teokratik hakimiyyəti təmsil edir.

İranda ciddi müzakirələrə səbəb olan bu təklif isə ilk dəfə Təbrizdən seçilən Məsud Pəzəşkiyan tərəfindən irəli sürülüb. Onun təklifinə görə, ali dini liderin icraedici I müavini postu yaradılsın. Ekspertlər isə təklif edilən posta Ruhaninin gətirilməsi üçün bu təklifin verildiyini, dolayısıyla hakimiyyətin prezidentə ötürülməsinin arzu edildiyini düşünürlər. Bu mülahizənin ortaya çıxmasının səbəbi isə Məsud Pəzəşkiyanın Ruhaniyə yaxın deputat kimi tanınmasıdır. Odur ki, təklifin də siyasi hakimiyyətin maraqlarını ifadə etdiyi güman olunur.

Qeyd edək ki, İran Konstitusiyasına görə, prezidentin səlahiyyətləri çox məhduddur. Bir çox  taleyüklü məsələlərlə bağlı siyasi qərarlar prezident tərəfindən deyil, ali dini lider tərəfindən verilir. Hətta dini liderin prezident və digər hakimiyyət qolları tərəfindən çıxarılan qərarların icrasını dayandırmaq səlahiyyətləri var. Bu da indiki çətin vəziyyətdə hökumətin çevikliyini azaldır.

 

Prezident Həsən Ruhani də dəfələrlə səlahiyyətsizliyindən gileylənmiş və bunun beynəlxalq arenada sıxışdırılmış İran üçün faydası olmayacağını bildirmişdi. Bu baxımdan təklifin ona yaxın birisi tərəfindən gündəmə gətirilməsi başadüşüləndir.

Dini liderin bu cür çətin zamanlarda öz səlahiyyətlərinin bir qismini hökumətə dövr etməsi ənənəsi ilk deyil. 1980-cı illərdə İran-İraq müharibəsinin kəskinləşdiyi dövrdə indiki rejimin qurucusu Xomeyni də səlahiyyətlərinin mühüm qismindən hökumətin xeyrinə vaz keçmiş, nəticədə İran hərbi qüvvələri döyüş meydanlarında uğur qazanmağa başlamışdır. Bir çox mütəxəssislər məhz bu faktı əsas götürüb İranın indidən müharibə rejiminə keçmək istədiyinə inanırlar. Onların üzərində dayandıqları əsas arqument isə son zamanlar İranın ABŞ-la və region dövlətləri ilə münasibətlətinin pisləşməsidir.

 

Xüsusilə İraqda və Yəməndə baş verən bəzi hadisələr doğrudan da havadan müharibə qoxusu gəldiyini göstərir. Belə vəziyyətdə dini hakimiyyətin geri çəkilib ön plana siyasi hakimiyyəti çıxarması normaldır və müasir İran tarixində dəfələrlə təkrarlanıb. Rəsmi Tehran geopolitik sahədə öz başı üzərində qara buludların sıxlaşdığını görən kimi islahatçıları ön plana çıxarıb ABŞ və İsrailə müəyyən ümidlər verir, ara sakitləşən kimi yumşalma prosesinin xalqa sirayət etməsinin qarşısını almaq üçün yenidən mühafizəkar üzünü göstərir. Xameneiyə yaxın dairələrdən siyasi yetkiləri hökumətə dövr edilməsi mənasına gələn bu təklif indiki şəraitdə İranın beynəlxalq münasibətlərdə ənənəvi hal almış “sıçan-pişik” oyununun təzahürünə bənzəyir.

 

Ağla gələn digər versiya isə Xameneinin səhhəti ilə bağlıdır. Vəziyyəti ağır olan dini liderin faktiki öz vəzifəsini icra edə bilmədiyi, ölkənin SEPAH tərəfindən idarə olunduğu bildirilir. Təsadüfi deyil ki, ABŞ-ın son sanksiyaları da məhz SEPAH rəsmilərini hədəfə almışdı. Görünən budur ki, Vaşinqtonda da İranın lider dəyişikliyi ərəfəsində olduğunu düşünür və yaxın zamanlarda önə çıxa biləcək mühafizəkarları indidən “zərərsizləşdirirlər”.

 

Dini lider postunun ötürüləcəyi adamlar arasında Ruhaninin də adı çəkilir. Baxmayaraq ki, buna Xamenei o qədər də razı deyil, amma bu barədə qərarı, o yox, “X” günündən sonra böyük ayətullahlardan təşəkkül tapmış Məclisi Xubreqan (İranın mövcud sistemində çox vacib qurumdur və ali dini lideri seçən, onun fəaliyyətinə nəzarət edən, onu vəzifədən uzaqlaşdırmaq səlahiyyətinə malik konstitusion orqandır) qurumu verir.

Dini liderin bəzi yetkilərinin indidən prezidentə dövr edilməsi gözlənilən yeni lider seçimi müzakirələrində Ruhaninin gücünü artıra bilər.

 

Di gəl ki, Xameneiyə yaxın dairələr teokratik hakimiyyəti Ruhaniyə deyil, 4 min günahsız insana ölüm hökmü kəsmiş, buna görə də “ayətullahi-qətliam” kimi tanınan İranın məhkəmə hakimiyyətinin başçısı İbrahim Rəisiyə ötürmək niyyətindədir. Xatırladaq ki, İbrahim Rəisi də ABŞ-ın son sanksiyalarına məruz qalan 9-luq arasındadır.

Rəisinin əvvəllər Məşhəddəki Astani Qüdsi Rzavi fondunun rəhbəri olması da onu mühafizəkarlar arasında ön plana çıxarır.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 637          Tarix: 6-11-2019, 20:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma