Son zamanlar Prezident köməkçisi Əli Həsənov barədə yayılan dedi-qoduların, ağır ittihamların ardı-arası kəsilmir. Hər dəfə bu cür ittihamlar ictimailəşəndə Əli müəllimin əsəblərinin möhkəmliyinə heyrət edirəm. O, həqiqətən də çox dözümlü insanmış. Kim onun yerinə olsa, inanıram ki, pencəyini çiyninə atar, “bu sizin vəzifəniz, bu da siz” deyib PA-nı tərk edərdi. Əli müəllim isə dözür. Yəqin ki, özünün bildiyi bir səbəb var.
Xatırlayırsınızsa, prezident köməkçisi barədə ən ağır ittiham bir vaxtlar onun himayədarı olan Əli Nağıyev tərəfindən irəli sürülmüşdü. Adaşının yüksəlişində böyük xidmətləri olduğunu dərin təəssüf hissilə etiraf edən Əli Nağıyev sonradan onun barəsində ən azı 3 dəfə Prezidentə yanlış məlumat verildiyini və bu xəbərçinin də himayə etdiyi şəxs olduğunu bildirmişdi.
Maraqlıdır ki, növbəti belə ittiham Eldar Sabiroğlu tərəfindən səsləndirilib. Eldar müəllim paylaşdığı facebook statusunda konkret ad çəkməsə, də onun ittihamındakı bütün kompas oxları bir adama tuşlanır. Bu isə Azərbaycan oxucusunun son zamanlar adını tez-tez duyduğu Əli Həsənovdur.
Diqqətçəkən məqam budur ki, Eldar Sabiroğlu statusunda “köhnə dostunun” ona xəyanət etməsinin üzərindən 23 il keçdiyini və həmin ərəfədə dostunun PA-na yol tapdığını bildirir. 23 il əvvəl 1996-ci il idi. Əli Həsənov da məhz həmin ərəfədə - 1995-ci ildə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdirliyindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına transfer edilmiş və PA-nın ictimai-siyasi şöbəsinin müdir müavini kimi işə başlamışdı. Bilinməyən qeyri-adi xidmətlərinə görə, bir ildən sonra daha da irəli çəkilmiş, 1996-cı ildə Aparatın ictimai-siyasi şöbəsinə müdir təyin olunmuşdu. 2015-cı ilə qədər bu vəzifədə işləyən Əli müəllim daha sonra bir az da yüksələrək prezidentin köməkçisi təyin edilmişdi. Əli Nağıyevə inansaq, onun bu yüksəlişinin bir səbəbi vardı: dost, yaxın bilmədən önünə çıxan hər kəsin “ayağının altını qazmaq”. Eldar Sabiroğlunun ayağının altı da həmin vaxt qazılmışdırsa, şübhələnəcək tək ünvan var – Əli Həsənov. Amma ən dəqiqini yenə Eldar Sabiroğlu və ona cavab vermək haqqı olan Əli müəllim bilər.
Eldar Sabiroğlunun əməkdaşlıqda ittiham edildiyi müxalif liderin kimliyini təyin etmək isə daha rahatdır. Çünki sözügedən statusda həmin müxalif liderin o dövrdə prezident seçkilərinə hazırlaşdığı iddia olunub. Həmin vaxt keçirilən prezident seçkisi 1998-ci ilə təsadüf edir. Bu seçkiyə isə yalnız bir müxalif lider qatılmışdı – Etibar Məmmədov. Onun gözlənildiyindən daha çox səs toplaması məhz seçkilərə bir neçə il əvvəldən hazırlaşdığından xəbər verir.
Fikrimizcə, bu kiçik şərhdən sonra Eldar Sabiroğlunun boş buraxdığı xanaların hamısı dolur. İndisə, həmin sətiraltı ittihamlarla dolu statusu Ovqat.com oxucularına təqdim edirik:
Öncə bundan başlayaq-xəyanətin konkret tərifi varmı? Kimsə bu barədə nəsə deyə bilərmi?
Tarixi-Nadiri yarıya qədər vərəqləsəm də, mən belə bir tərifə rast gəlmədim. Xəyamət o qədər şeytani vəsvəsədir ki, hərə anladığı tərzdə ona müxtəlif mənalar verir. Lakin xəyanəti arxadan vurulan bıçaq zərbəsi ilə müqayisə edənlərlə bölüşürəm. Gözlənilmədən və üzbəüz dayanmadan vurulan bu yaranı adətən, yaxınlar, özünə dost bildiyin, inandığın adamlar kürəyə saplayır. Arxayın olursan və günün birində ürəkdən bağlı olduğun nakəsin zərbəsi səni birdəfəlik yerə sərməsə də, elə sarsıdıcı təsir edir ki, ömrün boyu unuda bilmirsən və arğını hər an, hər dəqiqə canında hiss edirsən!!!
Ağlıma gətirmədiyim halda dost saydığım birindən gördüyüm xəyanətin üzərindən 23 il keçməsinə baxmayaraq, bu günün özündə belə, sözlə ifadə etməyə çətinlik çəkirəm. Evimdə kəsdiyimiz çörəyi tapdalayan bir namərdi vaxtında tanımadığıma görə çox peşimanam. Bu, "lüstüranın dağıdıcı gücündən" daha təhlükəli və daha dəhşətli xəyanət idi. Lakin xəyanətini onun öz başında çatlatdım.
Zuğulbada hökumət bağında ailəmlə istirahət edirdim. Çox düşünürdüm bu barədə. Sadəcə onun yolunu getmək istəmirdim. Çox düşündükdən sonra prezidentin köməkçisi Tariyel Ağayevə telefon açıb prezident Heydər Əliyevlə danışmaq İstəyimi bildirdim. Təxminən üç saatdan sonra telefona zəng gəldi. Dəstəyi götürdüm və Prezidentin səsini eşitcək sevindim. O, məni atamın adı ilə çağırardı. Soruşdu ki, Sabir, nə məsələdi? Mən fikrlərimi ona çatdırdım və “yaxşı” deyib dəstəyi qapadı.
Məsələ bundan ibarət idi ki, uzun illər evimdə duz-çörək kəsdiyim bir adam (həmin vaxt PA-da çox mühüm bir vəzifəyə təyin olunmuşdu), mənim barədə ölkə başçısına xeyli yalanlar uydurub çatdırırmış. Guya, mən bəzi müxalif qüvvələrlə birləşib, hakimiyyətdəki narazılarla onlar arasında körpü yaradırmışam. Məqsədimiz isə guya Heydər Əliyevi devirib o zaman prezident seçkilərinə hazırlaşan müxalif lideri hakimiyyətə gətirmək imiş. Halbuki, nə elə bir plandan xəbərim vardı, nə də mən indiyə qədər başıma gələn bu qədər oyundan sonra belə, Heydər Əliyevə hörmətimi itirmişəm. Məntiqlə, həmin vaxt da mərhum Heydər Əliyevi buraxıb hansısa müxalif liderini dəstəkləməzdim.
Mən haqqımda Prezidentə ötürülən dezinformasiyanı eşidəndə şok oldum. Məni ən çox heyrətləndirən isə bu yalanın ən dostum bildiyim birisi tərəfindən uydurulması idi. Heydər Əliyevlə söhbətə can atmağımın səbəbi də məhz bu qaranlıq məqamlara aydınlıq gətirmək idi. Mərhum ölkə başçısının qırımdan anladım ki, o mənim səmimiyyətimə inandı. Allah qəni-qəni rəhmət eləsin Heydər Əliyevə, doğrudan inanılmaz dərəcədə boyük şəxsiyyət, həm də böyük insan sərrafı idi.
Elə həmin günün axşamı bağdakı qapımız döyüldü. Açdım ki, xəyanətkardır. Məni saxta gülüşlə bayırda söhbətə dəvət etdi. Hiss etdim ki, çox pərişandır. “Prezident məni biabır etdi. Axı, səni həmişə özümə yaxın qardaş bilmişəm, evində çörək kəsmişəm, bacımın açdığı süfrəni necə unuda bilərəm?” –dedi. Onunla söhbətimizin və ona dediklərimin üzərinə təfsilatı ilə qayıtmağı rəva görmürəm. O, dərsini möhkəm almışdı...
Həyatımda ilk dəfə idi ki, "dostun" xəyanətini alırdım. Təsəvvür edin, üstündən illər keçsə də, qəlbimdə açdığı izlərin yeri dolmur. Sən demə, mən tanıya bilməmişəm. Xeyirdə, şərdə o olan zaman adamlar ağızlarına qıfıl vururmuşlar. Güdaza verdiyi "dostların" barmaq sayısı sərhəddini çox aşıb...
Xəyanət və xəyanətkar haqda məşhur Dostoyevskinin müdrik bir fikri yadıma düşdü. Çoxdan oxuduğuma görə, mümkündü olduğu kimi tam ifadə etməyim, lakin mahiyyət təxminən belə idi: "Sizə kimsə əsəbiləşib əl qaldırarsa, onu bağışlayın. Çünki bu, qəzəbin nəticəsi olaraq tez yanan və tez də sönən əlamətdir. Xəyanəti isə bağışlamayın. Bağışlanarsa, təkrarını bir də görəcəksiniz. Çünki xəyanətkarlıq onun ruhuna hopub".
Xəyanətdən yayınmaq mürəkkəb məsələdir. Axı xəyanətkarın içi görünmür. Sifəti maska ilə örtülü olduğundan şirin dilinə inanırsan. Ən münasib yol yenə də Dostayevskinin göstərdiyi yoldu. Xəyanəti bağışlamaq olmaz!!!
Paylaş: