Başımızın üzərində dalğalanan üçrəngli bayrağımızın 101 il əvvəl necə ərsəyə gəldiyi barədə çox danışılıb. Fəqət onun bir də yenidən müstəqillik qazanan ölkəmizin əsas atributuna çevrilməsinin də bir tarixi var və bu işdə xidməti keçənlərin əməyi unudulmamalı, alın tərinə qiymət verilməlidir.
Mərhum Heydər Əliyevin milli-azadlıq hərəkatı zamanı ilk mühafizəçisi olmuş Əmir Hüseynovla və xalq hərəkatının fədailərindən olan Fikrət Bağırov 3 il əvvəl söhbətimizdə bu məsələyə aydınlıq gətirməyə çalışmışdıq. Bir çoxları keçmiş hərəkat iştirakçıları tərəfindən birmənalı qarşılanmayan bu müsahibəni Ovqat.com oxucularına təqdim edirik. Qeyd edək ki, müsahibə Strateq.az üçün alınmışdı.
Müsahibəni yenidən dərc etməyimizin səbəbi yaddaşları “qurdalamaq” məqsədi daşıyır. Müsahibədə irəli sürülən iddialara etirazı olanların da fikirlərini dərc etməyə hazırıq. Nədən ki, bütün həqiqətlər polemikalarda oraya çıxır. Biz də yaxın tariximizə aid həqiqətləri cəmiyyətə çatdırmaq niyyətindəyik.
***
1991-ci ilin 17 noyabrı… Düz 24 il bundan əvvəl Azərbaycanın müstəqillik tarixinin ən mühüm hadisəsi baş verdi. Həmin gün üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının Milli Məclisi tərəfindən dövlət artributu kimi qəbul olundu. Bir neçə aydan sonra Azərbaycan Ali Soveti də Naxçıvandan başlayan bu müstəqillik basqılarına boyun əydi və eyni qərarı verdi.
Sözsüz ki, hər bir tarixi hadisənin həyata keçirilməsində rol oynayan insanlar var. Bayrağımızı bayraq edən həmin qəhrəmanlardan ikisiylə bir təsadüf nəticəsində 24 ildən sonra üz-üzə gəldik. Çay süfrəsi arxasında oturub köhnə xatirələri yada salanda söhbəti lentə almağa qərar verdim. Xeyli çək-çevirdən sonra müsahiblərim də mənimlə razılaşdı. Telefonumun səsyazan düyməsini basıb yenidən tarixə ekskurs etməyə qayıtdıq. Söhbətimiz əvvəlki effektdə alınmasa belə, hər halda xeyli məlumatlar da əldə edə bildim.
Mərhum prezident Heydər Əliyevin ilk könüllü mühafizəçisi olmuş Əmir Hüseynov və xalq hərəkatının fədailərindən olan Fikrət Bağırovla söhbəti Strateq.az oxucularına təqdim edirik:
(Əvvəli bu linkdə: Heydər Əliyevin şəxsi mühafizəçisi: “Elçibəyi də mən qorudum..." -Mətbuatın arxivindən)
– Əmir bəy, bayaq siz Elçibəyin mühafizəsində rol oynadığınızdan bəhs etdiniz. Maraqlıdır ki, sizin dilə gətirdiyiniz bu fakt Heydər Əliyev-Elçibəy münasibətləri haqqında irəli sürülən bəzi iddialara haqq qazandırır. İddiaya görə, Heydər Əliyevin hakimiyyətə gətirilməsində rəhmətlik Bəyin də müstəsna rolu olub…
– Allah rəhmət eləsin Elçibəyə. Mənim onunla salam-əleykümüm, yaxın əlaqələrim olub – istər özünün hakimiyyəti dövründə, istərsə də rəhmətlik Heydər Əliyevin vaxtında. Mən bunu Heydər Əliyevdən də gizlətmirdim, o da buna görə mənə heç nə demirdi. Bilirdi ki, ikiüzlü deyiləm, içimdə nə varsa, çölümdə də o cürəm. Rəhmətlik belə adamlara həmişə hörmət edir, qiymətləndirirdi. Sizə bir fakt danışım. Mən Heydər Əliyevə həmişə “dayı” deyirdim. Dilim belə öyrənmişdi. Bir dəfə rəhmətlik hələ Naxçıvan Ali Məclisinin sədri olanda Muxtar Respublikanın rəhbər şəxsləriylə müşavirə keçirirdi. Mən də onun qəbul otağında iclasın bitməsini gözləyirdim. Birdən telefon zəng çaldı. Dəstəyi qaldırdım, zəng edən Sevil Əliyeva idi. Atasıyla danışmaq istəyirdi. Ona bildirdim ki, “dayım” müşavirədədir, mümkünsə, az sonra zəng etsin. Sevil xanım etiraz etmədi və bir az sonra yenidən zəng edəcəyini bildirdi. Üzərindən yarım saat keçməmiş yenə telefon zəng çaldı. Yenə Sevil xanım idi. Heydər Əliyev isə hələ toplantıdan çıxmamışdı. Sevil xanım yenə sonranı gözləməli oldu. Üçüncü dəfə eyni hadisə təkrarlananda fikirləşdim ki, yəqin, vacib sözü var, onu Heydər Əliyevin kabineti ilə calamaq istədim. Xidməti telefonla rəhmətliyə zəng vurdum. Sən demə, Heydər Əliyev telefonun selektr düyməsini basıbmış və dediyim sözlər hamı tərəfindən eşidilirmiş. Mən də bundan xəbərsizdim. Dedim: “Dayı, Sevil xanım sizinlə danışmaq istəyir”. Mənim “dayı” sözümü toplantıdakılar gülüşlə qarşılayıblar. Heydər Əliyev Sevil xanımla danışandan sonra üzünü gülənlərə tutub deyib ki, “nəyə gülürdünüz? O adam sizin kimi ikiüzlü deyil ki, mənimlə üz-üzə gələndə məddahlıq qabiliyyətini işə sala, arxamca isə yüz söz danışa. O, hər yerdə eyni üzünü qorumağı bacaran adamdır. Toplantıdan sonra rəhmətlik Asif Kələntərli və Qafar Məmmədov (hər ikisi Heydər Əliyevin AXC-dən olan müavinləri idi – Heydər Oğuz) mənə yaxınlaşıb bu hadisəni danışdılar. Dedilər ki, ictimaiyyət arasında Heydər Əliyevə o cür müraciət etməyim. Dedim, axı, mən nə demişəm ki? “Dayı” mənim üçün “cənab sədr”dən də, “Prezident”dən də dəyərli sözdür. Mənə bildirdilər ki, elə ola bilər, amma subardinasiya qaydaları var. Mən yenə onlarla razılaşmadım. Dedilər, özün bilərsən, hər halda Heydər Əliyev bunu sənə irad tutacaq. Həqiqətən də üstündən 15 dəqiqə keçməmiş Heydər Əliyev məni yanına çağırdı. Dedi ki, oğul, məişət başqadır, iş başqadır. Mən sənin üçün qıraqda “dayı” ola bilərəm, gərək camaatın icində bu cür müraciət etməyəsən. Heydər Əliyevə də eyni sözləri dedim. Dedim ki, axı, “dayı” sözü mənə bütün dəyərlərdən, vəzifələrdən üstün məfhumdur: “Mən sizə heç bir vəzifəniz olmayanda belə bu cür doğma münasibət bəsləmişəm. Sədr seçilməniz mənim bu doğmalıq hissimi dəyişməyib, sabah bəlkə prezident də olacaqsınız, mən yenə sizə eyni ülvi məhəbbətlə bağlanacam. Hətta vəzifədən getsəniz də, “bacoğlunuzu” yanınızda görəcəksiniz. Dilimi necə öyrəşdirim yad, ürəkdən yuxarı sözlərə?” Başını buladı, dedi ki, “bacoğlu” sənə olar, necə istəyirsən, elə də müraciət et.
– Amma Əmir bəy, Heydər Əliyev məktəbi keçdiyiniz indi-indi özünü büruzə verir. Suallarımı əsl diplomat kimi cavablandırırsınız…
– Təbii ki, mən Heydər Əliyevdən çox şey öyrənmişəm. Amma niyə belə fikirləşirsiniz?
– Baxın, mən sizə başqa sual vermişəm. Siz isə maraqlı olan bir başqa faktdan danışaraq diqqətimi fərqli istiqamətə yönəldir, cavabdan yayınırsınız. Yəni əsl diplomatlar kimi, verilən suala yox, istədiyiniz suala cavab verirsiniz…
– Xeyr, elə deyil. Mən sizin verdiyiniz suala gələcəkdim. Bilirsiniz, mən hansısa mülahizələr irəli sürmək fikrində deyiləm. Şahidi olduğum bəzi hadisələrdən danışa bilərəm. Bir gün mən Bakıda idim. Ali Sovetin sessiyası keçirilirdi. Vaxt tapan kimi rəhmətlik Elçibəylə də görüşdüm. Heydər Əliyev o zaman Naxçıvan Ali Məclisinin sədri idi. Söhbət 1992-ci ilin may aylarından gedir. Ayaz Mütəllibov çevriliş edib yenidən hakimiyyətə gəlmişdi. Elçibəy dedi ki, Əmir, mənə prezident seçilmək üçün çox təzyiq edirlər. Bu vəzifə isə mənlik deyil. Mənim bacardığım ən yaxşı iş xalqın mənəvi lideri olmaq, kütlənin sözünü deməkdir. Ancaq mən dövlət rəhbəri ola bilmərəm. Bütün parametrləriylə bu posta ən uyğun gələn adam Heydər Əliyevdir. O, Klintonla, Yeltsinlə rahat dil tapa, ölkəni beynəlxalq aləmdə daha yaxşı təmsil edə bilər. Mənə bərk-bərk tapşırdı ki, çalışın, Heydər Əliyevi hakimiyyətə gətirin: “Azərbaycanın çox ağır günləridir, ölkəni bu cür ağır vəziyyətdən yalnız o, xilas edə bilər”. Elçibəylə aramızda bu cür söhbətlər çox olub. Dahi adamlar öz yerlərini bilirlər. Elçibəy də dahi idi. O da, Heydər Əliyev də istəyirdi ki, ölkəni ağır vəziyyətdən xilas edələr. Cəmiyyətdə hər kəsin özünə uyğun daşıya biləcəyi yük var. Bu sözlərlə hansısa liderin daha üstün olduğunu iddia etmək fikrində deyiləm. Açığı, fikirləşirəm ki, Elçibəy Heydər Əliyev kimi siyasi lider ola bilməyəcəyi kimi, Heydər Əliyev də Elçibəy qədər mənəvi liderə çevrilə bilməzdi. Hər kəs öz yerində olsa, cəmiyyətə daha çox fayda verərdilər.
– Amma fakt budur ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Elçibəyin ətrafında toplanan dəyərli insanlar öz layiq olduqları yerləri tuta bilmədilər…
– Bunun günahı Heydər Əliyevdə deyildi. O dövrdə xalq hərəkatından çıxan ziyalılar Heydər Əliyev hakimiyyətiylə razılaşmaq istəmir, onunla bir yerdə olmaqdan çəkinirdilər. Cəmiyyətdəki haçalanmanın səbəbi də bu oldu. Mən bilirəm ki, Heydər Əliyev o insanlar içərisindən çıxmış bir çoxlarıyla birgə komanda qurmaq istəyirdi. Dəfələrlə mənə Əli Kərimli və Fazil Mustafa haqqında müsbət fikirlər demişdi. Onlar isə Heydər Əliyevin bu xoş niyyətinə müsbət cavab vermir, öz layiq olduqları yerdə dayanmağa cəsarət etmirdilər. Nəticədə onların boş buraxdıqları yerləri başqaları doldurdu.
– Fikrət bəy, Azərbaycan dövlətçilik ənənələrinin formalaşmasında, milli müstəqillik ideallarının oturuşmasında xalq hərəkatından gələnlərin misilsiz rolu olub. Belə deyək, o bayrağı siz qaldırıbsınız, amma onun altında gündə ən müxtəlif ittihamlarla həbsə atılan generallar, nazirlər oturub öz ciblərini doldururlar. Halbuki onlar hələ o vaxt da müstəqilliyimizin əleyhinə idilər. Hərəkatda canını qoyanlar isə bu gün iqtisadi çətinliklər içərisində çırpınırlar. Aralarında intihar edənlərə belə tez-tez rast gəlirik. Belə təzadlarla qarşılaşanda nə fikirləşisiniz?
Fikrət Bağırov: – Doğrusunu deyim ki, ikili hiss yaşayıram. Həm ölkəmizin bu hala gəlməsinə üzülürəm, həm də fəxr edirəm ki, bir zamanlar bizə qarşı olanlar indi bizim qaldırdığımız bayrağın altında dayanıblar. Mən onunla da fəxr edirəm ki, dövlət müstəqilliyi uğrunda gedən mübarizədə fəal iştirak edənlərdən olmuşam…
– Üzr istəyirəm, mən də deyəsən, yavaş-yavaş jurnalistliyi bir kənara atıb, müsahibə çevriləcəyəm. Amma düşündüyüm bəzi fikirləri deməsəm də olmur. Yaxşı xatırlayıram ki, Naxçıvanda o vaxt SSRİ-nin tərkibində qalıb-qalmamaq barədə referendum boykot olunurdu. Heydər Əliyevin özü də boykot tərəfdar idi. Amma nədənsə, seçki kommisiyaları fəaliyyət göstərirdilər. Mən də gənc bir hərəkat üzvü idim. Gənclik ehtirası ilə bu səsverməyə mane olmaq istəyirdim. Məhəlləmizdəki Dairə Seçki Komissiyasının qarşısında keşik çəkirdim ki, səsverməyə gələnlərə mane olum. O zaman o boyda Naxçıvanda bir adam səsverməyə gəlmişdi. Nə illah etdimsə, onu bu SSRİ sevgisindən ayıra bilmədim. Əksinə, o, məntəqədəki polislərə göstəriş verdi ki, məni bərk-bərk qucaqladığım seçki qutusundan ayırsınlar. Polislər məni “zərərsizləşdirəndən” sonra həmin adam səs verib getdi. İndi o, deputatdır və ən gur səslə müstəqillikdən danışanlardandır. Hər dəfə onun boğazdan yuxarı fikirlərini eşidəndə sanki özümün söyüldüyünü hiss edirəm…
Əmir Hüseynov: – Fikrət, bir dəqiqə bağışla, bu suala mən cavab vermək istəyirəm.
Fikrət Bağırov: – Buyur, bəy.
Əmir Hüseynov: – Heydər bəy, bu, həyatın bir qanunudur. Bu qanunları pozmaq olmaz. Heyvanat aləmi barədə filmlərə, yəqin ki, baxıbsan. Adətən ovu aslanlar ovlayır. Amma onu yemək çox vaxt özlərinə qismət olmur. Aslanın ovladığını çaqqallar, tülkülər yeyirlər. Eyni şey insaniyyətlikdə də mövcuddur. İdeallar uğrunda fədailiyi gözə almış adam gərək bu sözləri dilə gətirməyə. Mən dəqiq bilirəm ki, o zaman ən gənc silahdaşlarımızdan olan Heydər Oğuz “ət yemək” üçün hərəkata qoşulmamışdı. Mənim də, Fikrətin də davası yorğan davası deyildi. Kim ki, yorğan davası umurdu, yorğanını aldı. Kim ki, dövlət qurmaq istəyirdi, indi həmin müstəqil dövlətdə yaşayır. Mən sizə bir misal deyim. 1991-ci ilin sentyabr ayının, hardasa, 19-u idi. Heydər Əliyevlə biz Nehrəm camaatı ilə görüşə getmişdik. Bilirsiniz ki, rəhmətlik deputatlığa namizədliyini ordan vermişdi. Nehrəmdə “Təpəbaşı” deyilən bir yer var, kənd camaatı ilə orda görüşəcəkdik. Camaat bizim başımıza toplandı. Bir az söhbətdən sonra üstümüzə hücum edənlər oldu. Hətta Heydər Əliyevin üstünə ağac qaldıranlar var idi. Onlar Ali Sovetin sabiq sədri Əkbər Əliyevin adamları idilər. Heydər Əliyevdən qisas almaq və ya təzyiqlə öz vəzifəsindən uzaqlaşdırmaq istəyirdilər. Ağac zərbələrindən bir neçəsi də mənə dəydi. O vaxt Heydər Əliyevin üstünə ağac qaldıranların hamısı indi vəzifədədir. Bəzən onları ən yüksək dairələrdə görəndə fikirləşirəm ki, bu da artıq həyatın bir reallığıdır. Yəqin ki, təkcə bizdə belə deyil, bütün dünyada eyni vəziyyət var. Əziyyət çəkənlər çox vaxt qıraqda qalır, dəyişikliklərdən ona qarşı çıxanlar faydalanırlar. Amma bu, müvəqqəti haldır. Zamanla haqq öz yerini tapır və tapacaq. Baxın, bir vaxtlar MTN generallarının qılıncının dalı da kəsirdi, qabağı da. İndi isə layiq olduqları cəzanı çəkirlər. Bu gün Heydər Əliyev barədə yalandan yüz söz danışanlar var. O adamlardan soruşmaq lazımdı ki, niyə rəhmətliyin sağlığında eyni sözləri demirdiniz, bu xatırələri yada salmırdınız?
Fikrət Bağırov: – Əmir bəyin qaldığı yerdən mən davam etmək istəyirəm. Heydər bəy, sən özün də bilirsən ki, biz bu mübarizəyə şəxsi təmənnamız üçün qoşulmamışdıq. Odur ki, kimlərinsə bizim əməyimizin nəticələrindən bəhrələnməsinə də üzülmürük. Onlar da vətən oğullarıdır. Qurduğumuz cəmiyyət əgər onları zənginə çeviribsə, bunun sevinci, savabı sizə bəsdir…
– Fikrət bəy, mən müstəqilliyimizdən, dövlətçilik ənənələrimizdən kiminsə faydalanmasına qarşı deyiləm. Əlbəttə, faydalanacaqlar. Amma monopoliyalar yaradıb, heç kimə çalışmaq imkanı verməmək, közü ancaq öz qabağına çəkmək kimi əməllər də doğru deyil. Hətta bunu edirlərsə belə, tarixi saxtalaşdırmasınlar. Hər şeyi olduğu kimi ya etiraf etsinlər, ya da heç olmasa sussunlar…
Fikrət Bağırov: – Doğrudur, bu, adamı yandırır. Bu yaxınlarda bizimlə dövlət binalarına bayraq sancanlardan biri ANS-ə çıxıb ancaq öz “qəhrəmanlığından” danışırdı. Zəng vurub soruşuram ki, axı biz də sənin yanındaydıq. Heç olmasa, dilucu adımızı çəkərdin. Nə cavab versə, yaxşıdır? Deyir ki, vallah, sənin orda olduğunu xatırlamıram. Amma Əmir orda idi. Mənə nərdivanı o gətirmişdi.
Əmir Hüseynov: – Əmir niyə nərdivan daşıyandır?
Fikrət Bağırov: – Mənə də bu yer edir də, Əmir!
Əmir Hüseynov: – Nə isə, boş ver! Heydər bəy, referendumdan söhbət düşmüşkən, sizə bir xatirə danışmaq istəyirəm. İndi bəziləri o hadisədə öz qəhrəmanlıqlarından boy deyirlər. Halbuki bu məsələdə belə Heydər Əliyevin şəxsi iradəsi əsas rol oynayıb. Rəhmətlik həmin vaxt referendumun boykot olunması ilə bağlı qərar hazırlatmaq istəyirdi. Muxtar Respublikada nə qədər hüquqşunas var (prokuror, Ali Məhkəmənin sədri və s.), hamısını kabinetinə yığıb layihəni hazırlamağı onlara tapşırmışdı. Həmin hüquqşunaslar 7 dəfə layihə hazırlasalar da, onu ağsaqqala bəyəndirə bilməyiblər. Axırda məcbur qalıb mətni özü yazıb. Mən bunu sonra öyrəndim. Sonuncu müşavirə zamanı eşitdim ki, içəridən çaxnaşma səsi gəlir. Qapını nə qədər etdimsə, aça bilmədim. 3-cü cəhdimdən sonra qapı açıldı. Məlum oldu ki, Heydər Əliyev hüquqşunasların bu yarıtmaz fəaliyyətinə bərk qəzəblənib. Hüquqşunaslar da hövlank otağı tərk etmək istəyərkən karıxıb qapını tərsə itələyirmişlər. Mən isə eyni anda qapını açmaq istədiyimdən onların qeyri-iradi müqavimətilə üzləşirmişəm. Demək istəyirəm ki, Heydər Əliyev bu cür kadr çatışmazlığı problemiylə üzləşmişdi. Ancaq yuxarıdan gələn direktivləri icra edən, yaradıcı zehni olmayan məmur kütləsiylə işləməyə məhkum idi və bundan məmnun da deyildi. Xalq hərəkatından gələn ziyalılar ona lazımi dəstək versəydilər, indi hamı layiq olduğu yerdə oturardı. Heydər Əliyevin ən müsbət keyfiyyətlərindən biri də o idi ki, istedadlı adamları sevirdi. Savadlı gəncləri xaricə oxumağa göndərir, onların kadr kimi yetişməsinə xüsusi diqqət ayırırdı. Mətbuata, ictimai rəyin düzgün formalaşmasına, cəmiyyətin maariflənməsinə xüsusi əhəmiyyət verirdi. Elə bunun üçün də qəbul olunan bütün qanun və qərarları “Şərq qapısı” qəzetində dərc etdirir, sonra biz onları Azərbaycanın müxtəlif rayonlarında camaata yayırdıq. Məqsəd o idi ki, bütün Azərbaycan xalqı maariflənsin, bilsin ki, bu cür qərarlar verilə bilər. Və ictimaiyyət o dövrün mərkəzi hakimiyyətindən də bu cür milli mənafeyi ön planda tutan addımlar atmağı tələb etsinlər. Bütün bunlar sübut edir ki, rəhmətlik dövlət siyasətinin formalaşdırılmasında xalqın rolunu artırmaq istəyirdi. İndi bir çoxları Heydər Əliyevin rahatlıqla hakimiyyətə gəldiyini düşünür. Halbuki biz bu qədər çətin şəraitdə fəaliyyət göstərirdik. Heydər Əliyev Azərbaycanın gələcəyi üçün gecəsini gündüzünə qatmışdı.
– Maraqlı məqama toxundunuz. İddianıza görə, Heydər Əliyev konkret nümunələr yaratmaq üçün bu cür qərarlar qəbul edir və xalqı mərkəzi hakimiyyətdən də bunu tələb etməyə həvəsləndirirdi. Maraqlıdır ki, Naxçıvan Ali Məclisi bayraq haqqında qərar verdikdən az sonra mərkəzi hakimiyyət də eyni addımı atdı. Deməli, Heydər Əliyevin bu siyasəti baş tutmuşdu. Mərkəzi hakimiyyətin bu qərarını rəhmətlik necə qarşıladı?
(ardı var)
Heydər Oğuz
Strateq.az