Xəbər lenti

 

Başımızın üzərində dalğalanan üçrəngli bayrağımızın 101 il əvvəl necə ərsəyə gəldiyi barədə çox danışılıb. Fəqət onun bir də yenidən müstəqillik qazanan ölkəmizin əsas atributuna çevrilməsinin də bir tarixi var və bu işdə xidməti keçənlərin əməyi unudulmamalı, alın tərinə qiymət verilməlidir.
Mərhum Heydər Əliyevin milli-azadlıq hərəkatı zamanı ilk mühafizəçisi olmuş Əmir Hüseynovla və xalq hərəkatının fədailərindən olan Fikrət Bağırov 3 il əvvəl söhbətimizdə bu məsələyə aydınlıq gətirməyə çalışmışdıq. Bir çoxları keçmiş hərəkat iştirakçıları tərəfindən birmənalı qarşılanmayan bu müsahibəni Ovqat.com oxucularına təqdim edirik. Qeyd edək ki, müsahibə Strateq.az üçün alınmışdı.

Müsahibəni yenidən dərc etməyimizin səbəbi yaddaşları “qurdalamaq” məqsədi daşıyır. Müsahibədə irəli sürülən iddialara etirazı olanların da fikirlərini dərc etməyə hazırıq. Nədən ki, bütün həqiqətlər polemikalarda oraya çıxır. Biz də yaxın tariximizə aid həqiqətləri cəmiyyətə çatdırmaq niyyətindəyik.

***

1991-ci ilin 17 noyabrı… Düz 24 il bundan əvvəl Azərbaycanın müstəqillik tarixinin ən mühüm hadisəsi baş verdi. Həmin gün üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının Milli Məclisi tərəfindən dövlət artributu kimi qəbul olundu. Bir neçə aydan sonra Azərbaycan Ali Soveti də Naxçıvandan başlayan bu müstəqillik basqılarına boyun əydi və eyni qərarı verdi.

Sözsüz ki, hər bir tarixi hadisənin həyata keçirilməsində rol oynayan insanlar var. Bayrağımızı bayraq edən həmin qəhrəmanlardan ikisiylə bir təsadüf nəticəsində 24 ildən sonra üz-üzə gəldik. Çay süfrəsi arxasında oturub köhnə xatirələri yada salanda söhbəti lentə almağa qərar verdim. Xeyli çək-çevirdən sonra müsahiblərim də mənimlə razılaşdı. Telefonumun səsyazan düyməsini basıb yenidən tarixə ekskurs etməyə qayıtdıq. Söhbətimiz əvvəlki effektdə alınmasa belə, hər halda xeyli məlumatlar da əldə edə bildim.

Mərhum prezident Heydər Əliyevin ilk könüllü mühafizəçisi olmuş Əmir Hüseynov və xalq hərəkatının fədailərindən olan Fikrət Bağırovla söhbəti Strateq.az oxucularına təqdim edirik:

(Əvvəli bu linklərdə: Heydər Əliyevin şəxsi mühafizəçisi: “Elçibəyi də mən qorudum..." -Mətbuatın arxivindən)

http://ovqat.com/manset/33749-heydr-liyevin-xsi-muhafizcisi-by-dedi-ki-caln-heydr-liyev-hakimiyyt-glsin.html)

emir5.jpg

– Maraqlı məqama toxundunuz. İddianıza görə, Heydər Əliyev konkret nümunələr yaratmaq üçün bu cür qərarlar qəbul edir və xalqı mərkəzi hakimiyyətdən də bunu tələb etməyə həvəsləndirirdi. Maraqlıdır ki, Naxçıvan Ali Məclisi bayraq haqqında qərar verdikdən az sonra mərkəzi hakimiyyət də eyni addımı atdı. Deməli, Heydər Əliyevin bu siyasəti baş tutmuşdu. Mərkəzi hakimiyyətin bu qərarını rəhmətlik necə qarşıladı?

-Çox şad olmuşdu. Qürur hissi keçirir, fəxr edirdi. O qədər sevinirdi ki, təsvir etməyə acizlik çəkirəm. Heydər Əliyev o dövrdə yaşanan hadisələrin hamısının qeydiyyatını tutur, salnaməsini yazırdı. Yəqin ki, bu hadisəyə də öz salnaməsində geniş yer ayrılıb. İnanıram ki, bir gün onların hamısı açılacaq…

-Maraqlı faktdır. Heydər Əliyevin yazdığı o salnamə indi hardadır? Onu harda saxlayırdı?

-Özündə saxlayırdı. Onun özünəməxsus arxivi var idi. Bu arxivi heç kimə etibar etməzdi. Heydər Əliyev hətta əyninin paltarını da heç kimə etibar etməyəcək qədər diqqətli şəxsiyyət idi. Biz bəzən iclaslara gedərdik. Qış paltarını soyunub mənə verərdi. Qardiroba qoymazdı. Bu qədər diqqətli adamın ən çox sevindiyi tarixi hadisəni salnaməsinə yazmaması mümkün deyil…

-Bəlkə mərkəzi hakimiyyətə yüksəlmək üçün münbit şəraitin yarandığını düşündüyündən bu qədər sevinirdi?

-Siz Əliyev haqqında yanlış təsəvvürdəsiniz, Heydər bəy. Sizə bir hadisə danışım, istərsəniz, bunu da yaza bilərsiniz…

-Buyurun, əlbəttə. Nə desəniz yazacağam, onsuz da.

-1991-ci ilin mart ayında Yazıçılar Birliyinin qurultayı idi. Heydər Əliyevi də o qurultaya dəvət etmişdilər. İclasda rəhmətlik Xəlil Rza, Məmməd Aslan, indi adlarını unutduğum bir çox adamlar da iştirak edirdilər və onlar bizim yanımızda əyləşmişdilər. Arxada oturmuşduq. İclası Anar yox, Elçin aparırdı. Məmməd Aslan ayağa qalxıb Elçinə bildirdi ki, ağsaqqalı arxada oturtmaq bizə yaraşmaz: “Kürsüdə ona yer verin!”. Zal gurultulu alqışlarla təlatümə gəldi. Bilirsiniz də, biz, xüsusilə qələm əhli olanlarımız çəpik çalmaqdan yana ölürük. Heydər Əliyev ayağa qalxdı, dedi: “Ay millətim, ay xalqım! Mən o cür kürsülərdə çox oturmuşam. Ordan aşağıların necə göründüyünü hamıdan yaxşı bilirəm. İcazə verin, bir az da aşağıdan yuxarıların necə göründüyünə tamaşa edim”. Yəni Heydər Əliyevin gözü yuxarılarda deyildi. Ümummilli məqsədlər üçün çalışır və şahidi olduğu hər şeyin qeydiyyatını aparırdı.

emir1.jpg

-Əmir bəy, hərəkat yoldaşlarınızdan bəziləri sizi qınıyırlar ki, niyə sıralarımızı tərk edib Heydər Əliyevə qoşuldu. Belə sözlərlə üzləşəndə nə düşünürsünüz?

-Kim onu deyir? Üzümə belə söz deyənlər olmayıb. Deyən olsa, soruşaram ki, Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədrliyinə namizədliyini Əmir Hüseynov irəli sürmüşdü, ya siz? Axı sən də bilirsən ki, Heydər Əliyevi namizəd kimi irəli sürən elə hərəkat nümayəndələri idi. Biz onda Bakıdaydıq. Heydər Əliyev heç Naxçıvana getmək istəmirdi. Gündə həmin hərəkatçılar zəng edib, ağsaqqalı Muxtar Respublikaya çağırır, o gəlməsə, Naxçıvanın blokadadan çıxa bilməyəcəyini deyirdilər. Yadınızdadırsa, o vaxt hərəkatçı deputat qrupuna “Demblok” deyirdilər. Kommunistlər isə “Komblok”da birləşmişdilər. Sədr seçkisində “Demblokun” namizədi Heydər Əliyev, “Komblok”un namizədi isə Ələsgər Sadiqov idi. Heydər Əliyev də xalq hərəkatının istəyi və ümumxalq dəstəyi ilə hakimiyyətə gəldi. Əmir Hüseynov onun sadəcə mühafizəçiliyini edirdi. Bilirsənmi, Heydər bəy, çox adam çox söz deyə bilər. Mən adamlar tanıyıram ki, 1993-cü ildə Heydər Əliyevin 70 illiyində 70 ədəd gül gətirmişdilər. Arxa qapıdan rəhmətliyə verib onu təbrik etmişdilər. Üstündən bir neçə gün keçdikdən sonra həmin adamlar məni Heydər Əliyevə satqınlıqda günahdırırdılar. Onlar şüurlu şəkildəmi, yoxsa şüursuz şəkildəmi, bilmirəm, nədənsə, unudurdular ki, bir adamın mühafizəçisi olmaq ona satılmaq deyil. Amma bir adama xəlvətdə gül bağışlamaq, üzdə isə arxasınca danışmaq əsl satqınlıqdır. Rəhmətlik məhz bu hadisələrə görə hərəkatdan çıxanlarla işləmədi.

-Bəy, siz oxu atıb yayı gizlədirsiniz. Bayaq da Nehrəmdə “Təpəbaşı” adlanan yerdə Heydər Əliyevin qabağına çomaqla çıxanlardan danışdınız, amma ad çəkmədiniz. İndisə ona 70 gül hədiyyə edib arxasınca danışanlardan bəhs edirsiniz. Yenə də iddialar mücərrəddir. Ad çəkilmir, ünvan göstərilmir. Kim idi onlar?

-Deyəsən, siz mənim daşıdığım vəzifəni unudursunuz. Xatırladıram ki, mən şəxsi mühafizəçi idim. Mühafizəçilər təkcə can yox, həm də sirri qoruyurlar. Onlar məni söysələr də, mən kimin nə vaxt, nə etdiyini demərəm. Bu mənim məslək əxlaqıma ziddir.

-Olmadı ki, bəy! Yayı gizlədəcəksinizsə, oxu da atmayın.

-Mən “ox atmıram”. Sadəcə, o dövrdə yaşananların səbəbini izah edirəm. Mədsədim fərdlər haqqında mülahizə yürütmək deyil, proseslərə aydınlıq gətirməkdir.

-Amma adını çəkdiyiniz adamlar da oldu. Məsələn, Bəyin, Abdullanın da adın çəkdiniz. Yeri gəlmişkən, Abdulla bu gün həbsxanadadır. Heydər Əliyevi bir zamanlar ən çox müdafiə edən adama ən ağır cəza verildi. Bəlkə qatilə də o qədər cəza verməzdilər…

emir3.jpg

-Allah qapısını açsın. Mən hüquq mühafizə orqanlarının adından danışmaq istəməzdim. Onun ittiham olunduğu əməllərini də bilmirəm. Hər halda bir səbəb olub ki, bu cəzanı alıb. Amma mənim tanıdığım Abdulla təmiz, millətinə yanan adam idi. Bununla belə, adam gərək öz bacardığı işin qulpundan yapışa. Boyundan dərin sulara dalmaya. Xüsusilə də üzgüçülükdən başı çıxmırsa… Baxın, mən Heydər Əliyevin mühafizəsinə başlayanda serjant rütbəsiylə təltif olunmuşdum. Hardasa, 4 ilə yaxın onun mühafizəçisi oldum. Sonra başqa sahələrdə işimi davam etdirdim. İndi təqaüdə ayrılmışam. Yenə də rütbəm serjantdır. Yəni serjant kimi gəlmişdim, serjant kimi də getdim. İndi elə adamlar var ki, bığ yeri təzəcə tərləyib, amma generaldır. Bu vəzifələri hansısa əlaqələri sayəsində əldə edib. Adam gərək öz çəkisini bilə, yaxından-dostdan nəsə istəyəndə də qabiliyyətinə görə istəyə. Adətən, çəkindən artıq yük götürəndə gücə düşürsən.

Yəni deyirsiniz ki, Abdulla da çəkisindən artıq yükün altına girdi və buna görə də həbs olundu? Gəlin, razılaşaq ki, bu iddianın heç bir hüquqi əsası yoxdur.

-Yox, mən həmin sözləri Abdullaya şamil etmək üçün demədim. Sadəcə məsəl kimi çəkdim. Demək istəyirəm ki, insanlar çox səbəbə görə cəzalana bilərlər. Buna dəqiq qiyməti sən, mən verə bilmərik. Hüquqi qiymət vermək isə ümumiyyətlə bizə aid məsələ deyil. Bunun üçün hüquq mühafizə orqanları var. Onlar bizdən fərqli olaraq istənilən hadisəni daha detallı araşdırırlar. Orda qanun pozuntusu olub-olmadığını müəyyənləşdirirlər. Sonra bunu qanun meyarıyla yoxlayırlar. Ortaya hansı nəticə çıxırsa buna görə də qiymət verirlər. Nə sizin, nə mənim əlimdə belə imkanlar olmadığı üçün verdiyimiz qiymət də düzgün olmaz, ədalət mühakiməsinin çıxartdığı hökmlərə şühbə sala bilərik. Bu isə bizim boyumuzu aşan məsələdir. Açığını bilmək istəyirsinizsə, mən bütün hallarda ilahi ədalətin təcəlli tapdığına inananam. Abdullanın niyə cəzalandığını bilmədiyim üçün bu barədə də fikir bildirmək istəmirəm.

Sizə elə gəlmir ki, keçmiş qvardiyanın təmizlənməsi əməliyyatı gedir?

-Siz məni siyasətə çəkməyin. Mən sadəcə gördüklərim bəzi xatirələrdən danışa bilərəm. Abdulla Abdullayev haqqında sadəcə onu deyə bilərəm ki, Heydər Əliyevin ona xüsusi simpantiyası var idi. O isə daha sonra biznes sahəsini seçdi. Halbuki, öz sahəsində qalsaydı, bəlkə ölkə üçün daha faydalı işlər görərdi. Nə gizlədim, mənə də bu cür təkliflər çox oldu, amma buna getmədim. Çünki çəkə biləcəyim yükü bilirdim. Hər sahədə öndə o işi bilən getməlidir. İnsan bir tikə artıq yemək yeyəndə belə, bunun əziyyətini çəkir.

-Əmir bəy, bayaq soruşmaq istəyirdim, söz axarı bizi əsas mövzudan yayındırdı. Bilirsiniz ki, bayraq 1918-ci ildən yadigar qalan mirasımızdır. Azərbaycan Demokratik Cümhuriyyətinin miraslarına Heydər Əliyev zamanında yüksək qiymət verilmədiyinin şahidiyik. Məsələn, Bakı Dövlət Universitetindən Məmməd Əmin Rəsulzadənin adı götürüldü. İndiyə qədər Bakıda o dövrün siyasi xadimlərinin adlarına layiq heykəlləri belə yoxdur. Siz isə fərqli şeylər danışırsınız…

emir11.jpg

-Bəy, mən sizə faktları danışıram. Heydər Əliyevin Azərbaycan Demokratik Cümhuriyyətinin liderlərinə hörmətini əks etdirən çox xatirələrim var. Məsələn, 1991-ci il fevralın 3-ü idi. Sessiyaya gəlmişdik. Heydər Əliyevlə bərabər Şəhidlər Xiyabanına getdik. Şəhid məzarlarının üstünə gül düzürdük. Bir də gördük, arxadan bir adam gəlir. Heydər Əliyev bizə dedi ki, gedin, baxın, görün o kimdir elə, bizə yaxınlaşır. Abdulla adamın yanına getdi. Sonra gəlib dedi ki, “Məmməd Əmin Rəsulzadənin nəvəsi Azərdir, sizinlə görüşmək istəyir”. Heydər Əliyev onunla görüşdü. O, rəhmətliyə dedi ki, bəs, babasının yaxın ərazidə birotaqlı evi olub. İndi o evi öz adına keçirmək istəyir, çünki qalmağa evi-eşiyi yoxdur. Amma Ayaz Mütəllibov buna imkan vermirmiş. Heydər Əliyev dedi ki, Ayaz Mütəllibov onu da eşitmir. Yoxsa, məmnuniyyətlə bu istəyi ona çatdırar və evi alıb geri qaytarar. Onu da dedi ki, “mənim özümün də evim-eşiyim yoxdur. Səbr etmək lazımdır”. Yadımdadır ki, o vaxt Ayaz Mütəllibova bu barədə müraciət də etdi, amma heç nə hasil olmadı. Azər bəyə o ev yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qaytarıldı.

-Doğrusu, inandırıcı deyil bu dediyiniz. Axı Heydər Əliyevdən qabaq Cəbhə hakimiyyəti dövrü idi. Məmməd Əmin Rəsulzadənin nəvəsinə Cəbhə hakimiyyətinin laqeyd qalmasına inanmıram…

-Mən sizə fakt deyirəm. Rəhmətlik Elçibəyin hakimiyyəti uzun çəkmədi ki, bu cür məsələlərlə də maraqlana. O dövrkü hakimiyyətin başı daha mürəkkəb işlərə qarışmışdı və bu cür məsələlərə zaman ayıra bilməmələrini normal qarşılayıram. Mənim dediyim ayrı şeydir. Məncə, sizə danışdığım faktlar (həm bayraq, həm də Azər bəyin məsələsi) sübut edir ki, Heydər Əliyevin Məmməd Əmin Rəsulzadənin istər mənəvi, istərsə maddi mirasına böyük hörməti vardı.

emir8.jpg

-Nə isə, ilişib qalmayaq bu məsələdə. Məni bir şey daha çox maraqlandırır. Siz Prezidentdən çox dəyər verdiyiniz “dayınız”ın prezident olduğu dövrdə ondan ayrıldınız. Səbəb nə oldu? Özümü çıxartdı sizi?

-Yox, özüm ayrıldım. Səhhətimdə problemim var idi. O qədər gərgin işə tab gətirə bilmirdim. Mədə xorasından əziyyət çəkirdim. Gəldim, Heydər Əliyevə vəziyyətimi dedim. O, ayrılmağımı istəməsə də, seçimimə hörmətlə yanaşdı, məni İlham Əliyevə və Ramil Usubova tapşırdı. Ramil müəllimi yanına çağırdı və məni göstərib soruşdu, bunu tanıyırsan? Usubov da “bəli, tanıyıram bu aslanı” deyə cavab verdi. Ulu öndər ona dedi, yox, bu aslan deyil, fədaidir. Heydər Əliyev üçün “fədai” sözünün çox böyük dəyəri var idi və o, məni “fədaim” deyib yola saldı. Ramil müəllim isə mənə aeroportda inspektor işi verdi, başqa  məmurlar çoxlu rütbələr vəd etdilər. Bunları qəbul etmədim. İndi pensiyadayam, təqaüdümlə dolanıram.

Həqiqətənmi, ağlınıza belə ehtimal gəlmir ki, missiyanız tamamlanmışdı və bundan sonra Əmirə ehtiyac yox idi?

-Qətiyyən, belə deyil. Heydər Əliyev sınaqdan üzüağ çıxmış adamları heç vaxt gözündən kənara buraxmaz, həmişə himayə edərdi. Mən də sınaqdan pis çıxmamışdım. Sadəcə, səhhətim imkan vermədiyi üçün indiyə qədər sadıq qaldığım və həyatım boyu sadiq qalacağım liderimi tərk etməli oldum. Səbəb onda yox, mənim səhhətimdə idi.

-İndi məmur özbaşınalığıyla qarşılaşınca nə düşünürsünüz? Ürəyinizdən keçmirmi ki, kaş elə “dayımın” yanında qalardım?

-Keçir. Amma bu, nəyi dəyişir ki? Bilirsinizmi, bəziləri məmur özbaşınlıqlarıyla qarşılaşanda dərhal bunun səbəbini öz qələmlərinin sındırılmasında axtarırlar. İndiyə qədər mənim ağlıma belə bir fikir gəlməyib. Çünki liderimi yaxşı tanıyırdım. O, heç vaxt fədailərinin qələmini qırmazdı. Bəzən məmurların özləri gözə girmək məqsədilə mənasız addımlar atırlar. Bundan siyasi iradənin xəbəri olmur. Gözləmədiyi hallarla qarşılaşan adamın ağlına isə fərqli fikirlər gəlir. Aeroportda işlədiyim vaxtlar tez-tez belə situasiyalarla üzləşirdim. Bir gün Azərbaycanın keçmiş rəhbərlərindən Kamran Bağırovun deputatlar üçün ayrılmış salondan çıxarıldığının şahidi olmuşam. Mən kiçik rütbəli adam idim. Onun hüquqları uğrunda mübarizə aparmış, təkrar deputatlar üçün ayrılmış salona qaytarılmasını təmin etmişdim. Xətrinə dəyildiyini hiss etdiyimdən yanında oturub  könlünü almışdım. Demişdim ki, Kamran müəllim, sizin hakimiyyətiniz dövründə iradənizdən kənar belə hadisələr yaşanmırdı? Demişdi ki, yaşanırdı? Sual vermişdim ki, siz bunu eşitsəydiniz, nə hiss keçirdərdiniz? Demişdi ki, çox pis olardım. Demişdim ki, inanın, indi Heydər Əliyev də bunu eşitsə eyni hissi keçirər. Mənə bilirsinizmi, nə cavab vermişdi? Demişdi ki, oğlum, sən mənə bu yaşda həyatı başa saldın. Gözləri dola-dola alnımdan öpmüşdü.

-Əmir bəy, bağışlayın bir sualım da var, keçmiş hərəkatçılar arasında sizin haqqınızda mənfi fikirlər də dolaşır. Deyirlər ki, Əmir aeroportda işlədiyi vaxtlar Kələkiyə gedənlərin siyahısını tutub hakimiyyətə verirdi

-Sizcə, bu iddia nə dərəcədə doğrudur? Bu işi görmək üçün Əmirə nə ehtiyac var? Kələkiyə gedənlər o zaman neçə postdan keçirdi. Ordan alınan məlumatlar yetərli deyildi ki, bir də Bakı aeroportuna buna görə kimisə təyin etsinlər. Aeroportda işləyəndə dövlət adamlarının hamısını mənə baş çəkib təyyarəyə minirdilər. Bəzən onlarla bir masa ətrafında oturanda rəisim bizə çay gətirirdi. Hətta o zaman rəisin bizə qulluq etməsindən xeyli xəcalət çəkirdim. Yəni mən aeroportda bu qədər nüfuza sahib birisi idim. Kələkiyə gedənləri izləmək qədər əhəmiyyətsiz işi mənə heç kim tapşırmazdı. Tapşırsaydılar da bunu mən qəbul etməzdim. Bilirsinizmi, barlı ağaca daş atarlar. Haqqımda o dövrdə o qədər yanlış şaiyələr dolaşırdı ki, bunların biri belə yaşanmamışdı. Əksinə, mən həmin hadisələrə qarşı olmuşam. Hətta bir məsələyə görə, hakimiyyətin bəzi dairələri tərəfindən təzyiqlə üzləşmişəm. Mən də kənara çəkilmişəm. Sonra eşimişəm ki, həmin neqativ hallarda mənim adımı hallandırırlar. O vaxt da demişəm, indi də deyirəm. Bu şaiyələrin heç bir əsası yoxdur. Hətta hər şey əksindədir. Sadəcə, mən çox şeyləri danışmağı sevmirəm və bunu mərdliyimə sığışdırmıram. Naxələflər nə danışır, danışsın. Naxələflik də bir genetik xəstəlikdir. Xəstələri xoş görmək lazımdır.

Son

Söhbətləşdi: Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 4 419          Tarix: 13-11-2019, 09:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma