Xəbər lenti

 

Dünən Bakıda Dünya dini liderlərinin II sammiti başa çatdı. Sammitdə dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və təriqətin lider və təmsilçiləri,  həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən, Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edirdilər.

İki gün davam edən sammitdə İranı ölkənin dini lideri olmasa da, onun xarici məsələlər üzrə nümayəndəsi Əli Əkbər Vilayətinin təmsil edəcəyi gözlənilirdi. Di gəl ki, 500-ə yaxın xarici qonaqlar arasında cənab Vilayəti gözə dəymədi. Onu İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman əvəz edirdi.

 

Abuzər İbrahiminin dini liderliklə heç bir əlaqəsinin olmaması və İranın teokratik rejimindən çox, dünyəvi hakimiyyətinin təmsilçisi kimi tanınması istər-istəməz bir sıra suallara açır: Əcəba, hətta ən dünyəvi məsələlərdə belə İran prezidenti Həsən Ruhaniyə göz verib işıq verməyən, xaricə islam inqilabi ideyaları “ixrac edən” Xamenei həzrətləri və onun idarəsi niyə Bakıda ələ düşən münbit şəraiti fövtə verdi? Niyə dünyanın 500 önəmli din xadimini Bakıda Quranın qəti əmrinə əsasən, irşad etmək barədə düşünmədi və sammitə Mədəniyyət və İslami Əlaqələr Təşkilatı kimi bizim adı özündən böyük qeyri-hökumət təşkilatlarını andıran bir qurumunun nümayəndələrini göndərməyi daha məqsədəuyğun hesab etdi?

 

İranın “boz kardinal”ı kimi tanınan Əli Əkbər Vilayətinin bu gözəl fürsəti qaçırmasından doğan bu suallar həm də ona görə aktuallıq qazanır ki, Xameneinin xarici məsələlər üzrə nümayəndəsinin gözlənilən Bakı səfəri ərəfəsində İsrail mətbuatında diqqəti cəlb edən bir sıra xəbərlər yayılmışdı.

İsrailin “The Jerusalem Post” qəzeti sammitə Əli Əkbər Vilayətinin də qatılacağını bildirəndən sonra onun Bakıda həbs oluna biləcəyi ehtimalını irəli sürmüşdü. Qəzetin məlumatına görə, Argentina hökuməti rəsmi qaydada Azərbaycana müraciət edərək Vilayətinin həbsini və onlara təhvil verilməsini istəyib. İddia olunurdu ki, Azərbaycana göndərilən bu istək məktubunda Xameneinin nümayəndəsi 1994-cü ildə Buenos Ayresdə AMIA yəhudi mərkəzinin partladılmasında baş günahkar kimi ittiham edilirdi: “Argentina Xarici İşlər Nazirliyi Buenos Ayresdəki Azərbaycan səfirini görüşə dəvət edib. Görüş zamanı Argentina rəsmiləri cənab Əli Əkbər Vilayətinin Azərbaycana səfəri ilə bağlı “ciddi narahatlıq keçirdiklərini” dilə gətiriblər. Onlar bu məsələdə Azərbaycanı əməkdaşlığa səsləyərək Əli Əkbər Vilayətinin Bakıda həbs olunmasını və onun Argentinaya göndərilməsini xahiş ediblər”.

 

Qəzetin bildirdiyinə görə, Argentina əmindir ki, 1992-ci ildə Buenos Ayresdə İsrail səfirliyinin partladılmasında İranın da əli var və 29 nəfərin ölümü, 242 nəfərin isə yaralanması ilə nəticələnən həmin terror əməliyyatını Vilayəti planlaşdırıbmış.

Qeyd edək ki, Əli Əkbər vilayəti İran islam inqilabının ən öndə gələn isimlərindən olmuş, indiki dini lider Xameneinin və Haşimi Rəfsəncaninin prezidentliyi dövründə 1981-ci ildən 1997-ci ilə qədər tam 16 il ölkənin Xarici İşlər naziri vəzifəsini həyata keçirmişdi. Argentinanın İran tərəfindən törədildiyini iddia etdiyi həmin terror aktı da məhz onun Xarici İşlər naziri işlədiyi dövrdə baş vermişdi.

   

İranın mövcud siaysi ənənəsində XİN rəhbərinin hər hansı terror aktında iştirakı real görünmür. Çünki bu cür terror aktları, adətən, XİN tərəfindən deyil, SEPAH tərəfindən həyata keçirilir. Bu baxımdan Argentinanın məlum hadisədə İranın sabiq Xarici İşlər nazirini günahlandırması o qədər də inandırıcı görünməsə də, əsassız da deyil. 

 Mələsə burasındadır ki, Qərb mətbuatında  zaman-zaman Əli Əkbər Vilayəti  İranın “boz kardinalı” adlanır. Məsələn, ABŞ-ın aparıcı nəşrlərindən olan “Foreign Policy” jurnalı iddia edir ki, hazırda İranda xarici siyasət üzrə real “şef” Xarici İşlər naziri Məhəmməd Zərif deyil, İranın ali dini lideri ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətidir. Onu İran liderinin plan və niyyətlərinin “tərcümanı” da adlandırırlar.

 

Əli Əkbər Vilayətinin İran siyasi tarixində ən uzunmüddətli Xarici İşlər naziri olması və ardından İranın əsas siyasi hakimiyyət qanadı Məsləhəti Təşhis Şurasına transfer edilməsi də bu “dərin dövlətçilik keyfiyyəti” ilə əlaqələndirilir.  Vilayəti İran idarəçiliyində əsas yer tutan sözügedən şurada hazırda xarici əlaqələrlə yanaşı, həm də tibb, mədəniyyət, siyasət və s. kimi sahələr üzrə 38 vəzifə daşımaqdadır.  Bütün bu vəzifələri ilə o, elə Məsləhəti Təşhis Şurası deməkdir.

 

Onlarla sahəyə eyni anda baxan Vilayətini İranın “boz kardinalı” adlandıranlar yanılmırlar. Xüsusilə, dini lider Xameneinin sağlamlığının ürəkaçan olmadığı indiki vaxtda İran əslində Vilayəti tərəfindən idarə olunur.

Belə bir adamın Bakıda keçirilən Dünya din liderlərinin II sammitində iştirakı zamanı həbs edilməsi inandırıcı olmasa da, görünür, Tehran aşağı ehtimallı sürprizlərlə qarşılaşmaq istəməyib. O da mümkündür ki, İranın indiki ağır vəziyyətində Vilayətinin başı daxili problemlərə qarışıb. Bakıdakı sammitin ertəsi günü İranda yanacağın qiymətinin 200% artması və əsasən mühafizəkarların məskunlaşdığı şəhərlərdə etiraz dalğalarının vüsət alması da bu ehtimalı gücləndirir. Ola bilsin, İranın “boz kardinalı”nın başı ölkəsində “kardinal kadr dəyişikliyinə” qarışıb.




Ana səhifəyə qayıt        Baxış: 3 754          Tarix: 16-11-2019, 15:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma