Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Umaxanovu, Rusiya Federasiyasının Federasiya Şurasının Regional məsələlər üzrə komitəsinin sədri Sergey Melikovu, Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidovu və Dağıstan Xalq Məclisi sədrinin müşaviri Məhəmməd Qurbanovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
- Sizi yenidən görməyimə şadam. Xoş gəlmisiniz.
Çox şadam ki, siz mühüm tədbirdə - dünya dini liderlərinin Sammitində iştirak edəcəksiniz. Bu, ölkəmiz üçün çox mühüm hadisədir. Zənnimcə, bütün iştirakçılar üçün də belədir. Mən çox şadam ki, Rusiya Federasiyası çox yüksək səviyyədə, Federasiya Şurasının rəhbərliyi, qardaş Dağıstanın rəhbərliyi səviyyəsində təmsil olunub və Zati-müqəddəsləri, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin də, müxtəlif ölkələrdən olan çoxsaylı qonaqların da iştirakı gözlənilir. Zənnimcə, bu tədbir mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun gələcək inkişafına yaxşı təkan verəcək.
Bildiyiniz kimi, Azərbaycanda bu qəbildən olan çoxlu tədbirlər keçirilir. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə müntəzəm olaraq keçirilən Bakı Humanitar Forumu, ənənəvi Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESKO və digər təşkilatlar tərəfindən dəstəklənir. Beləliklə, Azərbaycan artıq çoxdandır ki, xalqları, müxtəlif dinlərin nümayəndələrini yaxınlaşdıran humanitar xarakterli tədbirlərin keçirildiyi məkana çevrilib.
Əlbəttə, bunlar həm də ikitərəfli gündəliyə aid məsələlər barədə söhbət etmək üçün yaxşı imkandır. Bu gündəlik olduqca zəngindir və yüksək səviyyədə əlaqələr bizim münasibətlərimizin inkişafına çox güclü təkan verir. Mənim Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə bir neçə dəfə görüşüm olub. Pekində “Bir kəmər, bir yol” konfransı zamanı görüşümüzü xüsusi xatırlayıram. Tədbirlər qrafikinin çox gərgin olmasına baxmayaraq, biz bir sıra məsələlər barədə çox ətraflı söhbət etməyə vaxt tapdıq. Rusiya Prezidentinin məni “Valday” Forumunda iştiraka dəvət etməsi də bizə hörmət və xoş münasibət əlaməti kimi qəbul edildi. Forum çərçivəsində də Rusiya Prezidenti ilə mənim görüşüm oldu. Biz həmin görüşdə də ikitərəfli gündəliyə aid diskussiyaları davam etdirdik.
Əlbəttə, Valentina İvanovna Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətinizin bu ilin yazında ölkəmizə səfəri də parlamentlərarası istiqamətdə münasibətlərə və bütövlükdə, ikitərəfli gündəliyə aid məsələlərə yaxşı təkan verdi. Buna görə də düşünürəm ki, bu görüş mühüm məsələlərə bir daha nəzər salmaq və əlbəttə, Xızrı İsayeviçin, Məhəmmədin və sizin, – biz ilk dəfə görüşürük, - timsalınızda qardaş Dağıstan nümayəndələrini görməyə çox şadam. Əlbəttə, bizim əziz qardaşımız İlyasa da “Xoş gəlmisiniz” deyirəm, o da bizim qardaş diyarı təmsil edir. Bir daha xoş gəlmisiniz.
Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Umaxanov deyib:
- Hörmətli İlham Heydər oğlu, vəziyyətlə əlaqədar əsasən Dağıstan təmsilçilərindən ibarət olan Rusiya nümayəndə heyəti ilə görüşmək üçün vaxt tapdığınıza görə Sizə təşəkkür etmək istəyirik. Lakin bununla bərabər, demək istəyirəm ki, əlbəttə, dünya dini liderlərinin Sammitində iştirak etmək bizim üçün, əlbəttə, çox vacib idi. Bu, artıq ikinci Sammitdir. Mənə birinci Sammitdə iştirak etmək xoşbəxtliyi nəsib olub. Bu Sammitin gedişini böyük hörmət və maraqla izləyəcəyik. Ona görə ki, Parlamentlərarası İttifaqın Sankt-Peterburqda keçirilmiş 137-ci Assambleyasında parlament rəhbərlərinin ümumdünya konfransının keçirilməsi təşəbbüsü irəli sürüldü. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası həmin konfransın 2022-ci il mayın 21-də Rusiyada keçirilməsi barədə müvafiq qətnamə qəbul etdi. Etnik və konfessiyalararası məsələlərə həsr ediləcək bu konfransa Rusiya Federasiyasının Prezidentinin razılığı alındı. Ona görə də ikinci Sammitdə iştirak etmək, onun gedişini müşahidə etmək bizim üçün, əlbəttə, son dərəcə vacibdir.
Eyni zamanda, demək istəyirəm ki, biz Birinci vitse-prezident, çox hörmətli Mehriban Əliyevanın Moskvaya səfərini səbirsizliklə gözləyirik. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılışı olacaq, həmçinin Regionlararası Forum keçiriləcək.
14:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Umaxanovu, Rusiya Federasiyasının Federasiya Şurasının Regional məsələlər üzrə komitəsinin sədri Sergey Melikovu, Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidovu və Dağıstan Xalq Məclisi sədrinin müşaviri Məhəmməd Qurbanovu qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:
“Xoş gəlmisiniz. Çox şadam ki, qardaş ölkə sabah keçiriləcək dünya dini liderlərinin Zirvə Görüşündə yüksək səviyyədə iştirak edəcək. Həm bu Zirvə Görüşündə iştirak çox önəmlidir, eyni zamanda, yaxşı fürsətdir ki, ikitərəfli məsələləri də müzakirə edək.
Bildiyiniz kimi, bu yaxınlarda İran İslam Respublikasının Prezidenti cənab Ruhani Azərbaycanda səfərdə idi, Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak edirdi. Səfər çərçivəsində bizim görüşümüz olmuşdur. Çox yaxşı görüş oldu. Görüş zamanı gündəlikdə duran bir çox ikitərəfli məsələləri müzakirə etdik. Bir daha gördük ki, İran-Azərbaycan əlaqələri yüksək səviyyədədir, uğurla inkişaf edir. İmzalanmış bütün sənədlər, əldə olunmuş razılaşmalar icra edilir. Bu, onu göstərir ki, əlaqələr çox səmərəlidir və yaxşı nəticə verir. Əminəm ki, gələcəkdə bu əlaqələrin inkişafı üçün hər iki tərəf öz səylərini göstərəcək və əldə edilmiş bütün razılaşmalar həyatda öz yerini tutacaq”.
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi deyib:
“Çox sağ olun, təşəkkür edirəm. Bizə vaxt ayırdığınıza və bizi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. İki il bundan əvvəl mənə belə bir fürsət yarandı, xanım Mehriban Əliyeva ilə görüşdüm və indiyədək həmin görüşü xatırlayıram, xoş təəssüratları yadımdadır.
Əvvəlcə, istərdim ki, öz dövlətimin, İran İslam Respublikası dövlətinin və xalqının səmimi salamlarını Sizə çatdırım. Bizimlə Azərbaycan arasında müştərəkliklər, bağlılıqlar çoxdur. Mən uşaqlıqdan Azərbaycan dilini nənəmdən öyrənmişəm. İllər keçdikcə bu dili mənə öyrətdiyinə görə və öz sinəsindən mənim sinəmə bu dili nəql etdiyinə görə həmişə ona dua edirəm.
Bizimlə sizin aranızda bir çox bağlılıqlar, müştərəkliklər var, o cümlədən mədəni sahədə. Buna görə də biz mədəni sahədə bir çox birgə layihələr həyata keçirmişik və əməkdaşlıqlar etmişik. Mədəniyyət Nazirliyi ilə bir çox proqramlar, layihələr icra etmişik, gələcəkdə də bunu davam etdirəcəyik”.
Söhbət zamanı ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsində dövlət başçıları arasında mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyəti qeyd edilib.
14:59
Dövlət başçısı noyabrın 13-də İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bundan başqa, İlham Əliyev bu gün Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Elsayed Elşerinin başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb.
Paylaş: