“Hazırkı hakimiyyət bizim 2018-ci ilin mayına qədər gəldiyimiz bənddən danışıqlar prosesini davam etdirmir, əvəzində yeni bənddən başlayır”.
Ovqat.com xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib.
Bəs yeni bəndlər nədən ibarətdir və bu, keçmiş erməni baş çekistini niyə bu qədər narahat edir?
David Şahnazaryan bu suala belə aydınlıq gətirir: “İlk növbədə hazırkı hakimiyyət, ümumiyyətlə, öz müqəddəratını təyin etmək haqqında danışmaq istəmir. Əgər hansısa çıxışda bunun barəsində danışılırsa, o zaman dərhal elə qiymətləndirilir ki, bu, öz müqəddəratını təyinetmə prinsipinə əhəmiyyətli dərəcədə zidddir”.
Hakimiyyətin səsləndirdiyi ziddiyyətli bəyanatlar ucbatından danışıqlar prosesindəki mövqelərin dalana dirəndiyini bildirən D.Nazaryan Ermənistanın bu vəziyyətdə beynəlxalq dəstəyini itirə biləcəyindən nigarandır:
Ən aşkar sübut odur ki, Bakı artıq ilkin razılaşma barədə sənədin olduğunu, Ermənistan isə olmadığını deyir. Aydındır ki, bu situasiyaya görə məsuliyyətli biz oluruq. İndi beynəlxalq ictimaiyyət və Azərbaycan bir tərəfdə, Ermənistan isə başqa tərəfdə qərarlaşacaq. Bu, bizim üçün böyük təhlükədir. Belə davam edəcəyi halda hansısa beynəlxalq sammitdə masa üzərinə erməni tərəfi üçün qəbuledilməz sənəd qoyulacaq və Ermənistan tərəfinin edə biləcəyi ən böyük şey ona veto qoymaqdan ibarət olacaq”.
Şahnazaryan bu cəhdin ATƏT üzvlərinin prezidentlərinin sammitində baş tuta biləcəyini proqnozlaşdırır.
Qeyd edək ki, Azərbaycan Dağlıq Qarabağ danışıqlarında beynəlxalq hüququn ərazi bütövlüyü, ermənilər isə xalqların öz müqəddəratını təyinetmə prinsipindən çıxış edirlər. Beynəlxalq hüquqa görə isə ərazi bütövlüyü öz müqəddəratını təyin etmək prinsipindən üstündür. BMT Nizamnaməsinə görə, öz müqəddəratını təyinetmə hüququ xalqların təməl haqlarından sayılsa da, iki şərt daxilində həyata keçirilə bilər:
- Bu hüquq dövlətlərin torpaq bütünlüyü prinsipini bozmayacaq.
- Məsələdə maraqlı olan tərəflərin yekdil razılığı ilə həyata keçiriləcək.
Göründüyü kimi, Azərbaycan razılıq verməyəcəyi təqdirdə ermənilər öz müqəddəratını müəyyənləşdirmək hüququndan istifadə edə bilməzlər. Ermənilərin bu zamanadək problemin dalana dirənməsinə və hər iki xalqın Rusiyanın orbitində fırlanmasına gətirib çıxarır. Üstəlik, Qərbdən dəstək alaraq hakimiyyətini gücləndirməyə çalışan Paşınyan üçün də bu problem ciddi baş ağrısına çevrilə bilər. Qərblə daha yaxın inteqrasiya arzusuna düşəcəyi an Rusiyadan aldığı dəstəyi itirəcəyini və Azərbaycanın qarşısında təkbətək qalacağını anlayan Paşinyan bundan sonra nələrin baş verəcəyini də yaxşı bilir. Yəqin, bu səbəbdən də Qarabağ problemindən azad olmağa həvəslənir. Amma bu dəfə də onun qarşısına Rusiyanın Ermənistandakı “5-ci kolon”unun çıxarılması ehtimalı var. Görünür, həmin “5-ci kolon”un nümayəndəsi olan David Şahnazaryan da bu həqiqəti onun yadına salmağı uyğun görüb. Təbii ki, Moskvanın məsləhətilə.
Paylaş: