Heydər Oğuz
Bu şəkil dünən Naxçıvan MR-nın Şahbuz rayonunun Türkeş kəndindən çəkilib. Hər şəkil kimi onun da kiçik bir tarixçəsi var. Nuhçixan.az-ın məlumatına görə, Muxtar Respublikanın Ali Məclisinin sədri dünən bu kənddə bina açılışına gəlib və kənd sakinləri də onun pişvazına çıxıbmış. Tarixcəsi bu qədər.
İndi keçək şəkilin ifadə etdiyi mənalara.
Hər şəkil kimi bu şəklin də seyrçiyə anlatdığı bir məna var. Şəklin bütün vizual mənası isə soldan ikinci adamın üzərində cəmləşib. Diqqətlə baxanda həmin adamın hörmətli qonaq qarşısında fərağat dayanmaqdan duyduğu “sevinc” hissini üzündən oxumaq mümkündür. Şəklin sağ hissəsində isə əsasən kənd ağsaqqalları iki cərgəli sıraya düzülüblər. Lap yeməyə gedən sovet əsgərləri kimi. Bircə boy sıralamaları əskikdir. Bu düzülüşdə boy sıralamasını isə yaş sıralaması əvəz edib.
Yəqin ki, yaşları anlaşılmasın deyə, xüsusilə seçilib fotoqrafın uzaq tərəfinə düzülmüş ağsaqqalların isə fərağat durmaqdan məmnun olduğunu söyləmək çətindir. Zira adamların 70-80 civarında yaşları var. Amma onlar əsgər kimi dim-dik ayaq üstədirlər. Tfu, Tfu, göz dəyməsin, Türkeş ağsaqqallarının bu sportiv görünüşlərinə ancaq sevinmək olar. Maşallah, düşmənə göz dağıdırlar.
Amma... Amma bu vəziyyətlərinə özləri sevinirlərmi? Üzlərindən sezilir ki, yox. Türkeş ağsaqqallarının sevincə həsrət qalan üz cizgiləri naşükürlüklərindən irəli gəlmir. Naşükür olsaydılar, heç hörmətli qonağın qarşısında o cür dik dayanardılarmı? Ağsaqqalları sıxan tamamilə başqa mətləbdir.
Nədir, deməyin. Ölkə başçısı müşavirələrdən birində 70-i ötmüş iri məmurları istefaya çağırdığı bir vaxtda, zavallı Türkeş ağsaqqalları rəsmi tədbirlərdə fərağat durmaqdan hələ də “istefa edə bilməmələrinə”, sizcə, sevinməlidirlərmi? Axı onların evlərində istirahət etmək, nəticələrini qucaqlarına alıb oynatmaq, çayxanalarda nərd atmaq vaxtlarıdır. Onlar isə 18 yaşlarında sovet ordusu sıralarında öyrəndikləri hərbi duruş qaydalarını 50 ildir nümayiş etdirə-etdirə və bir-biriylə daha yaxşı fərağat yarışına girə-girə qocalıblar. Ömür yolunun son aşırımında belə, bu əzabdan yaxa qurtara bilmirlər. Bu adamlar daha nəyə sevinsinlər?
Məhz bu cür sevincdən uzaq görkəminə görə Naxçıvan Azərbaycanın Şimali Koreyası sayılır. Amma mən inanmıram ki, Şimali Koreya lideri Kim Çen İn ölkəsinin hansısa kəndinə gedəndə bu cür əzab dolu sifətlərlə qarşılaşır. Yaxud qarşılaşmaq istəyir. Yəqin ki, heç Naxçıvan MR rəhbəri də belə qarşılanmağı arzulamazdı. Böyük ehtimalla, Şahbuz rayon rəhbərliyi yağlı bir “Molodes” qazanmaq xətrinə kənd ağsaqqallarını cənab sədrin pişvazına çıxarıb.
Belə baxanda onda da günah yoxdur. Türkeşdə gənc adam qalıb ki, binəva Şahbuz rəhbərliyi onları qabağına qatıb qonaq qarşısına gətirə?
Bir sözlə, günah nə fərağatlarda ömür çürüdən kənd ağsaqqalarındadır, nə onların bəlkə də ömürlərinin sonuna qədər girməyəcəkləri binanın açılışına gələn sədrdə, nə də yaşlı sakinlərə bu əziyyəti verən rayon rəhbərliyində. Günah köhnəlib əldən düşmüş idarəetmə anlayışındadır.
Hörmətli MR rəhbərliyi, anlayın artıq, sizin sürə-sürə əldən saldığınız o maşın daha yerimir. Zorla arxasından itələsəniz də yeriməyəcək. Üstəlik, arxadan itələyə-itələyə maşını ancaq üzüaşağı hərəkət etdirmək olar, Türkeşə qaldırmaq yox.
Maşını dəyişmək lazımdır, cənablar, maşını.
Paylaş: