Xəbər lenti

  

İranda artıq 10-cu gününə qədəm qoyan benzin üsyanları təhlükəsizlik qüvvələrinin sərt represiv tədbirlərilə qismən səngisə də, öz həllini tapmamış xalq narazılığı hakimiyyətdaxili hesablaşmaların yeni söykənəyinə, bəhanəsinə çevrilib.

Ovqat.com xəbər verir ki, qatı mühafizəkarlığı ilə tanınan eks-prezident Mahmud Əhmədinejad dünən benzin üsyanlarına dəstək verən açıqlama ilə çıxış edib.

O, çıxışında yaşanan gərginliyin bütün günahını Ruhani hakimiyyəti dövründə baş alıb gedən korrupsiya və ədalətsiz idarəetmədə gördüyünü açıqlayıb. Əhmədinejadın fikrincə, Ruhani hakimiyyəti dövründə korrupsiya və dövlət əmlakının mənimsənilməsi 10 qat artıb və daha da yoxsullaşan xalq bir də ağır sanksiyalara dözmək məcburiyyətində qalıb.

Siz bu ölkəyə nə bəlalar gətirdiniz? Danışanı boğursunuz, ağzından vurur, susdurursunuz. Xalqı aşağılayıb və təhqir edirsiniz", - Əhmədinejad belə deyib.

İranın bütün ölkə vətəndaşlarının ortaq mülkiyyəti olduğunu xatırladan eks-prezident hakimiyyətə səslənərək bunları əlavə edib: “Siz özünüzü bu ölkənin yeganə sahibi kimi aparırsınız. Bunu çox açıq deyirəm; insanlar gedişatdan narazıdırlar. Cəmiyyət digər dövlət orqanlarını da qəbul etmir, lakin xüsusilə hökumətdən razı deyil".

Qeyd edək ki, Əhmədinejad İranın dini lideri ayətullah Əli Xameneiyə yaxınlığı ilə bilinir. Onun benzin üsyanlarında Ruhani hakimiyyətini pisləməsi bu baxımdan öz sözündən çox, İranın teokratik iradəsinin hökumətə qarşı çıxışı kimi başa düşülə bilər.




Ana səhifəyə qayıt        Baxış: 2 818          Tarix: 25-11-2019, 08:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma