Xəbər lenti

 

İndi bizim media kapitanları qaradərili qulun gününə qalıblar - nə edəcəklərini, necə edəcəklərini bilmirlər

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Vaxtı keçmiş, kresloya kök atmış məmurların işdən azad edilməsindən xeyli vaxt keçsə də, mətbuatın gündəmini hələ də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun fəaliyyəti tutur. Demək olar ki, hər gün çoxsaylı saytlar bu məmurun və şöbəsinin mətbuatı nə günə qoymasından, kolxoz sistemi ilə idarə etməsindən, xeyli pul ayrılsa belə, düzgün xərclənməməsindən, ideoloji baxımdan effekt vermədiyindən yazır.

Əli Həsənovun troll ordusu barədə də çox danışılır.  Biri deyir filankəs troldur, biri deyir, bu biri troldur və s. Təbii ki, yazılan və deyilənlərin arasında həqiqət yükü çox olan informasiyalar da var: aparılan media siyasəti doğurdan da lazımi effekti vermədi, yalnız “problemlər yoxdur, olanı da həll ediləndir” tipli bəytərifi stilində yazılarla nəyəsə nail olmaq mümkün deyil. Bu sualın cavabını yəqin ki, yalnız cənab Həsənovun özü və ətrafında jurnalistlərlə manqa başçısı kimi danışan müavinləri bilir.

 

Amma məncə, artıq Əli Həsənov və ətrafı barədə yazılara son vermək vaxtıdır. Mənim Əli Həsənov və ətrafına şəxsi simpatiyam-filanım yoxdur və onların da medianın başına gətirdikləri oyundan xəbərdaram. Və söhbət “yıxılanı vurmazlar, komsomol” yanaşmasından da getmir. Bəs niyə artıq Əli Həsənovdan yazmağı kənara qoymaq lazımdır? Qoy bunu da izah edim, əziz oxucu!

 

Fransızların belə bir deyimi var: İnsanın keçmişi maşının orta güzgüsü kimi bir şeydir, ona daima baxsan da, qəza törədərsən, heç baxmasan da, ən yaxşısı ona arada göz gəzdirərək, irəli baxmaqdır. Yəni artıq Əli Həsənov və mətbuatın “fatihə”sini verənləri bir qırağa qoyub, onların səhvlərinin təkrarlanmaması və reanimasiyada əcəllə əlləşən medianın, heç olmasa palataya köçürülməsi üçün nələrin edilməsi ətrafında fikirləşmək vaxtıdır. Əli Həsənov yediyini yedi, yemədiyini də viran qoydu getdi. Yazdıq, oxuduq, bildirdik - qalanı dövlət orqanlarının işidir.

 

İndi biz bu mövzu barədə danışarkən mediada islahatlar sözünü tez-tez işlədirik. Bu sözün hansı məna kəsb etdiyini bilən də yazır, bilməyən də. Məncə, mediada islahat-filan tipli gurultulu sözlərə ehtiyac yoxdur. Əsas olan medianın ələ, hansısa məmura, biznesmenə baxımlılığını aradan qaldırmaqdır ki, bunu üçün çox sadə bir iş görmək lazımdır: reklam bazarını mediaya qaytarmaq. Qoy, media özü pul qazansın, məshulunu da satsın. Yoxsa şirkətləri, bankları hansısa məmurun nəzarətində olan, heç Rusiyaya aparılan pomidoru belə, bükməyə yaramayan qəzetlərə reklam verməyə məcbur etməklə, KİVDF-yə ayrılan pulların, “iqtidarı kim daha çox və daha orjinal təriflədi” prinsipi ilə paylamaqla, bu Fondu media üzərində cəza mexanizminə çevirməklə, nəyə nail olacağıq? Mediamız yenə də reanimasiyada qalacaq belə olan halda.

 

Əli Həsənovun vaxtında yuxarıdan gələn tapşırıq və trendlərlə işləyən baş redaktorlar indi mənə Mel Gibsonun “Patriot” filmindəki qaradərili qulu xatırladırlar. Deməli, ABŞ-ın müstəqilliyi tərəfdarları ilə İngiltərə kralının orduları savaşır. Mel Gibsonun qəhrəmanı müstəqillik tərəfdarlarına kömək üçün sadə camaatdan “xalq milisi” yaradır. Ora yazılanların içərisində qaradərili qullar da olur. ABŞ hökumətinin qərarına görə, ordu və milisdə xidmət edən qullara il yarımdan sonra azadlıq verilir. Səhv etmirəmsə, adı Co olan qul bu barədə elanı ona oxuyan irqçi bir amerikalıya deyir ki, “mən də vuruşuram, 6 ayım qalıb”. İrqçi amerikalı ona “Sən ömrü boyu quldarın əmri ilə oturub durmusan, azadlıq sənin nəyinə lazımdır? Azad olub necə yaşayacaqsan?” sualını verir. Co dərin fikirlərə dalır.

 

İndi bizim media kapitanları da Əli Həsənov gedəndən sonra, həmin o Conun gününə qalıblar - nə edəcəklərini, necə edəcəklərini bilmirlər. Axı 25 ildir ki, bir şöbənin diqtəsi ilə oturub-dururdular.

 

Əslində, mediaya reklam bazarını qaytarmaqla, Mətbuat Şurasını qurultay keçirərək, daha çevik işləməyə məcbur etməklə, Mətbuat Ombudsmanı yaratmaqla mətbuatı dirçəltmək olar. Bunun üçün güclü kurasiyaya-filana da ehtiyac yoxdur. Onsuz da mediamız dövlətin maraqları üçün işləməyə vərdiş edib. Heç kim ölkədə gedən irirmiqyaslı dəyişikliklərə pis yanaşmır ki.

Amma yaxşı ilə yanaşı neqativləri də yazmaq lazımdır. Əgər media Qarabağ məsələsi ilə bağlı, yağış yağan zaman küçələri su basması ilə bağlı, qazın, işığın gəlməməsi, yolların bərbad olması ilə bağlı yazılar yazırsa, bu, həmin adamın və ya qurumun müxaləfətçi və ya iqtidarın əleyhinə olması anlamına gəlmir axı. Prezident özü də deyir ki, o, müəyyən məlumatları mediadan alır. Neqativlər düzəldilməsi üçün deyilir və yazılır, düşmənçilik üçün yox. Əgər hansısa KİV hansısa məmur balasının havaya pul səpələdiyini yazırsa, bunu yazan iqtidarın siyasətinin əleyhinə deyil axı. Rəhmətlik Xudu Məmmədov deyirdi ki, “mətbuat yaxşı şeyləri daha çox yazmalıdır, pis xəbərlər onsuz da tez yayılır”.

 

Odur ki, az çəkin bu Əli Həsənovun adını. Adama bəzən elə gəlir ki, kimsə qəsdən onun adını çox hallandırır ki, adam “diri” qalsın. Qoy, getsin elmlə məşğul olsun. Media isə irəliyə baxmalı, yeniliklərə açıq olmalı, yenə də həqiqət carçısına çevrilməlidir - 20 il əvvəl olduğu kimi.

 

Bax onda normal sual vermək üçün Paşinyanın qabağına çıxarılmalı layiqli adamlar da ortaya çıxacaq, ABŞ səfirliyi ilə hansısa müxalifətçinin telefon danışıqlarını efirə verməyin hansı fəsadları olduğunu anlayan məmur və redaktorlar da. Sadəcə, olan potensialdan düzgün istifadə etmək lazımdır.

Müəllif: Yoldaş Mircəfər  



Ana səhifəyə qayıt        Baxış: 2 563          Tarix: 9-12-2019, 12:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma