Xəbər lenti

"Qəbrin üstünü açdırıb, eşələdilər, baş tərəfi qazanda, erməni qışqırdı ki, orada qızıl var, skleti çıxarın”.
Söhbətin tam ortasından başlamaq istəyirəm. Yunan-roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi Əli Sarıyev söhbətləşdiyimiz yerdə, birdən stolu yumuruqlayaraq, hönkür-hönkür ağlamağa başladı. Qəzəbli gözlərindən yaş axır. Bu vəziyyətində sanki demək istəyir: "bilirsən, niyə ağlayıram?” O erməninin heç biri mənim qolumu bükə bilməzdi, yaxınıma da gələ bilməzdi, ancaq bir şapalaqlıq canı olmayanlar səni döyür, təhqir edir, işlədir, buyurur, məzələnir, xoruz döyüşdürən kimi səni güləşdirib, fit çalır. O vaxt da yanırdım, indi də yanıram… Danışmaq hər zaman asandır. İndi erməni ilə düşmənçiliyə qarşı çıxır, hümanizm deyir, xalqların dostluğundan danışırlar. Bəs erməni zülmünü bütün dəhşətlərilə yaşayan insanlarımıza nə deyək? Onları necə inandırmaq olar ki, sən artıq ermənilərin etdiklərini unut, onlarla dost ol. Erməni əsirliyində olmuş şəxslərlə söhbət zamanı onların ən çox işlətdiyi ifadələrdən biri "düşmənimə də arzulamaram” olur. Deyirlər, hər kəsin dərdi özünə ağırdır. Erməni əsirliyində olanların əksəriyyətinin taleyi bənzər olub. Eyni işgəncələr, eyni əzab-əziyyət… Dirəniş göstərənlərə daha çox zülm ediblər, bəzilərini öldürüblər. Ancaq bütün bunlara dözərək, sağ qalanlar da olub. Həmsöhbətim Əli Sarıyevin başına gələnlərsə, bir qədər fərqlidir. Bu da onun peşəkar idmançı olmasından irəli gəlir.

Əl-qolu açıq olsa da, özünün dediyi kimi, "bir şapalaqlıq canı olmayanların” işgəncəsinə dişini sıxaraq dözüb, bir tikə çörək üçün təkrar-təkrar güləşmək məcburiyyətində qalıb. Bir vaxtlar tatamiyə çıxıb qızıl medal uğrunda mübarizə aparan Sarıyev əsirlikdə ac qalmamaqdan ötrü güləşməli olub. Özü kimi əsirlərdən ibarət olan "azarkeş”lər isə Sarıyevin qələbəsi sayəsində çörək yeyə biləcəkləri üçün ona dua edərək, bağırlarına basıblar. Taleyin istehzası bu olmalı…

 

Yenicag.az iyirmi ay erməni əsirliyində qalaraq, gerçək cəhənnəmi bu dünyada görmüş Əli Sarıyevin həyatının o ağır dönəminə işıq salır. Əli Sarıyev kimdir? Sarıyev Əli Zöhrab oğlu 1952-ci il sentyabrın 27-də Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. 1969-cu ildə doğulduğu kənddə orta məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra sənədlərini Pedaqoji İnstituta versə də, qəbul ola bilmədiyi üçün Sumqayıtda yaşayan əmisinin yanına gedib. Sumqayıtda texniki-peşə məktəbinə daxil olur və 1969-cu ilin oktyabrında güləşlə məşğul olmaq qərarına gəlir. Ancaq SSRİ idman ustası Vaqif Əliyev yaşının çox olduğunu əsas gətirərək, Sarıyevi məktəbə qəbul etməyib. O da geri çəkilməyərək, Sumqayıt Şəhər İcraiyyə Komitəsində şöbə müdiri işləyən əmisinə şikayət edib. Əmisinin xahişindən sonra Vaqif Əliyev onu güləş məktəbinə götürüb. Əli 8 aylıq məşqlərdən sonra Sumqayıt şəhər birinciliyinə qatılıb və heç kimin gözləmədiyi halda ikinci yeri tutub. Bir müddət sonra isə Sumqayıt çempionu olub. Elə həmin il yeniyetmələr arasında Azərbaycan birinciliyində 56 kiloqram çəki dərəcəsində çempionluğu bayram edib.

1972 ildə yeniyetmələr arasında ikinci dəfə respublika çempionu olub. Buna qədər isə Krosnadarda keçirilən ümumittifaq turnirin qalibi olub. 1973-cü ildə gənclər arasında Azərbaycan çempionu titulunu qazanıb. 1974-cü ildə yenə gənclər arasında Azərbaycan çempionu olub. Elə həmin il Moskvanın açıq çempionatında birinci yerə çıxıb. 1975-ci ilin yanvar ayında Voroşilovqrad (indiki Luqansk – red.) şəhərində marşal Voroşilovun xatirə turnirində çempion olaraq, SSRİ idman ustası adına layiq görülüb. 1975-ci ildə Sumqayıtın birinci katibi Kamran Bağırov verdiyi vədə əməl edərək, müxtəlif turnirlərdə qələbələri sıralayan Əli Sarıyevi birotaqlı mənzillə mükafatlandırıb. Qatıldığı 15-dən artıq turnirdə SSRİ idman ustası normativini təkrarlayıb. Bolqarıstan, Almaniya, Yuqoslaviya, Çexslovakiya, Polşa və digər ölkələrdə keçirilən beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub. 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirdikdən sonra təyinatla Sumqayıtdakı Mehdi Hüseynzada adına stadionunda baş məsləhətçi vəzifəsinə götürülüb. Daha sonra Sovet ordusu sıralarına çağırılaraq, hərbi xidmətini Ukraynanın Belaya Tserkov şəhərində keçib. Hərbi xidmət dövründə güləş üzrə əvvəlcə diviziya birincisi olur, daha sonra isə Kiyev Hərbi Dairəsində keçirilən turnirdə qalib gəlir. Bu qələbələrdən sonra Əli Sarıyevi Mərkəzi Ordu İdman Klubuna göndərirlər.
Orada keçirilən yarışda da birinci yerə layiq görülür və əsgərliyini başa vurur. 1993-cü il, oktyabrın 31-də ermənilərə əsir düşüb, 1995-ci il iyunun 8-də əsirlikdən xilas olub.

Uğurlu idman həyatından sonra kəndə qayıdış…
Əli Sarıyev 1979-cu ildə hərbi xidmətini bitirdikdən sonra atası Zöhrab Sarıyevin təkidi ilə ailə təsərrüfatına yardım etmək üçün kəndlərinə qayıdır. O, təsərrüfatı idarə etməklə yanaşı, kənd məktəbində işə düzələrək, bədən tərbiyəsi fənnini tədris edir. O vaxt kənd məktəbində cəmi 9 ədəd tatami döşəyi olub. Şəraitsizliyə baxmayaraq, kənd uşaqlarını idmana cəlb edərək, onlara güləşin sirlərini öyrətməyə başlayır. 1982-ci ildə Beyləqanda Uşaq-İdman Məktəbi (UİM) açılır. Beyləqan Təhsil Şöbəsinin müdiri Böyükkişi müəllim Əli Sarıyevə yeni məktəbdə direktor olmağı təklif edir. Lakin valideynlərinin "cavan uşaqsan, sən direktor işləyə bilməzən” sözündən sonra, təklif olunan vəzifədən imtina edir. UİM-ə Əşrəf adlı şəxs direktor təyin edilir, Əli Sarıyev isə güləş bölməsinə baş məşqçi götürülür.
Əli Sarıyevin tələbələrindən bir neçəsi SSRİ idman ustası adına layiq görülüb, yetirmələri dəfələrlə ölkədaxili və beynəlxalq yarışlarda qalib gəlib. Onun qardaşı oğlu da əmisinin uğurlarını davam etdirərək, yeniyetmələr arasında dördqat Azərbaycan çempionu olub. Beyləqan rayonunda 101 idman müəllimi olsa da, onların arasında yalnız Əli Sarıyev metodist seçilib. O, hazırda Azərbaycanın əməkdar məşqçisidir. Ancaq bu fəxri ad Əli Sarıyev üçün əlavə əsəb mənbəyinə çevrilib.

Dediyinə görə, bu fəxri ada görə hər ay 100 manat almalı olsa da, 2007-ci ildən həmin ödənişi dayandırıblar. Səbəbini hələ də aydınlaşdıra bilməyib. Çünki müvafiq dövlət qurumlarından doğru-dürüst izahat ala bilmir.
– Müharibə zamanı nə işlə məşğul idiniz?
– Rəhmətlik Zeynalov Vaqif, Şükürov Elsevər və mən müharibəyə getmək üçün könüllü ərizə verdik, döyüşlərə qatıldıq. Onların ikisi də şəhid oldu, mən isə əsir düşdüm.
– Necə oldu ki, əsir düşdünüz?
– 1993-cü il oktyabrın 31-də səhər tezdən bir quzunun soyutmasını, 3 hinduşka, 10 çolpa, 10 şüşə də araq alıb, əsgərlərə aparmaq üçün şəxsi "Jiquli” avtomobilimdə atam, anam, əmimqızı Gülnarə ilə yola çıxdıq. Əsgərlikdəki qardaşım və Gülnarənin qardaşı olan əmimoğlunun yanına gedirdik. Cibimdə də 100 min sovet pulu var idi. Əvvəlcə Seyfəli poliqonuna getdik. Orada bizə dedilər ki, ermənilər Ağdamın Mərzili kəndi tərəfdən hücum ediblər, əsgərləri göndəriblər ora. Bunu eşidib, Seyfəlidən Ağdama yola düşdük. Bərdəni keçdik, dəmiryolunun kənarında Ağdamda yerləşən hərbi hissənin qərargahı var idi. Qərargaha girdim, orada bir polkovnik var idi, ondan qardaşımı və əmimoğlunu soruşdum. Cavab verdi ki, indi o əraziyə getmək olmaz. Hindarxda dairəvi yol var, oraları da yaxşı tanımırdım. Geri qayıdanda, Beyləqan tərəfə getmək əvəzinə, maşını Ağdam istiqamətinə sürdüm. Yolla gedə-gedə görürdüm ki, heç kəs yoxdur. Bir az da irəli gedib, düşdüm iki kanalın arasına. Yolun hər iki tərəfi kanal idi. Gördüm, uzaqdan iki əsgər görünür. Maşınla onlara yaxınlaşanda, girdilər kanalın içinə. Erməni olduqlarını bilmədim.

– Bəs sizi saxlayan olmadı? Bizim hərbçilər post qoymamışdılar?
– Heç nə yox idi, bizi saxlayan da olmadı. Düz gedirdik elə… O əsgərlərin yanlarından keçəndən sonra onlar kanaldan çıxıb, bizi atəşə tutdular. Sürəti artırsam da, maşına 4 güllə dəydi, ancaq xoşbəxtlikdən bizə heç nə olmadı. Maşını daha da sürətlə sürməyə başladım. Dəmiryoluna çatanda, yolun kənarındakı lövhədə "Ağdam” yazıldığını gördüm. Onda anladım ki, yolu səhv gəlmişəm. Fikirləşdim ki, anam yaşlı, atam yaşlı, Gülnarə isə cavan qızdır. Elə bil məni "tok” vurdu. Maşından düşdüm. Atam soruşdu ki, nə olub? Dedim, qağa, yolu səhv gəlmişəm, bura Ağdamdır. Atam dedi ki, qaç, səni tutsalar, öldürəcəklər, biz qocayıq, bizə dəyməzlər. Qaçmadım. Məni itələyirdi ki, qaç. Dedim, ölsək də, qalsaq da, bir yerdə olacağıq. Maşını birtəhər işə salıb, geri qayıtdıq. Kanalda gizlənən ermənilər də geri qayıdacağımızı hesablayıblarmış. Yolun kənarında partladılmış bir maşın vardı. Həmin iki erməni maşının dəmirlərini hərəkətə mane olmaq üçün yola atmışdı. Maşını sürətlə sürürdüm, bir də gördüm, yolun ortasına dəmir atıblar. Sağ da kanal, sol da kanal… Maşını saxlayıb düşdüm ki, dəmiri kənara atıb, sonra gedək. Dəmiri kənara sürüyəndə, iki nəfər avtomatlı çıxıb, rusca dedilər ki, "əllərini qaldır”. Əlimi qaldırmayanda, ayağımın altına bir neçə güllə atdılar. Atam da maşından düşmüşdü. Onlardan biri avtomatı dirədi qağamın sinəsinə, digəri isə mənim əllərimi yumşaq, yanmış məftillə bağladı, sonra da əllərimi ayağıma bağladılar. Bizi oradan götürüb, "Qarabağ” komandasının "İmarət” stadionuna gətirdilər. Stadionun yanında balaca yeməkxanaya bənzəyən yerlər var idi, bizim dördümüzü də ora saldılar. 5-6 saat keçdi. Sonra ermənilərin bir komandiri gəldi. Məndən haradan gəldiyimizi soruşdu. Yalandan dedim ki, toydan gəlirik. Orada cəmi 10-15 erməni əsgəri var idi. Maşının yük yerini açıb gördülər ki, "baqaj” yemək-içməklə doludur. Səhərisi bizi sorğu-sual edən həmin komandir mənə dedi ki, səni buraxıram, get, 3 ton benzin gətir, atanı, ananı, bu qızı apar. Razılaşdıq.

Məni yola salmağa hazırlaşırdılar ki, qondarma "DQR”-in müdafiə nazirinin müavini gəldi. O dedi ki, bunu buraxmayın, əsirlərimiz var, onlarla dəyişərik. 4 gün Ağdamda qaldıq. Ondan sonra bizi UAZ-la Xankəndinə gətridilər. Anamla Gülnarəni Füzulidən götürdükləri çoxlu sayda əsirlərin yanına saldılar. Həmin əsirlərin hamısını bir toydan tutub gətirmişilər. Aralarında 15-ə yaxın 5-15 yaş arası uşaq, 30-a yaxın cavan qız, 3-4 yaşlı qadın, 3-4 nəfər də yaşlı kişi var idi. Atamla məni də bir yerə saldılar. Slavik adlı bir erməni vardı. "Dubinka”nı götürüb yanımıza gəldi. Atamın gözü qabağında məni döyməyə başladı. Mənə bəlkə də bir dəfəyə "dubinka” ilə 40 zərbə dəydi. Qağam mənim halımı görüb ağlayırdı. Albert Voskanyan adlı erməni vardı, əsirdəyişmə işinə baxırdı. Baxdı ki, atam yaşlı adamdı, işləyə bilmir. Onu mənim yanımdan apardı anamgil saxlanılan yerə. 4 ay 20 gündən sonra Albert məni çağırtdırdı. Dedi ki, Əli, sizdən 3 nəfərin pulunu veriblər. Atanla, anan dəqiqdir, 3-cü də ya sən getməlisən, ya da Gülnarə.
Dedim, mən getmirəm. Soruşdu ki, niyə? Dedim, Gülnarə əmimqızıdır, onu burada saxlayıb, özüm kəndə getsəm, hamı cəmdəyimə tüpürər. Ən yaxşısı burada qalıb, ölməkdir. Bizim əsirlikdən buraxılmağımız üçün tələb olunan pulu əmim yığıb düzəltmişdi. Albert dedi, yaxşı get, vidalaş, onlar gedir. Dedim, istəmirəm, vidalaşsam, dözə bilməyəcəm (ağlayır)… Bilirsən, niyə ağlayıram? Məni elə erməni döyürdü ki, bu yaşımda belə, onun kimi 20 nəfər üstümə düşsəydi, hamısını əzərdim. Yanıb-yaxılırdım…
Qəbirdən qızıl qıranlar…
Daha sonra bizi Ağdamın bir kəndinə apardılar. Dedilər, kənddəki qəbiristanlıqda olan qara mərmərlərin hamısını sökəcəksiniz. 8-9 nəfər getdik. Qəbiristanlıqda 30 yaşlı bir qızın qəbri var idi. Bizi birinci onun qəbrinin yanında dayandırdılar. Qara mərmərdən başdaşı var idi, qəbri bizə sökdürdülər, sinə daşını da dağıtdırdılar. Qor adlı erməninin əlində bir aparat vardı. Aparatı qəbrin üstünə tutanda, siqnal verdi. Qəbrin üstünü açdırıb, eşələdilər, baş tərəfi qazanda, erməni qışqırdı ki, orada qızıl var, skleti çıxarın. Əlində əlcək olan bir nəfər vardı, qadının ağzındakı qızıl dişləri sökdü. Aparatı yenidən qəbrin üstünə tuşlayanda, bir də siqnal verdi. Dedilər, qəbrin içinə yaxşı baxın. Axtaranda qəbirdən içi qızıl, zəncir, sırğa, üzüklərlə dolu qab tapdılar. Çox güman ki, qadın yeni ailə qurubmuş, rəhmətə getdikdən sonra da bütün qızıllarını qəbrinə qoyublar. O qızılların hamısını götürdülər. Yerə tökülən sümükləri yığmağa başladım. Erməni dedi, nə edirsən? Cavab verdim ki, heç olmasa, sümükləri yerinə yığıb, basdıraq. Sümükləri qəbrə qoyub, üstünü torpaqladım.
Əsirliyin 27-ci günü – Şuşa türməsində idik. Noyabr ayı olmasına baxmayaraq, hava gözəl idi. Ermənilərin hansısa bayramıydı. Atamla oturmuşdum. İçəridə 91 nəfər azərbaycanlı idik. Bizimlə üzbəüz 30-a yaxın erməni vardı. Onlar müharibədə iştirak etməyənlər idi. Baş tərəfdə isə rus və erməni zabitlər, türmədə olan ermənilərin 50-60-a yaxın valideyni dayanmışdı. "Qırmızı Xaç” təşkilatının Pyer və Elizabet adlı əməkdaşları da oradaydılar. Pyerdən əvvəl orada "Qırmızı Xaç”ın Mark adlı əməkdaşı işləyirdi. O, rus dilində bilmirdi, tərcüməçisi erməni qızı idi. Onun zamanında bizə zülm edirdilər. Pyer isə rus dilində əla bilirdi. Azərbaycanlı əsirlərlə söhbət zamanı tərcüməçiliyi mən edirdim. Belə bir şəraitdə erməni zabitlərdən biri qəfildən dedi ki, kim güləşmək istəyir, çıxsın ortaya.

Qağam mənə tərəf çevrilib qayıtdı ki, sən seyid Ağanın cəddi, ortaya çıxma. Sözü deməklə kifayətlənməyib, şalvarımın kəmərindən də tutmuşdu. Aradan bir az keçdi, bir cavan oğlan vardı, çıxdı qabağa. Dedi, türklərin içərisində kişi varsa, çıxsın mənimlə güləşsin. Bir neçə dəfə belə deyə-deyə o tərəf, bu tərəfə var-gəl elədi. Axırda əsəbləşdim, durub çıxdım qabağa. Mənə pis söyüş söydü, yumruq, təpik atdı. Bəzi zərbələri dəf etsəm də, bəziləri dəyirdi. Bəlkə 10 dəqiqə belə davam elədi. Türmənin rəisi "stop” deyəndən sonra o, sakitləşdi. "Güləşin” komandası verilən kimi cavan ermənini boynumun arxasından yuxarı qaldırıb, çırpdım yerə. Qalxmaq istəyəndə də, sifətinə iki yumruq vurdum. Türmənin rəisi məni yanına çağırdı ki, qudurmusan, onu niyə vurursan? Dedim, o bayaqdan məni vuranda, niyə dillənmirdin? Cavabında mənə söyüş söydü. Geri durmayıb dedim ki, burada 30-a yaxın erməni var, hamısı ilə bir -bir güləşirəm, hansı yıxsa, məni sorğu-sualsız güllələ. Türmənin rəisi dedi ki, sözünün üstündə durursan? Dedim, dururam. Belə olanda, türmənin rəisi ermənilərə öz dillərində nəsə dedi, ancaq onlardan heç biri ayağa qalxmadı. Rəis də bir onlara baxdı, bir mənə və qışqırdı ki, rədd ol buradan. Yerimə qayıdanda gördüm ki, qağam ağlayır. Mənə dedi ki, bundan sonra səni öldürəcəklər. Sakit-sakit cavab verdim ki, onsuz da ölümün içindəyik, nə olur-olsun, bizi öldürəcəklər…
İkinci güləşçi türmə rəisinin adı Vahan idi. Bir dəfə yanına çağırtdırıb, qoluma qandal vurdurdu və "UAZ” maşınına əyləşdirdi. Tanımadığım yollarla maşını sürdülər. Getdik, bir erməni kəndinə çatdıq. Kəndin kənarında təxminən 50-60 erməni qadını, 4-5 qoca, 10-15 də uşaq vardı. Vahan əli avtomatlı bir erməni ilə söhbət edirdi. Çaya tərəf getdim ki, əlimi yuyum. Artıq yolda mənə demişdilər ki, səni güləşdirməyə aparırırq. Ötəri baxdım ki, camaatın içərisində mənimlə güləşəsi adam yoxdur. Yan-yörəyə boylananda isə gördüm ki, çay tərəfdən boyda məndən hündür olan oğlan gəlir. Mənə çatanda dayandı, üzümə baxdı. Sonradan bildim ki, bədən tərbiyəsi müəllimidir. Soruşdum ki, Azərbaycan dilində bilirsən? Dedi, bilirəm. Soruşdum, güləşə bilirsən? Qayıtdı ki, bilirəm, səni də yıxaram. Dedim, mən güləş üzrə SSRİ idman ustasıyam. Güləşə bilirsənsə, mənimlə güləş, əgər bilmirsənsə, gözünü açmağa qoymayacam. Bir xeyli üzümə baxdıqdan sonra dönüb getdi. Ermənilər onu nə qədər çağırsalar da, geri qayıtmadı. Vahan məndən soruşdu ki, ona nə dedin, çıxıb getdi? Dedim, güləş üzrə SSRİ idman ustası olduğumu söylədim. Bunu eşidən Vahan dedi ki, tez min maşına, gedirik.
(Ardı var)




Ana səhifəyə qayıt        Baxış: 2 165          Tarix: 9-12-2019, 16:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma