Xəbər lenti

  

"İsrail lazım olanda İran əleyhinə istifadə etmək üçün Azərbaycanda döyüş təyyarələri yerləşdirib”.

Ovqat.com “Arannews”-ə istinadən xəbər verir ki, bu iddianı İranın OFOQ (Üfüq) televiziya kanalının guya amerikalı mütəxəssisi Qordon Duff telekanala açıqlamasında səsləndirib.

Ekspertin iddiasına görə, İsrail bu təyyarələri Azərbaycana daşımaq üçün Türkiyə ilə milyardlarla dollarlıq ticarət müqaviləsi bağlayıb.

 

“Press TV və Reuters-in yaydığı məlumatlarda da bildirilib ki, İsrail son illərdə ən azı beş hərbi təyyarəsini Azərbaycan Respublikasına yerləşdirib və İsrail təyyarələri bu bazalarda qalır. Təyyarələr İran Hərbi Hava Qüvvələrinə qarşı sursatlarla da təhciz olunub”, - Qordon Duff belə deyib.

Almaniya və ABŞ daxil olmaqla bəzi Qərb ölkələrinin də bu proqramda iştirak etdiklərini deyən mütəxəssis İsrailə məxsus bir yük gəmisinin 2011-ci ildə Qara dəniz limanına gəldiyini və yüklərin Azərbaycan Respublikasına göndərildiyini bildirib: “İsrail hərbi təyyarələri Azərbaycan Respublikasının şəhərlərindən birinin ətrafında yerləşdirilib. Bunlara F-16 və F-15 təyyarələri daxildir”.

 

Bəs bu iddialar nə dərəcədə doğrudur?

Ovqat.com-un suallarını cavablandıran AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramov İran tele-kanalının Azərbaycana qarşı səsləndirdiyi bu fikirləri cəfəngiyyat adlandırıb. Onun fikrincə, Azərbaycan dəfələrlə heç bir hərbi bloka üzv olmadığını və ərazisində başqa dövlətə aid hərbi qüvvə saxlamadığını və bundan sonra da saxlamayacağını bəyan edib: “Bunun sübutu kimi bu ilin oktyabr ayının 25-də ölkəmiz Qoşulmayanlar Hərəkatının 17-ci sammitinə ev sahibliyi etdi və İran prezidenti Həsən Ruhani də bu tədbirə qatılmışdı. Bu cür təşəbbüslə çıxış edən və Qoşulmayanlar Hərəkatının güclənməsi üçün əlindən gələni əsirgəməyən bir ölkə hansısa dövlətin hərbi təyyarələrinə necə öz bazalarında yer verə bilər?”.

 

Amerikalı mütəxəssisin İran rəsmilərini qorxudaraq diqqətini başqa yönə istiqamətləndirdiyinə inanan Rəşad Bayramov fikirlərini belə əsaslandırdı: “Ümumiyyətlə, ABŞ və digər böyük dövlətlər hansısa ölkəyə hücum etmək istəyəndə bir neçə döyüş planı hazırlayırlar. Əvvəl adına “A variantı” dedikləri planı gündəmə gətirir, hədəfə aldıqları ölkələrin stareji hərbi qüvvələrini bu istiqamətə toplayırlar. Hücum isə tamamilə başqa istiqamətdən gerçəkləşdirilir. 2003-cü ildə ABŞ İraqa hücum edərkən də biz bu ssenarinin şahidi olduq. ABŞ hərbi qüvvələrini əvvəl Türkiyəyə göndərirmiş kimi özünü apardı. Amma Türkiyə parlamenti öz ərazisindən İraqa hücuma razılıq verməyəndə əməliyyat Fars körfəzindən başladı. Əslində Pentaqon əvvəlcədən də Türkiyənin buna razılıq verməyəcəyini bilirdi və əməliyyata cənub istiqamətindən başlamağa hazırlaşmışdı. Sadəcə İraq qüvvələrini şimala çəkib cənubu zəiflətmək və heç bir itki vermədən hədəfinə çatmaq istəyirdi. Səddam Hüseyn də bu tora düşdü və cənubu boşaltdı. Əməliyyatın cənubdan başlayacağını anlayandan sonra isə hərbi qüvvələrini yenidən əvvəlki mövqelərə qaytara bilmədi. Çünki ağır texnikanın sürəti yavaş olduğundan dislokasiyasını qısa zaman ərzində həyata keçirmək imkansız hala gəlir. Nə yazıq ki, İran da ABŞ mütəxəssisinin cəfəngiyyatlarına inanıb Səddam Hüseynin səhvini təkrarlayır”.

 

R.Bayramova görə, İsrailin və ABŞ-ın Azərbaycandan İrana hücum etməsini mümkünsüz edən başqa amillər də var: “Bunlardan biri də Rusiyanın milli maraqlarıdır. Hətta Azərbaycan istəsə belə, Cənubi Qafqazı özünün geopolitik maraq dairəsinə aid bölgə kimi görən Rusiya da üçüncü dövlətin hərbi qüvvələrinin bu regionda yerləşməsinə laqeyd qala bilməz”.

Digər tərəfdən, Qərb dövlətlərinin İranı vurmaq üçün Azərbaycana ehtiyac duymadığını düşünən həmsöhbətimiz rəsmi Tehrana Fars körfəzinə daha çox diqqət ayırmağı məsləhət gördü: “Azərbaycandan fərqli olaraq Fars körfəzində İrana əzəli düşmən kimi baxan ərəb dövlətləri marıqda gözləyirlər. Onlar İran təhlükəsindən xilas olmaq üçün fürsət gözləyirlər. Söhbət təkcə Səudiyyə Ərəbistanından da getmir.

 

Ötən illərdə körfəzin cırtdan dövlətlərindən olan Bəhreyn belə, İran təhlükəsindən xilas olmaq üçün 25 milyard dollar ayırıb öz dəniz sərhədlərində İngiltərə üçün hərbi dəniz bazası qurmağa qərar vermişdi. Hətta İrana ən yaxın ölkə olan Qətər belə Səudiyyət Ərəbistanı ilə yaxınlaşır. Bütün bunlar İrana təhlükənin körfəz ölkələrindən gələcəyini göstərir. Üstəlik, İrana qarşı potensial müharibənin əsas aparıcı gücü İsrail yox, ABŞ olacaq. ABŞ-ın isə təyyarə gəmilərindən ibarət güclü dəniz donanması var və təyyarəsini hansısa dövlətə yerləşdirməyə ehtiyacı yoxdur. ABŞ hərbi qüvvələri ucsuz-bucaqsız okeanlarda özünü daha təhlükəsiz hiss edir. İran da bütün bunları nəzərə alıb onsuz da böyük şansı olmadığı müharibədə bir də taktiki səhvə yol verməsin. Unutmasın ki, Azərbaycana qarşı apardığı ideoloji mübarizə indiki şəraitdə bizdən çox onun özünə zərər vurur”.




Ana səhifəyə qayıt        Baxış: 3 373          Tarix: 17-12-2019, 23:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma