Xəbər lenti

 

Beynəlxalq Böhran Qrupunun (İnternational Crisis Group) Dağlıq Qarabağ münaqişəsinə dair növbəti hesabatında göstərilir ki, Azərbaycan liderləri Rusiyanın regionda hərbi iştirakına qarşı olan ənənəvi mövqeyindən geri çəkilərək əvvəlcə Lavrov planını dəstəkləyib, ümid edib ki, plan ətraf rayonların qaytarılmasının və münaqişə regionundakı erməni qüvvələrinin sayının azalmasının əsasını qoyacaq.

Azərbaycan Qərbin regiondakı maraqlarına baxmayaraq  hansısa digər xarici qüvvənin, yəni Rusiyanın münaqişənin nizamlanmasındakı rolunu istisna etmir”,- hesabatda belə deyilir.

Maraqlıdır ki, XİN hesabatda açıqlanan bu faktı inkar etməyib. Əksinə, Nazirliyin sözçüsü Leyla Abdullayeva BBQ-nin məlum hesabatını alqışlayıb. Sual olunur: Azərbaycanın Dağlıq Qarabağ probleminin çözümü strategiyası həqiqətən də bundan ibarətdirmi? Öz ərazimizdə başqa dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsi nə dərəcədə milli maraqlarımıza, suverenlik haqlarımıza uyğundur?

  

Ovqat.com-un sualını cavablandıran keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin fikrincə, bu məsələnin həllində elə bir vəziyyətə gəlib çıxmışıq ki, kompromissiz iş irəliləməyəcək: "Yəni biz hələ 7 rayonun geri qaytarılması üzərində çalışırıq. Daha sonra isə məcburi köçkünlərin öz dağma yurdlarına, o cümlədən Şuşa və digər bölgələrə qayıtmasını istəyirik. Bundan sonra, referendum keçirilməlidir. Referendum ərəfəsində, yaxud referendumdan sonra isə sülhməramlı qüvvələr gəlməlidir. Sülməramlı qüvvələr sırf polis funksiyasını yerinə yetirməli və daha çox müşahidə aparmalıdırlar. Yəni problemlərə müdaxilə edib, silahlı münaqişələrə qatılmamalıdırlar. Bu uzun illər sonra olacaq. Hələ ilk əvvəl qarşılıqlı razılaşma əldə edilməli və Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları azad edilməlidir”.

Bu məsələdə çoxlu nüansların olduğunu vurğulayan Qabil Hüseynlinin fikrincə, Rusiya 5 rayon üzərində israr edir, Ermənistan isə hətta bu  rayonları belə geri qaytarmaq istəmir: “Ermənistanda belə fikirlər formalaşıb ki, Laçın və Kəlbəcəri də geri qaytarmaq olmaz. İştah diş altındadır, getdikcə ermənilərin iştahı artır. Bu nöqteyi-nəzərdən mən qorxuram ki, indi Beynəlxalq Böhran qrupunun dediyi məsələləri, eləcə də Lavrovun planlaşdırdığı 5 rayon məsələsini gerçəkləşdirmək də mümkün olmasın. Yəni bu məsələlər uzansın, axırda yenidən hərbi yolla çözüm yeganə variant kimi gündəmdə qalsın. Çünki ermənilər o dərəcədə həyasız və o qədər irreal mənzərə yaradıblar ki, bu, adamı dəhşətə gətirir. Bu xalqın hadisələrə yanaşma tərzinə heyrət edirsən".

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin suverenlik haqlarımıza uyğun olmadığını etiraf edən politoloqa görə, prosesin sülh yoluyla həllində başqa alternativ də yoxdur: “Bu, həm də Rusiyanın regiona soxulmasının qarşısını almaq üçün Azərbaycan tərəfinin təklif etdiyi variantlardan biridir".

 

 Bu məsələnin 90-cı illərin əvvələrində müzakirə olunduğunu xatırladan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə isə, bəzi ölkələrin sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdiriləcəyi hələ 1994-cü ildə ATƏT-in Budapeşt sammitində razılaşdırılmışdı: "Hətta belə bir qərar var idi ki, bu qüvvələr maraqlı dövlətlərin ordusundan olmamalıdır, yəni 3 həmsədr ölkənin- Rusiya, Amerika, Fransanın ordusu sülhməramlıların tərkibində yer almamalıdır. Skandinaviya, Şərqi Avropa ölkələrinin qüvvələri də hətta 30%-dən çox olmamalıdır. O vaxt güman edilirdi ki, münaqişə tezliklə həll olunacaq və sülməramlılar göndəriləcək. Amma üstündən 25 il vaxt keçib, biz heç bir addım da irəliləmişik. Bu məsələni müzakirəsinin hələ indi yeri yoxdur. Mərhələli həll planı gərək işə düşə ki, ikinci, ya üçüncü mərhələdə sülhməramlıların bölgəyə göndərilməsi məsələsi müzakirə oluna".

 Rusiya ordusunun Qarabağda yerləşdirilməsinə gəlincə, E. Şahinoğlu hesab edir ki, Rusiya ordusu Qarabağa girsə, bir də oradan çıxmayacaq: "Biz onları güclə buradan çıxartdıq. Axırıncı də Qəbələ də idi, oradan da çıxartdıq. İndi şərait yaratsaq ki, onlar yenidən bölgəyə gəlsin, biz yenə də illər boyu o separtizimlə mübarizə aparmalı olacağıq. Çünki  SSRİ vaxtında da Dağlıq Qarabağda Sovet bazası vardı, separatçıları silahlandıran məhz Sovet bazaları oldu. Eyni səhvi buraxmaq olmaz. Yox, əgər məcbur qalıb, Rusiya sülhməramlılarına işıq yandırsaq, gərək, elə edək ki, onda bizə dəstək verən dövlətlərin sülhməramlıları da, məsələn, Türkiyənin ordusu da bölgədə olsun. Heç olmasa bilək ki, Qarabağda Türkiyənin də ordusu var. Ən azı Şuşada, Kəlbəcərdə yerləşdirilən Azərbaycan əhalisinin təhlükəsizliyinə təminat verir".

 Şamo EMİN,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 824          Tarix: 23-12-2019, 06:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma