Şəmkirdən aldığımız məlumata görə, evi başına uçurulan Royal Quliyev yenidən rayonun polis idarəsinə çağırılıb. Ona idarədə Ovqat.com-a müsahibə verdiyi üçün təzyiq ediblər.
Qeyd edək ki, Baş redaktorumuz Heydər Oğuz bir müddət Şəmkir rayonuna səfər etmiş və orada baş verən özbaşınalıqlarla bağlı silsilə yazılara başlamışdır. Müəllifin indiyədək yayınladığı ən diqqətçəkici məlumatı isə Şəmkir rayonunun Dəllər qəsəbəsinin örüş yerində tikilən evlərdən birinin uçurulması ilə bağlı olmuşdur. Ev sahibi Royal Quliyevin bildirdiyinə görə, Şəmkir şəhər bələdiyyəsinin sədrinin göstərişi ilə onun evi uçurulmuş və azyaşlı uşaqları polis idarəsinə aparılmışdır. Maraqlıdır ki, polislər bu əmri əvvəl yerinə yetirmək istəməsələr də, bələdiyyə sədrinin israrlı göstərişindən sonra ona tabe olmaq məcburiyyətində qalmışlar.
Dəhşət burasındadır ki, polisə aparılan uşaqlardan birinin 1, digərinin isə 7 yaşı var. 7 yaşlı uşaq polislərin qorxusundan evdəki çarpayının altında gizlənsə də, Şəmkirin “peşəkar” asayiş keçikçiləri onun yerini qısa müddətdə təsbit edə bilmiş və ayağından tutaraq sürüyə-sürüyə kənara çıxarıb polis maşınına aparmışlar. Saxlanılan digər 1 yaşlı körpə isə anasının qucağında eyni tale ilə üzləşmişdir.
Royal Quliyevin bildirdiyinə görə, saxlanılan 1 yaşlı körpənin və onun qardaşı ilə anasının yeganə günahı varmış – Şəmkir şəhər bələdiyyəsinin ailə başçısından istədiyi rüşvəti verə bilməməsi.
Şəmkirdə baş verə bu özbaşınalıq ictimailəşdiriləndən sonra Royal Əliyevin yenidən polis idarəsinə çağırılması böyük təəssüf doğurur və biz Ovqat.com olaraq, Azərbaycanın Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edirik:
Cənab nazir, ölkə başçısı İlham Əliyevin son kadr islahatlarına DİN və DTX-dən başlaması və şəxsən Sizin nazir postuna gətirilməniz ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Hər kəs polis orqanlarında kök salmış təsadüfi adamların işdən kənarlaşdırılacağına və asayiş keçikçilərimizin bundan sonra öz təyinatlarına uyğun çalışacağına ümid bəsləmişdir. Açığı, Sizin bu zamanadək apardığınız kadr və iş prinsipi islahatlarınız da bu ümidi doğrultmuşdur.
Amma təəssüf ki, bəzi regionlardan, o cümlədən Şəmkirdən gələn informasiyalar Sizin və ölkə başçısının müsbət islahatlarına kölgə salır. Bu qəbildən olan xəbərlər göstərir ki, hüquq mühafizə orqanlarında aparılan islahat havası ya ucqar rayonlarımıza hələ də gedib çıxmayıb, ya da kimlərsə müsbət dəyişikliklərin üzərindən qara xətt çəkməyə çalışırlar. Bu mənada Şəmkirdə Royal Quliyevin ailəsinin başına gətirilənlər təkcə bu ailəyə, o cümlədən 1 yaşlı uşağa qarşı amansız münasibət deyil, həm də Sizə və Prezidentə qarşı təxribatdır. Ümidvarıq ki, bu məsələni dərindən araşdıracaq və lazımi tədbirlər görəcəksiniz. Bizim əldə etdiyimiz informasiyaları ictimailəşdirməyimiz də məhz bu ümidimizdən doğur, Sizə və ölkə başçısına kömək etmək məqsədi daşıyır.
Sayqılarla:
Ovqat.com
Paylaş: