Ermənistan Silahlı Qüvvələri Naxçıvan istiqamətində silah və hərbi texnikalarının sayını artırıb.
Ovqat.com Ermənistan İctimai Radiosuna istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəsisi, general-leytenant Artak Davtyan bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan Respublikasının Sİlahlı Qüvvələri son aylar ərzində dayaq nöqtələrinin, yol şəbəkələrinin genişlənməsi və inkişafı istiqamətində böyük işlər həyata keçirib: “Bu, deməyə imkan verir ki, bu istiqamətdə hərbi dayaq nöqtələrinin sistemində pisşləşmə olmayıb, taktiki xarakter daşıyan müəyyən inkişaflar var”.
O bildirib ki, Azərbaycan Türkiyə ilə Naxçıvanda Ümumqoşun Ordusunun gücləndirilməsinə yönəlmiş böyük səylərinə baxmayaraq, erməni tərəfi rəqibin Naxçıvan istiqamətində hərbi üstünlüyünə sahib olmaması üçün müvafiq tədbirlər görür və Naxçıvan cəbhəsinin hərbi texnika və silahlarla gücləndirilməsi də bu tədbirlərdəndir.
Qeyd edək ki, Naxçıvan məsələsi son zamanlar ermənilərin üzərində dayandıqları əsas mövzulardan birinə çevrilib. Xüsusilə, ötən ilin may ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyətli bir sıra yüksəklikləri ermənilərdən təmizləməsindən sonra rəsmi İrəvan bu istiqamətdə fəallığını artırıb. Bu da səbəbsiz deyildi. Belə ki, əlahiddə ordumuzun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilən Xunut, Ağbulaq, Qızılqaya və Mehridağ yüksəkliyi təkcə 11 min hektar ərazinin nəzarət altına alınması deyil. Bu həm də həmin yüksəkliklər vasitəsilə böyük strateji əhəmiyyəti malik İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı qazanmaq deməkdir və gələcəkdə məhz bu yüksəkliklərdə yerləşdirilən hərbi qüvvələrimiz başlayacağı güman olunan Dağlıq Qarabağ əməliyyatları zamanı ermənilərin ön cəbhəsini logistik dəstəkdən məhrum buraxa bilər. Görünür, bu ehtimal erməniləri ciddi narahat etdiyindən Günnüt əməliyyatından sonra onlar Naxçıvan cəbhəsinə xüsusi diqqət ayırmağın və itirilən torpaqların nə bahasına olursa olsun geri qaytarılmasının vacibliyinə inanırlar.
Məlum əməliyyatın ardından erməni “strateq”lərinin verdiyi açıqlamalar da bu qənaəti gücləndirir. Təsadüfi deyil ki, erməni politoloq Levon Şirinyan Günnüt əməliyyatından sonra deyirdi: "Biz bu il Naxçıvan məsələsini bağlayacağıq. Birincisi, siyasi-hüquqi mənada. Xarici İşlər Nazirliyində hesab edirlər ki, vəziyyət dəyişib və Naxçıvanın "erməni torpağı” olması ilə bağlı siyasi-hüquqi sənədlər hazırlanacaq və beynəlxalq təşkilatlara veriləcək. Lazım olacaqsa, müharibəyə də başlayacağıq”.
Şirinyanın bu sözləri bir çoxlarımıza boşboğazlıq və erməni xalqına yalançı təskinliklər vermək kimi görünsə də, əslində rəsmi İrəvanın Naxçıvan istiqamətində hücumları həqiqətən də Günnüt əməliyyatından sonra vüsət almağa başladı. Bu hücumlar daha çox ideoloji zəmində qalsa da, hazırda belə davam etdirilir. Belə ki, bir çox erməni yazarları dünyanın ən aparıcı mətbu orqanlarında Naxçıvan məsələsini gündəmə gətirir, guya, SSRİ qurulmamışdan əvvəl əhalisinin yarısına yaxınının ermənilərdən təşəkkül tapdığı bu diyarın “əsl sahibləri”nin öz yurd-yavalarından didərgin salındığını, tarixi abidələrinin dağıdıldığını iddia edirlər.
Erməni araşdırmaçı yazarlardan olan Harri Xaçaturyanın bu yaxınlarda ABŞ-da yayımlanan dailywire.com saytında dərc etdiyi “Azərbaycanın Ermənistana qarşı gizli mədəni təmizlik kampaniyasının təzahürləri” adlı məqaləsi də bu qəbildəndir. İŞİD-in Suriya və İraqdakı mədəni genosid siyasətlərinə qısa ekskurs edən müəllif daha sonra Naxçıvanda “törədilmiş” bənzər hadisələrdən danışır və azərbaycanlıları “xilafət” terrorçularından daha əvvəl eyni cinayətlə məşğul olduğunu bildirir. Müəllifin fikrincə, bu ilin əvvəlində “Hyperallergic” qəzetində yayımlanan bir hesabatda Azərbaycan hökuməti tərəfindən 1997-2006-ci illər arasında erməni izlərinin silinməsi barədə danışılmış və 10 il ərzində ölkəmizdə orta əsrlərə aid 89 kilsənin, 5.840 daş abidənin, 22.000 qəbir daşının yıxıldığı qeyd olunur. Guya, bu abidələrin böyük əksəriyyətinin yox edildiyi yer isə Naxçıvan imiş və Muxtar Respublika 1921-ci ildə Türkiyə-Sovet İttifaqı arasında bağlanmış müqavilələrin (Qars və Moskva müqavilələrini nəzərdə tutur) sayəsində Azərbaycanlaşdırılıb. Müəllif Dağlıq Qarabağ “xalqının” müstəqilliyə can atmasının səbəbini də "Azərbaycanın erməni mədəniyyətinə və varlığına susamış bu vəhşiliyi"ndə görür.
Bənzər iddiaların dünyanın digər nüfuzlu nəşrlərində də dərc edildiyi bir zamanda ermənilərin üstəlik Naxçıvan istiqamətində hərbi qüdrətlərini gücləndirməsi təsadüfə bənzəmir. Belə təsəvvür formalaşır ki, ermənilər Günnütdə itirdiklərini geri qaytarmağa, bundan əvvəl isə planlaşdırılan hərbi əməliyyatların ideoloji əsasını hazırlamağa çalışırlar. Dünyadakı xristian havadarlarından siyasi dəstək almaq istəyən bədxah qonşularımızın Naxçıvanda onlarla erməni kilsəsinin dağıdılması barəsində irəli sürdükləri iddialar da bu mənada başadüşüləndir.
Bəs ermənilərin bu planı alınacaqmı?
Ümidvarıq ki, yox. Çünki Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun qüdrəti kiçimsənəcək səviyədə deyil və Günnüt əməliyyatından sonra sərhəd xəttindəki bir sıra önəmli hərbi strateji nöqtələrin nəzarət altına alınması onun gücünə güc qatmışdır. Naxçıvandakı hərbi birliklərimizin potensialı isə nəinki özümüzü qorumağa, hətta dar ayaqda Ermənistanın paytaxtını da darmadağın etməyə yetər.
Heydər Oğuz
Ovqat.com
Paylaş: