“Dekabrın 29-da “ovqat.com” saytında Gədəbəy rayon sakini Röyal Məmmədovun qanunsuz olaraq tikdiyi evin sökülməsi ilə bağlı dərc olunan yazıda Şəmkir rayon Polis Şöbəsi haqqında əsassız və təhrif olunmuş iddialar yer alıb”.
DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımovun Ovqat.com-a göndərdiyi məktubda belə deyilir.
Məktubda qeyd edilir ki, dekabrın 17-də Şəmkir Rayon Bələdiyyəsi Gədəbəy rayon sakinləri Vüsal Quliyevin və Mansur Orucovun örüş sahələrində təyinata uyğun olmayan ərazidə qanunsuz tikinti işləri aparmasının yolverilməzliyi barədə edilən xəbərdarlıqlara məhəl qoymadıqlarını, onlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə RPŞ-yə rəsmi müraciət edib:
Şəmkirdə 1 yaşlı uşağın başına gətirilən ağlasığmaz hadisə: Ovqat.com-un DİN-ə müraciəti
“Müraciətlə əlaqədar sakinlər Polis Şöbəsinə dəvət edilərək izahatları alınıb. V. Quliyev və M. Orucov izahatında tikinti işlərini heç bir sənəd olmadan apardığını etiraf ediblər. Barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə ( Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsi) protokol tərtib edilib.
Bundan başqa, yazıda iddia edilən 1 yaşlı körpə uşağın şöbəyə gətirilməsi də kökündən yalandır. Belə ki, Vüsal və Röyal Quliyev qardaşları Şəmkir RPŞ-yə gələrkən onların xanımları da uşaqlarını özləri ilə götürərək gəliblər.
Yazının digər bir hissəsində isə müəllif saytda sözügedən məqalə dərc olunduqdan sonra Röyal Quliyev polis şöbəsinə dəvət edilərək ona “ovqat.com” saytına müsahibə verməsinə görə hər hansı təzyiq göstərməsini iddia edir ki, bu da həqiqətə uyğun deyil. Belə ki, R. Quliyev polis şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilən zaman bildirib ki, baş vermiş hadisələrlə bağlı polisdən heç bir şikayəti yoxdur və onun xəbəri olmadan təhrif olunmuş şəkildə dərc olunub”.
Ovqat.com-un qeydi:
İlk öncə, DİN Mətbuat Xidmətinə yazımıza operativ cavab verdiyi və iddiaları yerində araşdırdığı üçün təşəkkür edirik.
O ki qaldı təhrifə, biz əldə etdiyimiz məlumatı olduğu kimi dərc etmişik və həmin sahənin yaşayış təyinatlı olmadığını vurğulamış, hətta bu barədə uzun illər rayonun icra strukturlarında işləmiş, aqrar elmlər üzrə fəlsəfə doktoru İbrahim İbrahimovun mövqeyini də öyrənmişik. İbrahim İbrahimov da bizə verdiyi müsahibəsində həmin örüş yerində ev inşa etməyin yolverilməzliyini vurğulamışdır. Dərd burasındadır ki, həmin ərazidə inşa edilən ev yalnız Royal Quliyevə aid deyil. Sahədə onlarla ev tikilib, bələdiyyənin şikayəti (yaxud göstərişi) ilə isə yalnız bir ev sökülmüşdür. Yəqin DİN əməkdaşları da razılaşar ki, Şəmkir bələdiyyəsinin eyni məsələyə iki fərqli münasibəti istər-istəməz başqa cür alqılandığından bəzi söz-söhbətlərin çıxmasına şərait yaradır.
Üstəlik, səhv etmiriksə, qanunvericiliyə əsasən, tikili evlər bələdiyyənin şikayəti ilə yox, məhkəmənin qərarı ilə sökülə bilər. Ümidvarıq ki, möhtərəm dövlət yetkililərimiz araşdırmalarında bu məqamı da nəzərdən qaçırmayacaqlar.
***
Onu da qeyd edək ki, şikayətçi Royal Quliyev dünən I vitse-prezident Mehriban xanım Əliyevaya məsələ ilə bağlı məktub ünlanlayıb. Zənnimizcə, həmin məktubda qeyd olunan bəzi fikirlər bu məsələni araşdıran hüquq mühafizə orqanları üçün də maraqlı olar. Məktubun redaksiyamıza göndərilən foto-şəkilini dərc edirik.
Paylaş: