"Ümid edirəm ki, Bağdadda əmin-amanlığın və sabitliyin kefini çəkirsiniz. Mən Beyrutda bir az məşğulam. Yəqin buna görədir..." Bu fikirlər hələ 2006-cı ildə 44 gün davam edən Hizbullah-İsrail döyüşlərindən sonra Qasım Süleymaninin Bağdadda yerləşən ABŞ komandanlığına göndərdiyi məktubdandır. Həmin döyüşlərdə “Hizbullah” tərəfindən keçirilən əməliyyatın kod adı isə “Süleymani" idi...
“İnsanlar sanki onun tərəfindən ovsunlanıb. Onu mələk kimi görürlər…"
Bundan bir müddət sonra, 2008-ci ilin yazında ABŞ generalı Devid Petreus maraqlı açıqlama ilə dünya gündəminə gəlmişdi. 62 yaşlı general İraqın keçmiş lideri Cəlal Təlabaninin mobil telefonuna Qasım Süleymanidən gələn bir mesajı açıqlamışdı.
Mesajın mətni təxminən belə idi: "Mənim adım Qasım Süleymanidir. Bunu bilməlisən ki, İranın İraq, Livan, Qəzza və Əfqanıstan siyasətinə mən nəzarət edirəm".
"Quardian"a danışan adının çəkilməsini istəməyən bir ABŞ səlahiyyətlisinin Süleymani barədə fikirləri isə belə olub: "Mərhəmətsizliyi və təsiri hər kəsi dəhşətə salır. O həm hər yerdədir, həm heç bir yerdə. İslamda ana-ataya itaət qaydası vardır. İran və İran xaricindəki bütün şiələr Xameneyiyə tabe olduqları kimi, döyüşən bütün qüvvələr də Süleymaniyə tabe olur. İraqdakı bütün yüksək rütbəli şəxslər onu görməyə gedir. İnsanlar sanki onun tərəfindən ovsunlanıb. Onu mələk kimi görürlər…".
Bu qeyd edilənlər cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində həlak olan İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin fəaliyyəti və şəxsiyyətinə dair tam olmasa da, müəyyən təsəvvür yaratmağa imkan verir.
Sirr deyil ki, Q.Süleymani və onun rəhbərlik etdiyi təşkilat İranın əsas “vuran əli” hesab edilirdi. Özü də təkcə Yaxın Şərqdə və İslam coğrafiyasında yox. Onun nüfuzu İranın hüdudlarını çoxdan aşmışdı. İslam coğrafiyasındakı şiə toplumları İranın ali dini liderindən daha çox məhz onu xilaskar, qəhrəman kimi görürdülər. Bu da təsadüfi deyildi. Q.Süleymani doğrudan da İranın regiondakı və dünyadakı nüfuz savaşında əsas, hətta deyərdik ki, başlıca silahlarından biri idi. Məhz o, İranın dəstəyilə keçirilən bütün əhəmiyyətli, gizli və aşkar əməliyyatların əsas təşkilatçısı və icraçısı, həm də bir növ beyin mərkəzi sayılırdı.
2019-cu ilin mart ayında İngiltərənin “BBC 2” telekanalı Süleymani haqqında “Kölgələr komandiri: İran hərbisinin düşünən beyni” adlı film nümayiş etdirmişdi.
Həmin film “Mossad”ın direktoru və 1999-2001-ci illərdə İsrail baş nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Dani Yatomun bu sözləri ilə başlayırdı: “Nə zaman İranın müdaxiləsindən söhbət gedirsə, onun arxasındakı düşünən beyin Qasim Süleymanidir. Bu müdaxilələrə rəhbərlik edən də Qasim Süleymanidir.”
Onu çox “öldürüb-diriltmişdilər”
Yeri gəlmişkən, İsrail onu özünün “ən böyük düşməni” adlandırırdı. Hansı ki, bu ada heç İŞID lideri Bağdadini belə layiq görməmişdi. Və bu da başa düşüləndir. Bir sözlə, Q.Süleymani Qərbin gözündə “şər qüvvə”, Yaxın Şərqin xüsusilə də şiə toplumu üçünsə xilaskar və qəhrəman sayılırdı.
Ancaq müstəqil mənbələr onun və rəhbərlik etdiyi təşkilatın nüfuz etdiyi ölkələrdə ABŞ və İsrailə qarşı dirəniş göstərən Suriya kimi rejimlərlə münasibətinin, onlara dəstəyinin heç də təmənnasız olmadığını bildirirlər.
Qeyd olunur ki, belə ölkələrdə ən iri və gəlirli layihələr məhz Q.Süleymaninin nəzarətində olan strukturlara verilirdi. Onun İranın ən nüfuzlu və güclü iqtisadi dayaqlara malik siyasi fiqurlarından birinə çevrilməsində bu amilin də xüsusi rol oynadığı qeyd edilir.
Həmçinin, regiondakı mətbuat orqanları və televiziyalar üzərindəki təsiri və maliyyə rıçaqları da imkan verirdi ki, onun barəsində müxtəlif əfsanələr mümkün qədər çox yayılsın. Bütün bu fəaliyyətlər nəticə etibarilə onun bugün-sabah İranın tək sahibinə, idarəçisinə çevrilməsini addım-addım yaxınlaşdırırdı.
Bu baxımdan hətta bəziləri əslində Süleymaninin ölümünün İranın siyasi rəhbərliyindəki müəyyən qüvvələrin maraqlarına uyğun olduğunu iddia edirlər...
Bununla yanaşı, bir çox təhlilçilər Yaxın Şərqdə tökülən müsəlman qanında ABŞ və İsraillə yanaşı, Q.Süleymaninin timsalında İranın və onun şəxsən dəstəklədiyi qruplaşmaların da az rol oynamadığını bildirirlər.
Onların fikrincə, məhz belə aqressiv, döyüşkən və iddialı fiqurlar ABŞ-la İsrailin hərbi gücdən daha çox istifadə etməsinə, dinc, günahsız insanların ölümünə, müsəlman ölkələrinin hədəf halına gətirilməsinə bəhanə yaratmış olublar. Elə Süleymaninin harada, hansı şəraitdə öldürüldüyünə nəzər yetirəndə də bir çox mətləblər üzə çıxır.
Belə ki, Qərbdə bir çoxları Q.Süleymaninin İranda deyil, qonşu İraqda, özü də ABŞ-ın bu ölkədəki səfirliyinə və digər obyektlərinə baş tutan hücumlar və digər bu kimi olayların yaşandığı qarışıq bir dönəmdə öldürülməsini onun “suç üstündə yaxalanması” kimi qiymətləndirirlər.
Çünki Süleymaninin məhz indi Bağdadda peyda olması, özü də ABŞ-a qarşı hücumların əsas təşkilatçısı və iştirakçılarından olan İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisi ilə bir avtomobil karvanında hərəkət etməsi Süleymaninin sözügedən hücumlara birbaşa rəhbərlik etdiyi təsəvvürü yaradır. Təsadüfi deyil ki, bir çox Qərb mətbu orqanları və siyasi təhlilçiləri artıq dünyasını dəyişmiş Süleymaniyə xitabən “sənin orada nə işin vardı” deyə sual edirlər...
Məsələ ondadır ki, Q.Süleymani çoxdan ABŞ və İsrailin hərbi güclərinin, xüsusi xidmət orqanlarının hədəfində idi. Onu mətbuatda artıq dəfələrlə “öldürüb-diriltmişdilər”. Ancaq Süleymaninin hələ də sağ olması ABŞ Adminstrasiyasının və Donald Trampın tənqid edildiyi mövzulardan biri idi.
Bu arada bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, Süleymaninin ölümü İraqın Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisinin ölümünü qətiyyən ikinci plana keçirməməlidir.
Çünki bu şəxs də olduqca nüfuzlu fiqur idi və İraq şiələrinin əsas liderlərindən biri sayılırdı. ABŞ-ın səbrlə bu iki nəfərin bir araya gəlməsini gözləyib, hər ikisini bir anda məhv etməsi isə ABŞ və İsrail kəşfiyyatının, hərbi gücünün danılmaz nüfuz və bacarığı ilə yanaşı, rəsmi Vaşinqtonun bölgədəki siyasətinin nə qədər dərin və düşünülmüş olmasından, həmçinin mərhələli şəkildə davam etdirilməsindən xəbər verir.
İran – son həlqə
Hələ 2001-ci ilin 11 sentyabr terror aktından qısa müddət sonra Pentaqona yaxın olan bir mənbənin mətbuata sızdırdığı informasiyada deyilirdi ki, bu hadisədən sonra 7 ölkə hədəf olaraq seçilib. Və həmin ölkələr “diz çökdürülərək” parçalnacaq və tam nəzarətə götürüləcək. Bunlar İraq, Suriya, Liviya, Livan, Somali, Sudan və İrandır.
11 sentyabr terror aktından ötən müddət göstərdi ki, deyilənlər həqiqətdir. İranı çıxmaq şərtilə sadalanan bütün ölkələr param-parçadır. Görünür, bu siyahıda İranın adının ən sonda yazılması təsadüfi deyil. Bu ölkə həmin zəncirdəki son həlqədir.
Uzun illər iqtisadi sanksiyalarla, hərbi-siyasi təhdidlərlə təzyiq altında saxlanılan İran hakimiyyətinə qarşı əhalinin etirazlarının artması planlaşdırılırdı. Artıq bu plan xeyli dərəcədə reallaşır. İqtisadiyyat demək olar ki, dizi üstədir, idarəçilikdən narazılıq xeyli çoxalıb, böhranlar bir-birini əvəzləyir, etirazlar artır və s. Deməli, hərbi müdaxilə, zərbə üçün də məqam yetişir.
Bir çox təhlilçilər İraqda baş verən hadisələrin və Süleymaninin ölümünün İrana zərbə endirilməsi üçün münbit şərait yaratdığını bildirməkəı yanaşı, rəsmi Tehranın sərt qarşılıq verəcəyinə və ABŞ-ın regiondakı hərbi obyektlərinə birbaşa zərbə endirəcəyinə şübhə ilə yanaşırlar.
Çünki ABŞ-la İsrail də məhz elə bunu gözləyir. Artıq ABŞ Adminstrasiyasının təmsilçiləri İranın ABŞ obyektlərinə cavab zərbəsi endirəcəyi təqdirdə İranın neft sənayesini hədəf alacaqlarını, ilk olaraq bu sektoru vuracaqlarını bildiriblər. Bu isə onsuz da ağır günlərini yaşayan İran iqtisadiyyatının tamamilə çökməsinə gətirib çıxaracaq.
Bütün bunlar İran rəhbərliyini çox çətin və çıxılmaz vəziyyətə salır. Bir tərəfdən toplumdan gələn qisas çağırışlarına cavab vermək, digər tərəfdən isə ölkəni mümkün sarsıdıcı hərbi və iqtisadi hücumdan qorumaq lazımdır.
Artıq İranda üç günlük matəm elan edilib və Süleymaninin cənazəsində nələr baş verəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Yəni ki, hansısa formada ABŞ-a hərbi qarşılıq verilməyəcəyi təqdirdə İran rejiminin onsuz da çoxdan laxlayan nüfuzu bir az da zəifləyəcək. Cavab veriləcəyi təqdirdə isə bunun hansı nəticələr verə biləcəyini çətin ki proqnozlaşdırmaq mümkün olsun.
Ona görə də bir çox müşahidəçilərin fikrincə, İran ABŞ-a birbaşa, öz hərbi gücü ilə deyil, Yaxın Şərqdə - Suriyada, Fələstində, Livanda, Yəməndə, yaxud elə İraqın özündə onun nəzarətində olan hərbi qruplaşmalar vasitəsilə cavab verəcək. Çünki bu ölkələrin əksəriyyətində, yaxud onların sərhədlərində ABŞ-a məxsus çoxsaylı hərbi bazalar və digər obyektlər mövcuddur. Ola bilsin ki, məhz həmin qruplaşmaların əlilə bu obyektlərə zərbələr endiriləcək.
Lakin baş verənlərin miqyasına və dramatikliyinə rəğmən İranın ABŞ-la birbaşa hərbi qarşıdurmaya gedəcəyi az ehtimal olunur. Bu baxımdan Türkiyə mətbuatında hazırda regionda baş verən hadisələri və gözləntiləri qiymətləndirən ekspertlərdən birinin söylədiyi “İran ya susacaq, ya da qiyamət qoparacaq” fikri kifayət qədər real dəyərləndirmə sayıla bilər...
Trampın əli güclənir, Türkiyənin rolu artır
İranın verəcəyi cavabdan asılı olmayaraq, bu hadisənin Yaxın Şərqdəki nizamı yenidən dəyişəcəyini və okeanın o tayındakı siyasi proseslərə də ciddi təsir edəcəyini deməyə əsaslar var. İlk növbədə bütün təhlilçilər Süleymaninin məhv edilməsinin seçki öncəsi Trampın əlini olduqca gücləndirdiyini bildirirlər. Artıq çoxları bunu ABŞ prezidentinin danılmaz uğuru və hətta İŞID liderinin öldürülməsindən də qat-qat əhəmiyyətli hadisə hesab edirlər.
Digər yandan bu hadisə ABŞ-ın İraqda və bütünlükdə Yaxın Şərqdə öz hərbi gücünü artırmaq üçün ciddi bəhanələr verir. Çünki bundan sonra bölgədəki ABŞ obyektləri və vətəndaşları daha çox təhlükə altında qalmış olurlar. Regionda ABŞ-ın qarşısına çıxa biləcək real güc isə demək olar ki, yoxdur. Təbii ki, hərbi büdcəsi Rusiyadan azı 9 dəfə, Çindən isə 4-5 dəfə çox olan ABŞ-ın dünyanın maliyyə niziamına da nəzarət etməsi onun buradakı planlarına mane olmağın böyük çətinklik yaratdığını deməyə əsas verir.
Dünya basınının xüsusilə diqqət yetirdiyi məqamlardan biri isə Trampın məlum hadisədən bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı telefon danışığıdır. Tərəflər rəsmən Yaxın Şərqdəki durumun müzakirə edildiyini bildiriblər.
Ümmiyyətlə, son zamanlar Rusiyayla yaxınlaşma jestlərinə rəğmən rəsmi Ankara ilə ABŞ Adminstrasiyası arasında münasibətlərin xeyli isindiyi önə çəkilir.
Xüsusilə də Türkiyənin son günlərdə Liviyaya hərbi qüvvə göndərməsi planlarına ABŞ-ın bir növ seyrçi qalması bunu deməyə əsas verir. Onu da qeyd edək ki, Türkiyənin dəstəklədiyi Liviyanın qanuni hökumətinə müxalif olan qiyamçı general Xəlifə Həftar Rusiya və Misirdən dəstək alır. Və ABŞ da təbii ki, Liviyada Rusiya ilə Türkiyənin toqquşmasında maraqlıdır...
Bütün bu baş verənlərin fonunda regionda Türkiyənin rolu daha da artmış olur. ABŞ bu torpaqlarda Türkiyəsiz heç nə edə bilməyəcəyini anlayır. Bir çox müşahidəçilər Türkiyənin bir xalq olaraq İranla heç bir probleminin olmadığını, regionda kifayət qədər böyük nüfuza malik olduğunu nəzərə alaraq, vəziyyətin idarə olunmasında, stabilliyin əldə edilməsində və s. məsələlərdə Türkiyənin vasitəçiliyini əvəzsiz hesab edirlər. Və bütün bunlar ABŞ-ın Türkiyəyə ehtiyacını qat-qat çoxaldır.
Ancaq əksər siyasi təhlilçilər bir məsələdə ortaq fikirdədirlər ki, istənilən halda Yaxın Şərq artıq əvvəlki kimi olmayacaq və çox şey dəyişəcək. Hətta çoxları iddia edrirlər ki, bütün bu oyunlar ilkin olaraq, İraqın sünni, şiə və kürd idarəetməsi olmaqla 3 yerə parçalanmasına hesablanıb. ABŞ-ın istəyi məhz budur. İraqdakı ABŞ obyektlərinə və səfirliyinə hücumlar, eləcə də Süleymaninin ölümü də yalnız və yalnız ABŞ-ın planlarına və mənafelərinə uyğun olaraq baş verir. Və sonda qazanan da yenə məhz o olacaq!
Təbii ki, Azərbaycan da daxil olmaqla, regiondakı heç bir ölkə vəziyyətin gərginləşməsində və böyük hərbi qarşıdurmanın yaranmasında maraqlı deyil. Çünki bu atəş təkcə İranı yandırmayacaq...
Cəlal Məmmədov
AzPolitika.info
Paylaş: