ABŞ-İran arasında ziddiyyətlər getdikcə böyüyür. Məlumata görə, İran hərbçiləri Hörmüz boğazında ABŞ və İsrail gəmilərini vurulacaq ilk hədəf kimi göstərdikdən sonra Pentaqon bölgəyə hərbi gəmisini göndərməyə qərar verdi. Ardınca İngiltərə də Hörmüz boğazında İngiltərəyə aid gəmi və vətəndaşları qormaq üçün 2 hərbi gəmi göndərəcəyini açıqladı. Eyni zamanda ABŞ Küveytə 4 mindən artıq əsgər göndərəcəyini duyurdu.
Fars körfəzində və Hörmüz boğazında suların isinməsi nəylə nəticələnə bilər? ABŞ-İran müharibəsi realdırmi?
Ovqat.com-un sualını cavablandıran siyasi şərhçi Turan Rzayevin fikrincə, Qasım Süleymaninin ölümü İran üçün böyük itki oldu: "Çünki Qasım Süleymani İranın Yaxın Şərqdə maliyyələşdirdiyi Həşdi Şabi, Hizbullah, Husilər kimi radikal şiə silahlı qruplaşmalarının koordinatoru idi, o qrupları İranla əlaqələndirirdi. Regionda ABŞ və müttəfiqləri üçün bu şəxs və nəzarətindəki silahlı qruplaşmalar cıddi təhlükə mənbəyi hesab edilirdi. Səudiyyə Ərəbistanı üçün Husilər, İsrail üçün Hizbullah, Suriya və İraq üçün isə Haşdi Şabi təhlükə hesab edilir. Bu mənada Qasım Süleymaninin ölümü İran üçün ciddi bir itki oldu. Tarixə nəzər salsaq, önəmli şəxslərin ölümü genişmiqyaslı muharibələrə səbəb olub. Məsələn, 1-ci Dünya muharibəsinin başlanmasına Avstriya- Macarıstan taxtının vəlihədi Frans Ferdinantın öldürülməsi yol açmışdı. Bu mənada Qasım Süleymaninin öldürülməsini İran üçün muharibə səbəbi hesab etmək olar".
ABŞ, İngiltərə və Almanyanın Fars körfəzinə hərbi birləşmələr göndərdiyini nəzərə çatdıran T. Rzayev vurğuladı ki, artıq regiondakı ABŞ bazalarında da aktivlik müşahidə olunur: "Gərginliyin hərbi münaqişə fonuna keçməsi ehtimaldı, lakin müharibə faktı da realdır. Məsələ ondadır ki, əvvələr də ABŞ-İran arasında gərginlik müsahidə olunmuşdu. Hətta "Tanker böhranı" muharibə üçün ən real bahanə idi, lakin tərəflər yenə də ilk kimin addım atacağını gözlədi. Hazırkı gərginlik şəraitində də tərəflərdən ilk kimin addım atacağı önəmlidir. Çünki mən belə düşünürəm ki, ABŞ Qasım Süleymaniyə qarşı sui-qəsdlə ciddi siyasi səhvə yol verdi. Məhz bu hərəkət İraq hökümətinin bərk qəzəbinə səbəb oldu və ABŞ qoşunlarının İraqdan çıxarılması tələbini irəli sürdü".
Muharibə real olarsa belə, bu muharibədə qalib tərəfin məğlub tərəf qədər zərər görəcəyini düşünən T. Rzayevin fikrincə, bir çox siyasi sərhci ABŞ-ın qələbəsinə şübhə etmir: "Bəli, mən də elə düşünürəm, lakin ABŞ-ın İrana müdaxilə etməsi onu SSRİ-nin Əfqanıstan taleyiylə qarşı-qarşıya qoyacaq. Yəni SSRİ üçün Əfqanıstan nə idisə, ABŞ üçün də İran o olacaq".
Zeynal Əmrəliyev: “Regionda "qan su yerinə axacaq”
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin digər eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev isə hazırda hansısa bir müharibənin olacağı barədə proqnoz verməyin tez olduğunu düşünür: "Mən yaxın günlərdə hadisənin bir qədər səngiyəcəyini düşünürəm. Ancaq bu məsələ bu cür davam etsə, tərəflər arasında bir aviasiya savaşı ola bilər. ABŞ və müttəfiqləri gəmilərlə İranı bombalaya bilər. ABŞ İranı çoxdan hədələyirdi. Hansısa bir quru müharibəsinin olacağı hələ ki, real görünmür, tərəflər yalnız üçüncü bir dövlətin ərazisində üz-üzə gələ bilərlər.
Rusiya və Türkiyə vəziyyətdən çox narahat olsa da, hələ ki, ehtiyyatlı mövqe sərgiləyir. İran hazırda çox çətin vəziyyətdədi. Həm Qasım Süleymanin intiqamını almaq istəyir, həm də savaşdan kənar qalmaq istəyir. Ancaq görünən bir gərçək var ki, 2020-ci il çox gərgin keçəcək, necə deyərlər, regionda "qan su yerinə axacaq”.
Kamran Sultanlı: "Tehran masaya oturmasa, ciddi kataklizmlərlə üz-üzə qala bilər"
ABŞ və İran arasında baş verən gərginliyi hər iki ölkənin əzələ nümayişi hesab edən politoloq Kamran Sultanlının fikrincə isə, ABŞ bu addımı ilə Hörmüz bogazının bağlanmasını önləməyə və İrana mesaj verməyə çalışır: "Həmçinin Vaşinqton bu addımı ilə region dövlətlərinin və Qərb müttəfiqlərini İrana qarşı koalisiyaya qoşmağa maraqlıdır. Bu addım həm də ABŞ-in oz bazalarını qorumaq üçün atdığı addımdır. Mən daha açıq və ikitərəfli müharibədən çox, tərəflərin xüsusilə Suriya və İraqda hibrid müharibə ehtimalını daha çox gözləyirəm. Zənnimcə, İran öz proksi qüvvələri ilə ABŞ-a qarşı həmlələri edə bilər. Buna qarşılıq olaraq ABŞ da məhz İranın proksi qüvvələrini hədəf alacaq. Belə olan halda İran ABŞ-la açıq uz-uzə qalmaqdan yayınsa belə, bölgələrdə dəstəklədiyi qüvvələr ciddi zərər görə və İranın şiə modelinə zərbələr dəyə, ölkənin regionda dəstəklədiyi qüvvələr zəifləyə bilər".
ABŞ-ın terror təşkilatı kimi tanıdığı SEPAH-a qarşı da həmlələri edəcəyini vurğulayan K. Sultanlı düşünür ki, ABŞ daxildə onun hegemonluğuna zərbə endirməyə çalışacaq: "İran isə 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər müxtəlif həmlələri etməlidir. Əgər 2020-də Tramp qalıb gəlsə, bu zaman Tehran masaya oturmasa, ciddi kataklizmlərlə üz-üzə qala bilər".
Şamo EMİN,
Ovqat.com
Paylaş: