Dünən İraqdakı bir ABŞ hərbi bazasına raket hücumundan sonra Pentaqonun bölgəyə içərisində 2000 dəniz desantının da yer aldığı "USS Bataan" amfibiya gəmisini göndərdiyini xəbər vermişdik. Amma deyəsən, ABŞ hərbi gəmisi bölgədə tək qulluq etməyəcək. İngiltərə də eyni bölgəyə iki gəmi göndərir.
Ovqat.com xəbər verir ki, bunu mətbuata açıqlamasında İngiltərənin Müdafiə naziri Ben Volls bildirib.
Volls bölgəyə göndəriləcək gəmilərin adlarını da açıqlayıb. Bunlar “Don HMS Montrose” və "MS HMS Defender" olacaq və gəmilər Hormuz Boğazını patrul xidməti yerinə yetirəcəklər.
Nazir gəmilərin bölgəyə göndərilməsinin səbəbinə də aydınlıq gətirib: “Donanmaya Böyük Britaniya gəmilərini və vətəndaşlarını qorumaq üçün lazımi addımlar atmaq təlimatı verilib”.
İngiltərəli nazir ABŞ-İran gərginliyinə münasibət bildirərkən, tərəfləri mötədil davranışa dəvət etsə də, tərəfkeşliyini də gizlətməyib. Onun fikrincə, ABŞ Qasim Süleymanini öldürməkdə haqlı idi: "İraqın dəvəti ilə bu ölkəyə gedən ABŞ qüvvələri dəfələrlə İranın dəstəklədiyi silahlılar tərəfindən hədəf alındılar. Süleymani bu yaraqlıların hücumlarda istifadə edilməsində mərkəzi rol aldı. Beynəlxalq qanunlara görə, ABŞ vətəndaşlarını təhdid edənlərə qarşı özünümüdafiə hüququna sahibdir".
Məlumat üçün bildirək ki, Qasim Süleymaninin intiqamını almağa and içən İran rəsmiləri əsasən Hörmüz boğazında fəaliyyət göstərən ABŞ və İsrail gəmilərini hədəfə alacaqlarını bildirmişdi. Belə görünür ki, Böyük Britaniya da suların isindiyi boğazda rəsmi Tehranın hədəfə alacağı üçüncü qüvvə olacaq. ABŞ və İngiltərənin NATO üzvü olduğunu nəzərə alsaq, digər müttəfiqlərin bu durumda hansı mövqeyi seçəcəyi maraq doğurur. Son zamanlar Alyansda ciddi fikir ayrılıqlarının yaranması konteksində İran gərginliyinə münasibətin NATO-nun taleyində müəyyənedici rol oynayacağı istisna edilmir.
Paylaş: