“Əyn əl-Əsəddə hərbçilərin yerləşdiyi yerləri vurmadıq. Çünki biz amerikalılar kimi cinayətkar deyilik”.
Ovqat.com İranın rəsmi informasiya agentliyi İRNA-ya istinadən xəbər verir ki, bunu Sepahın Hava-Kosmik Qüvvələrinin general-mayoru Əmir Əli Hacızadə bugünkü mətbuat açıqlamasında deyib.
Onun sözlərinə görə, Qasim Süleymanı sui-qəsdində hansı hərbi bazaların iştirak etdiyini təsbit ediblər. Sadəcə mülki şəxslərə zərər yetirməmək üçün onlardan yalnız ikisinə raket zərbələri endiriblər: "Qasim Süleymani sui-qəsdində İraqdakı Taci və Əyn əl-Əsəd, İordaniyadakı Şəhid Müəffər və Küveytdəki Əli əs-Salim bazaları birgə fəaliyyət göstəriblər. Biz əvvəlcə Taci bazasını vuracaqdıq. Amma sonra Əyn əl-Əsədin üzərində dayandıq. Taci bazası Bağdad və Kazimeynə yaxın olduğu üçün partlayışların yerli camaatda vəhşət yaradacağını düşünərək təqribən Bağdaddan 170 km uzaqda yerləşən hərbi bazanı seçdik. Bazanı vurmaqdan əsas məqsəd dronları, vertolyotları, anqarları vurmaq idi ki, bunu edə bildik”.
Bacardıqları qədər canlı tələfatdan yayınmaq, sadəcə ABŞ-a dərs vermək istədiklərini bildirən general, bununla belə həyata keçirdikləri hərbi əməliyyatda düşmənin ağır itkiylə üzləşdiyini iddia edib. Onun sözlərinə görə, ABŞ ordusuna öz canlı itkisini daşımaq üçün 9 təyyarə lazım olub: “Amma dediyim kimi, bu hücum düşmən üçün tələfatsız ötüşməyib. 9 təyyarə yaralı və ölənləri İsrail və İordaniyaya daşıyıb. Bəzi yaralılar isə ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığındakı xəstəxanaya yerləşdirilib".
Qeyd edək ki, Pentaqonun adı açıqlanmayan sözçüsü də İranın bacardığı qədər canlı tələfatına yol açmamağa çalışdığını iddia etmişdi. Sözçü “Vaşinqton Post” qəzetinə açıqlamasında bunu iki səbəblə əsaslandırmışdı: “Bu yumşaq raket zərbələri həm İrana simasını qorumağa, həm də hər iki tərəfə müharibə etməmək şansı tanıyıb”.
Göründüyü kimi, hər iki hərbçinin sözləri bir-birini tamamlayır: İran həm Qasim Süleymaninin intiqamını almaq tələbiylə meydana çıxan xalqının qəzəbi sakitləşdirmək üçün “Şəhid Süleymani” əməliyyatına başlayıb, həm də ABŞ-I çox qəzəbləndirməmək üçün “zilə getməyib”. Maraqlıdır ki, Qasim Süleymani sui-qəsdindən sonra Vaşinqton da İrana adekvat zərbə endirməyi məsləhət görmüşdü. İran İslam İnqilabı Keşikçiləri korpusunun (SEPAH) komandir müavini Əli Fədavinin sözlərinə görə, ABŞ diplomatik yolla İrana bu mesajı göndərib. Mesajda bildirilib: “Qasim Süleymaninin qisasını almaq istəyirsinizsə, sui-qəsdə adekvat cavab verin”.
Xatırladaq ki, Əli Fədavinin bu sözlərindən sonra İranın Xarici İşlər naziri Cavad Zərif də ABŞ-ın İrana bu cür mesaj göndərdiyini təsdiqləmişdi. Onun sözlərinə görə, mesajı İsveçrəli bir diplomat çatdırıbmış.
“Bu mesajı aldıqdan sonra İsveçrənin Tehrandakı səfiri İran XİN-ə çağırılıb və ona “alçaq” mesajın cavabı verilib”, C.Zərif belə demişdi.
Canlı itkilərə gəlincə, ABŞ rəsmiləri tələfat barədə danışmaq istəmir, İran isə ən azı 80 ABŞ əsgərinin öldürüldüyünü iddia edir.
Heydər Oğuz
Ovqat.com
Paylaş: