“Hazırda İranda islam öz tarixinin ən pis dövr və vaxtını yaşayır və 41 illik islam respublikasının hakimiyyəti dövründə islamın başına gələn bəla və oyunlar bir faciədir”.
Ovqat.com xəbər verir ki, bu sözləri İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəhbəri Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi sosial şəbəkələrdə yaydığı səs yazısında dilə gətirib.
O, teokratik sistem və dini hakimiyyət adı altında atılan hər düşünülməmiş addımın və yol verilən ardıcıl səhvlərin islamın adına yazıldığını, vəziyyəti daha da pisləşdirdiyini bildirərək, dini lider Əli Xamaneyini istifaya çağırıb.
Qeyd edək ki, Faizə Haşimi Əli Xamaneyini istefaya çağıran yeganə şəxs də deyil. Ukrayna təyyarəsinin vurulmasından sonra növbəti dəfə küçələrə axışan tələbələr və xalq kütlələri açıq şəkildə istefa şüarları səsləndirirlər. 17 vilayətin müxtəlif şəhərlərini bürüyən etiraz nümayişlərində səsləndirilən şüarlar arasında ən çox diqqəti çəkənlər isə bunlardır: “Bizim cındır liderimiz bizə bir utancdır”, “Süleymani qatildir, rəhbəri də qatildir, “Diktatora ölüm”, “Bişərəf, bişərəf, istefa, istefa”, “Xamaneyi həya elə, məmləkəti rəha elə” və s. Bu şüarlardan da açıq görünür ki, etirazların əsas nişangahında dini lider dayanır.
Vaxtilə İran İslam Respublikasının ən yüksək vəzifələrində işləmiş, mövcud rejimin qurucularından olan ailələrin belə dini liderə qarşı müxalifliyi ölkədə rejim-xalq arasındakı çatın nə qədər dərin qatlara irəlilədiyini göstərir. Faizə Haşimi də İranın elitar ailələrindən birinə mənsub şəxslərdəndir. Onun atası Hafizi Rəfsancani vaxtilə İranın ən ünlü siyasilərindən olmuş, 1989-cu ildən 1997-ci ilə qədər ölkə prezidentliyi kimi mühüm vəzifə icra etmişdir. Prezidentlikdən sonra gətirildiyi Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri kimi ömrünün sonuna – 2017-ci ilə qədər 28 il bu vəzifəsində qalmışdır. Ondan əvvəl bu vəzifəni icra edənin indiki dini lider Əli Xamaneyi olduğunu və indiki vəzifəsinə məhz bu postdan getdiyini nəzərə alsaq, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun İranın siyasi həyatında oynadığı rolu tam mənası ilə anlaya bilərik. Bu qurum faktiki olaraq İranın siyasi idarəetməsində dini liderdən sonra ikinci əsas mövqe sayılır.
Şəkildə: Bir vaxtlar dost idilər.
Xüsusilə İranın qurucu lideri Ruhullah Xomeyniyə yaxınlığı ilə seçilən Haşimi Rəfsancani İran-İraq müharibəsini bitirən insan kimi tarixə düşmüşdür. Belə ki, Xomeynini İraqla atəşkəsə Haşiminin razı saldığı iddia edilir. Həmin dövrlərdə prezident olan Rəfsancani müharibədən sonra İranın dağılmış iqtisadiyyatının qurulmasında, xarici investisiyaların ölkəyə cəlb olunmasında müstəsna rol oynamışdır. İndi onun qızının hazırkı dini liderə qarşı çıxışı ayətullah Xamaneyinin xalq arasındakı nüfuzunun hansı səviyyələrə düşdüyünün göstəricisidir.
Öz çıxışında ölkə idarəçiliyinin bərbad və acınacaqlı vəziyyətdə olduğunu kəskin tənqid edən və cəmiyyətdə əsaslı dəyişikiklərin edilməsinə ehtiyac duyulduğunu bildirən Faizə Haşimi Əli Xamaneyiyə səslənərək, onun hakimiyyətdən könüllü getməsini tələb edib. O deyib ki, ölkə hər baxımdan artıq çökmüş vəziyyətdədir: “Hər kəs üçün hökmranlıq etməyin bir həddi-hüdudu var. Cənab Xamaneyi kifayət qədər hökmranlığını edib. Hesab edirəm ki, əgər o özü şəxsən ölkədə köklü və fundamental dəyişikliklərin aparılmasına, qüdrətin intiqalına şərait yaradılmasına təşəbbüs göstərsə, ilk növbədə öz aqibətinin xeyirli olmasını təmin edər.
Cənab Xamaneyi! Siz xalqa və cəmiyyətə baha başa gəlmədən ölkədə əsaslı və dərin dəyişiklər edilməsinə imkan yarada bilən yeganə şəxssiniz. Bunu isə, idarəçilik sisteminə heç bir dəxli olmayan digər meyarlar əvəzinə daxili və xarici siyasətdə əsl mütəxəssis qüvvələrdən istifadə etməklə başlamaq olar. Eynən Mixail Qorboçovun gördüyü iş kimi. Qorbaçov Sovet İttifaqının yürütdüyü siyasətin nəticə vermədiyini, militarizm sektorundan başqa digər sahələrdə ölkənin və xalqın durumunun gündən-günə pisləşdiyini görəndən sonra yeni bir siyasətə üz tutdu.
Cənab Xamaneyi! Bizim də ciddi dəyişikliklərə ehtiyacımız var. Əgər siz bu cəmiyyətin lideri olaraq, ölkədə dəyişikliklər aparılmasını istəməsəniz, başqa hadisələr baş verəcək. Axı, nə vaxta qədər repressiya, nə vaxta qədər öldürmək və nə vaxta qədər həbs və zindan? Sözsüz ki, bu kimi üsullar da sonunda qədərini aşandan sonra öz təsirini itirəcək.
Cənab Xamaneyi! Əgər demokratiyaya, insan hüquqlarına, düzgün idarəçilik üsullarına, layiqli insanlardan istifadə olunmasına, İrana və iranlı olmağa, ölkə əhalisinin təhlükəsizliyinin təmin olunmasına və onların rifaha qovuşmasına inanmırsınızsa, heç olmasa islamın nicatı üçün bir iş görün. Artıq özünüz də bilirsiniz ki, hazırda islam bizim ölkədə öz tarixinin ən pis dövr və vaxtını yaşayır və 41 illik islam respublikasının hakimiyyəti dövründə islamın başına gələn bəla və oyunlar bir faciədir...”
Xamaneyiyə qarşı digər önəmli açıqlama rejimdaxili müxalifətdən gəlib. Dini liderə qarşı kəskin mövqeyi ilə seçilən Mehdi Kərrubi Əli Xamaneyiyə ünvanlayaraq, onun konstitusiyada nəzərdə tutulmuş dini liderlik xüsusiyyətləri və şərtlərindən heç birinə sahib olmadığını bildirib.
Məktubun əvvəlində Kərrubi qeyd edib ki, bir müddət əvvəldən dini liderə ölkənin acınacaqlı vəziyyəti barədə ətraflı məlumatları ehtiva edən məktub yazmağa başlayıb. Onun sözlərinə görə, mövcud acınacaqlı vəziyyət "dini lider"in yarıtmaz siyasəti və ölkənin bütün işlərinə yersiz müdaxiləsi nəticəsində yaranıb. Kərrubi hazırki məktubu Xamaneyiyə göndərməklə bağlı qərarını isə "Sepah"ın sərnişin təyyarəsini vurması və ilk günlərdə bunu hayasızcasına inkar etməsindən sonra qəbul etdiyini deyib.
Onun fikrincə, Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq təyyarənin vurulmasına görə bütün məsuliyyəti Əli Xamaneyi daşıyır.
Kərrubi məktubunda Xamaneyidən "Sepah"ın təyyarəni raketlə vurmasından yanvarı 8-də xəbərdar olub-olmaması barədə sual soruşub:
"Təyyarənin vurulmasından məlumatlı idinizsə, deməli, bilərəkdən hərbi və təhlükəsizlik rəsmilərinə, eləcə də media orqanlarına xalqa yalan danışmağa icazə vermisiniz. Bununla da, konstitusiyaya əsasən, dini liderlik vəzifəsini daşımaq üçün xüsusiyyətlər və şərtlərdən heç birinə sahib deyilsiniz! Deyin görək, siz necə Silahlı Qüvvələrin Ali Baş Komandanısınız ki, onlar sizinlə və ölkə ilə belə oyun oynayırlar! Bu da isbat edir ki, dini liderlik üçün tədbir, şücaət, idarəçilik və güc kimi xüsusiyyətlərdən də məhrumsunuz!".
Kərrubi bildirir ki, bundan başqa Əli Xamaneyinin birbaşa məsuliyyət daşıdığı kifayət qədər hadisələr var. O, bunlara misal kimi "silsilə qətllər", 2009-cu il prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması və buna qarşı keçirilmiş etirazlarda xalqın qətliam edilməsi, 2016-cı ilin sonu 2017-ci ilin əvvəllərində baş tutmuş xalq nümayişlərinin qan bahasına yatırılması, eləcə də 2019-cu ilin noyabrında benzinin qiymətinin artırılmasına qarşı etirazlarda dinc insanların qanına qəltan edilməsi kimi halları misal çəkib. Kərrubi bütün bu cinayətlərə görə məsuliyyəti Xamaneyinin daşıdığını bəyan etməklə yanaşı, bu kimi hallardan xalqın boğaza yığıldığını qeyd edib.
Xatırladaq ki, bu açıq məktub Mehdi Kərrubinin Xamaneyiyə ünvanladığı ilk ittiham deyil. O, 2009-cu ildə namizəd kimi iştirak etdiyi prezident seçkilərinin Xamaneyinin göstərişi ilə Əhmədnejatın lehinə saxtalaşdırıldığını bəyan edərək aktiv mübarizəyə keçmiş, 2011-ci ildən etibarən ev dustağına çevrilmişdir. Hazırda 82 yaşına qədəm qoyan Mehdi Kərrubi 2017-ci ildə ölüm aclığına başlamış, irəli sürdüyü iki tələbindən biri yerinə yetirildiyi üçün bu aksiyanı dayandırmışdı. Həmin vaxt Kərrubinin irəli sürdüyü tələblər belə idi: Göz altında tutulduğu evindən kəşfiyyat nazirliyinin əməkdaşlarının çıxarılsın, barəsində açıq məhkəmə prosesi başlanılsın.
Aclıq aksiyası nəticəsində xəstəxanaya düşən müxalif liderin inadı öz nəticəsini vermiş, evində onu izləyən xəfiyə bu işdən uzaqlaşdırılmışdı. Hökumətin bu geri addımından sonra Kərrubi aclığı dayandırmışdı. Həmin vaxt Kərrubi Xamaneyiyə ilk açıq məktubunu yazaraq, onu ökədə yaranan acınacaqlı siyasi, iqtisadi, mədəni və ictimai vəziyyətin birbaşa günahkarı adlandırmış və dini lideri struktur islahatına çağırmışdı.
Dərd burasındadır ki, Xamaneyinin ən çox güvəndiyi SEPAH qarşısında da etibarı qalmayıb. Hətta İslam İnqilabi keşikçilərinin artıq onu saymadığı, göstərişlərinə əməl etmədiyi bildirilir. İddialara görə, Xamaneyiyə qarşı etirazların küçələrdən elit ailələrə qədər geniş vüsət almasında bu amilin də böyük rolu var. Yəni dini lider istəsə belə, ondan tələb olunan İran “perestroyka”sını başlada bilməz.
Ovqat.com
Paylaş: