Seçkilərdə qalib gələcəyimi şərtləndirən arqumentlər kifayət qədərdir ki, bu arqumentlərin də başında Asim Mollazadənin 20 illik fəaliyyətsizliyi dayanır.
Seçki təşviqatına start verildi. Bir çox partiyalar kimi AMİP də son parlament seçkilərində iştirak edən siyasi təşkilatlardandır. Partiyanın Siyasi Şurası bir müddət əvvəl verdiyi bəyanatda bələdiyyə seçkilərinin qeyri-demokratik keçirildiyini bildirmişdi. Buna rəğmən AMİP parlament seçkilərinə də qatıldı. Bəs bu zərurət hardan doğurdu?
AMİP-in Siyasi Şurasının üzvü, 22 saylı Nəsimi II Dairəsindən deputatlığa namizəd Rəşad Bayramovla söhbətimiz bu sual ətrafında oldu. Müsahibəni Ovqat.com oxucularına təqdim edirik:
-Rəşad bəy, ilk öncə AMİP-in Milli Məclisə seçkilərdə iştirak qərarı ilə bağlı danışaq. Azərbaycanda qeydiyyatdan keçmiş 55 siyasi partiyadan cəmi 20-i seçkilərdə iştirakla bağlı qərar verdi. AMİP-in seçkilrədə iştirakla bağlı qərarında hansı arqumentlər əsas rol oynadı?
-Əvvəla, qeyd edim ki, 55 siyasi partiyadan cəmi 20-nin seçkilrədə iştirakla bağlı qərar verməsi seçkiyə inamın aşağı olması ilə bağlıdır. İstər siyasi partiyalarda, istərsə də seçicilərdə seçkilərə inamın olmamasının nəticəsidir ki, 1999 - cu ildən üzü bəri ən az seçici fəallığının müşahidə olunduğu seçki bu ilin bələdiyyə seçkilərinə aid oldu. Bunu həm müşahidələrimiz, həm də MSK-nın açıqladığı rəqəmlər sübut edir. Sualın ikinci hissəsinə gəldikdə isə AMİP daim seçki partiyası olaraq fəaliyyət göstərib. Bu günə qərər keçirilən bütün səviyyəli seçkilərdə, istər bələdiyyə, istər parlament, istərsə də prezident seşkilərində öz namizədləri ilə iştirak edib və ilk qeydiyyatdan keçən partiya olaraq ən çox seçki təcrübəsinə malik olan siyasi partiyadır. AMİP-də seçkilərdə iştirak etməmək o qədər fövqaladə hadisə hesab olunur ki, bunun üçün qərarı ancaq və ancaq Qurultay verə bilər. Yəni partiyanın digər qərarverici qurumları seçkilərdə iştirak etməklə bağlı qərar vermək səlahiyyətinə malik olsalar da seçkilərdə iştirakdan imtina etməklə bağlı qərar vermək səlahiyyətində deyillər. Arqumentlərə gəldikdə isə mən hakimiyyət uğrunda mübarizədə seçkilərin alternativini görmürəm. Hakimiyyət uğrunda mübarizədə tək məqbul hesab etdiyimiz yol seçki yoludur.
-Seçkilərdə iştirak etməyən partiyaların əsas arqumetlərindən biri də ölkədə seçki mühitinin olmaması ilə bağlı oldu. Buraya həm sərbəst toplaşmaq azadlığı ilə bağlı mövcud olan problemlər, həm də müxalifətin təbliğat aparması üçün efir imkanlarından məhrum olması aiddir.
-Sadlanan arqumentlər kifayət qədərdir və onların bir qismi ilə razıyam. Amma onu da qeyd etmək lazımdır ki, ölkədə seçki mühitinin yaradılması təkcə hakimiyyətin üzərinə düşmür. Əgər biz seçki mühitinin förmalaşmasını tək hakimiyyətin üzərinə qoyacağıqsa bununla heç nəyə nail ola bilməyəcəyik. Seçki mühitinin yaradılması həm də müxalifətin üzərinə düşən vəzifə olmalıdır. Əgər bizlər seçiciləri fəallaşdıra bilsək, onların seçki prosesində iştirakına nail ola bilsək bu zaman kütləvi seçki saxtakarlığının da qarşısını müəyyən qədər də olsa almaq imkanı əldə edəcəyik. Təbliğat imkanlarının məhdudlaşdırılmasına gəldikdə isə qeyd etmək lazımdır ki, televiziyada təbliğat imkanlarından məhrum olsaq da seçicilərlə canlı ünsiyyət imkanlarımız var. Bu isə təbliğat baxımından olduqca vacibdir. Təsəvvür edin əgər bütün müxalifət partiyaları baykot yolu tutmaq əvəzinə seçkilərdə öz namizədləri ilə iştirak etməklə bağlı qərar versəydilər bu zaman 400-500 namizəd bütün ölkə boyu təbliğat apara və yüz minlərlə insanla canlı görüşmək imkanı əldə etmiş olardı. Nəticədə bir mitinqə toplaşan insanlardan 100 dəfə artıq insanla ünsiyyət imkanı əldə etmiş olardıq. Yəni yetər ki, istək olsun. İstək olduqdan sonra hakimiyyət nə qədər baryerlər ortaya qoysa da onları aşmaq mümkündür.
-AMİP televiziyalarda təbliğat-təşviqat kampaniyası aparacaqmı?
=Təəssüflə qeyd etməliyəm ki, yox. Çünki Seçki Məcəlləsinin tələblərinə görə siyasi partiyalar ancaq o zaman pulsuz efir vaxtından istifadə edirlər ki, qeydə alınmış namizədlərinin sayı 60-dan çox olsun. Bu dəfəki seçkilərdə isə YAP-dan savayı 60-dan artıq namizədi qeydə alınan ikinci partiya yoxdur. Ödənişli efir vaxtına qoyulan qiymət isə o qədər şişirdilib ki, kiminsə bir saniyə efir üçün 65 manat ödəyəcəyi inandırıcı deyil. Təsəvvür edin, axşam saatlarında 5 dəqiqə çıxış üçün 19500 manat ödəməlisən. Odur ki, AMİP olaraq ödənişli efir vaxtından istifadə etmək niyyətində deyilik.
-Namizədlərin qeydiyyatı artıq başa çatıb. Müqayisə aparmısınızmı və namizədlərinizin imkanlarını necə qiymətləndirirsiniz?
-Təbii ki, müqayisə aparılıb və təkcə YAP namizədləri ilə deyil, eyni zamanda həmin dairədən namizədliyi təsdiq edilən digər siyasi partiyalar və bitərəf namizədlərlə də. Müqayisə nəticəsində deyə bilərəm ki, namizdələrimizin qeydə alındığı əksər dairələrdə əsas rəqiblərimiz YAP namizədləri deyil, digər siyasi partiyalardan irəli sürülənlər və bitərəflərdir. Yəni indiyə qədər parlamentdə təmsil olunan amma rəsmi olaraq YAP-ı təmsil etməyən şəxslərdir. Partiyanın qeydə alınmış hər bir namizədinin seçicidən səs almaq şansı kifayət qədər yüksəkdir.
-Sizin namizəd olduğunuz dairədə vəziyyət necədir?
-Mənim namizəd olduğum 22 saylı Nəsimi ikinci seçki dairəsində namizdəliyini irəli sürmüş şəxslərin sayı kifayət qədərdir və əksəriyyəti də bitərəf namizədlərdir. 22-ci dairədən partiya olaraq seçkilərə cəmi 3 partiya qatılıb – AMİP, YAP və DİP. Açığını desəm, namizədlərin bir qismini şəxsən tanıyıram və kifayət qədər yaxşı münasibətlərimiz var. Hər birinə hörmətimi ifadə edərək bildirim ki, onların bu dairədə mənimlə rəqabət apara biləcək imkanları yoxdur. Əsas rəqib DİP namizədi Asim Mollazadə hesab olunur. Yanlış anlaşılmasın, əsas rəqib deyəndə heç də Asim Mollazadənin nüfuzunu nəzərdə tutmuram. Adam 20 ildir deputatdır və bu 20 ildə dairə ərazisində görüş belə keçirməyib. Parlament fəaliyyəti də izləyənlər yaxşı bilir ki, necə olub. Bu illər ərzində üst-üstə götürsən, ildə bir dəfə parlamentdə çıxış edər, ya etməz. Dairə ərazisində yaşayan insanların əksəriyyəti ümumiyyətlə Asim Mollazadə adlı birinin parlamentdə onları təmsil etdiyindən belə xəbərsizdirlər. Xəbəri olanların münasibəti isə çoxluq olaraq neqativdir. Mən isə 20 ilə yaxın həmin dairənin ərazisində yaşamışam. Kifayət qədər insanla şəxsi tanışlığım var. Bundan savayı həmin dairənin ərazisində 28 ildir ki, AMİP-in ofisi fəaliyyət göstərir və həmin ofis son 15 ildir partiyanın mərkəz qərərgahıdır. Dairə ərazisində yaşayan insanların da əksər hallarda öz problemləri ilə bağlı üz tutduqları ünvan məhz AMİP qərərgahıdır. Yəni həmin dairə ərazisində seçicilərlə ünsiyyət daimi olaraq həyata keçirilir. Partiyanın Nəsimi rayon təşkilatı AMİP-in ən fəal və üzvlərinin sayı ən çox olan rayon təşkilatıdır. Dairənin ərazisində partiya üzvlərinin sayı da kifayət qədərdir. Digər bir üstünlük seçki qərərgahımda çalışanların 20-25 illik seçki təcrübəsinə malik olmasıdır. Vəkilim olaraq seçki kampaniyasında iştirak edəcək şəxslərdən ikisi 2010 və 2015 – ci illərdə məhz Nəsimi 22-ci dairənin ərazisindən seçkilərə namizəd olaraq qatılıblar və kifayət qədər də uğurlu nəticələr əldə ediblər. Bir sözlə seçkilərdə qalib gələcəyimi şərtləndirən arqumentlər kifayət qədərdir ki, bu arqumentlərin də başında Asim Mollazadənin 20 illik fəaliyyətsizliyi dayanır.
-Sizcə, ölkədə baş verən son həbslər, Azərbaycan hakimiyyətinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmasında qətiyyətli mövqe nümayişi sayıla bilərmi? Müxalifət kəsimindən olan bir sıra partiya və siyasətçilər bunun seçkiqabağı şou olduğunu bildirirlər.
-Korrupsiya və rüşvət bir bəladır. Əgər Azərbaycanın qarşısında duran ən böyük problem kimi Qarabağ problemini görürüksə, ikinci ən böyük problem, mən deyərdim Qarabağ problemi qədər həlli vacib problem həm də korrupsiya və rüşvət problemidir. Məqsədin nə olmasından asılı olmayaraq Azərbaycan hakimiyyəti bu problemlə bağlı hər hansı mövqe ortaya qoyursa bunun davamlı olması üçün çağırışlar edilməli və səylər göstərilməlidir.
-Rəşad bəy, son olaraq artıq bir neçə gündür ki, sosial şəbəkələrdə qızğın şəkildə müzakirə olunan məsələyə İran – ABŞ münasibətlərinə və Qasım Süleymaninin ölümü ilə bağlı aparılan disskusiyalara da münasibətinizi öyrənmək istərdik.
-İranın Qüds korpusunun komandanı Qasım Süleymaninin öldürülməsi regionda onsuz da mürəkkəb olan situasiyanı daha da qəlizləşdirib və gərginliyin artan xətt üzrə davam edəcəyi heç kimdə şübhə doğurmur. ABŞ-in İrana mümkün müdaxiləsi halında Azərbaycan yeni qaçqınlar ordusu ilə üz-üzə qalacaq ki, bu da yaxşı heç bir nəticə vəd etmir. Azərbaycan insanının bu məsələyə mövqeyinə gəldikdə isə Qasım Süleymaninin əlehdarlarının da, ABŞ-in digər bir ölkənin generalına qarşı faktiki sui-qəsd planı həyata keçiridiyini deyənlərin də arqumentləri ilə tanışam. Narahatlıq doğuran məqam bu məsələnin müzakirəsində bizim vətəndaşlarımızın ikiyə parçalanaraq bir-birinə qarşı kəskin mövqe sərgiləməsidir. Hər hansı bir məsələyə fərqli münasibət ola bilər və bu təbiidir. Amma söhbət vətəndaşımızın Azərbaycanla birbaşa bağlı olmayan hər hansı bir məsələ ilə bağlı bir-birinə az qala düşmən mövqe sərgiləməsindən gedirsə demək ki, vəziyyət heç də xoşagələn deyil. Azərbaycan hökümətinin də, siyasilərin də, ağsaqqallarımızın da, ziyalılarımızın da vəzifəsi xüsusilə gənclər arasında maarifləndirmə işi aparmaqdan ibarət olmalıdır. İndi parçalanma deyil, birləşmə zamanıdır.
Söhbətləşdi: Mətanət
Paylaş: