Xəbər lenti

 

İngiltərə Maliyyə Nazirliyi terror təşkilatı olaraq gördüyü Livan Hizbullahının bütün aktivlərinin dondurulacağını açıqlayıb.

Ovqat.com-un məlumatına görə, nazirlik bu addımı terrorizmin və terrorun maliyyələşdirilməsi qaydalarına əsasən atmağı planlaşdırır.

Reuters agentliyi bildirib ki, əvvəllər Hizbullahın yalnız hərbi qüvvələrinin aktivləri bu səbəbdən dondurulmuşdu. İndisə, təşkilatın siyasi qanadının da eyni sanksiyalara məruz qalacağı gözlənilir.

 

 Qeyd edək ki, İngiltərə hökuməti bu zamanadək İranla münasibətləri gərginləşdirməmək üçün Hizbullaha daha yumşaq mövqe sərgiləməkdə ittiham olunurdu. Ölkə mətbuatının iddialarına görə, rəsmi London 2015-ci ildə imzalanan nüvə sazişinin pozulmaması xətrinə bir çox hallarda Hizbullahın terror planlarını belə görməzlikdən gəlir, gizlədirdi. Medianın təzyiqlərini nəzərə alan hökumət ötən il Hizbullahın hərbi və siyasi qanadlarını "Yaxın Şərqdəki kövrək vəziyyəti sabitsizləşdirmək cəhdlərini davam etdirəcəyi" təqdirdə təşkilata qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını açıqlasa da, konkret addım atmamışdı. Sadəcə Hizbullahı “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarını pozaraq silah tədarükünü davam etdirməkdə və Bəşər Əsədə dəstək verməklə Suriya xalqına qarşı vəhşicəsinə və zorakı təzyiq göstərilməsində iştirak etməkdə, bölgədəki qarşıdurmanı genişləndirməkdə” günahlandırmış, bu fəaliyyətinə görə ona sanksiyalar tətbiq edə biləcəyini açıqlamışdı.

 

Ölkənin Daxili İşlər Nazirliyi isə bir az da irəli gedərək Livan Hizbullahının həm siyasi, həm də hərbi qanadını terror təşkilatları siyahısına daxil etmişdi. Ölkənin Maliyyə Nazirliyinin son açıqlamaları isə rəsmi Londonun bu istiqamətdə artıq konkret addım atmağa, deklorativ bəyanatlardan əməli fəaliyyətə keçməyə hazırlaşdığını göstərir.

  

Son bəyanatın xüsusilə Böyük Britaniya səfirinin İrandan təhqiramiz şəkildə qovulmasından sonra gəlməsi də təsadüfə bənzəmir. Belə görünür ki, rəsmi London həmin diplomatik qalmaqala laqeyd qalmaq fikrində deyil və ilk zərbəni İranın Yaxın Şərqdəki uzantılarına vurmağa hazırlaşır.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 746          Tarix: 18-01-2020, 02:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma