"İŞİD müzakirələrə başlamaq üçün Hizbullaha müraciət edib”.
Ovqat.com xəbər verir ki, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah Livan telekanallarından birinə açıqlamasında bu məlumatı dilə gətirib.
Onun sözlərinə görə, iki düşmən arasında müzakirələr Hizbullahın Qələmun bölgəsinin qərbində aparılan əməliyyatlarla əlaqədar aparılacaq: “Yalnız bütün şərtlərdə razılıq əldə olunacağı təqdirdə, atəşkəs qüvvəyə minəcək. Müzakirələr tamamlanmadan heç bir atəşkəsdən söhbət gedə bilməz".
Hizbullahın baş katibi Livan-Suriya sərhəddini İŞİD-dən təmizləməyi qarşılarına məqsəd qoyduqlarını və Suriya ordusu ilə birgə keçirdikləri hərbi əməliyyat nəticəsində Ras əl-Şahut qapısını işğaldan azad etdiklərini də bildirib.
Nəsrullah televiziyadan canlı yayımlanan çıxışında 19 avqustda Livanın şimal-şərqindəki dağlıq bölgədə İŞİD-ə qarşı orduyla bərabər başlatdıqları "Dağların Şəfəqi" adlı əməliyyat və eyni vaxtda sərhəddin digər tərəfində Suriya ordusu ilə birgə yenə həmin terror təşkilatına qarşı apardıqları mübarizə haqqında da məlumat verib:
"Məqsədimiz İŞİD-i Livan-Suriya sərhədlərindən tamamən təmizləməkdir. Bu terror təşkilatını sərhədlərimizdən Suriya içərisinə qədər uzaqlaşdırmadıqca onun təhdid olaraq qalmasının qarşısını ala və Livan əsgərlərinin qanını tökməsinə maneə ola bilməyəcəyik. Sərhəddi təmizləyərək Livan əsgərlərinin ailələrinə sağ-sağlam şəkildə dönmələrini təmin etmək istəyirik”.
Nəsrullah İŞİD-ə qarşı Suriya ordusuyla birlikdə Qələmunun qərbində həyata keçirdikləri birgə hərbi əməliyyat barədə bildirib ki, əsas hədəfləri Suriya-Livan sərhəddinə qədər olan bölgəni yenidən nəzarət altına almaqdır. Onun fikrincə, bu, İŞİD-in bölgədən tamamilə çıxardılması deməkdir və terrorçular bundan sonra yalnız Deyr-əz-Zorda sıxışmış vəziyyətdə qalacaqlar.
Son zamanlar Livan ordusunda və Hizbullahda canlı qüvvə itkisinin artmasının səbəblərinə də aydınlıq gətirən Nəsrullah bunu İŞİD-i dar bir sahəyə sıxışdırmaları ilə izah edib:
“Hazırda İŞİD-çilər bölgədən çıxış yolu tapmağa çalışırlar. Hər kəs bilməlidir ki, döyüş kiçik bir sahəyə sıxışanda qarşıdurmalar sıxlaşır və itkilər artır. Bu səbəbdən də livanlı və suriyalı komandirlər əsgərlərini qorumalı və bunun öhdəsindən qəti və diqqətli bir şəkildə gəlməyə çalışmalıdır".
Qeyd edək ki, Hizbullahın həm Livan, həm də Suriya ordusuyla birgə keçirdiyi hərbi əməliyyatlar nəticəsində iki ölkənin sərhədlərində İŞİD-in nəzarəti altında olan bölgənin 80%-i azad olunub. Bölgədəki İŞİD qüvvələrinin Hizbullahla danışıqlara başlamaq barədə təklifləri isə “xilafətçilərin” artıq “ağ bayraq” qaldırmaları mənasına gəlir. Bu isə başda Səudiyyə Ərəbistanı olmaqla bir sıra ərəb ölkələrini və İsraili qorxudur. Nədən ki, bundan sonra faktiki olaraq İran-İraq-Suriya-Livan xətti üzərində “Şiə hilalı” strategiyasının şimal dilimi öz hədəfinə çatmış olacaq. Beləcə, İran həm vəhabilərlə sünni dünyası arasında sərhəd meydana gətirəcək, həm də faktiki quru sərhədlərini Tel-əvivin tam burnunun ucuna qədər genişləndirəcək. “Şiə hilalı”nın şimal diliminin tamamlanması İrana hərbi silahlarını Livana qədər manesiz gətirməsinə fürsət yaradacaq. Bu qədər yaxın məsafə isə ən qısa mənzilli raketlərdən istifadə etmək imkanı deməkdir. Xatırladaq ki, 2006-cı ildə Livan-İsrail müharibəsində Hizbullah məhz ən primitiv raketlərdən sayılan “Katyuşa”lardan istifa edərək savaşı öz aktivinə yazmağı bacarmışdı.
Bu qədər yaxın məsafədən başlayan müharibədə istifadə olunan ən qısamənzilli mənzilli raketlər ya radara yaxalanmır, ya da 200-300 dollara başa gələn kustar silahlarla düşmənin milyonlarla dollarlıq havadanmüdafiə sistemləri hərəkətə gətirilir və ona hərbi cəhətdən ciddi zərbələr vurulur. Yəni bundan sonra Tel-əvivin böyük öyküylə bəhs etdiyi “Dəmir Qübbə” sistemləri daha rahatlıqla şeyh Nəsrullahın və İranın əlində İsrailin özünə iqtisadi zərbələr endirəcək silaha çevrilə bilər. Sözsüz ki, bu hərbi-strateji üstünlüyü əldə etməsi İranın toxunulmazlığının qarantiyası deməkdir.
Maraqlıdır ki, Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən İŞİD-in Suriya-Livan sərhədlərindən tamamilə təmizlənməsi ərəfəsində rəsmi Riyaddan İranla 2 ilə yaxındır davam edən bütün diplomatik əlaqələri kəsmək siyasətindən geri çəkilmək barədə siqnallar gəlməyə başladı. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif dünən İSNA xəbər agentliyinə verdiyi müsahibəsində həcc mərasimindən sonra Səudiyyə Ərəbistanından bəzi diplomatların İrana, İran diplomatlarının isə Riyada səfərləri olacağını bildirdi.
İranın və Hizbullahın bu strateji üstünlüyə sahib olması artıq İsrail rəsmiləri tərəfindən də etiraf olunur. Bir neçə ay öncə məsələylə bağlı mövqeyini bildirən İsrail parlamentinin (Knesset) Təhlükəsizlik və Xarici əlaqələr Komissiyasının rəhbəri Avi Diçterin dilə gətirdiyi bu fikirlər də acı etiraf kimi səslənir:
“Hizbullah artıq kiçik qrup deyil, hərbi hissə və batalyonlara sahib, hava və artilleriya imkanları əldə edən silahlı qüvvədir. Yüksək həssaslıq gücünə malik silahları geniş şəkildə istifadə etməyi bacarır, Suriya, Rusiya və İran ordusuyla əməkdaşlıqlar qurur”.
Deputat həmin çıxışında Tel-əvivi bu reallıqla razılaşmağa dəvət edərək deyirdi:
“Suriya, Rusiya, İran və Hizbullahın ortaq mənfəətləri var və bu çox narahatedicidir. Çünki bütün bu hadisələr İsrailə çox yaxın bir bölgədə meydana gəlməkdədir. Buna görə də İsrail və ona bağlı təhlükəsizlik təşkilatları həm rutin, həm də fövqəladə bütün hallara hazır olmalıdır”.
Tel-əvivin bir neçə ay əvvəl dilə gətirdiyi narahatlığına onu da əlavə etmək olar ki, artıq Ankara da öz hərbi-strateji və milli təhlükəsizlik maraqlarını Rusiya-İran-Suriya ittifaqıyla əməkdaşlıqda görür, bu istiqamətdə önəmli addımlar atır. Bir neçə gün öncə həm İran, həm də Rusiya ordularının Baş qərargah rəislərinin ard-arda Türkiyəyə səfərləri də bu perspektivdən xəbər verir.
Heydər Oğuz
Ovqat.com
Paylaş: