Xəbər lenti

  

Xəbər verdiyimiz kimi, Ərdəbil imam-cüməsi ayətullah Seyid Həsən Amili ötən cümə namazı xütbəsində sərhəd hərəkatının 1989-cu ilin 31 dekabrında deyil, 1990-cı ilin 19 yanvarında baş verdiyini iddia etmiş və həmin günü “Dünya Müsəlman Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması təklifini irəli sürmüşdü.

Saytımızda bu xəbər yayımladıqdan sonra İranın Azərbaycan dilli “Qafqaz Həqiqətləri” informasiya kanalı iki yazı dərc edib. Poçt ünvanımıza da göndərilən həmin yazılardan belə çıxır ki, ayətullah Amili belə bir fikir söyləməyib. O, sadəcə 20 yanvar hadisəsi barədə danışıb və qətliamın ABŞ-ın tələbilə həyata keçirildiyini iddia edib. “Dünya Müsəlman Azərbaycanlılarının Həmrəylik Günü” isə ölkəmizdən Quma pənah aparmış “üləmalar” tərəfindən keçirilib.

Doğrusu, möhtərəm ayətullah Seyid Həsən Amilinin sözügedən cümə xütbəsində məlum fikirləri səsləndirməsi barədə əlimizdə əsaslı dəlillər olsa da, “Qafqaz həqiqətləri”nin yaydığı xəbərləri böyük yalanı kiçik yalanla təkzib etmək cəhdi kimi qiymətləndirir və iddialarımızı sübuta yetirmək imkanımızdan faydalanmaq istəmirik. Çünki məqsədimiz kiminsə yalanını çıxarmaq, etibarını şübhə altına almaq deyil, hadisənin mahiyyətini ortaya qoymaq və əsl həqiqətləri Ağayi Amili həzrətlərinin diqqətinə çatdırmaq idi. Böyük yalan bir başqa kiçik yalanla təkzib olunubsa, deməli məqsədimiz öz hədəfinə çatmışdır.

İndisə təkzib xarakterli həmin iki yazını olduğu kimi Ovqat.com oxucularına təqdim edirik:

 

  

“Əldə sənədlər vardır ki, 18 yanvar 1990-cı ildə Con Kerrinin də üzvü olduğu Amerika Konqresi SSRİ-nın sabiq başçısına məktub göndərərək Azərbaycan Respublikası xalqının qətliam fərmanını vermişdir.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində 20 yanvar 1990-cı ildə Azərbaycan Respublikasında baş vermiş “Qanlı yanvar” hadisəsindən söz açmışdır.

Ayətullah Amili deyib: “20 yanvar münasibətilə Azərbaycan Respublikası xalqına başsağlığı verirəm. Həmin gün SSRİ ordusu tank, ağır silah və qüvvələr vasitəsilə Azərbaycanın öz ata yurduna, əsl və kökünə qayıtmaq istəyən günahsız və müdafiəsiz xalqını qətliam etdi. Azərbaycan xalqı və rəhbərləri bilməlidir ki, bu qanlar müstəqillik, öz ata-baba torpaqlarına, əslinə və kökünə qayıtmaq üçün tökülmüşdür.”

Seyid Həsən Amili sonda vurğulayıb: “Azərbaycan Respublikası xalqı və dövlət siyasətçiləri bilməlidirlər ki, onların əsas düşməni Amerika və AİPAC-dır (sionist rejim). Bizim bir ortaq düşmənimiz vardır və o da Amerikadır.

İnşallah, Mütəal Allah bizi öz düşmənlərimiz Amerika və sionist rejimi qarşısında günbəgün daha çox birləşdirsin və gücləndirsin.”

 

***

 

  

Qafqaz Həqiqətləri xəbər verir ki, Şəhid Bakiri Cəmiyyətinin (Azərilər) təşəbbüsü ilə Tehranın İmam Sadiq (ə) Universitetində “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan və Rusiyadan gəlmiş qonaqlar, habelə Tehran universitetlərinin tələbələri iştirak edib.

Mərasim İmam Sadiq (ə) Universitetinin Qəyyumlar Heyətinin üzvü höccətül-islam Səid Məhdəvi Kəninin giriş çıxışı ilə başlayıb. Höccətül-islam Səid Məhdəvi deyib: “Biz azərbaycanlı qardaşlarımızın islami kimliklərini tələb etmələrini və bu məqsəd uğrunda atdıqları addımları hələ də unutmamışıq. Onlar qışın soyuq günlərində özlərini Araz çayına yetirdilər ki, Arazın bu tayındakı din qardaşlarının yanında olsunlar; öz qarşılarındakı tikanlı məftilləri qırdılar ki, bu, kommunist və sovet hökumətinin məhvi istiqamətində ilk addım olsun.

Azəri qardaşlar özlərini sərhədin bu tayına çatdıranda istədikləri yalnız Quran və dini kitablar idi. Bu, ən yaxşı göstərici və meyar idi və 70 il kommunistlərin hökumət etməsinə baxmayaraq, bu məntəqədə Quran məktəbinin hələ də diri qaldığını və nəfəs çəkdiyini nümayiş etdirirdi.”

Tədbirin davamında Azərbaycan Respublikasının siyasi eksperti Ramiz Sarıyev (Googledə xeyli araşdırmalarımıza baxmayaraq, bu dəyərli ekspertin şəkilini tapa bilmədik – Ovqat.com) çıxış edərək deyib: “Azərbaycan xalqı Qasim Süleymaninin şəhadətindən sonra sanki yeni bir 19 yanvar yaratdı. Bu səmavi insanın şəhadəti Qafqaz azərilərinin qəlbində kimlik tələbliyi və öz əslinə qayıtmağı təzədən işıqlandırdı.”

Ramız Sarıyev çıxışının davamında deyib: “19 yanvar xalqın öz islami kimliyinə doğru könüllü hərəkəti idi. Lakin general Süleymaninin şəhadətindən sonra Azərbaycan xalqı bir daha göstərdi ki, kimlik ardınca olmaqdan əlavə, həm də İslam inqilabı dialoqu və İslam müqavimətini də istəyirlər. Azərbaycanda İslam düşmənlərini, xüsusilə də sionistləri qorxuya salan da məhz bu məsələdir.”

Siyasi ekspert vurğulayıb: “Azərbaycanın müsəlman xalqının Hacı Qasim Süleymaninin şəhadətinə görə kədərlənməsi və təsirlənməsi həm vitural, həm də real aləmdə tamamilə açıq-aydın görünürdü.”

Sarıyev çıxışının digər hissəsində deyib: “Bəziləri belə düşünür ki, SSRİ-nin o vaxtkı dövləti yolu qəsdən açdı ki, Azərbaycan əhalisi özünü İslami İrana çatdırsın. Beləliklə, Qırmızı Ordunun Bakıya yeridilməsi üçün bəhanə yaransın və 20 yanvar cinayəti baş tutsun. Lakin bu iddia səhvdir və bu məsələnin əksi düzgündür. (Dəyərli ekspertin neçə yaşı var, deyə bilmərik. Bəlkə də öz yaşından irəli zaman barədə danışdığından dəlil yetərsizliyindən əziyyət çəkir.. Amma unudur ki, bir iddianı iddia edən dəlildir. Ortada dəlil yoxdursa, irəli sürdüyün iddia siyasi mülahizəyə yox, “Məlikməmməd nağılı”na oxşayar. Nağıl danışmaq isə ekspertlərin yox, nağılbazların işidir – Ovqat.com)

Onlar Azərbaycan xalqının İrana tərəf hərəkət etməsindən və cəmiyyətin çoxluğundan bərk qorxuya düşmüşdülər və qəzəblənmişdilər. Xalqı qorxutmaq və onların qiyamının qarşısını almaq üçün Kommunist Partiyası Mərkəzi Komitəsi və şəxsən Qorbaçovun göstərişi ilə SSRİ-nin müxtəlif yerlərindən geniş hərbi bölmələr Bakı darvazalarına köçürüldü və Qırmızı Ordu Bakıya daxil oldu, 20 yanvarda əhalini qətliam etdi (Bəs, Ağayi Amili həzrətləri deyir ki, Qanlı Yanvarı ruslar yox, ABŞ törədib. İranda yaşamasına rəğmən, Rasim Sarıyevə dini liderin Ərdəbil nümayəndəsinin fikrini təkzib etmək cəsarəti göstərdiyinə görə, yekə bir “əhsən” düşür – Ovqat.com).

 Bu cinayətdə 136 nəfər şəhid oldu və 700 nəfərdən çox insan yaralandı.”




Ana səhifəyə qayıt        Baxış: 3 619          Tarix: 23-01-2020, 08:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma