Xəbər lenti

  

IRNA, İran

Ərəb ölkələrilə müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq daim Azərbaycan hökumətinin diqqət mərkəzində olub. O, son illər özəlliklə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərilə əlaqələrin inkişafına maraqlıdır.

Rəsmi məlumata görə, Azərbaycanın xarici ticarət dövriyyəsində ərəb ölkələrinin payı çox deyil. Bununla belə, digər ərəb ölkələrilə müqayisədə BƏƏ və Səudiyyə Ərəbistanı Azərbaycanla daha geniş iqtisadi əlaqələrə malikdir.

Azərbaycanın ərəb ölkələrilə müəyyən mədəni və tarixi yaxınlığı var. Buna baxmayaraq, Sovet İttifaqının dağılması ilə təxminən 30 ildir müstəqillik qazanmış Azərbaycan müxtəlif dövlətlərlə müstəqil siyasi-iqtisadi əlaqələr qurmaq imkanına malik olsa da, ərəb ölkələrilə iqtisadi münasibətlərin kifayət qədər inkişaf etdiyini söyləmək mümkün deyil. Halbuki, tərəflər iqtisadi əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu dəfələrlə vurğulayıblar. Fəqət bu günədək hər hansı ərəb ölkəsinin ixrac və idxalda Azərbaycanla əsas ticarət tərəfdaşı olduğunu söyləmək olmaz. Mütəxəssislər hesab edir ki, bunun əsas səbəblərindən biri əksər ərəb dövləti kimi, Azərbaycanın da əsas ixrac məhsulunun neft və neft məhsulları olmasıdır.

Bütün bunlarla yanaşı, son illərdə Bakı ərəb ölkələrilə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində bir çox addım atıb və atır. Bu, özünü ərəb şirkətlərinin ölkə iqtisadiyyatının qeyri-neft sektorlarına cəlbində, ərəb turistlərin Azərbaycana axınında, bu ölkələrə qeyri-neft məhsullarının ixracının artmasında və s. aydın şəkildə göstərir.

Artıq qeyd edildiyi kimi, Azərbaycan BƏƏ və Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələrin genişləndirilməsində daha fəaldır. Azərbaycan hökuməti hesab edir ki, Səudiyyə Ərəbistanı və BƏƏ ilə qarşılıqlı ticarət həcminin artırılması üçün böyük potensial var. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Yusif Abdullayev da təsdiqləyir. Onun sözlərinə görə, 2019-cu ilin 11 ayı ərzində Bakı ilə Ər-Riyad arasında ticarət dövriyyəsinin həcmi 33% artaraq, 10 milyon dollar təşkil edib: “İki ölkə arasında ticarət dövriyyəsinin həcmi böyük olmasa da, onun kifayət qədər artırılması üçün böyük imkanlar var”.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan Səudiyyə Ərəbistanından heyvandarlıq məhsulları, o cümlədən qoyun əti, pendir, eyni zamanda, neft-kimya məhsulları idxal edir. Azərbaycandan Səudiyyə Ərəbistanında ixrac edilən mallar kimi isə qara metal və kənd təsərrüfatı məhsullarını göstərmək olar.

Azərbaycanın rəsmi statistikasına görə, Səudiyyə şirkətləri bu günədək ölkə iqtisadiyyatına 370 milyon dollar sərmayə qoyub. Səudiyyə İnkişaf Fondu da Azərbaycanda bəzi layihələrin icrasına, o cümlədən məktəblərin, su şəbəkələrinin və yolların inşasına maliyyə vəsaiti ayırıb.

Azərbaycanın BƏƏ ilə də iqtisadi əlaqələri mühüm əhəmiyyət daşıyır. BƏƏ hökuməti bu günədək Azərbaycan iqtisadiyyatına 2 milyard 200 milyon dollar sərmayə yatırıb. Halbuki, Azərbaycanın BƏƏ iqtisadiyyatındakı investisiyalarının həcmi cəmi 347 milyon dollardır.

Azərbaycanın rəsmi məlumatlarına görə, BƏƏ daha çox ölkənin qeyri-neft sektoruna sərmayə qoyub. 2000-2017-ci illərdə bu, 717,6 milyon dollar olub. Bu, sözügedən sahələrə qoyulmuş ümumi investisiyanın 6,6%-i deməkdir.

Bu gün Azərbaycanda 260-dan çox BƏƏ şirkəti fəaliyyət göstərir. Onların bir qrupu tikinti və daşınmaz əmlak sektorunda çalışır.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu günlərdə verdiyi açıqlamada bildirib ki, 2019-cu ildə BƏƏ ilə ölkəsi arasında ticarət dövriyyəsinin həcmi 26% artıb. “2018-ci ildə Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 38% artaraq, 54,4 milyon dollar təşkil etmişdi. 2019-cu ilin ilk 10 ayında bu rəqəm daha 26% artıb”, - deyə nazir qeyd edib.

Yenə də Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin ilk 9 ayında BƏƏ-dən ölkəyə əsasən pambıq və elektrotexnika malları idxal olunub. İdxalın ümumi dəyəri 33,8 milyon dollar təşkil edib. Azərbaycan isə öz növbəsində, bu ölkəyə 14,4 milyon dollarlıq kənd təsərrüfatı və ərzaq malları ixrac edib.

Bu gün Azərbaycanın ərəb ölkələrilə əlaqələri xüsusilə turizm sektorunda inkişaf edir. Son illərdə bu ölkələrdən Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə olunur. Məsələn, 2019-cu ilin ilk 10 ayında Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 43,7% artaraq, təxminən 100 min nəfərə çatıb. Eyni dövrdə BƏƏ-dən bu ölkəyə 54 minədək turist gəlib.

Bu arada, Azərbaycanın bərpaolunan enerji sektoru Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan iki şirkətə həvalə edilib. Bu, Bakının ərəb ölkələrilə iqtisadi əlaqələri inkişaf etdirmək istiqamətində atdığı daha bir addım sayıla bilər. Sözügedən şirkətlərlə müvafiq sazişlər bu yaxınlarda imzalanıb. Həmin sazişlərə əsasən, Səudiyyə Ərəbistanının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkəti Azərbaycanda bərpaolunan enerji sahəsindəki pilot layihələrə 300 milyon dollardan çox investisiya yatıracaq. “ACWA Power” burada 240 meqavat gücündə külək elektrik stansiyaları, “Masdar” isə 220 meqavat gücündə günəş elektrik stansiyaları inşa edəcək. İmzalanmış sazişlər çərçivəsində Azərbaycanda ildə 1,4 milyard kilovat/saat günəş və külək enerjisinin istehsalı nəzərdə tutulur.

Bütün bunlarla yanaşı, Səudiyyə Ərəbistanının Qafqazda tədricən artan mövcudluğu təkcə iqtisadi məsələlərlə məhdudlaşmır. O, Azərbaycan və Qafqaz bölgəsilə iqtisadi əlaqələri inkişaf etdirməklə, digər sahələrə, o cümlədən siyasi və təhlükəsizlik sahələrinə də daxil olmaq niyyətindədir. Bu isə çox düşündürücüdür.

Tərcümə etdi: Ovqat.com

Qaynaq:  عربستان و امارات در تلاش برای توسعه روابط با جمهوری آذربایجان

20.01.2020 

 




Ana səhifəyə qayıt        Baxış: 3 600          Tarix: 24-01-2020, 07:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma