Xəbər lenti
Dünən, 19:25

  

Hafiz Məmmədov

Rusiya Federasiyası Yaxın Şərqdə rəqabət halında olan İran-İsrail, Türkiyə-Səudiyyə Ərəbistanı, eləcə də Misir, Suriya, Körfəz ölkələri ilə müsbət əlaqələri olan yeganə qlobal gücdür. Son illərdə iqtisadi baxımdan Çin Xalq Respublikası Yaxın Şərq ölkələri ilə əlaqələri gücləndirsə də, regionda hərbi təsiri yox səviyyəsindədir. Rusiyanın Yaxın Şərq siyasətinə nəzər saldıqda isə, son illər ərzində regionda hərbi varlığını artırmaqla yanaşı, xüsusilə Türkiyə, Misir, İsrail və Səudiyə Ərəbistanı ilə də iqtisadi əlaqələrini möhkəmləndirir.

Soyuq müharibənin şiddətləndiyi 1950-1970-ci illərdən fərqli olaraq hazırda Rusiya Yaxın Şərq ölkələrinə siyasi baxımdan, demək olar ki, eyni məsafədə dayanır. Soyuq müharibənin sonlarında, eləcə də 1990-cı ildən 2000-ci illərə qədər daxildə həm siyasi, həm də iqtisadi böhranla üzləşən Rusiya Yaxın Şərqdə uzun zaman müttəfiqi olmuş Misir, İraq və Suriyanı özünə yük olaraq görmüş, nəticə etibarilə Misir və İraqın ABŞ-a yaxınlaşmasına yol açmışdı. Daxildə stabilliyi tam təmin etdikdən sonra dünya bazarında da neft və təbii qazın qiymətinin qalxmasıyla əldə edilən böyük gəlirlər nəticəsində, xüsusilə də 2010-cu ildən Rusiya yenidən Yaxın Şərq ölkələri ilə əlaqələrini gücləndirərək, regionda qlobal güc rolunu oynamağa başladı. Şübhəsiz ki, Rusiyanın Yaxın Şərq strategiyası hazırda 3 əsas təməl üzərinə inşa edilib. Bunlar iqtisadi maraqlar, regionda ABŞ təsirini azaltmaq və region ölkələri arasındakı hərbi balansın kəskin şəkildə pozulmamasını təmin etməyə çalışmaqdır.

  

Rusiyanın Yaxın Şərqlə iqtisadi əlaqələri

 

Rusiyanın 2018-ci ildə Yaxın Şərq və Şimali Afrika ilə ticarətində əvvəlki ilə görə ciddi artım müşahidə olunur. 2018-ci ilin yekununda Rusiyanın Yaxın Şərq və Şimali Afrika regionunda ən böyük ticarət ortağı Türkiyə, daha sonra isə Misir, Əlcəzair və İsrail olmuşdur. 2019-cu il yekun ticarət hesabatı açıqlanmasında da, çox böyük ehtimal ki, bu ölkələrin sırası yenə dəyişməyəcək.

Rusiya Federal Gömrük Xidmətinin rəsmi olaraq açıqladığı 2018-ci il xarici ölkələrlə ticarət hesabatında Rusiya-Türkiyə ümumi ticarət həcminin 25 milyard 561 milyon dollar məbləğində olduğu göstərilmişdir ki, bunun da 21 milyard 345 milyon dollarını Rusiyanın Türkiyəyə ixracı təşkil edir. Rusiya və Türkiyə arasındakı ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 2018-ci ildə 15,4 % artmışdır. Türkiyə Rusiyanın ümumilikdə, altıncı ən böyük ticarət ortağı, 5-ci ən böyük ixrac həyata keçirdiyi ölkədir. Cari ilin fevral ayında açıqlanacaq 2019-cu il yekun hesabatında isə bu rəqəmin 26 milyard dolları keçəcəyini ehtimal etmək olar. Türkiyə ilə ticarət Rusiyanın Yaxın Şərq ölkələri ilə ümumi ticarət həcminin yarısından bir az geridə qalır. Bu baxımdan Türkiyə Yaxın Şərqdə Rusiya üçün ən önəmli ticari və strateji ortaq rolunu oynayır.

 

  

Digər tərəfdən, Rusiya-Türkiyə əmakdaşlığı nəticəsində ərsəyə gələn “Türk axımı” təbii qaz layihəsi iki ölkə arasındaki münasibətləri daha da möhkəmləndirdi. Bu layihə nəticəsində Rusiya Ukraynadan yan keçərək, Qara dənizdə Türkiyə suları vasitəsilə Avropanı təbii qazla təmin etməyə başladı. Beləliklə də, Rusiyanın rəsmi Kiyevin razılığını almağa ehtiyacı qalmadı. Türkiyə-Rusiya münasibətlərinin sürətlə müsbət tendesiyada inkişaf etməsi iki ölkə arasında qarşılıqlı asılılıq yaratdığından regiondakı problemlərin həllində də hər iki tərəfi danışıqlara və qarşılıqlı güzəştlərə getməyə vadar edir. Məhz bunun nəticəsidir ki, hər iki ölkə Suriya və Liviya problemlərinin həllində birgə cəhd göstərirlər.

  

Türkiyədən sonra Rusiyanın Yaxın Şərqdə ikinci ən böyük ticarət ortağı illik 7 milyard 663 milyon ABŞ dolları ticarət dövriyyəsi ilə Misir, üçüncü yerdə isə 2 milyard 719 milyon dollarla İsraildir.

 

Rusiyanın Yaxın Şərq ölkələri ilə ticarətində diqqət çəkən önəmli məqam Rusiyanın ikitərəfli ticarətdə daha çox ixrac payına sahib olmasıdır. Bu göstərici bütün Yaxın Şərq ölkələri ilə ticarət statistikasında qabarıq şəkildə özünü göstərir.

 

Rusiyanın ticarət həcmini daha da artırmaq üçün region ölkələri ilə əmakdaşlığı dərinləşdirdiyi müşahidə olunur. Prezident Vladimir Putinin 2019-cu ilin oktaybr ayında Səudiyyə Ərəbistanına səfəri zamanı onunla ümumi dəyəri 2 milyard dollar olan 20-dən artıq ticarət müqaviləsi imzalamasını bir nümunə kimi göstərmək mümkündür.

  

ABŞ təsirini azaltmaq cəhdləri

 

Rusiyanın Yaxın Şərqdə həyata keçirdiyi siyasətin önəmli bir halqasını regionda ABŞ təsirini azaltma cəhdləri təşkil edir. Bunun üçün Rusiya İsrail-Fələstin, eləcə də Misir-Efiopiya su problemi məsələlərində vasitəçi rolu oynamağa çalışır. Bundan əlavə, Türkiyə-ABŞ anlaşmazlığından məharətlə istifadə edərək, Türkiyəni öz tərəfinə çəkə bildi. ABŞ-ın Yaxın Şərqdə ən önəmli iki müttəfiqindən biri olan Səudiyyə Ərəbistanına "S-400" müdafiə kompleksini təklif etmələri ABŞ-ın regiondakı nüfuzunun sarsılmasına hesablanmış bir addımdır. Trampın açıq şəkildə Səudiyyə Ərəbistanından alçaldıcı bir tonda əlavə maliyyə tələb etməsi kral hakimiyyətini Rusiya ilə də əməkdaşlığa sövq etdi.

Rusiyanın Yaxın Şərqdə maraqlarını qorumaq üçün hərbi müdaxiləyə müraciət etməsi regionda nə qədər iddialı bir güc olduğunu göstərir. Xüsusilə də Suriya müharibəsinə həlledici müdaxiləsi, Liviyaya xüsusi təyinatlı dəstələri göndərməsi sadəcə regional gücləri deyil, regiondakı ABŞ kimi qlobal gücü də onunla hesablaşmağa vadar edir.

  

Rusiyanın Yaxın Şərqdə izlədiyi siyasətin bir halqası da region ölkələri arasındaki hərbi balansın kəskin şəkildə pozulmamasını təmin etməkdən ibarətdir. Bundan dolayıdır ki, Türkiyəyə satdığı "S-400" müdafiə sistemlərini Səudiyyə Ərəbistanına və Misirə də təklif edir. Digər tərəfdən, İranda inşasına yardım etdiyi Atom Enerji Mərkəzinin bənzərini də hazırda Türkiyədə inşa edir.

 

Nəticə etibarilə, Rusiya Yaxın Şərq ölkələri ilə iqtisadi əlaqələrini qorumaq və inkişaf etdirmək məqsədilə, region ölkələrinə eyni siyasi məsafədə dayanır. Yaxın Şərqdə ABŞ təsirinin azaldılması üçün Rusiya region ölkələrinə önəmli bir alternativ kimi görünür.

 




Ana səhifəyə qayıt        Baxış: 861          Tarix: 25-01-2020, 08:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma