Tarixi:
Ermənistan vətəndaşları və erməni diasporunun iddialarına əsasən 1914-1923-cü illərdə Osmanlı İmperiyasında 1,5 milyon etnik erməni türklər tərəfindən öldürülmüşdür. “Kütləvi qırğın”a 1915-ci ilin aprelin 24-də 235- 270 min erməni ziyalısının və icma başçısının fiziki məhvetməyə məruz qalması, eləcə də İstanbul və Ankara şəhərlərindən sürgün edilməsi ilə start verilmişdir. Ermənilərin dediklərinə görə, qondarma “soyqırımı”nın əsas təşkilatçıları “Gənc türklər” hərəkətinin liderləri Tələt Paşa, Camal Paşa, Ənvər Paşa, eləcə də “Təşkilat-i Məxsusa” təşkilatının başçısı Bahattin Şakir olmuşlar1 . Hazırkı erməni diasporunun əksəriyyəti də məhz Osmanlı İmperiyasından qaçan ermənilərin nəticələridir.
XVIII əsrin sonundan XX əsrin əvvəlinə kimi davam edən Balkan xalqlarının Osmanlı İmperiyasına qarşı mübarizəsi və zəifləyən dövlətin ərazisinin bölgüsü ilə bağlı böyük dövlətlərin münaqişələr kompleksi “Şərq məsələsi” adlandırılmışdı2. “Şərq məsələsi”nin bir hissəsi olan “Erməni məsələsi” də Rusiya ilə Osmanlı İmperiya arasında 1877-1878-ci illərdə baş vermiş müharibə nəticəsində yaranmışdır. Həm bu məsələ, həm də daxili problemlər XIX əsrdə Osmanlı İmperiyasının zəifləməsinə gətirib çıxarmışdı.
Lakin dövlətin zəifləməsi sultanların hakimiyyəti altında İmperiyanın ərazisində məskunlaşan xristian azlıqların yaşayış tərzinə heç bir maneə yaratmamışdı. Osmanlı İmperiyasının ərazisində yaşayan ziyalı ermənilər yüksək vəzifələrdə çalışmışlar. Tarixi qeydlərə əsasən, Osmanlı İmperiyasında erməni icmasının 29 üzvü paşa titulunu qazanmış, 7 üzvü nazir vəzifəsində çalışmış, 32 üzvü Parlamentin nümayəndəsi olmuş, 7 üzvü səfir, 11 üzvü baş konsul və konsul vəzifələrində çalışmışdır. Hətta, 1913-cü ildə Osmanlı İmperiyasının xarici işlər, maliyyə, ticarət və poçt naziri vəzifəsində erməni əsilli Qabriel Noraqudyan çalışmışdır3 .
XIX əsrdə katolik missionerlərin Osmanlı İmperiyasında yaşayan erməni əhalisinə təsiri artmışdır. Erməni Apostol Kilsəsinin ideologiyasına zidd olsa da, 1829-cu ildə Osmanlı İmperiyasında fransız missionerlərin təzyiqi nəticəsində katolik ermənilər öz kilsəsini yaratmış, baş yepiskop seçmişlər. Həmin azlıq dövlət tərəfindən ayrı millət kimi tanınmışdır və bununla da öz təxribatçı fəaliyyətlərinə başlamışlar. Avropa ölkələri və Rusiya İmperiyasının dəstəyi ilə yaradılan “Armenakan”, “Qnçak”, “Daşnaksütun” partiyaları Osmanlı İmperiyasında gizlin terrorist qrupları və silahlı birləşmələrin əsasını qoymuşlar. XIX əsrin sonlarında Osmanlı İmperiyasında yaşayan ermənilərin Ərzurum, Van, Bitlis, Harput, Diyarbekir, Sivas bölgələrində müstəqil “Qərbi Ermənistan” dövlətini yaratmaq niyyəti böyük dövlətlərin Osmanlı İmperiyasını parçalamaq niyyəti ilə üst-üstə düşmüşdür. Beləliklə, ermənilər türkləri “vəhşi millət” kimi təqdim etməyə başlamışlar.
Əslində Osmanlı İmperiyasının müxtəlif bölgələrində ermənilər tərəfindən qaldırılmış üsyanlar türkləri əks tədbir görməyə məcbur etmişdir, bu da birgə planın bir hissəsi olmuşdur. Zira 1915-ci ilin may ayında Van şəhərində ermənilər yerli müsəlman əhalisinin kütləvi qırğınına başlamışlar. 1977-78-ci müharibəsində rusların əlinə keçəndən sonra qısa müddət ərzində 250 min erməni Van şəhərinə köçürülmüşdür. 1915-ci ildə isə şəhərdə “erməni hakimiyyəti” elan olunmuşdu. Həmin hadisələri nəzərə alaraq, Osmanlı İmperiyasının hakimiyyəti terror aktları və kütləvi qırğınların qarşısını almaq məqsədilə erməniləri münaqişə zonalarından ölkənin digər bölgələrinə köçürməli olmuşdur. Belə ki, qondarma “erməni soyqırımı”nın anım günü hesab olunan 24 aprel 1915-ci ildə Osmanlı İmperiyasının daxili işlər naziri İstanbul və digər şəhərlərdə erməni mərkəzlərinin bağlanılması, onların başçılarının həbs olunması və sənədlərinin yoxlanılması haqqında əmr vermişdir4 .
Qeyd etmək vacibdir ki, illər keçdikcə qondarma “erməni soyqırımı” nəticəsində “öldürülən ermənilərin” sayı da artmışdır. Belə ki, 1960-cı illərdə ermənilərin iddiasına əsasən, qondarma “soyqırımı” nəticəsində 1 milyon erməni qətlə yetirilmişdir. Müasir dövrdə isə, ermənilər 1,5 milyon erməninin qondarma “soyqırımı” nəticəsində öldürüldüyünü bildirirlər.
Onu da qeyd etmək lazımdır ki, Birinci Dünya müharibəsi zamanı Osmanlı İmperiyasının ərazisində cəmi 1,3 milyon erməni məskunlaşmışdır. Həmin dövrdə təxmini 875 min erməninin digər ölkələrə mühacirət etməsini nəzərə alsaq, qondarma “erməni soyqırımı” nəticəsində 1-1,5 milyon erməni öldürülə bilməzdi.
Qondarma “erməni soyqırımı”nın təbliğatı:
Qərb ölkələrində yaşayan erməni diasporunun əksər hissəsi XX əsrin əvvəlində Osmanlı İmperiyasından köçmüş ermənilərin nəticələridir. Diaspor nümayəndələri 1915- 1923-cü illərdə baş vermiş hadisələri “əzabkeş millət” ideyasının üzərində qurulan milli identikliyinin əsas komponenti kimi təqdim edirlər. Beləliklə, ABŞ-da erməni diasporunun ən nüfuzlu təşkilatları olan Amerika Erməni Milli Komitəsinin (ANCA) və Amerika Erməni Assambleyasının (AAA) 45 illik təbliğat fəaliyyəti nəticəsində ABŞ-ın 49 ştatı qondarma “soyqırımı”nı tanımış, 2019-cu ilin dekabrın 12-də isə ABŞ Senatı yekdilliklə “erməni soyqırımı”nı rəsmi tanıyan 150 nömrəli qətnaməni qəbul etmişdir. ABŞ-da erməni diasporunun “erməni soyqırımı”nın tanınmasına yönəlmiş fəaliyyəti 1975-ci ildən bu günə kimi davam edir. Belə ki,
- 28 yanvar 1975-ci ildə Nyu-Cersi ştatından olan konqresmen Henri Helstoski (Henry Helstoski) 24 aprel 1975-ci il tarixinin “İnsanın İnsana qarşı Amansızlığını unutmamaq üçün Milli Xatirə Günü” kimi qeyd olunması haqqında 148 nömrəli qətnaməni (House Joint Resolution, 148, recognizing April 24, 1975, as National Day of Remembrance of Man’s Inhumanity to Man) yeganə həmmüəllifi ilə birlikdə ABŞ Konqresinin Nümayəndələr Palatasına təqdim etmişdir. Qətnamə 8 aprel 1975-ci il tarixində Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş, Senatın Hüquq Komitəsinə yönəldilmişdir, lakin orada qətnaməyə baxılmamışdır.
- 1984-cü ildə Kaliforniya ştatından olan konqresmen Entoni Li Koelyo (Anthony Lee Coelho) qondarma “erməni soyqırımı”nı tanıyan 247 nömrəli qətnaməni (House Joint Resolution 247) 234 həmmüəlliflərin dəstəyi ilə Konqresin Nümayəndələr Palatasına təqdim etmişdir. 10 sentyabr 1984-cü il tarixində Nümayəndələr Palatası tərəfindən qəbul edilsə də, Senatın Hüquq Komitəsi tərəfindən rədd edilmişdir.
- 1996-cı ildə ermənipərəst konqresmenlər digər taktikaya əl atmışlar, xarici əməliyyatlar, ixracatın maliyyələşdirilməsi və buna uyğun proqramlara vəsaitin ayrılması haqqında 3540 nömrəli qanun layihəsinin (HR3540) düzəlişində Osmanlı İmperiyasında ermənilərə qarşı törədilmiş “kütləvi qırğın” Türkiyə Cümhuriyyəti tərəfindən qəbul edilməyənə kimi Türkiyəyə ayrılan maliyyə dəstəyinin azaldılmasını təklif etmişlər. Həmin qanun layihəsi 11 iyun 1996-cı il tarixində Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş, Senata yönəldilmişdir. 26 iyul 1996-cı ildə Senat da qanun layihəsini qəbul etmişdir, lakin düzəliş təsdiqlənməmişdir.
- 1999-cu ildə konqresmenlər Radanoviç və Bonier 596 nömrəli qondarma “erməni soyqrımı” qətnaməsini təqdim etmişlər, lakin qətnaməyə yalnız 2000- ci ilin sonunda baxılmışdır. Həmin qətnamə ABŞ prezidentini insan hüquqları sahəsində çalışan diplomatları qondarma “erməni soyqırımı” haqqında məlumatlandırmağa, kütləvi qırğınların anılması zamanı “soyqırımı” ifadəsini işlətməyə çağırmışdır. Qətnamə Nümayəndələr Palatasının Qanun Komitəsinə yönəldilmiş, həmin Komitə tərəfindən rədd edilmişdir. Seçkiqabağı kampaniyaları Amerika Erməni Milli Komitəsi tərəfindən maliyyələşdirilən konqresmen Qas Bilirakis ilk dəfə məhz həmin qətnamənin həmmüəllifi rolunda çıxış etmişdir.
- 2007-ci ildə ABŞ Konqresində erməni qrupunun üzvləri Nensi Pelosi və Adam Şiff Nümayəndələr Palatasına 106 nömrəli qətnaməni təqdim etmişlər. “The Guardian” agentliyinin verdiyi məlumata əsasən, Amerika Erməni Milli Komitəsi həmin qətnamənin təbliğatına 50 min ABŞ dolları dəyərində maliyyə dəstəyi ayırmışdır. Lakin qətnamə səsverməyə çıxarılmamışdır.
- 2009-cu ildə konqresmen Adam Şiff 252 nömrəli qondarma “erməni soyqırımı” qətnaməsini 148 həmmüəllifin dəstəyi ilə Nümayəndələr Palatasına təqdim etmişdir, lakin bu qətnamə də səsverməyə çıxarılmamışdır.
- 2013-cü ildə konqresmen Valdado 227 nömrəli qətnaməni Nümayəndələr Palatasına təqdim etmişdir. Lakin qətnamə Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinə yönəldilmiş, bundan sonra isə müzakirəyə çıxarılmamışdır.
- 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü münasibəti ilə konqresmen Robert Dold 154 nömrəli qətnaməni 69 həmmüəllifin dəstəyi ilə Nümayəndələr Palatasına təqdim etmişdir. Həmin qətnamə əvvəlki qətnamələrin elementlərini özündə birləşdirmiş, bundan əlavə ABŞ prezidentini qondarma “soyqırımı”nın Türkiyə tərəfindən tanınması şərti ilə Türkiyə-Ermənistan münasibətlərinin təkmilləşdirilməsi üzrə iş aparmağa çağırmışdır. Həmin qətnamə 2015-ci ilin 18 mart tarixində təqdim olunmuş, Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinə yönəldilmişdir, lakin səsverməyə çıxarılmamışdır. 2012-ci ildən etibarən Amerika Erməni Milli Komitəsi (ANCA) ABŞ Senatı ilə həmin məsələ üzrə işləməyə başlamışdır.
- 2012-ci ildə senatorlar Menendez və Kirk 399 nömrəli qondarma “erməni soyqırımı” qətnaməsini 16 həmmüəllifin dəstəyi ilə Senata təqdim etmişdir. Qətnamə Senatın Xarici Məsələlər Komitəsinə yönəldilmişdir, lakin səsverməyə çıxarılmamışdır.
- 2015-ci ilin 20 aprel tarixində senator Robert Menendez Nümayəndələr Palatasının üzvü R.Dold tərəfindən hazırlanan qətnaməyə oxşar 140 nömrəli qətnaməni ABŞ Senatına təqdim etmişdir, lakin bu qətnamə də Senatın Xarici Məsələlər Komitəsinə yönəldilmişdir. Beləliklə, erməni diasporunun 44 illik təbliğat fəaliyyəti nəticəsində 29 oktyabr tarixində ABŞ Konqresinin Nümayəndələr Palatası 11 səsə qarşı 405 səs çoxluğu ilə konqresmenlər Adam Şiff və Qas Bilirakis tərəfindən təqdim olunan qondarma “erməni soyqırımı”na dair qətnaməni qəbul etmişdir.
Qeyd etmək lazımdır ki, həmin təbliğat kampaniyasında erməni əsilli konqresmenlər Anna Eşu (Anna Eshoo) və Ceki Spierin (Jackie Speier) böyük töfhəsi olmuşdur. 2019-cu ilin 12 dekabr tarixində ABŞ Senatı Robert Menendez (Robert Menendez) və Ted Kruz (Ted Cruz) tərəfindən artıq 4-cü dəfə təqdim olunan 150 nömrəli qondarma “erməni soyqırımı” qətnaməsini yekdilliklə qəbul etmişdir. Qətnamə ABŞ siyasətinin bir hissəsi olaraq:
- qondarma “erməni soyqırımı”nın inkarına son qoyur,
- ABŞ-ın hazırkı hakimiyyəti tərəfindən “soyqırımı”nın xatırlanmasını və anılmasını təmin edir,
- müasir dövrdə soyqırımılarının qabağını almaq məqsədi ilə qondarma “erməni soyqırımı”nın tədrisini dəstəkləyir.
Erməni diasporunun geniş təbliğatı və Türkiyə ilə ABŞ münasibətlərinin gərginləşməsi nəticəsində Senat bu qətnaməni qəbul etmişdir. Buna baxmayaraq, ABŞ-ın hazırkı prezidenti Donald Trampın Administrasiyasının verdiyi məlumata əsasən, Senatın qərarına rəğmən, ABŞ prezidentinin “soyqırımı” məsələsinə qarşı fikri dəyişməyib. 14 dekabr tarixində Amerika Erməni Milli Komitəsinin Qərbi Region bölməsi (Armenian National Committee of America – Western Region) Burbank şəhərinin “Woodbury” Universitetində qondarma “erməni soyqırımı”nı tanıyan 296 nömrəli qətnamənin qəbul edilməsi ilə bağlı konqresmenlər Adam Şiff və Cudi Çunun şərəfinə ziyafət təşkil edib. Dekabr ayının ortalarında isə Mark Samuelyan tərəfindən Mayami çimərliyi Şəhər Şurasına təqdim olunmuş qondarma “erməni soyqırımı” qətnaməsi yekdilliklə qəbul edilmişdir.
Qeyd etmək lazımdır ki, erməni diasporuna məxsus təşkilatlar tək ABŞ-da deyil, eləcə də digər ölkələrdə təbliğat aparırlar. Avstraliya İttifaqının 2 ştatı - Yeni Cənubi Uels və Cənubi Avstraliya parlamentləri qondarma “erməni soyqırımı”nı tanımışlar. Avstraliyada fəaliyyət göstərən ən geniş erməni təşkilatı Avstraliya Erməni Milli Komitəsidir (ANC-AU). Təşkilat Amerika Erməni Milli Komitəsinin (ANCA) təbliğat kampaniyasına oxşar fəaliyyət göstərir. Avstraliya Erməni Milli Komitəsi (ANC-AU) qondarma “erməni soyqırımı” qətnaməsinin ABŞ Senatı tərəfindən qəbul edilməsindən sonra Avstraliyanın Federal Parlamentini və hakimiyyətini də qondarma “soyqırımı”nı tanımağa çağırmışdır.
Komitənin icraçı direktoru Haiq Kayseryan çağırışında bildirmişdir ki, Avstraliya ermənilərinin də dəstəkçiləri var və o, bu sırada Tim Uilson (Tim Wilson), Kristina Kenilli (Kristina Keneally), Trent Zimmerman (Trent Zimmerman), Coel Fitzqibon (Joel Fitzgibbon,), Erik Abetz (Eric Abetz), Con Aleksandr (John Alexander), Culian Lizer (Julian Leeser), Maykl Sukkar (Michael Sukkar), Coş Börns (Josh Burns), Riçard Di Nateyl (Richard Di Natale), Ceyson Falinski (Jason Falinski), Reks Patrik (Rex Patrick) və digərlərinin adlarını çəkib. H.Keyseryan bu mesajı ilə Avstraliya Konqresinin nümayəndələrinə daha çox təzyiq göstərməyə çalışmışdır6 . Erməni diasporunun birgə və davamlı fəaliyyəti, eləcə də vəziyyətdən yararlanmaq bacarığı öz nəticələrini göstərmişdir. Diaspora məxsus təşkilatlar bir çox böyük ölkələrdə fəaliyyət göstərərək təbliğat kampaniyaları aparır. Erməni Milli Komitəsinin (ANC) nümayəndəlikləri Avropa ölkələri, Kanada, Yaxın Şərq ölkələri, Braziliya, Argentina və digər ölkələrdə hakimiyyət nümayəndələrinin seçkiqabağı kampaniyalarını, Ermənistana və qondarma “Dağlıq Qarabağ Respublikası” rejiminə səfərləri maliyyələşdirməklə təbliğat aparırlar.
Roza Əsgərova, məsləhətçi
BMTM
___________
1 https://en.wikipedia.org/wiki/Armenian_Genocide
2 https://www.krugosvet.ru/enc/istoriya/VOSTOCHNI_V OPROS.html
4 «Армянские Преступления: Геноцид. Депортация. Террор», Н.Мустафа
5 “The Armenian Lobby and U.S. Foreign Policy”, Raoul Lowery Contreras
Paylaş: