Xəbər lenti

  

 

“İraqdakı iqtisadi və təhlükəsizlik sahəsindəki sabitsizlik ölkənin və xalqın gələcəyi üçün faydalı deyil. Bu vəziyyətdən ictimai etimada söykənən, narazılığı sakitləşdirə və dövlətin nüfuzunu bərpa edə bilən yeni hökumətin qurulmasını sürətləndirməklə çıxmaq olar. Ən qısa müddətdə azad və ədalətli seçkilərin keçirilməsi üçün lazımi addımlar atılmalıdır. Seçkiyə getmək, ictimaiyyətin nə hiss etdiyini görmək ən uyğun yoldur”.

Ovqat.com xəbər verir ki, bu sözlər şiə dünyasının ən böyük dini liderlərindən olan ayətullah Seyid Əli Sistaninin dünənki cümə xütbəsi üçün hazırladığı bəyanatındandır.

Nəcəf məktəbinin ən böyük dini lideri olan Sistaninin İraq xalqına müraciət kimi yazdığı bu bəyanat onun Kərbəladakı nümayəndəsi Əbdülmehdi Kərbəlayi tərəfindən dünən cümə xütbəsində oxunub.

 

Sistani müraciətində həmçinin dinc nümayişçilərə qarşı zorakılığı pisləyib: “Dini qurumumuz (Nəcəf məktəbi nəzərdə tutulur) bir daha dinc nümayişçilərə qarşı zorakılıq tətbiq edilməsini, sui-qəsd və adam oğurluğunu bir daha rədd edir, dinc toplnatılara, oturaq mitinqlərə, nümayişlərə müdaxilənı qınayır. Eyni zamanda, təhlükəsizlik qüvvələrinə və dövlət qurumlarına edilən hücumları, bəzi təhsil və xidmət müəssisələrinə qarşı təxribat və təhdid aktlarını, vətəndaşların təhlükəsizliyini pozan və maraqlarına zərər verən addımları pisləyir. Qeyd edək ki, bu ədalətsiz hərəkətlər islahat tələblərinə cavab vermək üçün kütləvi nümayişləri əvəz etməyəcək. Əksinə, bu cür hərəkətlər həmrəyliyin azalmasına səbəb ola bilər.”

Xatırladaq ki, İraqda 4 aydır durmadan keçirilən xalq üsyanlarına İrana bağlı Həşdi Şabi birlikləri zor tətbiq edirlər. İndiyədək bu etiraz aksiyalarında 200-dən çox vətəndaşın öldüyü, minlərlə insanın yaralandığı bildirilir. Belə çıxır ki, ayətullah dinc nümayişləri dəyənək gücünə “sakitləşdirməyə” çalışan Həşdi Şabinin, dolayısıyla həm də İranın İraqdakı şiddət əməllərini pisləyib.

Müraciətində ABŞ prezidenti Donald Trampın bir müddət əvvəl açıqladığı “Əsrin sazişi” planın sərt şəkildə lənətləyən dini lider bütün ərəbələri, müsəlmanları və azad insanları Fələstini dəstəkləməyə çağırıb.




Ana səhifəyə qayıt        Baxış: 625          Tarix: 1-02-2020, 12:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma