Xəbər lenti

 

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında İraqın Nəcəf şəhərində Müqtəda əs-Sədrə bağlı “mavi papaqlılar” etiraz aksiyalarına müdaxilə etmiş, ən azı 8 nəfəri qətlə yetirmiş, 100 yaxın insanı yaralamışdılar.

Bu hadisəni iki şiə məktəbinin İraq uğrunda mübarizəsinin nəticəsi kimi qiymətləndirmiş və İrandan dəstək alan Müqtəda əs-Sədrin Nəcəf elm hövzəsini sıradan çıxarmaq niyyətindən doğduğunu iddia etmişdik.

İki şiə məktəbi arasında ziddiyyət böyük münaqişəyə çevrildi: Nəcəf qarışdı – Xeyli ölən və yaralanan var

Nəcəf elm hövzəsinin ən böyük mərceyi-təqlidi ayətullah Sistaninin bugünkü cümə xütbəsi üçün hazırladığı bəyanatı da Ovqat.com-un iddiasını təsdiqləyən mahiyyətdədir.

Məlumata görə, Sistaninin Kərbəla şəhərindəki nümayəndəsi Əhməd Safi bugünkü cümə xütbəsində ayətullahi-üzmanın bu barədə mövqeyini açıqlayıb. Açıqlamada bildirilib ki, ayətullah Sistani İraq rəsmilərini aksiyalarda zorakılıqların qarşısını alınmağa, insanların mənafeyinə zərər verən hərəkətlərdən çəkinmək çağırıb: "Dəfələrlə tövsiyələrə baxmayaraq, bu bədbəxt hadisələrin baş verməsinə mane olunmur. Son günlər günahsız insanların qanının tökülməsinə səbəb olan ağrılı günlər yaşandı. Bunların sonuncusu Nəcəf şəhərində baş verən hadisələr idi".

Sözçü həmçinin bildirib ki, ayətullah Sistani bütün təcavüz və hücumları pisləyir, qurbanların ailələrinə başsağlığı verir, yaralananların sağalması üçün dua edir: "Təhlükəsizlik qüvvələri təhlükəsizliyi, sabitliyi qorumaq və dinc nümayişlərin keçirilməsinə şərait yaratmalıdır. Aksiyalarda iğtişaş törətmək istəyənlərin qarşısı alınmalıdır. Bu hökuməti əvəz edəcək yeni hakimiyyət xalqın etibarını qazanmalıdır. Vəziyyəti düzəltməyə və dövlət hakimiyyətini bərpa etməyə qadir olmalıdır. Seçkilərin keçirilməsi üçün lazımi tədbirləri görməlidir". 

Qeyd edək ki, İraqı bürüyən etiraz aksiyalarının əsas hədəfi İrana bağlı korrupsioner hakimiyyəti uzaqlaşdırmaqdır. Bir zamanlar etiraz aksiyalarının ön cərgəsində dayanan Müqtəda əs-Sədr ötən ilin sonlarında İrana getmiş, bu yaxınlarda ordan qayıtdıqdan sonra isə əvvəlki ritorikasını dəyişdiyi müşahidə olunmuşdur. Onun İrana səfəri təhlükəsizlik tədbirləri ilə izah olunur. İddiaya görə, İran kəşfiyyatı Müqtəda əs-Sədrə ABŞ-ın ona qarşı sui-qəsd planlaşdırdığını və günahı Həşdi Şabinin üzərinə atacağını bildirmişdi. Məlumatı alandan sonra gizlicə İrana gedən əs-Sədr bu səfərini elmini artırmaq zərurəti ilə izah etsə də, inandırıcı görünməmişdi. Çünki teoloji elmi qabiliyyətlərinə görə Qumdan heç də geri qalmayan Nəcəf məktəbi var və əs-Sədrin özü də həmin şəhərdə yaşayır. Öz şəhərində elmini artırmaq əvəzinə Quma getmək, təbii ki, sağ qulağı sol əllə qaşımağa bənzəyər ki, bu da istər-istəməz müəyyən suallara yol açır.

Hətta bəzi iddialara görə, Müqtəda əs-Sədr Qumda girov kimi saxlanılırdı.

Müqtəda əs-Sədrin İranda bulunduğu sıralarda İranın əfsanəvi generalı Qasim Süleymani sui-qəsdə uğramış və Yaxın Şərqdəki bütün dini-hərbi liderlərin yeni təlimatlar almaq üçün Quma getdiyi bildirilir. Onların həmin səfərdə Müqtəda əs-Sədrlə də görüşdükləri xəbər verirlir. Qasim Süleymaninin öldürülməsindən sonra Yaxın Şərqdə, xüsusilə İraqda öz nüfuzunu artıran Müqtəda əs-Sədrin İrandan qayıtdıqdan sonra hökumətə qarşı ritorikasını dəyişməsi, ardınca ona bağlı qüvvələrin etiraz aksiyaları keçirənlərə qarşı sərt reaksiyaları İraqda ölkədə birmənalı qarşılanmır, hər kəs onun rəsmi Tehranla anlaşdığını düşünür.

Bu durumda ayətullah Sistaninin Sədr tərəfdarlarının dinc nümayişçilərə qarşı silahlı hücumunu qınaması Qum-Nəcəf ziddiyyətin bariz nümunəsi təsiri bağışlayır.




Ana səhifəyə qayıt        Baxış: 2 826          Tarix: 7-02-2020, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma