Xəbər lenti

  

“Türkiyə İdliblə əlaqədar şişirdilmiş şərhlər verməkdənsə, xüsusi rabitə kanallarını işə salsın”.

 

Ovqat.com xəbər verir ki, bu “tövsiyəvi” açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verib.

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın İdlibdə əməliyyata başlamağın an məsələsi olduğu xəbərbarlığını şərh edən Zaxarova deyib: “Hər hansı gərginlik halında bir çox ölkələr bəyanat verməyin daha uyğun olduğunu düşünürlər, halbuki bizə görə, bu cür vəziyyətlərdə hər şeydən əvvəl mövcud rabitə kanallarının işə salınması lazımdır, çünki bu kanalların potensialı daha böyükdür."

  

Rusiya xarici işlər sözçüsü onu da xatırladıb ki, Suriya suveren dövlətdironun rəsmiləri ərazilərində nə etməli olduqlarını özləri bilirlər.

 

Rusiyanın İdlibdəki vəziyyətlə əlaqədar türk tərəfdaşları ilə təmaslarını hər an davam etdirdiyini deyən Zaxarovanın fikrincə, həm türk diplomatları, həm də rus hərbi mütəxəssisləri ilə kontaktlarda heç bir fasilə yaranmayıb.

 

Rus xanım diplomatın məsləhətlərinə baxmayaraq, Türkiyənin ciddi şəkildə İdlib əməliyyatlarına hazırlaşdığı xəbər verilir. Bu gün daha 2 türk əsgərinin öldürülməsindən sonra rəsmi Ankaranın ABŞ-dan Əsəd ordusuna qarşı istifadə etmək üçün “Patriot” müdafiə sistemi  istədiyi məlum olub. Xəbəri Amerika mərkəzli “Bloomberg” informasiya agentliyi yayıb.

“Bloomberg”-in yüksək çinli türk rəsmilərinə istinadən bildirdiyinə görə, Ankara “Patriot”ları Hatay vilayətində qurmağı planlaşdırır.

Amma ABŞ-ın bu istəyi yerinə yetirəyəcəyi xeyli şübhəlidir.

 

Əvvəla, ona görə ki, Türkiyə ilə Rusiya arasında ən gərgin dövrlərinin yaşandığı 2015-ci ildə ABŞ və Almaniya bu ölkədəki “Patriot”larını geri çəkmiş, faktiki olaraq öz müttəfiqlərini Rusiya qarşısında tək qoyaraq aradan çıxmışdılar. Türkiyənin Rusiya ilə yaxınlaşması, ondan S-400 silahları almaq niyyətinə düşməsi də məhz bu səbəbdən qaynaqlanmışdı. Həmin dövrlərdə bu cür addımı atmış ABŞ-ın indi tamamilə başqa mövqe tutacağı inandırıcı görünmür.

Mütəxəssislər 2015-ci ildə Türkiyənin “Patriot”suzlaşdırılmasını bir neçə səbəblə izah etmişdilər. Başlıca arqumentdən biri isə rəsmi Ankaranın həmin vaxt  Suriyada İŞİD-lə deyil, PKK ilə mübarizə aparması idi. İddialara əsasən, Türkiyənin bu mövqeyindən narazı qalan ABŞ kürd seperatçıları ilə əməkdaşlığa başlamış və qardaş ölkəni Rusiya qarşısında yalnız buraxmışdı.

 

İkincisi, “Bloomberg” bu istəyin ötən həftə Ankaraya gələn ABŞ-ın Suriya üzrə xüsusi mümayəndəsi Ceyms Cefriyə  çatdırdığını yazmışdı. Üzərindən bir həftə keçməsinə baxmayaraq, ABŞ-dan hər hansı cavabın gəlməməsi təklifin qəbul edilmədiyi ehtimalını doğurur.

Görünən budur ki, Türkiyəni İdlibdə çətin bir sınaq gözləyir.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 332          Tarix: 20-02-2020, 22:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma