Xəbər lenti

  

Apardığımız araşdırmalardan aydın olur ki, o, Azərbaycanın Qars Baş Konsulluğu açılanda əvvəl baş konsulun müavini işləyib. Daha sonra Azərbaycanın İstanbuldakı baş konsulun müavinliyinə transfer olunub. Bir müddətdən sonra yenidən əvvəlki işinə - Qarsdakı baş konsul müavini vəzifəsinə gətirilib. İndi isə Baş konsuldur”.

Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyənin “İğdır” qəzetinin yazarı Erhan Hacıkasımoğlu qələmə aldığı “Azərbaycanın Baş konsulu Nuru Quliyev haqqında iddialar!” sərlövhəli məqaləsində yazıb.

(Məqalə ilə bu linkdən tanış ola bilərsiniz:

AZERBAYCAN KARS BAŞKONSOLOSU NURU QULİYEV VE HAKKINDAKİ İDDİALAR!..)

Müəllifin iddiasına görə, Nuru Quliyev diplomatlık vəzifəsinə ilk dəfə Türkiyədə başlayıb və üç dövrdür üst-üstə vəzifə yeri olaraq Türkiyəni seçib, Azərbaycanın müvafiq orqanları da heç bir tərəddüd etmədən onun seçimini təsdiqləyiblər:Diplomatiyada tarixində hansı ölkə bir diplomatı eyni dövlətdə 3 dövr dalbadala təmsilçi edib? Düşünürəm ki, Nuru Quliyev dünyada ilk dəfə bu şansa layiq görülən yeganə şəxsiyyətdir. Türkiyə və Azərbaycan xarici işlər nazirlərindən soruşmalıyıq: Bu əvəzedilməz diplomatın xüsusiyyəti nədir ki, bu şansı qazana bilib?””

 

Müəllifi narahat edən əsas məsələ isə Azərbaycanın Qarsdakı Baş konsulunun adının FETÖ və PKK ilə birgə anılmasıdır. Məsələ burasındadır ki, Nuru Quliyevin ABŞ-da Fəthullah Gülən və dostlarıyla çəkdirdiyi foto gündəmə gəlmiş və bu mövzu hazırda Türkiyə hüquq mühafizə orqanları və Qars məhkəməsi tərəfindən araşdırılır. Araşdırmaya rəvac verən isə elə diplomatın özüdür.

“İğdır” qəzetinin yazdığına görə, Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbeyi şantaj iddiasıyla məhkəməyə verib. İddiaya əsasən, ABŞ-dakı FETÖ terror təşkilatının lideri Fətullah Gülən və FETÖ-nün digər yüksək səlahiyyətliləri ilə çəkilən foto Azərbaycanın rəsmi dairələrinə də ötürülüb. Baş konsulun fikrincə, bu işi təşkil edən ASIMDER prezidenti Göksel Gülbeydir.

 

Saytımızın ASIMDER-ə yaxın qaynaqlardan əldə etdiyi məlumata görə, Nuru Quliyevin bu fotosu həqiqətən də Azərbaycan Prezident Administrasiyasının müvafiq şöbəsinin əlinə keçib. Türkiyə-Azərbaycan qardaşlığına kölgə salacağından ehtiyatlanan Administrasiya dərhal Nuru Quliyevi Bakıya çağırıb və ondan bu fotonun harda və necə çəkilməsiylə maraqlanıb. Himayədarlarının dövriyyəyə girməsiylə canını Prezident Administrasiyasının caynağından qurtara bilən Nuru Quliyev hövlnak Qarsa qayıdıb. İlk işi isə Göksel Gülbeyi məhkəməyə vermək olub.  

Nuru Quliyevin əsas himayədarının Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov olduğu bildirilir. Baş konsulu diplomatik vəzifəyə təyin edən də elə Vasif Talıbovdur. Belə ki, Azərbaycanın yazılmamış qanunlarında Naxçıvan Muxtar Respublikasının bəzi səfirlik və konsulluqlara müavin təyin etmək “hüququ” var. Vasif Talıbov da bu hüququndan istifadə edərək qabiliyyətinə yox, onun idarəetmə ənənələrini başqa ölkələrə daşıya biləcək şəxsləri seçib “diplomatlaşdırır”.

 

Naxçıvan rəhbərinin idarəetmə ənənələrinin ən yaxşı daşıyıcısı isə Nuru müəllimdir. Onun Qarsda Naxçıvanvari iməcliklər təşkil etməsi hətta Türkiyə mediasının da gözündən yayınmayıb. Karsmanşet.com saytının 17 avqust 2016-ci il buraxılışında dərc olunan VASİF TALIBOV’UN BİR GELENEĞİ KARS’A AKTARILDI sərlövhəli yazıda Nuru Quliyevin bu məharəti belə vəsf edilir: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun təşəbbüsü ilə ənənəvi olaraq hər şənbə günü ağac və fidan əkilir, qulluq edilir, təmizlənir və yaşıllaşdırılır. Bu fəaliyyət növü "iməclik" adlanır. Dövlət qurumlarında çalışan məmurlar könüllü olaraq iməcliyə qatılırlar və Ali Məclisin sədri Vasif Talıbov bu işlərdə şəxsən iştirak edir.

Azərbaycan Qarsın baş konsulu Nuru Quliyev bu ənənənin davamı olaraq, şənbə günü Qarsdakı Heydər Əliyev Parkında "iməclik" keçirib”.

 

Bir sözlə, Vasif Talıbovun siyasi idarəetməsinin şinelindən çıxan Nuru Quliyev diplomatik qabiliyyətsizliyini iməcliklərlə ört-basdır etməyə çalışsa da, 3 illik konsulluq fəaliyyətində yol verdiyi ciddi səhvlər indi təkcə onun yox, həm də ölkəmizin əsl baş ağrısına çevrilib. “İməclik diplomatiyası”nda buraxdığı əsas səhvlərindən biri isə kimi gəldi qəbul etməsi və ya dövrün şərtlərinə uyğun olaraq arzulanmayan insanların qəbuluna düşməyə can atmasıdır. Görünür, FETÖ-nün güclü olduğu dövrlərdə o da yüksəlişinin sirrini Fəthullah Gülənlə foto çəkdirməkdə görüb. İndi FETÖ-nün fotosu həm onun özünü məhkəməlik edib, həm də Azərbaycanı sevənlər arasında ölkəmizdən incikliyə yol açıb. Necə deyərlər, “çoxbilmiş qarğa dimdiyindən tora düşüb”.

Erməni yalanlarını çəkinmədən dünyaya car çəkən ASİMDER sədri Göksel Gülbey də onun qəlbini yaraladığı şəxslərdəndir. İncikliyini Göksel bəyin özü də gizlətmir:

 

 “Mən həyatımı ermənilərin əsassız iddialarına qarşı mübarizəyə həsr etmiş bir insanam. Həm ölkəmizdə, həm də dünyanın bir çox ölkələrində ermənilərin əsassız iddialarını ortaya qoyan bir çox işlər görmüşəm. Ermənilər məni ölkəmdə və xaricdə dəfələrlə məhkəmələrə verdilər. Mən və dərnəyimiz təkcə ermənilərin əsassız iddiaları ilə deyil, həm də Azərbaycanın itirilmiş ərazilərini əldə etmək üçün mübarizə aparırıq. Ermənilərin Qarabağ, Xocalı, Füzuli, Ağdam, Şuşa və Qubada törətdikləri qırğınlardan da bəhs edirik. Biz Azərbaycan Prezidentinin qızı Leyla ƏliyevanınXocalıya Ədalət” kampaniyasının aparıcısıyıq. Getdiyimiz hər yerdə, hər bir hərəkətimizdə “Xocalıya ədalət” qışqırırıq. "Qarabağa azadlıq" deyə bağırırıq.

 

Azərbaycana xoş gəlsin deyə, bəziləri qırğınların ildönümləri ilə bağlı mətbuata kiçik açıqlamalar verirkən, bizlər meydanlara enir və "Qarabağa azadlıq, Xocalıya ədalət" deyə-deyə yeri-göyü dağıdırıq. Bu səbəbdən erməni diasporu kimi güclü bir təşkilatı qarşımıza alaraq həyatımızı təhlükəyə atırıq.

Ermənilər məni 4 dəfə məhkəməyə verdilər. Mən bununla fəxr edərək məhkəməyə getdim. Çünki ermənilərin yalan və əsassız iddiaları ilə mübarizə aparıram. Alnı açıq çəkildə mübarizə apardığım üçün onların məni məhkəməyə verdiyini düşünürəm. Çünki ermənilərin maraqlarına toxunuram. Yalanlarını ortaya qoyuram. Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev tərəfindən məhkəməyə verildiyimi biləndə isə şok oldum. Məni məhkəməyə verənin kim olduğunu soruşuram, hakim “Azərbaycanın Qarsdakı baş konsulu”,- deyir. Soruşurlar ki, səni məhkəməyə vermək üçün Azərbaycanın məqsədi nədir? Sıxılıram, cavab verməkdən utanıram”.

 

Göksel Gülbeyin bildirdiyinə görə, Nuru Quliyev onu bir yox, iki iddia ilə məhkəməyə verib. Bunlardan biri sosial mediada yazdıqları, digəri isə guya şəkillə şantaj etməkliyidir. Birincidən artıq bəraət etdiyini bildirən dərnək rəhbəri ikinci məhkəmənin hələ də sürdüyünü və onu da süründürdüyünü deyir.

İddiasına görə, Nuru Quliyevdən narazı qalan təkcə Gülbey də deyil: “Qars, İğdır, Van, Ağrı və Ardahandakı qeyri-hökumət təşkilatlarının rəhbərləri Azərbaycan Qars Baş Konsulu Nuru Quliyevdən şikayətçidirlər. Əvvəlki baş konsul Həsən Sultanoğlu və Ayxan Süleyman ilə çox sıx əməkdaşlıq edirdik. Qarabağın işğalını və Xocalı qətliamını dilə gətirirdik. Bölgədəki bütün QHT-ləri bir araya toplayaraq Qarabağ və Xocalı məsələsini gündəmdə saxlamağa çalışırdıq. Bir çox sahələrdə əməkdaşlığımız var idi. Nuru Quliyevin isə heç bir işinin şahidi olmamışıq.”
 

Acınacaqlıdır ki, baş konsulun qalmaqallı görüşləri təkcə FETÖ ilə də məhdudlaşmır. Onun PKK-ya yaxınlığı ilə bilinən siyasi təşkilat və şəxslərlə də yaxın təmasları var və bu Türkiyə mətbuatında kifayət qədər işıqlandırılıb. Rəsmi sənədlər və video görüntülərlə də təsdiqlənən həmin görüşlər barədə təfsilatlı məlumatlara malikik. İki qardaş dövlətin arasındakı münasibətlərə xələl gətirən “iməclik diplomatiyası”nın qarşısı alınsın deyə, əlimizdəki bütün materialları dərc edəcəyik. Nuru Quliyev və onun himayədarlarına, o cümlədən Xarici İşlər naziri Elmar Məmmədyarova isə zəruri tibbi məsləhətimiz var: Çalışın, validolunuzu yanınızdan əskik etməyəsiniz.

Ovqat.com

P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq




Ana səhifəyə qayıt        Baxış: 4 975          Tarix: 21-02-2020, 03:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma