Kütləvi qırğın silahları bütün dünyada yayıldıqca, bəşəriyyətin hərb anlayışı da dəyişilir. Artıq məğlub tərəfin əlindəki silahlarla qalib tərəfə də ağır zərbələr vurulacağı ehtimalı dövlətlərin yeni müharibə metodları üzərində baş sındırmağa vadar edir, alternativ silahlar meydana çıxır.
Müasir çağımızda ən təsirli alternativ silahlardan biri də “yumşaq güc” deyilən nəsnədir. Bu gücün sayəsində dövlətlər xüsusilə qonşuları ilə yaxın təmaslar qurur, müxtəlif mədəni tədbirlərdən istifadə edərək onun vətəndaşlarının könlünü qazanır, bu da istər-istəməz dövlətlər arasındakı münasibətləri yaxşılaşdırır. Bu gün Türkiyəni strateji ortağımız saymağımızın əsas səbəbi hakimiyyətdəki qüvvələrin Azərbaycana baxışı yox, xalqlarımızın bir-birinə duyduğu sevgi, qardaş kimi qəbul etməsidir.
Sözsüz ki, “yumşaq güc”ümüzün formalaşmasında Azərbaycanın Xarici İşlər Nazirliyinin, ölkələrdəki səfirliklərimizin, diplomatik təmsilçilərimizin də üzərinə böyük məsuliyyətlər düşür. Öz işini yaxşı quran səfirlər, konsullar bu mənada təmsilçiləri olduqları ölkəyə heç bir silahın, ordunun əldə edə bilməyəcəyi uğuru qazandırır. Bacarıqsız və səhlənkar diplomatlar isə dövlətlər arasındakı minillik dostluq əlaqələrini bir anın içində sıradan çıxarır, öz ölkəsinə heç bir xarici düşmənin vura bilməyəcəyi zərbəni endirir. Məhz buna görə də Azərbaycan Xarici İşlər Nazirliyi diplomatları seçərkən onların “Həsənağanın qohumu” olmalarına baxmamalı, kadrların şəxsi qabiliyyətlərini əsas götürməlidir. Nə yazıq ki, Azərbaycanda hər şeydə olduğu kimi, bu məsələyə də barmaqarası baxılır, bir çox hallarda iri məmurların öz ölkəsində baş çıxara bilməyən övladları və ya yaxınları xarici ölkələrə diplomatik görəvə göndərilir.
Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulu Nuru Quliyev bunun ən bariz örnəklərindəndir (Digər örnək isə Ukrayna səfirimizdir ki, bu barədə növbəti yazımızı hazırlayırıq). Təsəvvür edin ki, əhalisinin böyük hissəsinin özünü Azərbaycan türkü sayan və bununla qürur duyan Qars və İğdır şəhərinin bir sıra qeyri-hökumət təşkilatları sırf Nuru Quliyevin diplomatik xidmətləri sayəsində ölkəmizin bu vilayətlərdə keçirdiyi tədbirlərə qatılmamaq qərarı alıblar. Həmin təşkilatlardan birinin bu barədə çıxardıqları qərarı olduğu kimi təqdim edirik:
“KAMUOYUNA DUYURU..
Uluslararası Asılsız Ermeni İddialarıyla Mücadele Derneği ASİMDER Genel Merkezi yöneticileri ve üyeleri Azerbaycan Başkonsolosu Nuru GULİYEV in görevi bitene kadar hiçbir düzenlediği programlara katılmayacaktır. Başkonsolosluğun görev alanı olan 17 ilde de faaliyetlerini geçici olarak askıya almıştır.
ASİMDER Genel Merkezi”
Göksel Gülbey, Erdal Vural, Erhan Gökyar, Erhan Hacıkasımoğlu, Emine Işik Edebali, Nizamettin Uca, Hüseyin Kesemen, Tarkan Alkazak, Atakan Taşkınsu, Atakan Demirci, Erkan Çiğdem, Hikmet Ulaş, Yakup Anuk, Derya Taşkinsu, Pamuk Yılmaz, Şahin Ali, Arslan Naim, Gürel Pasa Karadag, Nihat Alçan, Refik Tekin, Şener Yıldırım, Mehmet Gül, Öztürk Altuntaş, Mehmet Öztürk, Mithat Çatalkaya, Akın Bektaş, Damla Deniz Mehmet Kuşut Nihat Sayım TC, Nihat Sayım, Levent Gürel”.
Qərardan da göründüyü kimi ASİMDER adlı təşkilat açıq şəkildə Nuru Quliyev geri çağrılmayanadək Qarsdakı konsulluğumuzun düzənlədiyi toplantıda iştirak etməyəcəyini bəyanlayıb. Halbuki, ASİMDER bu günə qədər Azərbaycanın bir sıra tədbirlərinə ən aktiv qoşulan, Dağlıq Qarabağ problemini Türkiyədə və dünyanın bir çox ölkələrində qaldıran qeyri-hökumət təşkilatıdır. Azərbaycan diplmatlarının bu cür könüllülərlə iş qurmaq əvəzinə, onları incitməsi, yumşaq desək, erməni dəyirmanına su tökməkdir.
ASİMDER-in Azərbaycan konsulundan inciməsinin isə ağıllara durğunluq gətirəcək bir səbəbi var. Səbəb isə ondan ibarətdir ki, ötən il Nuru Quliyevin Amerikada Fətulla Gülən və adamları ilə çəkdirdiyi iddia olan fotosu yayılmış, baş konsul isə bu işdə ASİMDER rəhbəri Göksel Gülbeydən şübhələnmişdi. Yəqin deyəcəksiniz ki, burda nə var? Hər kəs hər kəsdən şübhələnmək hüququna malikdir və cənab Nuru Quliyevin də bu hüququ əlindən alına bilməz.
Dərd burasındadır ki, Nuru Quliyev şübhələnməməklə də qalmayıb. O, konsulluğun rəsmi blankı üzərində yağlı bir şikayət ərizəsi yazaraq ASİMDER başqanını məhkəməyə verib. Bütün münasibətlər də bundan sonra korlanıb. Nuru Quliyevin konsulluq etdiyi Türkiyənin 17 vilayətindəki bir sıra qeyri-hökumət təşkilatları Göksel Gülbeyi dəstəkləmək üçün bu ayın 15-də toplanıblar və Azərbaycanın bu bölgədəki baş diplomatına etiraz səslərini ucaldıblar. Ovqat.com həmin toplantıdan çəkilmiş video-kadrları əldə edib və dəyərli oxucularımızın, o cümlədən XİN-nin diqqətinə sunur:
Yuxarıda təqdim etdiyimiz videoda danışan ASİMDER Baş ofisinin Nəzarət Təftiş Komissiyasının sədri Qurban Oluzdur. Natiq öz çıxışında Göksel Gülbeyin Azərbaycan üçün gördüyü işlərdən, məhz buna görə də ermənilərin qəzəbinə gəlməsindən və rəsmi Bakının bunu qiymətləndirmək yerinə, Gülbeyi məhkəmə verməsindən danışır.
Prinsipcə, haqsız da deyil. Nuru Quliyev Qarsda adi vətəndaş kimi gəzib-dolaşmır. O, bir konsul kimi Azərbaycan prezidentinin rəsmi nümayəndəsidir. Üstəlik, Nuru Quliyevin öz şikayət ərizəsini konsulluğun rəsmi blankında yazaraq məhkəməyə təqdim etməsi Türkiyədə Gülbeyin Azərbaycan dövləti adından şikayət edildiyi təsəvvürünə yol açıb. Nədən ki, diplomatik korpusun nümayəndələrinin öz şəxsi kimlikləri olmur. Onlar diplomat etibarnaməsi aldıqları gündən dövlətin rəsmi təmsilçisi sayılırlar. Keçirdikləri görüşlər, dedikləri sözlər, rəsmi yazışmaları da dövlət adından ifadə edilən rəsmi mövqedir. Üstəlik, bu mövqe rəsmi blanklarla ifadə olunursa və dövlət qurumlarından birinə göndərilirsə, birbaşa dövlət başçısının mövqeyi kimi qəbul edilir. “İməclik diplomatiyası” ilə ad çıxaran Nuru Quliyevin buraxdığı səhvləri ört-basdır etmək üçün Baş konsulluğun rəsmi sənədlərinin arxasında gizlənməsi istər-istəməz bu təsəvvürü yaratmalı idi və yaradıb da.
Qars və İğdır “sosial toplumçu”larını ən çox narahat edən də məhz bu sualdır: Əcəba, Nuru Quliyev həmin rəsmi blankı imzalayarkən, bundan Azərbaycan rəhbərliyinin xəbəri var idimi? Yox idisə, Nuru Quliyev niyə öz səlahiyyət həddini aşıb və Azərbaycan XİN indiyədək bu skandala nə üçün aydınlıq gətirmir? Bu da azmış kimi, ötən il səlahiyyət müddəti bitən bu “iməclik diplomatı”nın konsulluq fəaliyyəti niyə uzadılıb?
Türkiyənin Azərbaycan sevdalısı olan bir neçə qeyri-hökumət təşkilatlarının fevralın 15-də keçirdikləri toplantıda ASİMDER-in dərdini başqa qeyri-hökumət təşkilatları da bölüşməyə çalışıblar. Qonaq arasında Narkotiklərlə Mübarizə Dərnəyi İdarə Heyətinin üzvü Orhan Çelik, İğdır Sənaye Birliyi və Həmrəylik Dərnəyi sədri Atakan Taşkınsu, İğdırda yaşayan Qars Kağızmanlılar platformasının rəhbəri Cafer Kişi, İğdır avtoqaleriyaçılar və avtomobilçilər dərnəyinin rəhbəri Mehmet Kuşut, İğdır Jurnalistlər Birliyinin sədr müavini Erhan Hacıkasımoğlu, Təhsil işçiləri Həmkarlar İttifaqının sədri Naim Gürel də iştirak edib və Nuru Qulyevin bu hərəkətini qınayıblar. Toplantıya Azərbaycandan telejurnalist Mehriban Hüseynova da qatılıb və Göksel Gülbeyi dəstəkləyib.
Türkiyə mediası da Nuru Quliyevin bu skandal şikayətini xeyli müzakirəyə edib. İğdırda dərc olunan bir sıra qəzetlər qalmaqalı manşetlərinə daşıdığı kimi, rayonun ən populyar radiosu IĞDIR-RADİO da 12 dəqiqəsini Azərbaycanın baş konsuluna həsr edib.
Maraqlıdır ki, Azərbaycan mediası da bu məsələyə laqeyd qalmayıb. Saytımız Nuru Quliyevin bu qalmaqallı addımını gündəmə gətirəndən sonra bəzi dost mətbu orqanlar da baş konsulumuzun əsrarəngiz qabiliyyətindən bəhs edib və onu Azərbaycanın ən böyük diplomatı adlandırıb. Doğrusu, biz də bu təqdimatla razıyıq. Nuru Quliyev həqiqətən də böyük diplomatdır. O, diplomatiya peşəsinə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talibovun iməclik ənənəsini gətirən şəxsiyyət kimi tarixə düşəcək. “İməclik diplomatiyası” isə o deməkdir ki, bir ölkənin ən yüksək rəsmi təmsilçisi bir başqa ölkənin parkında ağac əkir, küçələrini süpürür. Özü ilə yanaşı bütün diplomatik korpusun nümayəndələrini bu işə vadar edir.
Nuru Quliyevin bu diplomatik fəaliyyəti barədə Türkiyə qəzetlərində oxuyanda böyük türk mütəfəkkiri və şairi Cəlaləddin Mövlana Rumi barədə nəql edilən bir mənkubəni xatırladım. Bildirilir ki, Mövlana Rumi nəfsiylə mübarizə aparmaq üçün bir gün Konyada ümumi ayaqyolunu təmizləyirmiş. Birdən şeytan onun nəfsi qismində peyda olub Mövlananın qulağına pıçıldayır:
-Cənab Mövlana, siz təfəkkür sahəsində ən böyük nəhənglərdənsiniz. Sizə ayaqyolu yumaq yaraşmaz.
Mövlana öz nəfsinə belə cavab verir:
-Nəfsim, ona görə hər kəsin gözü qarşısında ayaqyolunu yuyuram ki, özündənmüştəbehliyə qapılmayam. Sən əgər dərhal mənim qəlbimi tərk etməsən, əlimdəki parçanı atıb ayaqyolunu saqqalımla yuyacağam.
Doğrusu, Azərbaycanın baş konsulunun Qars küçələrində ağac əkərkən nəfsinin ona nə pıçıldadığını bilmək bizim üçün də maraqlı olardı. Ümidvarıq ki, növbəti yazısında cənab diplomat bu müəmmaya da aydınlıq gətirəcək. Aydınlıq gətirməsə belə, onun Mövlana dühasında bir diplomat olduğu Qarsın küçələrində əkdiyi ağaclardan bəllidir.
(Araşdırmamız davam edir və əsl həngamə qarşıdadır)
Heydər Oğuz
Ovqat.com
P.S. Aldığımız ən son məlumata görə, bu ayın 21-də Azərbaycanın Qarsdakı Baş Konsulluğu İğdırda Xocalı soyqırımı ilə əlaqədar toplantı düzənləmiş, bu şəhərdəki qeyri-hökumət təşkilatları toplantıya qatılmamışdır. Salon boş görünməsin deyə İğdır valisi Nuru Quliyevin köməyinə gəlmiş və 450 nəfərlik zal məktəb şagirdləriylə doldurulmuşdur.
Paylaş: