Azərbaycanın Qarsdakı Baş konsulu barədə yazdığımız məlumatlar onun bərk qəzəbinə səbəb olub.
Ovqat.com-un əldə etdiyi dəqiq məlumata görə, dünən konsulluq işçilərindən birinə nəyin bahasına olursa olsun, saytımızla əlaqə saxlayıb, bizim susdurulmağımızı istəyən Baş konsul Nuru Quliyevin bu cəhdləri baş tutmayınca alternativ variantlar axtarıb.
Saytımıza haker hücumu təşkil etmək üçün Türkiyədə bəzi adamlarla görüşən Baş konsula başa salıblar ki, müasir çağımızda bu, təkcə informasiya azadlığının məhdudlaşdırılması deyil, həm də kiber-savaş hesab olunur. Bu kiberhücumun Azərbaycanın baş konsulu tərəfindən sifariş verilməsinin anlaşılması isə daha böyük skandaldır və Nuru müəllimin özü üçün də ciddi sürprizlərlə nəticələnə bilər.
Sonunda hər yerdən əli üzülən cənab Nuru Quliyev Ovqat.com-u məhkəməyə vermək qərarına gəlib.
Nə deyirik, biz hazır. Zatən qələmə aldığımız hər kəlmənin arxasında paylaşdığımız və müxtəlif səbəblərdən paylaşmadığımız ciddi sənədlər dayanır. Azərbaycan məhkəmələri nə qədər ağı qaradan ayırmaq problemi yaşasa da, hesab edirik ki, əlimizdəki şübhə doğurmaz sənədlər qarşısında obyektiv qərar verməli olacaq.
Bu arada cənab Nuru müəllimə zəruri bir xatırlatmamız var: Nəbadə, bizi də Baş konsulluğun blankına yazılmış şikayət ərizəsi ilə məhkəməyə verəsiniz. Siz prezidentin təmsilçisiniz və bu hərəkətiniz bir jurnalistə qarşı dövlət tərəfindən edilmiş repressiya kimi qəbul oluna və beynəlxalq təşkilatların sərt reaksiyasına yol aça bilər. Azərbaycanın adını bir də Qərb qurumlarında beş-paralıq etməklə qaş düzəltdiyiniz yerdə göz çıxararsınız.
Necə deyərlər, bizdən deməsi, gerisini özünüz bilirsiniz.
Paylaş: