Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Dünən Misirdə iki kilsə partladıldı. Terror hadisəsinin məsuliyyətini İŞİD öz boynuna götürdü. Misirin ən güclü islami cərəyanlarından olan “Müsəlman qardaşları” isə bu hadisəni pislədi.
Ölkə rəhbərliyinin də baş verənlərə laqeyd qalmayacağı anlaşılır. Misirdən gələn xəbərlərə görə, artıq ölkədə 3 ay boyunca hərbi vəziyyət elan edilib. Böyük ehtimalla, vətəndaş qarşıdurması bəhanə edilərək, 3 aydan sonra da hərbi vəziyyətin müddəti uzadılacaq.
Əslində qiptilərə qarşı Misirdə bu cür terror aktının törədilməsi yeni hadisə də deyil. 2010-cu ildən başlayaraq, ölkədə tez-tez bənzər gərginliklər yaşanır, kilsələr partladılır, insanlar ölür. Məlumata görə, son 7 il ərzində Misirdə, nə az nə çox, düz 33 dəfə kilsə partladılıb. Hücumların ən çox yaşandığı dövr isə Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsilə yaranan avtoritar boşluq zamanlarına düşür.
Kilsələrə qarşı törədilən terror hadisələrində hədəf seçilən əsas sosial qrup isə, təbii ki, qibtilərdir.
Bəs, görəsən, xristian qiptilərlə dindar müsəlmanları üz-üzə gətirən nədir? Ümumiyyətlə, qiptilər kimdir və Misirdə niyə sevilmirlər?
Qiptilər yerli Misir xalqıdır. Qədim dünyanın ən böyük mədəniyyətini yaradan Misirin əsl sahibləri onlar idi. İndisə nə dilləri var, nə də suveren hüquqları. Prinsipcə, heç adları da yoxdur. Hazırda tanındıqları ad belə milli mənsubiyyətlərini deyil, coğrafi özəlliklərini göstərir. Necə ki, biz də bu gün azərbaycanlı adıyla tanınırıq.
Qipti sözünün etimologiyasına nəzər salsaq, onun yunanca “Aigaiou huptiōs” (Aἰγαίου ὑπτίως) sözündən əmələ gəldiyini görə bilərik. “Aigaiou huptiōs”- “aşağı Egey”, yaxud “Egey dənizinin aşağısı” deməkdir. Bütün insanlar kimi, yunanlılar da dünyaya öz nöqteyi-nəzərindən baxdıqlarından, Egey dənizini keçərək, Misirə getdikləri üçün bu ərazilərdə yaşayanları o cür adlandırıblar.
Bu gün Qərb dünyası da Misiri məhz həmin adıyla tanıyır. Misirin Qərb ölkələrindəki adının “Egypt” olması da bundan qaynaqlanır. Dolayısıyla, hazırda etnik azlıq olmalarına və hakimiyyətdən uzaq tutulmalarına baxmayaraq, yaşadıqları ölkəyə öz adlarını verən qiptilərin birdən-birə hakim xalqdan əzilən etnik azlığa çevrilməsi isə səbəbsiz deyil. Bunun ən başlıca səbəblərindən biri qədim misirlilərin böyük mədəniyyət yarada bilmələrinə rəğmən, özgələrini, eynilə bizim kimi, həddindən ziyadə xoş görmələri, rahatlıqla yad mədəniyyəti mənimsəmələri, xarici dəyərlərə asan adeptasiya və hətta assimilyasiya prosesi keçirmələridir. Başqa təbirlə desək, qiptilər də öz dövrlərinin multikulturalist xalqı idi.
Qiptilərin tarixin yaddaşında qalan ilk xarici təsirlərə uyğunlaşmaq təcrübələri Makedoniyalı İsgəndərin bu ölkəni işğalından sonra başlayır. O dövrdən sonra uzun müddət yunan mədəniyyətinin əsarətində qalan qədim misirlilər həm də xristianlığı ilk qəbul edən millətlərdən olublar. Təbii ki, "multikulturialistlik"lərinin sayəsində.
Dünən partladılan İsgəndəriyyə kilisəsi də xristianlıq tarixinin ən qədim məbədgahlarından sayılır. İsa peyğəmbərin həvvarilərindən olduğu sanılan əziz Markosun bizim eranın 46-cı ilində İsgəndəriyyəyə gətirdiyi xristianlıq uzun illər yunanlar tərəfindən xoş görülməmiş, aşağı sinifin dini olduğu üçün qibtilər arasında yayılmasına da əngəl olunmamışdır. Daha sonra yunanlar xristianlığı qəbul etdiklərində isə qibtilərin xristianlığı bəyənilməmişdir. Bəhanə üçün isə çox sadə bir səbəb göstərilmişdir-qibtilər niyə İsa peyğəmbərin anadan müqəddəs doğulduğunu, öldürülərkən də müqəddəsliyini itirmədiyinə inanırlar?
Qeyd edək ki, qipti xristianlığı ilə ortodoks xristianlığı arasındakı fərq birincilərin monofizit, ikincilərin isə diofizit inanışına sahib olmalarıdır. Qiptilərin inandığı monofizit inancına görə, İsa peyğəmbər anadan Allah kimi doğulub, Allah kimi yaşayıb, öldürüləndə də elə Allah idi. Bu məntiqlə, Məryəm də "Allahın anası" olurdu.
Monofiziti inkar edən diofizitlər isə İsa peyğəmbərin insan kimi doğulduğunu, peyğəmbərlik veriləndən sonra Allahlaşdığını, çarmıxa çəkilərkən, yenidən insanlaşdığını düşünürlər və məhz bu inanc fərqinə görə də qibtiləri dindən çıxmış sayırdılar.
Dini inancdakı bu incə nüans qibtilərin başına gələn bütün bəlaların da başlanğıcı olub. Onlar xristian mühitindən təcrid edildiyindən Misirin müsəlmanların işğalına uğramasına öz dindaşları tərəfindən göz yumulub. Bir çox hallarda xristianlardan gördükləri təzyiqlər qibtilərin müsəlmanlara sığınmasına belə yol açıb.
İslam tarixinə görə, Məhəmməd peyğəmbərin dinə dəvət üçün məktub göndərdiyi dövlətlərdən biri də o dövrün Misir krallığı olub. Digər dövlət adamlarından fərqli olaraq, həmin Misir kralı Məhəmməd peyğəmbərin məktubunu xüsusi hörmət və izzətlə qəbul edib, hətta belə bir peyğəmbərin gələcəyini gözlədiyini də etiraf edib, amma müsəlmanlığa keçmək üçün zaman istəyib. Yəni yenə də yarımçıq olsa belə, multikultiralizm nümayiş etdirib.
Daha sonra islamın ilk fəth etdiyi yerlərdən biri də elə Misir olub. 642-ci ildə İsgəndəriyyənin fəthi ilə başlayan Misir işğalı nəticəsində getdikcə bu coğrafiyada qiptilər azalıb, müsəlmanlar çoxalıb. Qiptilər İslam hakimiyyəti dövründə ağır cizyələr və xəraclar ödəyərək, varlıqlarını davam etdiriblər. Bu da bir çoxlarının ərəbləşməsinə səbəb olub.
Osmanlı arxivlərinə nəzər salsaq, 1335-48-ci illərdə 4 milyon əhalisi olan Misirdə cizyə ödəyənlərin sayı 30 min idi. 17-19-cu əsrlərdə bu nisbət qiptilərin xeyrinə azacıq dəyişsə də, yenə azlıqda idilər-3 milyon əhaliyə qarşı 150 min. 1907-ci ilin rəsmi statistikasına görə isə Misirdə 11 milyon əhali yaşayırdı, onun 700 mini qipti idi. 1976-ci ildə qiptilərin sayında ciddi artım olur. Hardasa, 2.5 milyon. Misir əhalisi isə o vaxt 36 milyon idi.
Qiptilərin 20-ci əsrin ilk yarısındakı bu artımı səbəbsiz deyildi. Misirin Osmanlı imperiyasından ayrılmasında və müstəqillik elan etməsində qiptilərin böyük rolları vardı. O dövrün Qərb mədəniyyətinə daha tez adaptasiya olan (bu, qiptilərin multikulturalist xarakterindən irəli gəlirdi və onlar, müsəlmanlardan fərli olaraq, xristian Avropanın mədəniyyətinə “kafir icadı” kimi baxmırdılar) qiptilər qəzet və jurnallar çıxararaq, Misirin milli-azadlıq mübarizəsinin ideya daşıyıcısına çevrilmişdilər. Təsadüfi deyil ki, 1882-ci ildə Misir ingilis hegemoniyasına keçdikdən sonra qiptilər uzun əsrlər boyu ilk dəfə ölkə idarəçiliyində yer almağa başlayırlar. 1922-ci ilə qədər davam edən ingilis mandaçılığı dövründə qiptilər hətta iki dəfə ölkənin baş naziri postunda əyləşə bilirlər. Bunlardan biri Butros Qalli (BMT-nin sabiq eyni adlı baş katibinin babası) 1908-ci ildə, digəri Yusif Vəhbi Paşa isə 1919-1920-ci illərdə bu vəzifəyə layiq görülürlər.
1922-ci ildə Misir müstəqilliyini elan edib Əhməd Fuad Paşa rəhbərliyi altında krallığını qurandan sonra qiptilərin hegemonluğu da zəifləyir. Buna baxmayaraq, intellektual imkanları və xarici dəstəkləri sayəsində yenə də Misir cəmiyyətindəki yerlərini tam itirmirlər. Qiptilərin yeni dövrdə növbəti çətinlikləri 1952-ci ildən sonralara təsadüf edir. Həmin il Misir Ərəb Respublikası qurulduqdan sonra, xüsusilə radikal ərəb millətçisi Camal Əbdülnasir dövründə qiptilər bir çox sahələrdən sıxışdırılıb uzaqlaşdırılırlar. Əbdülnasirin öldürülməsindən sonra hakimiyyətə gələn Ənvər Sədatın dövründə bu basqılar daha da güclənir. Qibtilər bir də Hüsnü Mübarəkin zamanında rahat nəfəs ala bilirlər. Hüsnü Mübarək onlara müəyyən siyasi azadlıqlar verməklə yanaşı, həm də nəvə Butros Qallinin BMT-nin baş katibi seçilməsində əvəzsiz rol oynayır.
Ərəb baharının yaşanmağa başlandığı 2010-cu illərdən sonra qiptilər öz tarixlərinin ən ağır dövrünü yaşayırlar. Yuxarıda da qeyd etdiyimiz kimi, son 7 ildə 33 dəfə kilsələri partladılıb. Hər an terrora məruz qalmaq təhlükəsi bir çox qiptinin ölkəni tərk etməsinə səbəb olub. Ərəb baharından sonra 200 min qiptinin mühacirətə yollandığı təxmin edilir. Ümumiyyətlə isə dünyada ən azı 20 milyon qiptinin yaşadığı bildirilir, onların böyük qismi isə Misirdən kənarda məskunlaşıblar. Deməli, həm də mühacirət etmək məcburiyyətində qalıblar.
Bir sözlə, qiptilər bir vaxtlar özlərini Allah sayan fironların qoynundan çıxdığı toplumdur. Əslində onların indiki mağmun günə qalmasında da bu fironların yaratdığı istibdad rejiminin də mühüm rolu var. Məhz fironların öz ölkələrində yaydığı məzlumluğun sayəsində qiptilər qibtəedilməz tale ilə üzləşiblər.
Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar