ABŞ Hərbi Dəniz Qüvvələrinin polkovnik-leytenantı rütbəsinə layiq görülən həmyerlimiz Nəimi Əmiral (John Naimi Amiral) barədə maraqlı informasiya almışıq.
Ovqat.com-un məlumatına görə, Nəimi Əmiral ADP-nin Gənclər Təşkilatının sədri olub.
Bildirilir ki, əslən Nehrəmdən olan Nəimi Əmiralın Azərbaycandakı familyası Əmirəliyev imiş. O, əvvəl YAP-ın Gənclər Təşkilatında fəaliyyət göstərib. İqtidarın Gənclər Təşkilatı yeni nəslin bütün mütərəqqi təşəbbüs və təkliflərinə qapalı olduğu və bu cür təkliflə çıxış edənlər ağır təzyiqlərə məruz qaldığı üçün Nəimi 1990-cı illərin sonlarında ADP-yə keçməyə qərar verir. ADP-də onun bu təşəbbüsü alqışla qarşılanır və Nəimi Gənclər Təşkilatının İdarə Heyətinə gətirilir. Qısa müddətdə öz istedadı, savadı və aktivliyi ilə parıldamağı bacaran gənc siyasətçi təşkilatın liderlərindən birinə çevrilir. ADP-ni bir çox beynəlxalq tədbirlərdə və görüşlərdə təmsil edir.
Nəimi Əmiralın bu fəallığı keçmiş partiyası YAP tərəfindən qəzəblə qarşılanır və onun qara günləri başlayır. Ailəsinə, qohum əqrabasına təzyiqlərin ardı-arası kəsilmir. Dəfələrlə ölümlə hədələnir. Sonunda boğaza yığışan Nəimi Azərbaycanı tərk etməyə qərar verir. Bu fikrini partiyanın o dövrdəki Baş katibi Sərdar Cəlaloğlu ilə bölüşür. Sərdar bəy partiyanın gənc üzvünün çarəsizliyini nəzərə alıb ABŞ-ın Azərbaycandakı səfirliyi ilə təmasa keçir və Nəiminin okeanın o tayına göndərilməsi ilə bağlı razılıq əldə olunur.
Nəimi ABŞ-a getdikdən sonra dünyanın ən məşhur universitetlərində siyasi əlaqələr, biznes və maliyyə ixtisasları üzrə təhsil alır. Daha sonra Vaşinqton Milli Müdafiə Universitetinə daxil olur və bu universiteti əla qiymətlərlə bitirir. Peşəkar hərbçi diplomu alan Nəiminin ABŞ ordusunda yüksəlişi başlayır. O, əvvəlcə Əfqanistanda hərbi xidmət göstərir, qazandığı uğurla Pentaqonda yüksək vəzifələrə gətirilir. Ötən il ABŞ-ın Hərbi Dəniz Qüvvələrində polkovnik-leytenant rütbəsinə layiq görülən “John” ləqəbli həmyerlimiz Nəimi Əmiral daha sonra ABŞ Müdafiə Departamentinin F-35 Beşinci Nəsil Döyüş Təyyarələri Baş Ofisində Türkiyə Proqramı Meneceri təyin edilir.
Azərbaycan əsilli komandir bu yaxınlarda Türkiyə Müdafiə naziri general Hulusu Akar və Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının Amerikaya səfəri zamanı onları qarşılayan və danışıqlar aparan şəxs kimi də yadda qalıb.
ABŞ-ın regionumuzda ən səlahiyyətli hərbçilərindən bir kimi tanınan Nəiminin ADP-nin Gənclər Təşkilatının yetirməsi olduğunu Sərdar Cəlaloğlu da təsdiqləyib. ADP liderinin saytımızın sualını cavablandırarkən bildirib ki, Nəimi çox vətənpərvər və ağıllı gəncdi: “Təəssüf ki, bizim bu cür yüksək intellektual səviyyəli gənclərimizin qədrini bilmirik. Onlar da bizdən qaçıb xarici ölkələrə sığınırlar. Buna siyasi ədəbiyyatda “beyin köçü” deyirlər. ABŞ, Avropa ölkələri, Rusiya və s. dövlətlər bizim kimi coğrafiyaların beynindən öz inkişafları üçün istifadə edir. Biz isə onları öz ölkəmizdə məhv edirik. Mənim yadıma gəlir, ADP-nin demokratik tələblərlə keçirilən mitinqlərində polislər dubinka ilə Nəiminin başına-başına döyürdülər. Məqsədlər onun və digər gənclərin beyinlərini sıradan çıxarmaq idi. İndi həmin Nəimi öz beyniylə dünyanın super gücünün havadan müqafiə sisteminə rəhbərlik edən nadir hərbçilərdəndir".
Ovqat.com
Paylaş: