Koronavirus durmadan dünyaya yayılır. Artıq bu virusun daşıyıcılarının sayı 198 minə çatıb. Onun aldığı can da minlərlədir: ən azı 7 min 948 nəfər. Onminlərlə insan isə Korona Canavarı ilə ölüm-dirim savaşındadır.
Fəqət bütün bunlar zahiri görüntülərdir və rəsmən təsdiq olunanlardır. Rəsmən gizlədilənlər isə qat-qat daha çoxdur. Korona Əzrailinin bir də gizli təhlükəsi var.
Ovqat.com ABŞ-in ünlü dərgilərdən olan “Science Magazine”-in araşdırmasına istinadən xəbər verir ki, tibb mütəxəssisləri virus daşıyıcılarının əsasən “sağlam adam”lar olduğunu müəyyənləşdirib.
Məlumata görə, virusa yaxalanan 7 nəfərdən yalnız 1-də bu xəstəliyin açıq simptomları görünür. Digər 6 nəfər isə ümumiyyətlə xəstələndiyinin belə fərqinə vara bilmirlər.
Tədqiqatçılar aşkarlayıblar ki, xəstəliyi bu günə qədər təsdiqlənmiş insanların üçdə ikisini "gizli virus" daşıyıcıları yoluxdurublar. Zira koronavirusa yoluxanların 86 faizi aşkarlanmadan cəmiyyətdə dolaşır: "Epidemiyanın sürətlə yayılmasına səbəbi də bu qeydə alınmamış infeksiya daşıyıcılarıdır. Bu gizli daşıyıcıların bir çoxunda heç bir ağır və ya yüngül simptom ortaya çıxmır. Onlar sadəcə üşütdüklərini zənn edirlər”.
Tədqiqatçıların bu təsbitləri bir çox ölkələrdə niyə karantin tədbirləri alındığının əsl səbəbinə də aydınlıq gətirir. Məsələ burasındadır ki, gizli virus daşıyıcıları hər yerdədir və özləri də bilmədən yoluxdurmağa həssas orqanizm axtarırlar. Belə vəziyyətdə ən optimal yol hər kəsin – həm virus daşıyıcılarının, həm də onların potensial qurbanlarının evdə oturub cəmiyyət arasına çıxmamasıdır.
Koronavirusun ən çox və ən az yoluxduğu qan qrupları da məlum olub.
Məlumata görə, ABŞ alimləri bununla bağlı araşdırma aparıb.
Koronavirusa yoluxmuş 18-45 yaş arası 2713 nəfər haqqında məlumatlar təhlil edilib.
Bundan əlavə, virusun mərkəzi olan Uhan və Şenzen şəhərindəki üç xəstəxanada koronavirusdan ölən 206 nəfərin cəsədi və virusa yoluxmuş 775 insan müayinə edilib. Tədqiqata həmçinin yoluxmamış, lakin risk altında olan 3964 Uhan sakini daxil edilib.
Müəyyən edilib ki, koronavirusa ən çox – 37,75 % “B” (III) qan qrupu olanlar yoluxur. Ən az yoluxan şəxslər isə 25,80% olmaqla qan qrupu “A” (II) olanlardır.
Digər bir məlumata görə isə, COVID-19 xəstəliyinə səbəb olan koronavirus ventilyasiyalı qapalı məkanda azı 30 dəqiqə qala və 4,5 metrə qədər hərəkət edə bilər. Bu isə dünyanın səhiyyə orqanlarının tövsiyə etdiyi “təhlükəsiz məsafə”dən (2 metrə qədər) çoxdur.
Alimlər, həmçinin koronavirusun öskürək və ya asqıraq zamanı tənəffüs yollarından çıxan damcıların düşdüyü səthdə bir neçə gün qala biləcəyini müəyyən ediblər. İnfeksiyanın xarici mühitdə nə qədər qalması isə tempraturdan və materialın növündən asılıdır. Məsələn, 37 dərəcə istilikdə və şüşə, parça, metal, plastik maddə, yaxud kağız səthində virus iki-üç gün aktiv qala bilir.
Paylaş: