Xəbər lenti

 

Operativ Qərargah Türkiyədə təhsil alan tələbələrin saytımız vasitəsilə dövlət orqanlarına etdikləri müraciətə cavab verib.

Ovqat.com-un məlumatına görə, cavab tələbələrin ümidlərini qıracaq qədər neqativdir.

Operativ Qərargahın fikrincə, xaricdə oxuyan tələbələr öz keyfləri ilə hərəkət edib əcnəbi ölkələrdə təhsil alırmışlar və buna görə də koronavirus təhlükəsi ilə üz-üzə qalmaları onların fərdi məsələsidir. Dövlət yalnız öz iri və xırda məmurlarını təxliyə etməklə yükümlüdür və bu yükümlüyünü həyata keçirəcək. Tələbələr isə öz başlarının çarəsinə baxmalıdırlar. Çünki Azərbaycanın karantin üçün nəzərdə tutduğu tədbirlər planı məhduddur və 10 minlərlə vətəndaşımız xarici dövlətlərin ümidinə və insafına buraxılmalıdır. Dövlətin vətəndaş qarşısındakı məsuliyyətlərindən birinin yaşamaq və sağlamlıq hüququnu  qorumaq olduğunu rəsmilərimizin yadına salaraq, bəyanatın bu məntiqilə razılaşmadığımızı ifadə edirik.

Açıqlamanın davamında Operativ Qərargah guya xeyirxahlıq nümayiş etdirərək vətəndaşın sağlamlıq və yaşamaq hüququnu qorumasında məsuliyyət daşımasa(?!) belə,  onların təxliyəsinin məhdud ölçüdə sürdürüləcəyi bildirilir. Qeyd olunur ki, növbəti təxliyələr zamanı azzyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük veriləcək. Başqa sözlə desək, anadan erkək doğulanlar isə öz şanssızlıqlarından küssünlər.

Açığı, Azərbaycan hakimiyyətinin gənc tələbələr arasında cinsi ayrıseçkilik salmasını həzm etmək mümkün deyil. Xaricdə təhsil alan tələbələrdən bəziləri 18  yaşını belə tamamlamış uşaqlardır. Uşağın isə erkəyi-dişisi olmur və onların hər biri hansısa ananın balalarıdır. Dolayısıyla qürbətdə Allahın ümidinə buraxılacaq həmin gənclər “erkək” olsalar belə, bir ananın ürəyinin parçalarıdır. Və dövlət təxliyəsini nəzərdə tutduğu xanımlar qədər bu gənclərin analarını da düşünməlidir.

Üstəlik, bu tələbələr Operativ Qərargahın vurğuladığı kimi, öz xoşlarına xaricdə təhsil almağa  getməyiblər. Ədalət partiyasının sədri İlyas İsmayılovun bu gün saytımıza verdiyi açıqlamasında qeyd etdiyi kimi, Azərbaycanın gələcəyi olan bu gənclər yeni texnologiyaların cəmiyyətimizə gətirib sinerji yaratmaq məqsədilə xaricdə təhsil alırlar və bu da dövlətin bir nömrəli prioriteti olmamalıdır.

O başqa məsələdir ki, bəzi fors-major halları heç vaxt istisna olunmur və dövlətimiz bu gün faktiki olaraq bu durumla qarşı-qarşıya qalıb. Fikrimizcə, tələbələrə də məhz bu həqiqət deyilməli, yaranan çətinlik izah olunmalıdır.

Digər tərəfdən, həmin gənclər mütləq dövlətin hesabına Bakıya qayıdaq da demirlər. Yeri gələndə təyyarənin biletini almağa da hazırdırlar. Amma təyyarəni təşkil etmək, xarici uçuşlara izn almaq kimi məsələlər, sözsüz ki, o uşaqların bacara biləcəkləri iş deyil. Dövlət məhz bu işi təşkil edə bildiyi üçün dövlət adlanır. Yoxsa “Dünyanın əksər ölkələri, o cümlədən Qərbi Avropa dövlətlərində ... təhsil almağa qərar verən vətəndaşların ölkəyə geri qayıtması fərdi məsuliyyət hesab olunur” kimi cümlələr dövlətin bir nömrəli strateji öncəliklərindən boyun qaçırmaq kimi dərk edilə bilər və vətəndaşlarımızı bizdən incik salar.

Operativ Qərargahın məlum hadisə ilə bağlı yaydığı bəyanatında, yəqin ki işlərin çoxluğundan yaranan yorğunluq və əsəb gərginliyi səbəbindən məqsəddən yayınıldığını düşünür və bunu xüsusilə qeyd edərək materialı olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:

  

Qlobal xarakter daşıyan koronovirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşların əksəriyyəti dayandırılmış, dövlətlərarası sərhədlərbağlanmış, ölkələr xüsusi karantin və fövqəladə vəziyyət rejiminə keçmişlər.

Nəticə etibarilə, dünya boyunca yüz minlərlə sərnişin müxtəlif ölkələrdə qalmalı olmuşdur.

Bir çox dövlətlərin hava və quru məkanını bağlaması uçuşlar üçün icazələrin alınmasını çətinləşdirmişdir.

Dünyanın əksər ölkələri, o cümlədən Qərbi Avropa dövlətlərinin təcrübəsində dövlət tərəfindən ezamiyyətə göndərilməyən, xəbərdarlığa baxmayaraq şəxsi əsasda səfər edən və digər ölkədə yaşamağa və ya təhsil almağa qərar verən vətəndaşların ölkəyə geri qayıtması fərdi məsuliyyət hesab olunur və şəxsi vəsait hesabına həyata keçirilir.

Azərbaycan Respublikası tərəfindən öz vətəndaşlarına qayğı prinsipindən çıxış edilərək İran, İtaliya, Türkiyə, Macarıstan, Belarus, Rusiya və başqa ölkələrdə olan 10.000-nə yaxın Azərbaycan vətəndaşının dövlət hesabına AZAL-ın xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunmuşdur.

COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün ölkəyə gətirilən vətəndaşlar tibbi müayinədən keçirilir və dövlət hesabına 14-21 günlük xüsusi karantin rejimində yerləşdirilirlər.

Bütün bu tədbirlərə baxmayaraq, hal-hazırda Azərbaycanda 61 aktiv koronavirus xəstəsi vardır. Bu günə qədər COVİD-19 virusuna yoluxma halları sırasında xarici ölkələrdən gələn vətəndaşlar üstünlük təşkil edir. Artıq Azərbaycan ərazisində ölkə daxilində də yayılma halları aşkarlanmışdır.

Xarici ölkələrdə olan çoxsaylı məsuliyyətli vətəndaşlarımız tərəfindən qlobal xarakter daşıyan bu çətin şəraitdə nümayiş etdirilən təmkin, anlaşıqlıq və dövlətə göstərilən dəstək ən yüksək təqdirə layiqdir.

Onlar tərəfindən dövlət tərəfindən görülən işlərə, o cümlədən özlərini yoluxma riskinə qoyaraq peşə borclarını layiqincə yerinə yetirən tibb işçiləri, pilotlar, təyyarə bələdçiləri, diplomatlar, polislər və digər dövlət qulluqçularının əməyinə verilən yüksək qiymət qürur hissi doğuran haldır.

Amma bununla belə, azsaylı bəzi şəxslərin, ehtiyacı olmadığı halda, təxliyədən sui-istifadə etmələri, təxliyə üçün təyyarə göndərilən zaman geri qayıtmaqdan imtina etmələri və sonradan təxliyə olunmaq üçün “xüsusi” təyyarə göndərilməsi iddiası ilə çıxış etmələri, xarici ölkələrdə COVİD-19 virusuna yoluxmuş şəxslərlə təmasları gizlətmələri, bu barədə yanlış məlumat vermələri və dövlət qurumlarının öz qanuni fəaliyyətini həyata keçirməsinə maneə olmaq və dövlətin gördüyü işlərə qarayaxma cəhdləri kimi təəssüf doğuran və məsuliyyətsiz hallar da vardır.

Azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilməklə məhdud çərçivədə və zəruri hallarda vətəndaşların müəyyən olunmuş qrafik çərçivəsində 14-21 gün müddətinə karantinə yerləşdirilməklə digər ölkələrdən Azərbaycana gətirilməsi təmin olunacaqdır.

Koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində vətəndaşların geri qaytarılması zamanı Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin insanları qəbuletmə imkanları əsas götürülür.

COVİD-19 virusunun yüksək yoluxdurma xüsusiyyətini nəzərə alaraq, xarici ölkələrdə olan vətəndaşların fərdi məsuliyyət nümayiş etdirərək olduqları dövlətin karantin və ya fövqəladə vəziyyət rejiminə ciddi riayət etmələri, özü-özünü təcrid etmələri, səfərlərdən çəkinmələri və mümkün qədər az insanla təmasda olmaları ciddi şəkildə tövsiyə olunur.

 

Maraqlıdır ki, Operativ Qərargahın yuxarıdakı açıqlamasından sonra Azərbaycan XİN də bəyanat yayıb. Bəyanatın “məmmədqulusu” belədir: “Çalışın, xaricdə qalasınız”:

 

No:060/20, AR XİN Mətbuat xidməti idarəsinin məlumatı

 

Hazırda bütün dünya yeni növ təhlükəli koronavirus (COVİD-19) epidemiyası ilə mübarizə aparır və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səviyyədə pandemiya elan edib.

 

Azərbaycan hökuməti COVİD-19 infeksiyasının yayılması riskinin qarşısının alınması məqsədilə ciddi tədbirlər həyata keçirir və bu proses birbaşa dövlət başçısının nəzarəti altındadır.

 

Yaranmış vəziyyətdə ölkəmizin quru və hava yollarının bağlanması və uçuşların müvəqqəti dayandırılması ilə əlaqədar, Azərbaycanın xarici ölkələrdə olan və ölkəyə geri qayıtmaq istəyən vətəndaşlarının Azərbaycana gətirilməsi üçün xüsusi çarter reysləri təşkil olunmaqdadır. 10.000-ə yaxın vətəndaşımızın AZAL-ın xüsusi çarter reysləri və digər nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunub. Ölkəyə xaricidən gələn bütün vətəndaşlar müayinədən keçirilir və dövlət hesabına 14-21 gün ərzində karantin rejimində saxlanılır.

 

Azərbaycan vətəndaşlarının sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün dövlət tərəfindən bütün imkanlar səfərbər edilib və bü xüsusda çox önəmli və təsirli tədbirlər həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki, imkanlarımız sərhədsiz deyil. Mövcud durumda vətəndaşlarımızın da öz məsuliyyətini dərk edərək, üzərinə düşən vəzifələri yerinə yetirməsi çox vacibdir.

 

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, xaricdə olan vətəndaşlarımızdan hazırda olduqları ölkələrdə karantin qaydalarına riayət etmələrini israrla xahiş edirik. Azərbaycana geri dönən hər bir vətəndaşımızın karantin rejiminə götürülməsi üçün xüsusi rejimli xəstəxanalar, karantin yerləri hazırlanır, müvafiq logistika təminatı həyata keçirilir. Bunun üçün isə müvafiq imkanların səfərbər edilməsi ilə yanaşı, zaman da tələb olunur. Bu səbəbdən vətəndaşlarımızdan təmkinli davranmalarını, mümkün olduğu qədər hazırda olduqları ölkələrdə özünütəcrid qaydalarına əməl etmələrini tövsiyə edirik. Mövcud vəziyyətdə əsassız yerə təşvişin yaradılması, bəzi hallarda təxliyədən sui-istifadə halları, dövlətin gördüyü işlərə qarayaxma cəhdləri bəzi şəxslərin məsuliyyətsiz davranışını nümayiş etdirir.

 

Vətəndaşlarımızın, onların yaxınlarının, eləcə də Azərbaycan dövlətinin təhlükəsizliyinin təmin edilməsi naminə hər birimizi xarici səfərləri, o cümlədən geriyə dönüş səfərlərini mümkün qədər məhdudlaşdırmağa, olduğumuz yerlərdə özünütəcrid qaydalarına əməl etməyə və təmkinli davranmağa çağırırıq. İnanırıq ki, anlayış və həmrəylik nümayiş etdirərək  müvəqqəti çətinliklərin öhdəsindən birlikdə gələcəyik.




Ana səhifəyə qayıt        Baxış: 4 631          Tarix: 23-03-2020, 18:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma