Xəbər lenti

  

 

“Buranı (Duzdağı) adi mağara kimi qələmə verənlərin və bu videoları paylaşanların özü elə mağara təfəkkürlüdür”.

Ovqat.com xəbər verir ki, bu fikri Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli müəllim adımızı çəkməsə də bizə ünvanlayıb.

Çünki biz “Tələbələr Duzdağda Tanrıya təpik atırlar – Koronavirusa qarşı "muxtar dirəniş" görüntüləri - VİDEO” sərlövhəli yazımızda tələbələrin Duzdağ Fizioterapiya Mərkəzinə yerləşdirildiklərini yazmış və onların şikayətlərinə əsaslanıb bildirmişdik ki, koronavirus şübhəlilərinin kommunal imkanlardan və sanitar qaydalardan uzaq şəraitdə saxlanılması tibbi standartlardan uzaq mağarada yerləşdirmək mənasına gəlir. Sizcə, yerin 10 metr dərinliyində susuz, işıqsız bir məkanı necə adlandırmaq olar, əziz Oxucu? Axı o tələbələrin yerləşdirildiyi məkandan çəkib sosial şəbəkələrdə yayımladıqları videolar ancaq bu qənaəti formalaşdırırdı.

 

Hörmətli Sahil müəllim isə başqa qənaətdədir. Onun fikrincə, Duzdağın havası ağciyər xəstəliklərinə şəfa olduğundan yoluxucu pandemiya şübhəlilərini belə burada yan-yana yatırmaq mümkündür. Hörmətli həmkarımız hətta 300-ə yaxın koronavirus şübhəlilərinin saxlandığı karantin ocağının şəkillərini də öz məqaləsinə dəlil kimi əlavə edərək tələbələrin bu şəraitdə cəmi bir neçə gün saxlanılacağını(!) bildirərək yazır: “Əgər narahatçılıq olarsa, onların Naxçıvanın Yoluxucu Xəstəliklər Mərkəzində və başqa xəstəxanalarda   müalicə olunması üçün ən müasir imkanlar yaradılıb və labaratoriya qurulub”. Onun sözündən çıxan nəticə isə budur: Biz tələbələri Duzdağda kollektiv həyat şəraitində saxlayacağıq, əgər onlar bir-birini yoluxdursalar, dərhal alternativ tədbirlərə əl atacağıq.

Əziz Sahil müəllim, qüsura baxmasanız, bir söz demək yerinə düşərdi: əsl mağara təfəkkürü məhz “əvvəl yoluxdurub sonra müalicə etdirmək” metodunda gizlidir və prinsipcə, bunun  Sizə heç bir aidiyyəti yoxdur. Siz sadəcə sözçülüyünü etdiyiniz insanların məlamətini üzərinizə çəkirsiniz.

 

Naxçıvan Muxtar Respublikasının sözçüsünün bu fikirləri kiçik torpaqda koronavirusa qarşı mübarizədə hansı məntiqə əsaslanıldığının ən bariz nümunəsidir. Biz hörmətli Sahil müəllimə və onun sözçülüyünü etdiyi Muxtar Respublika rəhbərliyinə sadəcə onu xatırlatmaq istəyirik ki, karantin tədbirləri məhz bu ehtimallara və təhlükələrə yol açmamaq üçün həyata keçirilir və insanlar maksimum şəkildə bir-birindən aralı tutulur. Buna elmi dildə izoliyasiya tədbirləri deyilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın bu barədə konkret qərarı var. Görünür, Muxtar Respublika rəhbərliyində “izoliyasiya tədbirləri” deyilərkən nəyin nəzərdə tutulduğunu bilmədiklərindən tələbələr də bir-biriylə sıx təmas halında saxlanılırlar. Bunun əksini fikirləşmək isə daha təhlükəli nəticələrə aparır. Belə çıxır ki, muxtar iradə mərkəzi iradəni hesaba almır. Əgər belədirsə, bunu açıq dilə gətirin. Zatən muxtar iradə Operativ Qərargahın o tələbələr üçün çadır-şəhərcik qurulması qərarını da yerinə yetirməməklə və bu qənaəti təsdiqləyib.

 

Şəkildə: Bu, Naxçıvan rəhbərliyinin tələbələrə qıymadığı Duzdağ Hotelidir

Üstəlik, bizim bildiyimizə görə, tələbələri yerləşdirdiyiniz Duzdağ mağarasının (duzlu olub-olmamasının məsələyə az dəxli var) bir neçə addımlığında eyni adlı 5-ulduzlu otel yerləşir. Və o oteldə 400-500 nəfəri rahat ağırlamaq olar. Niyə bəs onda bəyənmədiyiniz mərkəzi hökumət kimi həmin tələbələri o oteldə deyil, çarpayıların az qala bir-birinə birləşdiyi, kommunal vəziyyətinin ürək açan olmadığı Yer səthinin 10 metr dərinliyində saxlayırsınız? Axı rəsmi Bakı Lənkərana apardığı tələbələri məhz 5-ulduzlu otellərə yerləşdirmişdi. Sizin də, mənim də eyni zamanda bəyənmədiyimiz Kəmaləddin Heydərov sizin “Duzdağ”-ınızdan 10 dəfə böyük və keyfiyyətli otellərini koronavirus karantini üçün ayıranda göz ucu belə arxasınca baxmadı. Naxçıvan rəhbərliyi isə onsuz da heç kimə, xüsusilə də korrupsioner rejim mənsublarına qalmayacaq mülkiyyəti insan həyatından üstün tutur, bu da azmış kimi başqasını “mağara təfəkkürlülük”də ittiham edir. Kimisə günahlandırmamışdan əvvəl bir özünüzə, bir Kəmaləddin Heydərova baxın və ondan ibrət dərsi alın. Nə olar qanlı-bıçaq olanda, müasir və əsl adam yeri gələndə düşməninin də yaxşı xüsusiyyətlərini əxz etməyi bacarar.  

 

Şəkildə: Bu isə Kəmaləddin Heydərovun koronavirus karantin ocağına çevirdiyi onlarla hoteldən biridir

   

Odur ki, Sahil müəllim, Siz də kimisə “mağara təfəkkürlülük”də ittiham edəndə iki fikirləşib bir danışın, söz - bumeranq kimdir, bir də baxarsınız, özünüzə qayıdır və  ağzınızdan çıxan kəlmə ilk növbədə sizə başucalığı gətirməz. İndiki halda adamın qabağına tələbələrin çəkib göndərdiyi videonu qoyar və kimin daha çox “mağara təfəkkürlü” olduğunu ictimaiyyətin müzakirəsinə buraxarlar.

 

O ki qaldı Duzdağı tanımamağımız barədə ittihamınıza, Siz hələ 2003-cü ildə təzə-təzə Yeni Azərbaycan Partyasının üzvülüyünə qəbulunuzun sevincini yaşayanda “mağara təfəkkürlü” sandığınız adam Duzdağı öz şeirində belə vəsf etmişdi:

“Ayaq izlərim var hər daşın üstə,

Burnumda kəndimin izi qalıbdır,

Duzdağ yaranıbdır göz yaşın üstə

Suyu buxarlanıb, duzu qalıbdır.

 

O yaşı qurumuş gözünə qurban,

Söylə dərdlərini duyum, Naxçıvan!”

Ovqat.com olaraq hər kəsin söz haqqına hörmət etdiyimizdən hörmətli Sahil Tahirlinin Duzdağa adi mağara kimi baxan mağara təfəkkürlülər - CAVAB – FOTOLAR  sərlöhvəli yazısını təqdim edirik:

  

İctimaiyyətə artıq məlumdur ki, koronavirus pandemiyası ilə əlaqədar Türkiyədən qayıdan tələbə və vətəndaşlarımızın bir qrupu Naxçıvanda tibbi nəzarətdə saxlanılırlar. Onlar Naxçıvanda yaşayış qeydiyyatında olanlar yox, Bakı şəhərində və ölkəmizin bir sıra digər bölgələrində yaşayan vətəndaşlarımızdır. Sayları 300 nəfərə yaxındır. Onlar üçün lazımi saxlanılma, müayinə və qidalanma şəraiti yaradılsa da, ötən gündən etibarən bir sıra sosial şəbəkə hesablarında, xüsusən, Duzdağ Fizioterapiya Mərkəzindəki vətəndaşlarımızın saxlanılma şəraiti ilə bağlı yanlış, məqsədli və təxribat xarakterli informasiyalar yayılıb.

Qeyd etmək lazımdır ki, birincisi, Duzdağ ağ ciyər və onun iltihabi  xəstəlikləri üçün dünya səviyyəli ən müasir təbii, dərmansız sanatoriyadı. Hər il 10 minlərlə turist və xəstə qəbul edir. Çoxu xarici ölkələrdən olan xəstələr burda müalicə üçün minlərlə manat vəsait ödəyirlər. Duz şaxtalarında hava təmiz və sterildir. Hətta cərrahiyyə əməliyyatxanalarının mikrob səviyyəsi belə Duzdağ şaxtalarının mühitində olandan yüksəkdir. Həm də duz mikrob əleyhinə ən yaxşı vasitədi.

 

Mərkəzin içərisində kafe, istirahət otaqları, xüsusi qadın, uşaq və kişi palataları, 400-dən artıq tibb çarpayısı var. Buranı adi mağara kimi qələmə verənlərin və bu videoları paylaşanların özü elə mağara təfəkkürlüdür. (Duzdağla bu linkdən tanış ola bilərsiniz).  Görünür ki, onlar heç ölkəsini, onun təbii imkanlarını lazımi qədər tanımırlar. Və  belə həssas bir məqamda insanların hissləri ilə oynayacaq qədər adidirlər. 

İkincisi, mütəxəssislərin də dediyi kimi, gənclərin Duzdağda saxlanılmağı buranın mikroiqlimi və viruslara qarşı yüksək təsiri, eləcə də ağciyərin iltihabi xəstəliklərində ən yaxşı müalicəvi vasitə olmasındadır.  

Hazırda tələbələri lazımı yoxlamadan keçirirlər və koronovirusla bağlı hər hansı narahatçılıqları olmadığı üçün onlar Duzdağda bir neçə gün nəzarətdə saxlanılacaqlar. Əgər narahatçılıq olarsa, onların Naxçıvanın Yoluxucu Xəstəliklər Mərkəzində və başqa xəstəxanalarda   müalicə olunması üçün ən müasir imkanlar yaradılıb və labaratoriya qurulub. 

Fikirlərimi yazarkən, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzovla da söhbətləşmək imkanım oldu. Nazir bildirdi ki,  Duzdağda  saxlanılanlar müəyyən yoxlanılma və nəzarət prosedurlarından sonra öz yaşadıqları yerlərə  yola salınacaqlar. “Şükür ki, Naxçıvanda koronavirusa yoluxma faktı yoxdur. Lazımi profilaktik və dezinfeksiya tədbirləri müntəzəm olaraq davam etdirilir. Muxtar respublikaya xarici ölkələrdən giriş dayandırılıb.  Ahıl və xüsusi qayğıya ehtiyacı olanlara evlərində sosial xidmətlər göstərilir. Naxçıvanın xəstəxanaları da ən müasir səviyyədədir və lazımi imkanlara malikdir”- deyə səhiyyə naziri bildirdi.

 

Görünən odur ki, dəqiqləşdirilməmiş, yalan informasiyalar paylaşıb saxta vətənpərvərlik edənlər ölkəmizə və Naxçıvana qarşı açıq-aşkar təxribatçılıq törədənlərdi və bu təxribatlara görə qanun qarşısında məsuliyyət daşıyırlar.

...Biz, tələbələri başa düşürük, narahatdırlar, neçə gün yollarda olublar, həssas dönəm keçirirlər... Sual olunur, bəs, sizə nə gəlib ay, feyzbuk “qəhrəmanları”, ay, “beşinci kalon” “pəhləvanları”?!

Yeri gəlmişkən,  xüsusi vurğulamaq istərdim ki, srağagün Naxçıvan Ali Məclisində dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirə keçirilib və bununla bağlı lazımi tapşırıqlar verilib. Müşavirədən sonra Ali Məclis Sədrinin Fərmanı ilə  “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu” yaradılıb və fondun xəzinə hesabı açılıb. Təkcə dünən fonda muxtar respublikanın sakinləri, dövlət və özəl müəssisələrinin əməkdaşları tərəfindən 1 milyon manata yaxın vəsait köçürülüb.

 

Ona görə də vətəndaşlarımızı həssas dönəmdə məqsədli şəkildə yayılan belə təxribat xarakterli yalan informasiyalara aldanmamağa, onları paylaşmamağa çağırırıq. Unutmayaq ki, bir yalnış informasiya minlərlə insanın psixologiyasını, həyat tərzini dəyişə, inamını itirə bilər. Çalışaq informasiyaları rəsmi və qərəzssiz mənbələrdən alaq...

 

Sahil Tahirli

NUHÇIXAN"

P.S. Hörmətli Sahil Tahirlinin təqdim etdiyi şəkillərin heç biri şaxtada saxlanılan tələbələrin vəziyyətini əks etdirmir.




Ana səhifəyə qayıt        Baxış: 6 963          Tarix: 26-03-2020, 19:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma