Xəbər lenti

  

Naxçıvan Muxtar Respublika rəhbərliyinin göstərişi ilə adımız çəkilməsə belə, Ovqat.com-a cavab kampaniyası davam edir. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirlinin “mağara təfəkkürlü” məqaləsindən sonra Muxtar Respublikadan olan bir neçə ziyalı eyni cümlələrlə barəmizdə fikir bəyan ediblər. Bizə dərs vermə kampaniyasına qoşulan sonuncu ziyalı İSBAM sədri  Samir Adigözəlli olub.

Samir bəy bizi “şikəst, ruhu kor” adlandıraraq yazır: “Dəniz səviyyəsindən 1173 metr hündürlükdə olan, Allahın xalqımıza vermiş olduğu Duzdağ nemətini mağara adlandıranın vicdanı şikəst, ruhu kor olar”.

  

Biz də Naxçıvanda karantində saxlanılan tələbələrin vəziyyətini əks etdirən yazı və videoları Samir müəllimin sağlam vicdanının mühakiməsinə buraxaraq, Muxtar Respublikada yaşananlar barəsində ədalətli hökm çıxarmağı ona həvalə edirik.

 

Naxçıvanda karantində qalan tələbə: ‘Etiraz edəni ‘podval’a aparırlar’ (VIDEO)

 

Türkiyədən koronavirusa görə, təxliyə olunmuş azərbaycanlı tələbələr hələ də Naxçıvanda saxlanırlar.

Martın 25-də azı iki məntəqəyə, hərəsinə 150-yə qədər tələbə gətirilib.

Şərurda yerləşən hərbi hissələrin birində yerləşdirilmiş 100-dən artıq tələbə də saxlanma şəraitindən narazıdır.

Tələbələr adlarının gizli qalması şərti ilə AzadlıqRadiosuna bunu danışıblar:

 

"Bu gün ilk yeməyi bizə günorta saat 12-də veriblər. Tualetə getməyə icazə vermirlər. İndi düşürdüblər hələ. Su vermirlər. Maska, dərman verilmir. Dünəndən bəri cəmi bir dəfə qızdırma ölçüblər. 10 nəfər eyni otaqdayıq. Qapıları bağlı saxlayırlar, qapının ağzında əsgərlər var. Biz dustaq deyilik, karantində olan vətəndaşıq. Səsimizi qaldırmaq istəyəndə, telefonları, pasportları əlimizdən alırlar. Səsini çıxaranı "podval"a aparırlar".

Türkiyədən gələn tələbələr narazılıq edirlər

 

Tələbələr AzadlıqRadiosuna bildiriblər ki, dünən onlara su da verilməmişdi, bu gün artıq verilib.

Deyirlər ki, onlara Bakıya göndəriləcəkləri ilə bağlı məlumat veriblər, hələ ki, gözləyirlər.

Bu tələbələrin Şərurda, Duzgölü fizioterapiya mərkəzində qaldığı bildirilir.

Bu gün martın 26-da, tələbələrlə əlaqə saxlamaq mümkün olmayıb, onlar öz telefon nömrələrini paylaşmaq, jurnalistlərə danışmaq istəməyiblər.

AzadlıqRadiosu Naxçıvan rəhbərliyindən münasibət öyrənə bilməyib.

 

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb.

Son bir neçə ayda dünyada bu virusdan 21 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 122 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb.

Onlardan 15 nəfərinin sağalıb evlərinə buraxıldığı, 3 nəfərin isə öldüyü deyilir.

Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı bir neçə min şəxsin karantində saxlandığı açıqlanıb.

Sonda hörmətli Samir bəyə karantinin nə demək olduğunu xatırlatmaq istərdik. Karantın insanları bir-birindən ayırıb tamamilə təmaslarını ortadan qaldıran tədbirlər kompleksinə deyilir. Azərbaycan hakimiyyəti də karantin deyərkən məhz bunu nəzərdə tutur. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının deputat Erkin Qədirlinin sorğusuna verdiyi cavabındakı bu cümlələr də dediklərimizi təsdiqləyir: “Koronavirus pandemiyasına yoluxma şübhəsi ilə karantinə alınan şəxslərin saxlanma şəraiti nəzarət altındadır. Onların gündəlik yemək və digər tələbatları qarşılanır... Əksər xəstəxanalarda 1 nəfərlik, böyük palatalarda isə 2 nəfər simptomları müşahidə edilməyən insan birlikdə saxlanıla bilər”.

 

Sizin müdaifəsinə çalışdığınız Muxtar Respublika hakimiyyəti isə 150 nəfəri dünyanın ən səfalı sanatoriyasında bir yerdə və çarpayıları bir-birinə yaxın vəziyyətdə saxlayır. Digər 150 nəfər isə hərbi hissələrin birində əsgərlərlə tam təmas halındadır. Videolarda bu, açıq-aydın əks olunur.

Görünür, məsələ onların karantin deyilərkən nəyin nəzərdə tutulduğunu bilməməsindən qaynaqlanır. Belə ki, əsgərliyə yeni çağırışçıların ilk təcrübələrini keçirdikləri məkanın da adı karantindir. Yəqin Muxtar iradə o karantinlə bu karantini bir-birinə qarışdırır.

Sizdən acizanə ricamız: Sağlam vicdanınızı və cəsur ruhunuzu toparlayıb sözçülüyünü etdiyiniz şəxslərə başa salın ki, karantindən karantinə fərq var.




Ana səhifəyə qayıt        Baxış: 7 969          Tarix: 27-03-2020, 09:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma