Xəbər lenti

 

Dünya neft bazarında ucuzlaşma davam edir.

Ovqat.com xəbər verir ki, bu gün London ICE birjasında “Brent” neftinin qiyməti 7% faiz ucuzlaşaraq 24,25 $/Bar.-ə qədər enib.

Nyu-York NYMEX birjasında isə  ucuzlaşma 6 faiz olub. WTI markalı neftin qiyməti 21,11 $/Bar.-ə  qədər geriləyib.

Koronavirus Qərb ölkələrini ağuşuna aldıqca ucuzlaşmanın daha da artacağı gözlənilir.

Neft istehsalçıları Çinin koronavirus üzərində qələbəsinə həm də qiymətlərin tənzimlənəcəyi ümidiylə sevinsələr də, görünən budur ki, bu nikbinlik birjalara yansımayıb. Bu gün dünyanın ən məşhur və qədim məşhur tibb jurnallarından olan “Lancet”-in yaydığı bir proqnoz da neft qiymətlərinin bahalaşmasına dair ümidləri xeyli azaldır. Jurnalın yazdığına görə, Çin, koronavirusun çıxış nöqtəsi olan Uhanda karantin tədbirlərinin vaxtından əvvəl ləğv edib, bu da virusun ikinci dalğasının başlamasına yol aça bilər. “Lanset”-in bu bədbin proqnozu özünü doğrultsa, dünyanın sənaye mərkəzlərinin bir daha özünə gəlməsi müşkül olacaq.

Azərbaycan neft və qazını əsasən Qərb ölkələrinə satdığından Çində baş verənlərin bizə birbaşa təsiri yoxdur. Fəqət Çin bazarını itirən enerji hasilatçılarının da üzünü məcburən Qərbə tutması bu bazarda rəqabət mühitini daha da gərginləşdirir və ucuzlaşmanı tətikləyir.

Üstəlik, Azərbaycanın ticari əsas tərəfdaşı Cənubi Avropa ölkələridir, əsasən də İtaliya. İtaliya isə koronavirusdan ən çox əziyyət çəkən dövlətdir. Bu da istər-istəməz İtaliya sənayesinin işinin də axsamasına, hətta dayanmasına gətirib çıxardığından ölkənin neftə tələbatı da azalır. Nəticədə Azərbaycanın neft və qaz satışlarında da zəifləmələr yaşanır. Dolayısıyla, həm qiymətlərin ucuzlaşaması, həm də satış həcminin azalması iqtisadiyyatımızı getdikcə çətin vəziyyətə sürükləyir.

Beynəlxalq enerji dəyərləndirmə və proqnozlaşdırma qurumlarından olan “Rystad Energy”-nin də cari il üçün təxminləri xeyli bədbindir. Qurum koronavirusun yayılması səbəbindən cari ildə qlobal neft tələbatının keçən illə müqayisədə 4,9 faiz azalacağını proqnozlaşdırıb.

AZƏRTAC-ın məlumatına görə, gündəlik qlobal neft tələbatının 95 milyon barrelə enə biləcəyini açıqlayıb. Ötən il bu göstərici sutkada 99,9 milyon barrel idi.

Şirkətin proqnozuna görə, əsas tənəzzül aprel ayından başlayacaq: “2020-ci ildə neft tələbatı ən çox aprel ayında olmaqla gündəlik 16 milyon barrel (16 faiz) azalacaq”.




Ana səhifəyə qayıt        Baxış: 1 821          Tarix: 27-03-2020, 20:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma