Xəbər lenti


“Evdə qal” kampaniyasına qarşı “Damüstü keyf” kampaniyası

Operativ Qərargahın tam izoliyasiya qərarı bir çox ictimai-iaşə obyektlərinin tamamilə işini dayandırıb, amma bu,  deyəsən yeyib-içən, istirahətinə böyük önəm verən oğlanların keyfini pozmayıb.
Ovqat.com xəbər verir ki, hər çətin vəziyyətdən çıxmaq yollarını bilən insanlarımız tam izoliyasiya qadağanlarından yayınmanın da çarəsini tapıblar.



Belə ki, Operativ Qərargahın bütün ictimai-iaşə obyektlərində işi dayandırmaq qərarından sonra başlayan “Həyatda qalmaq üçün evdə qal” məcburi kampaniyasının monotonluğundan bezən bəzi paytaxt sakinləri dəniz qırağına toplanıb “koronavirusun sağlığına” vururdular. Aldığımız məlumata görə, polisin bu ziyafətlərdən xəbər tutmasından sonra kəmfürsətlərin bu azadlığı da pozuldu. Asayış keşikçilərinin dəniz qırağında keyf məclisi düzəldənlərə göz açdırmaması onları başqa çarə axtarışına yönəltdi.


 
İndi Bakı kəmfürsətləri “keyf üstündə keyfimizə gəldi çıxdı meşəbəyi” mahnısını oxuya-oxuya yaşadıqları binanın damına çıxırlar. Bakının bəzi binaları artıq köhnə dostların görüş yerinə çevrilib. Bu görüşlərdə süfrələr qurulur, “Allah verən”dən nuş edilir. Bəzən hətta kabablar çəkilir. Damüstü ziyafətlərinin mənzərəsinə isə söz ola bilməz.



Sözsüz ki, karantində belə, keyfindən qalmayan insanlarımızın damüstü ziyafətlərini kəşf etməsi heç də təəccüblü görünmür. Təki keyf olsun.




Ana səhifəyə qayıt        Baxış: 5 380          Tarix: 1-04-2020, 11:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma