Xəbər lenti

 
Azərbaycan diasporunun ən çox məskunlaşdığı yerlərdən biri də Ukraynadır. Bəzi məlumatlara görə, bu ölkədə yarım milyon, bəzi məlumatlara görə isə, 1 milyona yaxın azərbaycanlı yaşayır. Onlardan böyük əksəriyyəti isə Ukrayna vətəndaşlığını qəbul etməyiblər. Bu da istər-istəməz koronavirusun ciddi şəkildə yayıldığı Ukraynada soydaşlarımız üçün böyük problemlər yarada bilər. Çünki Ukraynada koronavirusdan müalicə almaq üçün ilk növbədə oranın qeydiyyatında olmalısan. Əks halda səni heç bir xəstəxanaya qəbul etməzlər və öz daxmanda koronavirusa qurban gedərsən.
Ukrayna həm də azərbaycanlı tələbələrin ən çox oxuduğu ölkədir. Ölkənin Təhsil və Elm Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, 2018-ci ildə Ukraynanın ali təhsil ocaqlarında 12 min Azərbaycan vətəndaşı təhsil alırdı. Tələbələrin əsasən Kiyev və Xarkov şəhərlərində təhsil aldığı bildirilirdi. O vaxtdan indiyədək 2 il zaman keçib. Bu müddət ərzində tələbələrin sayında da yəqin ki artım yaşanıb. 



Bəs o tələbələrin halı necə olacaq?

Məlumdur ki, Ukraynadan Azərbaycana bütün yollar bağlanıb. Orada çətin vəziyyətdə qalan vətəndaşlarımızla məşğul olacaq dövlət qurumları isə yox səviyəsindədir. Ukraynadakı keçmiş səfir işdən uzaqlaşdırılıb. Yeni səfir isə hələ də iş yerinə gedib çıxa bilməyib. Hər halda buna dair hər hansı məlumat yoxdur. Ukrayna prezidentinin indiyədək yeni səfirimizin etimadnaməsini qəbul etməməsi də bundan xəbər verir. Məntiqlə belə çıxır ki, Ukraynadakı səfirliyimiz də faktiki fəaliyyətini dayandırıb. 



Kiyevdə yaşayan iş adamlarından aldığımız məlumata görə, səfirlik tamamilə konsul Hüseyin Mərcanovun ümidinə qalıb. O isə keçmiş səfirin adamıdır və Elmira Axundova vəzifəsinə başlayar-başlamaz özünün də kitabının bağlanacağına əmin olunduğundan işə həvəssiz yanaşır. Bildirildiyinə görə, əslində Hüseyn Mərcanovun bu sahədə ciddi təcrübəsi də yoxdur. İndiyəcək səfirliyin 3-cü katibi olan Hüseyn Mərcanova niyə bu qədər məsul işin tapşırıldığı isə aydın deyil. Axı, rütbəcə Hüseyn Mərcanovdan daha səlahiyyətli olan birinci, ikinci katıblər var. Onlar qala-qala indiyədək işi-gücü vətəndaşların sənədlərinə möhür vurmaq olan bir adama bu qədər ciddi vəzifənin tapşırılmasına, ümidvarıq ki, XİN aydınlıq gətirər. 
Məlumata görə, səfirlikdə koronavirus pandemiyası ilə əlaqədar Qaynar xətt yaradılıb və guya Ukraynadakı diplomatlarımız gücləndirilmiş iş rejiminə keçiblər. Səfirliyin rəsmi saytında da bunun xəbərinin sərlövhəsi verilib. Xəbərin özü isə yoxdur. 



 
Ukraynada yaşayan vətəndaşlarımızın vəziyyəti ilə maraqlanmaq üçün Səfirliyin +380735050000 nömrəli Qaynar Xəttinə zənglərimizə də cavab verilmədi. Görünür, aranı xəlvət görən diplomatlarımız daha vacib diplomatik fəaliyyətlə məşğul imişlər.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Ukraynada çətin vəziyyətdə qalan vətəndaşlarımıza dəstək aksiyaları ilə bağlı məlumatlarında da səfirliyin adı çəkilmir. Komitənin 30 Mart 2020-ci il tarixli məlumatına görə, martın 18-də Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) toplantısı keçirilib, “dünyanın bir çox ölkələrində olduğu kimi, Ukraynada da yayılmaqda olan koronavirusla əlaqədar operativ qərargah və qaynar xətt yaradılıb. Qərargaha ümumilikdə 420-dən çox müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti təxliyyə və maddi yardımla bağlıdır. Hazırda DİDK (Söhbət Diasporla İş üzrə Dövlət Komitəsindən gedir - Ovqat) və diaspor təşkilatlarının dəstəyi ilə 175 nəfərin müraciəti təmin olunub. Onlardan 47 nəfər təxliyyə edilib, 128 nəfərə isə maddi yardım göstərilib. Onlar müvəqqəti yaşayış yeri və ərzaqla təmin olunub.



Müraciətlər əsasən Kiyev, Xarkov və Lvov şəhərlərindən olub, onların əksəriyyəti tələbələr, turistlər və müvəqqəti işləmək üçün gedənlərdir.
Ölkəyə qayıda bilməyən və maddi yardıma ehtiyacı olan 60-dan çox soydaşımız Kiyevdə, 35-dən artıq azərbaycanlı Xarkovda, 29-dan artıq soydaşımız isə Lvovdadır, onlar müvəqqəti qalma yerləri ilə təmin olunub və digər gündəlik tələbatları ödənilir”.



Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatından aydın olur ki, Ukraynada iki Operativ Qərargah və Qaynar Xətt var. Bunlardan biri hələ də Ukraynaya gedib çıxa bilməyən fövqəladə və səlahiyyətli səfirimiz Elmira xanım Axundovanın iqamətgahı, digəri isə DİDK sədri Fuad Muravovun himayədarlıq etdiyi Ukrayna Azərbaycanlıları Radasının qərargahında yerləşir. Ukraynadakı yarımmilyon vətəndaşımızdan isə yalnız 420 nəfər bu iki Operativ Qərargahdan birinə müraciət edib.  “Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov isə Real TV-yə müsahibəsində Ukraynada yaşayan vətəndaşlarımıza misilsiz xidmətlərindən danışıb. İstərsəniz, gəlin, həmin kadrları izləyək:

 

Eşitdiyiniz kimi, cənab Elmar Məmmədov Ukraynada heç bir azərbaycanlının qidalanma, məskunlaşma probleminin olmadığından və bütün bunların Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə həyata keçirildiyindən danışır. Təki belə olsun. Amma Ovqat.com-un yaxın dostlardan əldə etdiyi bir səsyazısı tamamilə başqa mətləblərdən xəbər verir. İddiaları irəli sürən də sıravi bir vətəndaş deyil, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədr müavini Namiq Talıbovdur. Gəlin, bir də Ukrayna həqiqətlərini Namiq müəllimin yaxın dostlarımızdan birinə göndərdiyi həmin səsyazından öyrənək:



P.S. Ukraynanın digər şəhərlərindəki diaspor təşkilatlarının liderlərindən də münasibət öyrənəcəyik. 


Ana səhifəyə qayıt        Baxış: 5 778          Tarix: 12-04-2020, 18:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma