Xəbər lenti
Bu gün, 19:25

 Eks-spiker Rəsul Quliyevin Azərbaycandakı mövcud siyasi vəziyyətlə bağlı Ovqat.com-a müsahibəsini diqqətinizə çatdırırıq:

(əvvəli bu linkdə: http://ovqat.com/manset/3811-rsul-quliyev-olkd-konstitusion-diktaturann-yaranmasna-muxalift-start-verdi.html)

“Rusiyada vəziyyət gərginləşsə, bizdə də Navalnı tapılacaq”

-Rəsul müəllim, amma Rusiyada demokratik qüvvələr ayağa qalxıb. Aksiyalar vətəndaşların kütləvi iştirakı ilə keçirilir. Verilən məlumatlara görə, son proseslərdə 1000-dən artıq etirazçı tutulub. Rusiyadakı proseslər, adətən, Azərbaycandan da yan ötüşmür. Sizcə, ölkəmizin demokratikləşməsində Rusiya amili nə dərəcədə rol oynaya bilər?

-Rusiya informasiya vasitələri Azərbaycanda olduğu kimi səhərdən axşama prezident Putinin təbliği ilə məşğuldur. Süni keçirilmiş reytinqlərlə onun siyasətini əhalinin 82-88 faizinin dəstəklədiyi göstərilir. Bunun yalan olduğunu Aleksey Navalnıy 26 martda keçirdiyi icasəsiz mitinqlə sübut etdi. Bu mitinq ən azı Rusiyanın 100 şəhərində baş tutdu. Navalnıy başda olmaqla  çox sayda mitinqçi saxlanıldı.

 İyunun 12-də keçirilmiş mitinqlərdə yenidən Vladivastokdan tutmuş Peterburqa qədər bütün şəhərlər qoşuldu. Navalnını heç mitinq yerinə gəlməyə qoymadılar, evinin yanındaca həbs etdilər. Tək Moskva və Peterburqda 1500-dən çox mitinq iştirakçıları (Azərbaycan müxalifətinin təşkil etdiyi icazəli mitinqin iştirakçılarından çox) saxlanılıb. Bizim hökümətdən fərqli olaraq , Kreml müxalifətdən qorxur, onları amansızlıqla həbs edirlər. Ən önəmlisi, mitinq iştirakçilarının 70 faizi 25 yaşa qədər olanlardır.

Azərbaycan hökümətinin ən çox qorxduğu və hakimiyyətinin saxlanılmasında xüsusi rolu olduğunu qəbul etdiyi önəmli güclərdən biri də RF-dır. Yadınızdadırsa, 2016-cı il Aprel hərbi münaqişəsində Putinin bir zəngi ilə Azərbaycan dərhal atəşi kəsdi və onun əmri ilə yeni atəşkəs qərarına imza atdı. Yəni bir daha heç vaxt hərbi əməliyyat aparılmayacağına söz verdi.

 Ölkəmizin siyasi hakimiyyəti Putini özlərinin ağsaqqalı olduğunu gizlətmir və bunu açıq-aşkar ifadə edir. Ona görə də Putinin rejiminin zəifləməsi Azərbaycanda rejimin zəifləməsinə təkan verən faktor ola bilər. Rusiyada rejimin süquta getməsi Azərbaycan hakimiyyətində böyük təşviş doğuracaq. Ancaq bu proseslərin bizə necə təsir edəcəyini indidən söyləmək çətindir. Birincisi, Azərbaycan intelligensiyası rus, tək rus yox, gürcü və erməni intelligensiyası ilə müqayisədə, demək olar ki, yoxdur.

 İkincisi, əllərindən bir iş gəlmədiyini anlayan Rusiya müxalifəti başda Yavlinski, Kasyanov, Rıjkov, Qozman olmaqla səhnədən çəkildilər. Bizdə belə bir prosesin gedəcəyinə inana bilmirəm.

Üçüncüsü, Azərbaycan xalqı özünün Navalnısını tapmalıdır, daha doğrusu, xalqın qarşısına çıxa bilən yeni Azərbaycan lideri ortaya çıxmalıdır.

 Azərbaycan informasiya vasitələrində, özümün facebookumda yazılan yazılardan istər hökümətdən, istərsə də müxalifətdən olanların intellektual səviyyəsinin çox aşağı olduğunu görməmək mümkün deyildir.

Məsələ ondadır ki, Qarbaçovun “perestroyka” vaxtı da biz aşağı səviyyədə idik. Sovet ittifaqına seçilmiş ilk parlamentdə demokratlar, 300-400 deputatdan ibarət Yelçin, Saxarov başda olmaqla, qurp yaratmışdılar, ancaq orada bir azərbaycanlı deputat belə yox idi. Buna baxmayaraq, başqa ölkələr kimi Azərbaycana da müstəqillik verildi. Başqa sözlə, Rusiyada vəziyyət gərginləşsə, bizdə də Navalnı tapılacaq.

“Bizim gənclər gürcülərdən və ermənilərdən daha savadlıdırlar, amma...”

-Qeyd etdiyiniz kimi, Rusiyadakı proseslərin hərəkətverici qüvvəsi gənclərdir. Bizim gəncliyin demokratik əhval-ruhiyyəsi sizi qane edirmi? Etmirsə, bunu yüksəltməyin yollarını nədə görürsünüz?

-17-30 yaş arasında gənclik yaşının bir-birlərindən fərqli 3 mənəvi-psixoloji mərhələsi mövcuddur: 17-21 yaş arası - utopiya, xəyalpərlik mərhələsi, 21-25 yaş arası – şəxiyyətin formalaşmaq mərhələsi, 25-30 yaş arası - artıq formalşmış insanın bəzi məsələləri təcrübədən keçirməsi.

Sözsüz, 17-21 yaşlılar sosial baxımdan ən aktivlərdir. 1988-ci ildə mitinqlərdə ən aktiv iştirak edənlər universitetin tələbələri idi. Amma o dövr fərqliydi. Onda universitetin rektoru Yəhya Seyidov tələbələrin qarşısında mitinqə gəlirdi, indi əksinə, universitetin rektoru komandası ilə birlikdə mitinqə gedənləri institutdan xaric edir. Burada Azərbaycanda olan zəif intelligensiya faktoru ortaya çıxır. Moskva univeristetinin rektoru istefa verər, ancaq mitinqə gedən tələbəni institutdan xaric etməz. Belə bir hadisə hansı institutda baş versə, 100-lərlə müəllimlər étiraz edər. Bizdə bunun hec bir faizi belə yoxdur. Ona görə də gənclər kifayət qədər qorxaq və mütidirlər.

Rusiyada, məsələn, Lenin heykəlinin fundamentində ən aşağılayıcı sözlər yazanları maksimum yazdıqlarını sildirməyə məcbur edərlər. Hətta Rusiya məhkəmələri belə, onları həbsxanaya atmaz. Əgər belə bir şey baş versə, o gənclərin ətrafında olanlar piketlər keçirər. Bizdə fundamentə “Qul bayramı” yazmağa görə iki gənci uzun müddətli həbsə atdılar və heç kim etiraz etmədi. Bizim bir çox mənfi keyfiyətlərimizə görə, gəncliyimizdə məğrur və mübariz deyildir. Mübariz olan az bir qrupun əksəriyyəti mübarizəsini ancaq qaraguruhçuluqda görür və təbii, heç bir şeyə nail ola bilmir və arxasınca hec kim getmir.

Ona görə də gənclər intellektual səviyyələrini qaldırmaq üçün internetin imkanlarından istifadə etməlidirlər. Yəni internetdən boş boş söhbətlər üçün yox, başqa ölkələrin azadlıq uğrunda apardıqları mübarizələrin mahiyyətini anlamağa çalışmalıdırlar. Çünki müəllimləri  özlərinin hərəkətləri ilə onlara mütilikdən başqa bir şey öyrətməyəcəklər.

-İnsafən, gənclərimiz sosial şəbəkələrdə aktivdirlər və istər-istəməz dünyadakı proseslərdən təsirlənirlər. Sizcə, bu təsirlənmənin ictimai faydasını cəmiyyətimiz nə zaman hiss edəcək? Bu kimi tendensiyalar perspektivə nikbin baxmağımız üçün əsas verirmi?

-Bilirsinizmi, 2011-ci ildə “ərəb baharı” adlandırılan inqilabların başlanmasının əsas səbəbi gənclərin sosial şəbəkələrdə aktivliyi oldu. Ancaq bu aktivliyi ölkədə real hərəkətə çevirə bilən qüvvələr yoxdursa, deməli aktivliyin də əhəmiyyəti yoxdur. Misirdə bu dönüşümü reallaşdıran qüvvə “Müsəlman qardaşları” (sonradan onlar daha mürtəce mövqeyə keçsələr də) oldu. Tunisdə əsasən parlament üzvləri və intelligensiya bu inqilabın aparıcısına çevrildi. Bir nəfərin bazarda özünü yandırması ilə başlanan Tunis inqilabı əslində artıq yetişmişdi. Sosial şəbəkədəki aktivliyin real enerjiyə çevrilə biləcək minimal gücü belə yoxdur. Sosial şəbəkələrdə rejimin əleyhinə yazmaq, narazılıği bildirməklə problem həll olunmaz. Gənclik ən azı qonşularımız Gürcüstan və Ermənistanda 2003-cü ildən gedən prosesləri dərindən analiz etməlidirlər. 2003-cü ildə Azərbaycanda indikindən daha güclü demokratik qüvvələrin xeyli zəifləmiş diktaturaya qalib gələ bilməməyin səbəblərini öyrənməlidirlər. Gürcüstanda diktator yaşaya-yaşaya demokratik qüvvələr ona qalib gəldi, biz isə məğlub olduq.

Ermənistanda bu gun 3 yaşayan prezident var və ölkə parlament idarəçiliyinə keçib. Parlamentin ən azı 35 faizi müxalif deputatlardan ibarətdir. Bizdə faktiki yaşayan ancaq bir prezident var, əgər belə davam edərsə, vəziyyət dəyişilməyəcək. 1990-cı illərdə müxalifətdə olmuş sonradan hakimiyyətə gəlmiş və getmiş gürcü, erməni, ukraynalı, belarus liderlərindən bir nəfər də olsun, artıq siyasi səhnədə qalmayıb, bizdə isə həmin adamlar bu gün də fəaliyyətdədilər.

Bununla belə, etiraf etməliyik ki, bizim gənclərin intellektual səviyyələri  gürcü, erməni həmyaşıdlarıyla müqayisədə daha yüksəkdir. Təəssüf ki, bunu daha sərbəst siyasət aparmağa çevirmək əzmində deyillər. Yaşlı nəslin səhvlərini anlaya-anlaya onların təsir dairəsindən qopa bilmirlər. Normal düşüncəli yaşlı nəsl müdrikliyindən istifadə edib (əgər varsa) məsləhətlər və istiqamətləndirməklə kifayətlənməlidir, gənc siysətçilərin əl ayağına dolaşmamalıdırlar.

"“Ermənistanlılarla naxçıvanlılar arasında dava qızışır” fikri xülyadır"

-Azərbaycandakı bu vəziyyət xarici amillərlə bağlıdır, yoxsa, xalqımızın mentalitetilə? Belə bir görüş var ki, Azərbaycan neft ölkəsi olduğuna görə, xarici qüvvələr də bizdə ərəb ölkələrindəki kimi rejim qurmaqda maraqlıdırlar və bu səbəbdən demokratikləşmə prosesini dəstəkləmirlər. Bu düşüncədə həqiqət payı nə qədərdir?

-Azərbaycanın bütün bədbəxtliklərinin mənbəyi daxildədir, xariclə (RF-dan başqa), neftlə heç bir əlaqəsi yoxdur. Azərbaycan neft istehsalına görə 25-ci ölkədir. Onun çıxardığı neftdə özündən başqa heç bir ölkənin xüsusi marağı yoxdur. Ceyhan limanında gündə azı 4 milyon barel neft eksport edilir, onun cəmi 500 min bareli Azərbaycanın payına düşür. Hansı dünya marağından söhbət gedə bilər?

Dünya bazarında neftin qiymətini 50 dollar səviyyəsində saxlamaq üçün neft ölkələri gündə 2.5 milyon barel az net çıxarmağa qərar verdilər. Yəni Azərbaycandan 5 dəfə artıq neft çıxaran ölkələrdə hasilat dayansa, dunya üçün heç bir əhəmiyyət kəsb etməz. Azərbaycan neftini satır, pullarun cüzi hissəsi maaş şəkilində vətəndaşlara, qismən tikinti işlərinə və 30 faizinə yaxını isə ciblərə axır. Hakimiyyət neftdən gələn pullardan ildə 10 milyonlarla dollar vəsaiti öz yerini möhkəmləndirmək üçün xarici siyasilərə rüşvət verir. Qərb ölkələri üçün hansı daha marağındadır: onlar üçün heç bir əhəmiyyəti olmayan neft (bəzi rüşvət alan deputat və çinovniklərdən başqa), yoxsa, Azərbaycanın demokratikləşib Rusiyanın təsiri altından çıxması? - Əlbəttə, ikincisi. Mən 20 ildir “Qərb ölkələri üçün Azərbaycan neftinin heç bir əhəmiyyəti yoxdur” deyirəm və siz yenidən həmin məsələyə qayıdırsınız. Venezuelada Azərbaycandan 5 dəfə artıq neft çıxarılır. Nədənsə Qərbi onun nefti yox, demokratiya maralandırır. Neft məsələsini azərbaycanlılar özlərinin bivecliklərini ört basdır etmək üçün ortaya atırlar, başqa səbəb yoxdur. Hakim dairə xalqın ildə bir neçə milyard pulunu oğurlayır. Fikrinizcə, camaat Qərbin tapşırığı ilə susub pulunu tələb etmir?

-Sizcə, bizdəki represiya Gürcüstanda da tətbiq olunsaydı, gürcülər yenə indiki demokratik inkişaf səviyyəsində olardılar?

-Gürcüstanda heç vaxt və heç kim bizdəki repressiv siyasəti həyata keçirə bilməzdi. Heç sovet dövründə belə bizdə olan represiyanı gürcülərə tətbiq etmək mümkün deyildi. Gürcülərin liderlərinində  ağlına xalqa qarşı amansız repressiya aparmaq kimi qəbahətli fikir gəlməzdi. 1937-ci ilin sənədlərini götürüb baxsanız (O dövrdə Gürcüstanın birinci katibi Beriya idi), onlarda represiya edilənlərin sayı həm absolut miqdarda, həm də hər min nəfərlə müqayisədə qat-qat Azərbaycandan az olub. Əksinə, azərbaycanlıları yaxşı tanıyan Beriya Bağırovu represiyaları azaltmağa məcbur edirdi. Bildiyiniz kimi, Gürcüstanda inqilab bizim seçkilərdən bir neçə ay sonra baş verdi. Şevarnadze Azərbaycanda olduğu kimi seçkiləri saxtalaşdırmağa çalışdı, hətta saxta nəticələri elan da etmişdi. Gürcü xalqı ayağa qalxdı. Daha doğrusu, müxalifətin çağırışına qoşuldu və Şevarnadzeni istefaya göndərdi. DİN -i camaata güc tətbiq etməyəcəyini bəyan etdi. Saakaşvili, Jvaniya və Burcanadze koalisiyası qalib gəldi. Saakşvili prezident, Zurab baş nazir oldu. Bir neçə aydan sonra Zurab Jvaniya ilə Nyu-yorkda görüşəndə o, mənə dedi: “Biz əmin idik ki, siz seçkiləri qazanacaqsınız (çünki H.Əliyev yox idi) və bizim üçün də qələbə asan olacaq. Gürcülər özlərini xalq olaraq qəbul ediblər, hətta fərqli qruplar miqrellər, svanlar özlərini gürcü sayırlar.Biz isə 180 il bundan öncə də özümüzü  vahid xalq hesab etmirdik, 10-larla xanlıqlar bir-birləri ilə dil tapa bilmir, özlərinə Fətəli xan və İbrahim xan kimi yeni ağa axtarırdılar. İndidə artıq 5-6 ildir ən modda olan söz “ermənistanlılarla naxçıvanlılar arasında dava qızışır bir birlərini əldən salacaqlar biz gəlib hakimiyyəti götürəcəyik” xülyalarıdır. Bu xülya ilə müxalifət liderləri miskin partiyalarının üzvlərinə ümidlər verirlər. “Yəni ayı ilə şir dovşanı bölə bilməyəcəklər, bir-birlərini əldən salcaqlar və sözsüz tülkü ortaya çıxacaq”. Bu yerdə M.Arazın məşhur fikri yadıma düşür: ''Bizim faciəmiz qəh-qəhəli qəm, bizim sevincimiz qəm dolu gülüş''.

“Həmişə yerlibazlığa nifrət etmişəm”

-Rəsul müəllim, ehtiyat etmirmisiniz bu sözləri deyəndə? Axı, sizi yenidən regionpərəstlikdə ittiham edə bilərlər.

-Nədə ittiham edirlər, etsinlər. Mən ancaq vicdanım və xalqım qarşısında məsuliyyət daşıyıram. Məni yaxşı tanıyanlar gözəl bilirlər ki, həmişə yerlibazlığa nifrət etmişəm.Hakimiyyətə gəlmək fikirinə düşən kiminsə yerliçilik kartından istifadə etmək təşəbbüsü ən aşağı səviyyəli hərəkətdir. Vəzirov gəlib birinci katib olanda (H.Əliev onun düşməni idi) Naxçıvanlı ovuna çıxmışdı. Mənim direktor olduğum zavoda komissiya yollamışdı ki, nə qədər naxçıvanlı işə götürdüyümü müəyyənləşdirsin. Mən isə kimin haradan olması ilə hec vaxt maraqlanmamışdım. Kadrlar şöbəsinin müdirindən müavinlərin anketlərini gətirməyi xahiş etdim və çox təəcübləndim. Baş mühəndis bakılı, müavinlərdən biri zərdablı, o birisi şamaxılı, baş texnoloq goranboylu, baş mühəndisin müavinləri bakılı və şamaxılı, baş mühasib şamaxılı, kadrlar şöbəsinin rəhbəri bakılı idi. Mən kadrlar şöbəsinin  müdirinə tapşırdım ki, get, 15 dəqiqə ərzində R.Əhmədovun (o naxçıvanlı idi) istehsal şöbəsinin rəisi vəzifəsinə qoyulması əmrini yaz, gətir, qoy, aranızda bir nəfər də naxçıvanlı olsun. Yəni naxçıvanlılar qarşısında günahımı bir qədər azaltdım.

Söhbətləşdi: Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 3 163          Tarix: 14-06-2017, 09:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma