Eks-spiker Rəsul Quliyevin Azərbaycandakı mövcud siyasi vəziyyətlə bağlı Ovqat.com-a müsahibəsini diqqətinizə çatdırırıq:
-Salam, Rəsul müəllim, bu gün Azərbaycandakı vəziyyəti necə qiymətləndirirsiniz?
-Bu gün Azərbaycanda gedən proseslər əvvəlki illərdəkindən çox da fərqlənmir. Yenə müxalifət ölü vəziyyətdədir, hakimiyyət isə istədiyini edir. Hətta hakimiyyətin hərəkətlərində əvvəlki illərdəkilərdən daha çox özünə əminlik hiss olunur. Bu əminliyin isə bir neçə səbəbi var:
Əvvəla, Amerikanın prezidenti izolyasiya siyasətinə start verib, yəni əsas diqqət terrorizmə qarşı mübarizəyə yönəldilib, diktatura və avtoritar rejimli ölkələrdə insan haqlarının pozulmasına münasibət ikinci plana keçib. Başqa sözlə, ABŞ super güc siyasətində korreksiyalar edib. Əvvəllər ABŞ bütün sahələrdə olduğu kimi, insan haqlarının pozulmasına qarşı mübarizəyədə də Qərb ölkələrinə rəhbərlik edirdi. Ən azı, bu mübarizədə aktiv iştirakı ilə seçilirdi. İndi bu tipli ölkələrdə (totalitar) insan haqlarının pozulmasına qarşı bəyanatlar daha çox dekorativ xarakter daşıyır, demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi üçün ayrılmış maliyyələr ya kəsilir ya da bu vəsaitlərdə bir neçə dəfə azaldılmalar baş verir. Totalitar rejimlərin liderlərinin onsuz da zəifləmiş qorxu hissləri ümumiyyətlə aradan qalxır.
İkincisi, ölkədə müxalifətin bərbad vəziyyətdə olması, müqavimətin sıfıra bərabərləşməsi (axırıncı keçirilmiş mitinq bu prosesi sürətləndirdi) hakimiyyətin “burada mənəm Bağdadda, kor xəlifə” əhval ruhiyyəsini daha da yüksəldib.
2013-cü ildən bəri keçən 4 il müddətində Prezident hakimiyyətini bir neçə dəfə gücləndirib. Müxalifətin Prezident seçkilərində məsuliyyətsiz iştirakından sonra Xədicə İsmayıl və Leyla Yunus kimi tək Azərbaycanda yox, beynəlxalq aləmdə tanınmış xanımlar həbs olunub və millət isə susmağa üstünlük verib. Taleh Bağırzadə və başqalarını fundamentalist dinçilər damğası ilə həbsə atıblar, camaat yenə cınqırını çıxarmayıb. Fuad Qəhrəmanlı və bir sıra jurnalistlər də onun kimi.
Müxalifət öz aparıcı şəxslərinin məhkəmə proseslərinin qarşısında heç 100 adam belə toplaya bilmir. Nəticədə Gözəl Bayramlı, ən uzağı, maksimum cərimələndirilərək, azadlığa buraxılmalı olduğu halda, həbsxanadadır. Özünəarxayınlıq o səviyyəyə çatıb ki, hökümət rüşvət verməklə başqa ölkənin vətəndaşını oğurlayıb Bakıya gətirir.
Üçüncüsü, hökümət üzvləri arasında da bəzi ambisiyalılar işdən çıxarılıb, bəziləri həbs olunub və bu sferada da tam mütilik təmin edilib. Və 2014-2016-cı illərin dərin finans krizisinə, işsizliyin 100 minlərlə artmasına baxmayaraq, Prezident bu gün daha güclü görsənir. Daha doğrusu, qarşısında bugünkü yazıq müxalifəti və həddən artıq qorxuya düşmüş yüksək ranqlı çinovlikləri gördüyündən sualtı qayaların mövcud ola biləcəyinə, gəmisinin dəyib parca-parca olacağına inanmır və onun komandası da faktiki, dövlət işləri ilə yox, öz keyflərini yüksəltməklə məşğuldur.
-Bəs, çıxış yolu nədədir? Siz dövlət adamı təcrübəsi olan insan kimi siyasilərimizə nə məsləhət görərdiniz?
-Mənim həyatda keçdiyim yol (əslində istər hökümətdə, istər də müxalifət daxilində idarəçiliyin ən aşağısından başlayıb alisinə qədər addım-addım getmiş və daim çox saylı insanlarla təmasda olan ikinci şəxs tapmaq çətindir) imkan verir ki, dərindən analiz etməyi bacarım. Çünki uğur qazanmaq üçün daima analiz edib qərarlar qəbul etməlisən. Peşəcə mühəndis olduğum üçün mən ancaq praktiki nəticəsi olan məntiqə söykənən analizlər etməyi bacarıram.
Demək olmaz ki, analizlərim həmişə uğurlu olub. 1993-1995-ci illərdə cari işlərin çoxluğu (həm islahat qanunlarının qəbul edilməsi, həm cəbhə bölgələrindəki gərginliklər və həm də dövlət çevrilişlərinə cəhdlər) prosesləri dərindən analiz etməyimə mane oldu və indiyə qədər buraxdığım əsas səhvlər bu illərə aiddir. Ona görə də Azərbaycanda bugünkü rejimin yaranmasında mənim də rolum olub. Ancaq bu, birillik Xalq Cəbhəsi idarəciliyində buraxılan səhvlərlə müqaisədə qat-qat azdır.
Bir il müddətində AXC-nin apardığı siyasət (əgər siyasət adlandırmaq mümkünsə) nəticəsində indiki iqtidarın hakimiyyətə gəlməsi və bugünkü rejimin yaranması labüdləşdi. 1993-cü ilin ortalarından başlayaraq müxalifətə keçən XC höküməti, öz bacarıqsızlığı nəticəsində, rejimi günbəgün gücləndirdi. Mən isə öz növbəmdə 1994-96-cı illərdə kifayət qədər diktaturanın yaranmasına müqaviməti təşkil edə bilmədim. Sonrakı illərdə ABŞ, Avropa, o cümlədən RF və Türkiyənın 100-lərlə dövlət xadimləri və siyasi liderləri ilə görüşlərim mənim ölkəyə gəlməyimə kömək etmədi. Hakimiyyət mənim Azərbaycanda olmağımın rejiminin süqutu ilə nəticələnə biləcəyini gizlətmirdilər və heç vaxt məni ölkəyə buraxmayacaqlarını deyirdilər. Mənə hökümətin bu sözlərini onlarla xarici siyasətçi və jurnalistlər çatdırırdı...
-Gözəl etiraflardır. Sizcə, niyə digər müxalif liderlər öz səhvlərini sizin kimi etiraf etmirlər?
-Zənnimcə, bunun səbəbi analiz etmək qabiliyyətlərinin kasadlığından irəli gəlir. Bütün bu bəlaların mənbəyində dayanan, hələ də müxalifətdə ''liderlik'' edənlər bu günə qədər bir dəfə olsun belə öz səhvlərini analiz etməyiblər və çox böyük ehtimalla, analiz edə bilmirlər. Ya da narçizim (özünəvurğunluq) xəstəliyinə tutulublar. Yəni yanındakı beş-on nəfərin “a bəy, bu ölkənin xilaskarı sənsən, əvvəl-axır bu işi görəcəksən” mədhiyyəsinə feyziyab olub mənasız işlərini davam etdirirlər.
Onlara haqlı yerə səhvlərini göstərəndə isə azğınlaşır, ağızlarına gələn şər-böhtanla dolu absolyut yalan yazılarla mənə hucum etməyə çalışırlar. Guya mən Bakıya qayıtmaq üçün müxalifətə hucuma keçirəm. Hökümətin tərəfini saxlayıram. Heyf ki, haqq-ədalət prinsipləri bu gün Azərbaycanda yoxdur. Olsaydı, bu nağıl yazanların yaxasından tutub tələb edərdilər ki, mənim bu höküməti dəstəkləyən heç olmazsa bir yazımı tapıb 1996-cı ildən bu günə qədər (yəni Azərbaycanı tərk edəndən sonra) hökümətin əli ilə qayıtmaq üçün cəhd etməyimi təsdiqlərən fakt göstərsinlər.
-Müxalifətin uğursuzluğunun ən ciddi səbəblərindən biri kimi, bir-birinə güzəştə getməmələri göstərilir. Hətta öz aralarında vahid namizəd müəyyənləşdirə bilməyəcək qədər xudpəsəndliklə müxalifətdə qalmağa üstünlük verirlər. Halbuki, hər hansı birinin hakimiyyətə gəlməsi digərlərinin də yüksəlişinin önünü aça bilər. Necə fikirləşirsiniz, faciəmizin əsas qaynağı bu mənəvi naqislik deyilmi?
-Mən də bu fikirlərlə razıyam. Heç uzağa getməyək, 2013-cü il prezident seçkilərinin vahid namizədi Rüstəm İbrahimbəyov olmalı idi. O, ABŞ-da görüşlər keçirmiş və Azərbaycana gələn konqresmenlər İ. Əliyevdən onu seçkilərə buraxacağı barədə qarant almışdılar. Mən isə elə ilk gündən deyirdim ki, “mövcud rejim seçki yolu ilə hakimiyyəti verməyəcək; ya R.İbrahimbəyovu seçkilərə buraxmayacaq, ya da seçkiləri həmişəki kimi saxtalaşdıracaq. Müxalifət vahid namizəd fikrindən geri çəkilməsə, hakimiyyətin qeyri-legitim olduğu beynəlxalq aləmdə təsdiqlənəcək”.
Həqiqətən də proqnozum özünü doğrultdu, hakimiyyət İbrahimbəyovu seçkilərə buraxmadı. Əgər MŞ başqa namizəd irəli sürməsəydi, beynəlxalq arenada qeyri-leqitim elan edilən hakimiyyət də indiki qədər güclü olmayacaqdı. Müxalifət isə tamamilə səhv yol tutdu. Heç kimin tanımadığı, 2-3 tarixi falsifikasiya edən kitabdan başqa heç bir iş görməmiş , camaatın qəbul etmədiyi birini MŞ-nın vahid namizədi kimi irəli sürdü. Beləliklə də bu şəxslər rejimin mökəmlənməsi və nəhayət, konstitusion diktatura yaranmasına start verdilər.
“Professor”un televiziya debatlarında aşağı səviyyəli, yalnız qaraguruhçuluğa meylli insanlarda emosiya yarada bilən çıxışları Qərb ölkələrinin səfirliklərində “belə qeyri-ciddi adam necə prezident olmaq fikirinə düşüb” fikri yaratdı...
-Yəqin razılaşarsınız ki, müxalifətin seçkilərdən sonrakı fəaliyyəti də effektli deyildi.
-Çox təəssüf ki, elədir. Məhz müxalifətin yarıtmaz mübarizə taktikaları sayəsində seçkidən sonra beynəlxalq təşkilatlar həmişə olduğu kimi bu dəfə də, hətta daha zəif formada “seçkilər saxtalaşdırıldı, standartlar pozuldu” bəyanatlarını verməklə kifayətləndilər. Ardınca daima zəifləyən, axırda 300-500 nəfərlik mitinqlərlə MŞ beynəlxalq arenada “İ.Əliyevin prezident seçilməsinə xalq çox da narazı deyilmiş” təsəvvürü yaratdı. Başqa sözlə, seçkiləri leqitimləşdirdi.
Nəhayət, 2016-cı il sentyabrında referendumla Azərbaycanda diktatura qaydaları konistitusion qanunlarla təsdiqləndi. Dünyanın sivil dövlətləri ölkədə müxalifətin olmamasını qəbul etdilər, yaxın vaxtlarda hansısa bir dəyişikliyin olacağından ümidlərini kəsdilər. Bu referendumun keçirilməsinə imkan verməmək mitinqi əvəzinə, 6 aydan sonra monarxiyaya qarşı aksiyalar keçirməyi qərara aldılar. 1000-2000 insanın iştirak etdiyi mitinqlə yenidən ölkədə müxalifətin olmadığını təsdiqləyərək, referendumu da leqitimləşdirdilər.
Belə bir zəif toplantıdan sonra jurnalistin “məgər mitinqə az adamın gələcəyini, sosial sifarişin olmadığını bilmirdiniz” sualına verilən cavab təəccüb doğurmaya bilməz. Cavab belə idi: “Necə sosial sifariş yox idi? Bu ölkədə müəllimlərin, həkimlərin maaşına baxın, belə dilənçi maaşın olduğu ölkədə məgər sosial sifariş olmaya bilərmi?” Mən şəxsən bu ''analizin'' yetkin adam tərəfindən verməsinə şübhə edirəm. Çünki bütün hücreyləri rüşvət və korrupsiya ilə zəhərlənmiş (Faktiki olaraq ölkədə rüşvət almayan və ya buna cəhd etməyən məmur tapmaq mümkün deyil) Azərbaycanda yaşayıb, sosial sifarişlə verilən maaşın miqdarını eyniləşdirən və bu fikri mütləq həqiqət kimi təqdim edən zehniyyət sahibləri öz savadsızlıqlarını açıq şəkildə ortaya qoydular.
-Rəsul müəllim, sizin dediklərinizdən belə çıxır ki, müxalifətin son illərdə keçirdiyi bütün siyasi aksiyalar hakimiyyətin maraqlarına xidmət edib. Müxalifətin bu işdə marağını nəylə izah edərdiniz?
-Bu mitinqlərin təşkil olunmasında hökümətin rolu danılmazdır. Hökümət müxalifətlə “siçan-pişik” oyunu oynayır. Mən mitinqqabağı radikal əks mövqe göstərmədim. Onlara əlavə ziyan vurmaq istəmədim, ancaq sosial tələbat, sosial sifariş olmadan mitinq keçirməyin təhlükəli olduğunu qeyd etdim. MŞ-nin liderləri isə fərqli fikrə dözümlü yanaşmaq əvəzinə dörd tərəfdən üstümə düşdülər. Çünki məğlubiyyətlərini tərəfdarlarına unutdurmaq üçün alternativ hədəf tapmalı idilər. Mənim hədəf seçilməyimin əsas səbəbi bu idi.
-Bəs, ölkənin indiki halı Azərbaycanı hara aparır? Axı, ölkədə, özünüz də dediyiniz kimi, ağır iqtisadi böhran özünü göstərir. Azərbaycanda təcili təxirəsalınmaz tədbirlər görülməlidir ki, böhranın nəticələri tez aradan qalxsın. İndiki vəziyyət isə nə hakimiyyətin öz siyasətinə yenidən baxmasına, nə də müxalifətin onu dəyişdirməsinə imkan verir. Bizi bu durumda nə gözləyir?
-Hər hansı ölkəni düçar olduğu böhrandan çıxartmaq üçün ilk növbədə siyasi dəyişikliklər getməlidir. Çünki əksər böhranların əsas səbəbi hakimiyyətlərin yarıtmaz siyasətləridir. Bunun üçün isə düşdüyü çətin vəziyyəti analiz edib nəticə çıxaracaq beyinlərə ehtiyac var. Bu ölkədə baş verənləri obyektiv analiz edə biləcək bir adam tapılacaqmı? Açığı, mən buna inanmıram.
Hökümət öz liderinə vurğundur və xalqın dərdləriylə maraqlanmır, özü nə istəyir, onu edir. Çığır-bağır salmağı öz peşə borcu hesab edən müxalifətin də vurulduğu liderləri var və onlar heç bir şey edə bilmirlər, ancaq özlərini az qala ölkəni idarə edən bir şəxs kimi göstərməyə çalışırlar. Belə bir vəziyyətdə 2018-ci il prezident seçkisi ümumiyyətlə alternativsiz keçəcək. 2020-ci ildə isə Milli Məclis də ailə məclisinə çevriləcək.
-Rəsul müəllim, amma Rusiyada demokratik qüvvələr ayağa qalxıb. Aksiyalar vətəndaşların kütləvi iştirakı ilə keçirilir. Verilən məlumatlara görə, son proseslərdə 1000-dən artıq etirazçı tutulub. Rusiyadakı proseslər, adətən, Azərbaycandan da yan ötüşmür. Sizcə, ölkəmizin demokratikləşməsində Rusiya amili nə dərəcədə rol oynaya bilər?
(Ardı bu linkdə: http://ovqat.com/manset/3894-rsul-quliyev-naxcvanllar-qarsnda-gunahm-var-idi-duzltdim.html)
Söhbətləşdi: Heydər Oğuz
Paylaş: